Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5130/2025 25.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı cavabdehlər Cavabdeh X14 Cəmiyyəti, X6, X3, X1, X7, X4 və X5 qarşı “vəzifədən azad edilmə və reyestrdən çıxarılma” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh X14 Cəmiyyəti, X6, X3, X1, X7, X4 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh X14 Cəmiyyətində qanuni təmsilçilik funksiyalarına malik sədr vəzifəsindən azad olunması, adının Cavabdeh X14 Cəmiyyətinin qanuni təmsilçisi kimi kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, N.Nərimanov rayonu, Moskva pospekti, 80 ünvanında yaradılmış və təsisçisi Dövlət Əmlak Komitəsi olan Cavabdeh X14 Cəmiyyəti İddiaçı xəbəri olmadan 25 may 2004-cü ildə ümumi yığıncağın protokoluna əsasən iddiaçını cəmiyyətin sədri təyin etmişdir. Halbuki iddiaçı həmin cəmiyyətdə heç vaxt sədr olmamış və heç bunun arzusunda da olmamışdır. Həmin cəmiyyətdə hansı işlər görülür, cəmiyyətin fəaliyyəti nədən ibarətdir, bunlardan belə xəbəri yoxdur. İddiaçıya icra şöbələrindən cəmiyyətin banka borcunun olması barədə icra sənədləri gəldikdən sonra ona məlum olmuşdur ki, o, həmin cəmiyyətdə sədr təyin olunmuşdur. Həmçinin həmin cəmiyyətin nə hüquqi sənədləri, nə möhürü, nə də digər sənəd və əmlakının harada olubolmaması, kimə borcu olması, vergi ödəyib-ödəməməsi ona məlum deyildir. İddiaçı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edilmiş və "xxxx" X14 Cəmiyyətində sədr vəzifəsindən azad olunmağı üçün köməklik göstərilməsi xahiş olunmuşdur. Ərizəyə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmış və bildirilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na uyğun olaraq keçmiş Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 706 nömrəli sərəncamı ilə keçmiş Ticarət Nazirliyinin tabeliyində olmuş "xxxx" mağazasının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.1997-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən, depozitar sistemində saxlanılan qiymətli kağızların mülkiyyətçilərinin müəyyən edilməsinə dair məlumat gizli (konfidensial) sayılır. Həmin məlumat Mərkəzi Bankın maliyyə monitorinqi orqanının və ya məhkəmənin sorğusu əsasında onlara təqdim edilir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Lakin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 18-ci bəndinə əsasən, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. İş materiallarında görünür ki, Cavabdeh X14 Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının xx.xx.2004-cü il tarixli qərarı ilə İddiaçı Cavabdeh X14 Cəmiyyətinin idarə heyətinin sədri təyin edilmişdir. Hazırkı tələb isə iddiaçının Cavabdeh X14 Cəmiyyəti ilə əmək müasibətinə xitam verilməsi ilə bağlı olaraq əmək mübahisəsindən irəli gəlmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenum qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 15 və 59-cu maddələrindən, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələrindən, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsindən irəli gələrək hüquqi şəxslə hüquqi şəxsin idarəetmə orqanı arasında yaranan münasibətlər əsasən mülki hüquqi xarakterli olmaqla mülki qanunvericiliyin müvafiq normaları ilə tənzimlənsə də, hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərində olan icra orqanının rəhbəri arasında əmək müqaviləsi rəsmiləşdirilməlidir (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 19 fevral 2025-ci il tarixli Qərar). Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi əmək münasibətlərindən irəli gələn tələblər kateqoriyasına aiddir və həmin növdən olan mübahisələrə kommersiya məhkəmələrində baxılması istisna edilmişdir. Belə ki, hazırkı iş üzrə tələbin korporativ tələb hesab edilməsi mümkün deyildir. Adıçəkilən Qərarın 19-cu bəndinə əsasən, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. Qərarın 26-cı bəndinə əsasən, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Göründüyü kimi, Qərarda müqavilədən irəli gələn mübahisələr və korporativ mübahisələr subyekt tərkibi baxımından fərqləndirilmiş, müqavilədən irəli gələn mübahisələr üçün tərəflərin hər bir halda sahibkarlıq fəaliyyəti subyekti olması tələbi müəyyən olunduğu halda, kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrinin öz təbiəti etibarilə sahibkarlıq fəaliyyətin irəli gəldiyi, həmin mübahisələrin kommersiya məhkəmələrinin müstəsna baxış predmeti olduğu nəzərə alınaraq, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakının mövcud olmasına baxmayaraq, işin kommersiya məhkəməsi aidiyyəti müəyyən olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi, korporativ tələblər təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan 1) hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından və ya 2) səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər olmaqla mübahisə tərəflərinin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrdən doğurlar. Qanuni təmsilçinin hüquqi şəxsə və ya əksinə olan yalnız o tələbləri korporativ tələblər hesab olunur ki, onlar hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından və ya səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət olsun. Hazırkı işin hallarından isə tələbin hüquqi şəxsin fəaliyyətindən deyil, bilavasitə iddiaçı ilə cavabdeh arasında əmək-hüquqi münasibətlərdən irəli gəldiyi aydın olur. Bu halda da məhkəmə hesab edir ki, hazırkı iş ümumi məhkəmələrin müstəsna aidiyyətidir. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 152.1 və 152.1.3-cü maddəsinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə müstəsna olaraq ümumi məhkəmələrin aidiyyəti olduundan iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 114.1 və 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə təqdim edilən ********** nömrəli mədaxil qəbzinə əsasən müəyyən edir ki, 100 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından 100 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 24-26, 31, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh X14 Cəmiyyəti, X6, X3, X1, X7, X4 və X5 qarşı “vəzifədən azad edilmə və reyestrdən çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər X8 geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsi ilə aidiyyəti üzrə ümumi məhkəməyə müarciət edə bilər. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-5130/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5130/2025
25.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver