Məhkəmə qərarları › İş №e-2-2(113)-676/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-676/2022

20.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-676/2022 20.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi X9, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı X20 Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı X20 Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona ödənilmiş avans üzrə malların çatdırılmasını gecikdirməyə görə faiz borcunun - 33723,90 manat məbləğində pul vəsaitinin, vurduğu zərərin əvəzi kimi 30860,37 manat məbləğində pul vəsaitinin, mediasiya xərcləri üçün ödənilmiş 400 manat pul vəsaitinin, cəmi 64984,27 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 05 oktyabr 2018-ci il tarixli "xxxx" müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, MMC birgə fəaliyyət predmetinə daxil olan fəaliyyət növü üzrə istehsal olan məhsulla bağlı bütün normativ-texniki sənədləri və standartları müvafiq dövlət qürumlardan almaq; həmin fəaliyyət növünün həyata keçirilməsi üçün müvafiq maddi-texniki bazanı ayırmaq və avadanlıqlarla təmin etmək və s. ödəlikləri öz üzərinə götürmüşdür. ASC isə MMC ilə razılaşdırmaqla Respublikada keçirilən tenderlərdə iştirak etmək, tender keçirənə istehsalla bağlı tələb olunan normativ sənədləri öz adından vermək və ondan istehsal üçün tələb olunan normativ sənədləri almaq və s. ödəlikləri öz üzərinə götürmüşdür. Rəqabətliyi təmin etmək məqsədi ilə ASC ilə digər hüquqi şəxs arasında da elə bir "xxxx" müqavilə bağlanmışdır. ASC 2018-cu ilin axırlarından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) X11 tərəfindən keçirilən tenderdə iştirak etmiş və 2019-cu ilin əvvəllərində qaliblərdən biri olmuşdur. Öhdəlik götürməsinə baxmayaraq cavabdehin həmin ərəfədə məişət evciklərinin istehsalı üzrə normativ-texniki sənədləri və standartları, yəni istehsalçının keyfiyyət və uyğunluq sertifikatı və ya lisenziyası olmadığı üçün, ASC-nin digər partnyoru olan həmin hüquqi şəxsin bu kimi tələb olunan hüquqi sənədləri tərəflərindən tender komissiyasına təqdim edilmişdir. Cavabdeh isə uyğunluq sertifikatını yalnız 16.05.2019-cu ildə ala bilmişdir. Beləliklə, ASC ilə X11 arasında məişət evciklərinin satın alınmasına dair 11.06.2019-cu il tarixdə 563 096,00 (ƏDV ilə) AZN məbləğində müqavilə bağlanmışdır. Lakin, X13 müqavilənin bank qarantyasının təqdim edilməsi ödəliyinin yerinə yetirilməsini ASC-dən tələb etmiş və yalnız bundan sonra 30% avans məbləğinin 150000,00 AZN məbləğində qalan hissəsini ödəyəcəyini bildirmişdir. Nəticədə, 300000,00 AZN miqdarında kreditə borc alan ASC ilə, ipoteka qoyan X9 və ipoteka saxlayan “X15” ASC arasında 02.12.2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır və ASC ilə “X15” ASC arasında “Bank qarantiyası verilməsi haqqında” 04.12.2020-ci il tarixli, 97UBQ/20 müqavilə imzalanmış və Qarant - “X15” ASC Benefisiar - X1rantiya məktubunu ünvanlanmışdır. Həmin məktubla Qarant - “X15” ASC Prinsipial - iddiaçıya verilmiş avans ödənişinin qaytarılmasının qarantiyası kimi təsdiq etmişdir ki, X5rşısında ümumi məbləği 150000,00 manata qədər olan qarantiyanı onlara verirlər və satıcı tərəfindən müqavilənin şərtlərinin yerinə yetirilməməsi haqqında bildirişlərini aldıqdan sonra onların birinci tələbinə əsasən göstərilən məbləğə kimi belə, istənilən məbləği əsaslandırılması tələb edilmədən ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra X11 hissə-hissə qalıq avans məbləğini ASC-yə ödəmişdir. Öz növbəsində ASC MMC-yə 08.12.2020-ci il tarixdə 46 020.00 AZN məbləğində avans hissəsini ödəmişdir. MMC isə 11.03.2021-ci ildə 21122,00 AZN, 15.03.2021-ci ildə 21712 AZN, 30.03.2021-ci ildə 21830,00 AZN dəyərində malları təhvil vermişdir. ASC MMC-yə 26.01.2021-ci il tarixdə 59000,00 AZN məbləğində və 30.01.2021-ci il tarixdə isə 34831,24 AZN, cəmi 93831,24 AZN avans hissələrini ödəmişdir. Lakin, cavabdeh mart ayında 18644,00 AZN dəyərində artıq mal verdiyi üçün son məbləğ çıxıldıqda onun ASC-yə 75187,24 AZN dəyərində avans borcu qalmışdır və 28.04.2021-ci ildə 90 gün ərzində həmin dəyərdə malları göndərməli idi. Cavabdeh isə 26.05.2021-ci ildə 21358,00 AZN dəyərində mal göndərmiş və bununla da, ilk 4 həftə üçün 0,5% 375,94 AZN gecikdirilməyə görə faiz borcu yaranmışdır və 75187,24 - 21358,00 = 53829,24 AZN avans borcu qalmışdır. Həmin məbləğdən 22.07.2021-ci il tarixdə 21240,00 AZN dəyərində mal göndərmişdir. Bununla da, MMC ilk 4 həftədən sonrakı 8 həftə üçün 1,5 % 6459,51 AZN məbləğində gecikdirməyə görə faiz borcu yaranmışdır və və 53829,24 - 21240,00 = 32589,24 AZN avans borcu qalmışdır. Cavabdeh həmin məbləğdən 01.09.2021-ci il tarixdə 21240,00 AZN dəyərində mallar göndərmişdir. Bununla da, ilk 12 həftədən sonrakı 5 həftə üçün 2444,15 AZN məbləğində gecikdirməyə görə faiz borcu yaranmışdır və 32589,24 – 21240,00 = 11349,24 AZN avans borcu qalmışdır. Cavabdeh həmin məbləğdən bu günədək mallar göndərmişdir. Bununla da, ilk 17 həftədən sonrakı 12 həftə üçün, 01.12.2021-ci il tarixədək 2042,88 AZN məbləğində gecikdirməyə görə faiz borcu yaranmışdır. Beləliklə, sonradan razılaşdırılmış avans məbləğlərə cavabdehin gecikdirilmiş faiz borcu cəmi 11322,48 AZN təşkil edir. Cəmi ödənilmiş avans üzrə gecikdirilməyə görə faiz borcu 11322,48 +22401,42 = 33723,90 AZN təşkil edir. Bununla yanaşı, yuxarıda qeyd etdildiyi kimi, ASC ilə “X15” ASC arasında “Bank qarantiyası verilməsi haqqında” 04.12.2020-ci il tarixli, 97UBQ/20 müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə qarantiyanın məbləği 150000,00 manat təşkil edir. (maddə 5.1) Qarantiyanın müddəti isə 04 dekabr 2020-ci ildən 04 mart 2021-ci ilədək qüvvədə olmuşdur. (maddə 5.2) Bu müqaviləyə əsasən verilən qarantiya üzrə illik faiz dərəcəsi 6% məbləğində müəyyən olunmuşdur. Beləliklə, ASC qarantiya müddətində Banka hər ay 750 manat faiz ödəməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi, MMC malları vaxtında təhvil vermədiyi üçün, ASC məcburiyyət qarşısında 04.03.2021-ci il tarixdə 03 saylı məktubla X6 müraciət edərək qarantiya müddətinin uzadılmasına razılıq məktubunu Banka təqdim edilməsini xahiş etmişdir. X11 isə öz növbəsində razılıq vərərək Banka bu barədə 31 mart 2021-ci il tarixli məktub təqdim etmişdir. Bununla da, cavabdehin hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində ASC bu günədək hər ay 750 manat faiz ödəməyə məcburdur. Bu isə 13 ay üçün 9750,00 manat təşkil edir. Digər tərəfdən, MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə zidd olaraq avans ödəmələri üzrə 23.07.2019-cu ildə və 26.11.2019-cu ildə elektron qaimə fakturalarını ASC-yə təqdim etmişdir. Halbuki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.1. və 71-1.1.1-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı bu Məcəllənin 71- 1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt təqdim etməlidir. Həmin Məcəllənin 166.6.-ci maddəsinə əsasən ... Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir. Göründüyü kimi, cavabdeh alınmış avans ödəmələri üzrə elektron qaimə-fakturanı mallar onun tərəfindən göndərilən vaxt təqdim edilməli idi. Vergi Məcəlləsinin vergi tutulan əməliyyatın vaxtını müəyyən edən 166-cı maddəsinə əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə təqdim edilmiş malların (işlərin və xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən isə ödəmə malların göndərildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi müddət başlananadək həyata keçirilirsə, yəni ƏDV ödəyicisi malları, işləri və xidmətləri göndərəcəyi qarşı tərəfdən avans məbləğ alırsa, vergi tutulan əməliyyatın vaxtı avansın ödənildiyi tarix sayılır. Bir məqamı da qeyd etmək lazımdır ki, elektron qaimə-faktura ancaq mallar, işlər və xidmətlər təhvil veriləndən sonra təqdim edilməli olduğundan alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilə bilməz. Başqa sözlə, cavabdehdən vergi tutulan əməliyyatın vaxtı ASC tərəfindən avans ödənilən tarixdən hesablanır. Qanunun bu tələbi və məqsədi isə cavabdehin malı vaxtında təhvil verilməsini təmin etməkdir. Lakin cavabdeh qəsdən ASC-yə elektron qaimə-faktura göndərməklə öz vergi yükünü iddiaçının üzərinə qoymuşdur. Bunun nəticəsində Vergi Xidməti tərəfindən Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən hər gecikdirilmiş günə 0,1 % faiz (peniya) cavabdehə deyil, iddiaçıya hesablanmışdır. Dəfələrlə cavabdehə qəsdən təqdim etdikləri elektron qaimə-fakturalarının ləğv etmələrini şifahi tələb etsələr də, cavabdeh buna məhəl qoymamışdır. Yalnız ASC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə rəsmi elektron qaydada müraciəti və Nazirliyinin MMC-yə qanun pozuntusunu aradan qaldırılması barədə tələbi nəticəsində 19.03.2020-ci il tarixində elektron qaimə-fakturaları ləğv edilmiş və təhvil verilən mallara uyğun olaraq yenilənmişdir. Lakin, həmin tarixədək cavabdehin bu qanunsuz hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində Vergi Xidməti tərəfindən iddiaçıya hesablanmış ƏDV üzrə 17650,69 manat faiz ASC-dən tutulmuşdur. Həmçinin cavabdehin ödəliyini vaxtında yerinə yetirilməməsi nəticəsində X6 2020-2021-ci illərdə alınmış avans ödəmələri üzrə malları ASC tərəfindən vaxtında təqdim edilməməsi üçün Vergi Xidməti tərəfindən sonuncuya ƏDV üzrə 3455,68 manat faiz hesablanmış və tutulmuşdur. Nəticədə ASC-nin ƏDV üzrə depozit hesabında 17650,69 + 3455,68 = 21110,37 manat vəsait çatışmamazlığı yaranmışdır. Məhz bu çatışmamazlıq nəticəsində ASC-nin depozit hesabından MMC-nin depozit hesabına ƏDV üzrə 16250,78 manat pulu ödəyə bilməmişdir. Göründüyü kimi, cabadehin təqsiri üzündən və onun tərəfindən ödəməli olduğu 21110,37 manat məbləğində pul vəsaitini ASC Vergi Xidmətinə ödəmişdir. Hesab edirik ki, bu zərər cavabdeh tərəfindən iddiaçıya ödənildikdən sonra, birincinin depozit hesabına ƏDV üzrə 16250,78 manat pulu ödəmək mümükün olacaqdır. Beləliklə, məhkəmə, cavabdehə ödənilmiş avans üzrə malların çatdırılmasını gecikdirməyə görə müqavilənin 10-cu maddəsinə əsasən hesablanmış 33723,90 manat pul vəsaiti məbləğində faiz borcun, o cümlədən, Vergi Xidmətinin iddiaçıdan tutduğu 21110,37 manat və “X15” ASC-yə 13 ay üçün ödəməli olduğu 9750,00 manat, cəmi 30860,37 manat pul vəsaitininin dəymiş zərərin əvəzi kimi, həmçinin mediasiya xərcləri üçün ödənilmiş 400 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutlmasına dair tələblərin təmin edilməsi barədə qətnamə çıxarmalıdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Əliyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi nəticəsində hazırda X2ra bir neçə dəfə pretenziya ünvanlamış, müqavilə üzrə hesablanmış cərimənin ödənilməsini tələb etmişdir. Cavabdeh öz öhdəliklərini vaxtında icra etsə idi, onların belə öhdəliyi yaranmışdı. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Zeynalov iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən X11 ilə iddiaçı arasında bağlanmış məişət evciklərinin alqı-satqı müqaviləsi üzrə yerinə yetirilməli olan öhdəliklər onlar tərəfindən icra edilməli idi. Məişət evciklərinin vaxtında təhvil verilməməsinin obyektiv səbəbləri vardır. Belə ki, X11 tərəfindən onlara Birliyin nümayəndələrinin iştirakı olmadan işə başlanılmaması tapşırılmış, bildirilmişdir ki, səbəbi isə əvvəlki müqavilələr üzrə müəyyən çətinliklərin yaşanması olmuşdur. Bu səbəbdən onlar öz öhdəliklərinin icrasına razılaşdırılmış müddətdə başlamamışlar. Bundan əlavə, bəzi evciklər vaxtında təhvil verilmiş, lakin X13 tərəfindən yoxlanıldıqdan sonra gec vaxtda rəsmi olaraq təhvil alınmışdır. Buna görə də X11 tərəfindən iddiaçıya hər hansı pretenziya bildirilmiş, iddiaçı Birliyə hər hansı cərimə ödəməmişdir. Bu səbəbdən cavabdehdən cərimə ödənilməsi tələb edilə bilməz. Bundan əlavə, cavabdeh iddiaçının təkidi ilə avans ödəmələrə dair elektron qaimə göndərmiş, buna görə vergi orqanı ilə problemlər yaşamış, kameral vergi yoxlaması nəticəsində sənədlərində uyğunsuzluq aşkar edilmişdir. Bu barədə vergi orqanına məlumat vermiş, vergi orqanına etdiyi müraciətləri nəticəsində vergi orqanı tərəfindən elektron qaimələr ləğv edilmişdir. Avans ödəmələr barədə elektron qaimimlərin göndərilməsi nəticəsində iddiaçının deyil, cavabdehin öhdəlikləri yaranmışdır. İddia tələbini üçüncü hissədə də (qarantiya müqaviləsi üzrə yaranmış öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməli olması) razı deyildir. Belə ki, bankla iddiaçı arasında imzalanmış həmin müqavilələr üzrə cavabdeh müqavilənin tərəfi olmamış, üzərinə hər hansı öhdəlik götürməmişdir. Bu səbəbdən iddia əsassızdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 18 iyun 2019-cu il tarixli 42 nömrəli alqısatqı müqaviləsinə əsasən bu müqaviləyə əsasən satıcı (cavabdeh) bu müqavilənin 1 saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun məişət evcikləri malalanın ünvanına çatdırılma şərtilə bu müqavilənin 3.3-cü bəndində göstərilmiş alıcının ünvanında çatdırır, alıcı (iddiaçı) isə müqavilə əsasında malların dəyərini ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 527696 manat (ƏDV ilə) təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən malları bu müqavilənin 3.4-cü bəndinə göstərilmiş alıcının ünvanına avans ödənişi yerinə yetirildikdən sonra 90 təqvim günü ərzində çatdıracaqlar. Müqavilənin 3.4-cü bəndinə əsasən malların çatdırılma məqsədləri üçün alıcının yükalanın ünvanı - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” X7 Texniki Təchizat İdarəsi, Azərbaycan Respublikası, Bakı şəhəri, Zığ qəsəbəsi, Əbilov küçəsi, 27dir. Müqavilənin 3.5-ci bəndinə əsasən mallara mülkiyyət hüququ və mallarla əlaqədar olan bütün risklər mallar bu müqavilənin 3.3-cü bəndində göstərilən yükalanın ünvanına çatdırıldıqdan sonra satıcıdan alıcıya keçir. Malların yükalanın ünvanında boşaldılması üçün alıcı məsuliyyət daşıyır. Müqavilənin 10.1-ci bəndinə əsasən malların çatdırılması müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda satıcı hər ləngidilmiş tam həftə üçün ilk 4 həftə ərzində gecikdirilmiş malların dəyərinin 0,5 %-i miqdarında, daha sonrakı hər həftə müddətində gecikdirilmiş malların dəyərinin 1,5 %-i miqdarında alıcıya cərimə ödəməlidir. Müqavilənin 10.2-ci bəndinə əsasən müqavilənin digər maddələrində başqa cür müəyyən edilmədiyi halda cərimələrin ümumi məbləği vaxtında çatdırılmamış malların dəyərinin 10 %-dən çox ola bilməz. Cərimələrin məbləği 10 %-ə çatdıqda, tərəflər görüşüb 4 həftə ərzində malların təchiz şərtlərinə yenidən baxmalı və yeni təchiz şərtlərini razılaşdırılmalıdır. Tərəflər həmin 4 həftə ərzində razılılığa gələ bilmədikdə, alıcı 4 həftə müddətdə daxil olmaqla 10.1-ci maddədə qeyd olunan faizlərə əlavə olaraq ikiqat cərimələr tətbiq etmək və / və ya bu müqaviləni ləğv etmək hüququnu özündə saxlayır. Müqaviləyə 1 nömrəli 2019-cu il tarixli spesifikasiyada təhvil verilməli olan malların adı, qiyməti, ölçü vahidi və miqdarı göstərilmişdir. Müqaviləyə 42 nömrəli 05 oktyabr 2018-ci il tarixli spesifikasiyada tərəflər spesifikasiyada təhvil verilməli olan malların adı, qiyməti, ölçü vahidi və miqdarı göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi malların 11.06.2019-cu il tarixli 324/SAM/2019 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin 1 saylı qoşmasından göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun məişət evcikləri malalanın ünvanına çatdırılma şərtilə bu müqavilənin 3.3-cü bəndində göstərilmiş alıcının ünvanına çatdırır, alıcı isə müqavilə əsasında malların dəyərini ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 563096 manat (ƏDV daxil) təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən mallar bu müqavilənin 3.4-cü bəndində göstərilmiş alıcının ünvanına avans ödənişi yerinə yetirildikdən sonra 90 təqvim günü ərzində çatdırılacaqdır. Müqavilənin 10.1-ci bəndinə əsasən malların çatdırılması müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda satıcı hər ləngidilmiş tam həftə üçün ilk 4 həftə ərzində gecikdirilmiş malların dəyərinin 0,5 %-i miqdarında, daha sonrakı hər həftə müddətində gecikdirilmiş malların dəyərinin 1,5 %-i miqdarında alıcıya cərimə ödəməlidir. Müqavilənin 10.2-ci bəndinə əsasən müqavilənin digər maddələrində başqa cür müəyyən edilmədiyi halda cərimələrin ümumi məbləği vaxtında çatdırılmamış malların dəyərinin 10 %-dən çox ola bilməz. Cərimələrin məbləği 10 %-ə çatdıqda, tərəflər görüşüb 4 həftə ərzində malların təchiz şərtlərinə yenidən baxmalı və yeni təchiz şərtlərini razılaşdırılmalıdır. Tərəflər həmin 4 həftə ərzində razılılığa gələ bilmədikdə, alıcı 4 həftə müddətdə daxil olmaqla 10.1-ci maddədə qeyd olunan faizlərə əlavə olaraq ikiqat cərimələr tətbiq etmək və / və ya bu müqaviləni ləğv etmək hüququnu özündə saxlayır. Müqaviləyə 1 nömrəli 2019-cu il tarixli spesifikasiyada tərəflər, tərəflər spesifikasiyada təhvil verilməli olan malların adı, qiyməti, ölçü vahidi və miqdarı göstərilmişdir. 324/SAM/2019 saylı 11.06.2018-ci il tarixli müqaviləyə 1 nömrəli 04.10.2019-cu il tarixli əlavədən görünür ki, müqavilənin 2.1-ci bəndlərində müqavilənin ümumi məbləği dəyişdirilib 1.183.186 manat (ƏDV ilə) müəyyən edilir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 13 iyun 2019-cu il tarixli 05 nömrəli məktubdan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanış müqavilə üzrə yaranmış 92035 manat məbləğində borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən cavabdehə 27 avqust 2020-ci il tarixli 41 nömrəli ödəniş tapşırığına əsasən 32398 manat, 10 dekabr 2020-ci il tarixli 70 nömrəli ödəniş tapşırığı ilə 39.000 manat, 28 yanvar 2021-ci il tarixli 01 nömrəli ödəniş tapşırığına əsasən 50.000 manat, 01 fevral 2021-ci il tarixli ödəniş tapşırığına əsasən 29518 manat, 25 noyabr 2020-ci il tarixli 60 nömrəli ödəniş tapşırığına əsasən 49155 manat, 01 sentyabr 2020-ci il tarixli 47 nömrəli ödəniş tapşırığına əsasən 21423 manat, 30 sentyabr 2020-ci il tarixli 56 nömrəli ödəniş tapşırığına əsasən 19000 manat, 26 noyabr 2019-cu il tarixli 39 nömrəli ödəniş tapşırığına əsasən 95000 manat, 23 iyul 2019-cu il tarixli 01 nömrəli ödəniş tapşırığına əsasən 137000 manat, 29 iyul 2020-ci il tarixli 26 nömrəli ödəniş tapşırığına əsasən 45000 manat, 01 evral 2021-ci il tarixli ödəniş tapşırığına əsasən 29518 manat, 28 yanvar 2021-ci il tarixli 01 nömrəli ödəniş tapşırığına əsasən 50.000 manat, 27 iyul 2020ci il tarixli 35 nömrəli ödəniş tapşırığına əsasən 23424 manat məbləğində pul köçürülmüşdür. “Unibank” Kommersiya Bankı tərəfindən verilmiş KBX/7205 nömrəli 04.12.2020-ci il tarixli avans ödənişin qarantiyasından görünür ki, iddiaçı ilə “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) X12 arasında bağlanmış 11.06.2019-cu il tarixli 324/SAM/2019 saylı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi malların alqı-satqı müqaviləsi və bu müqaviləyə edilmiş 04.10.2019-cu il tarixli 1 saylı əlavəyə əsasən öhdəlik götürmüşdür. Bununla əlaqədar “Unibank” Kommersiya Bankı təsdiq etmişlər ki, ümumi məbləği 150.000 manata qədər olan qarantiya vermişdir. Təminat 04 mart 2021-ci il tarixədək etibarlıdır. Bank qarantiyasının verilməsi haqqında 02 dekabr 2020-ci il tarixli, 21UM/20 saylı Əsas kredit müqaviləsinə 04 dekabr 2020-ci il tarixli 97UBQ/20 saylı X3 əsasən benefisiar (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) X12” çıxış edir. Müqavilə üzrə qarantiya prinsipial ilə benefisiar arasında bağlanan 11.06.2019-cu il tarixli 324/SAM/2019 saylı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi malların alqısatqı müqaviləsi (SOCARSS-004.2011) və ona edilmiş 04.10.2019-cu il tarixli, 1 nömrəli əlavəyə əsasən avans ödənişi üzrə prinsipalın benefisiar qarşısında öhdəliklərin təmin edilməsi məqsədilə verilir. Müqavilənin 6.1-ci bəndinə əsasən hazırkı müqavilənin təminatı kimi 02 dekabr 2020-ci il tarixli 21UMİ/20 saylı sonrakı ipoteka müqaviləsi daşınmaz əmlak vəsait çıxış edir. 97UBQ/20 saylı Əlavə Bank qarantiyasının verilməsi haqqında müqaviləyə 04 dekabr 2020-ci il tarixli 1 saylı əlavəyə əsasən prinsipala (iddiaçıya) illik 6 %-lə, 3 ay müddətinə 150000 manat məbləğində bank qarantiyası verir. 02 dekabr 2020-ci il tarixli 21UMİ/20 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan (X9) müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın (iddiaçı) öhdəliklərinin təminatı olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında mülkiyyətində olan 0,25 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 287,6 kv.m olan 1114 nömrəli bağ evini ipoteka saxlayana ipotekaya qoyur. Müqavilənin 1.2-ci bəndinə əsasən ipoteka saxlayanla borcalan arasında Bakı şəhərində bağlanmış 02.12.2020-ci il tarixli 21UM/20 saylı əsas kredit müqaviləsinə görə borc verən borcalana 300.000 manat məbləğində, illik maksimum 28 %, minimum 1 ay, maksimum 120 ay müddətinə, 02.12.2030-cu il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir. 03.12.2020-ci il tarixli 21UMZ/20 saylı zaminlik müqaviləsinə əsasən zamin (X17) kreditor qarşısında borclunun (iddiaçı) 02.12.2020-ci il tarixli 21UM/20 saylı əsas kredit müqaviləsi və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş 120 ay müddətinə, 02.12.2030 tarixinədək müddət ərzində və illik maksimum 28 faiz olmaqla, 300.000 manat kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqaviləri üzrə öhdəliklərin yalnız ssuda borcu həcmində yerinə yetirilməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürür. 02.12.2020-ci il tarixli 21UM/20 saylı əsas kredit müqaviləsinə əsasən borc verən (Unibank” Kommersiya Bankı ASC) borc alana (iddiaçı) 300.000 manat məbləğində, illik maksimum 28 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə 02.12.2030-cu il tarixinədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir. Azərbaycan Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi tərəfindən iddiaçıya göndərilmiş 31 mart 2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş bank qarantiya müddətinin uzadılmasına etiraz etmirlər. Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən verilmiş malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə AZ031 nömrəli uyğunluq sertifikatından görünür ki, cavabdeh tərəfindən istehsal edilmiş mobil binalar ГOCT 22853- 86 (b.1.1; b.1.2) tələblərinə cavab verir. 16 may 2018-ci il tarixli EL-104/2018 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyadan görünür ki, “Bakı Neft Qaz X16” QSC-yə qaldırıcı qurğuların, metallurgiya avadanlığının təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmirini həyata keçirməyə icazə verilmişdir. 01.02.2021-ci il tarixli **********6783 nömrəli köçürmənin aparılması haqqında bildirişlə iddiaçı tərəfindən ƏDV sub-uçot hesabına 4256,05 manat, 10.12.2020-ci il tarixli **********859458 nömrəli bildirişlə 712,82 manat, 15.12.2020-ci il tarixli **********875106 nömrəli bildirişlə 535,94 manat, 17.12.2020-ci il tarixli **********886056 nömrəli bildirişlə 141,37 manat, 09.12.2020-ci il tarixli **********854407 nömrəli bildirişlə 1319,41 manat, 09.12.2020-ci il tarixli **********854469 nömrəli bildirişlə 712,82 manat, 24.11.2020-ci il tarixli **********795633 nömrəli bildirişlə 712,82 manat, 25.11.2020-ci il tarixli **********801859 nömrəli bildirişlə 711,43 manat, 23.11.2020-ci il tarixli bildirişlə **********791000 nömrəli bildirişlə 145,46 manat, 02.10.2020-ci il tarixli **********617302 nömrəli bildirişlə 644,22 manat, 30.09.2020-ci il tarixli **********608798 nömrəli bildirişlə 996,14 manat, 22.09.2020-ci il tarixli **********578170 nömrəli bildirişlə 626,06 manat, 26.08.2020-ci il tarixli **********484808 nömrəli bildirişlə 1268,89 manat, 27.07.2020-ci il tarixli **********386245 nömrəli bildirişlə 4168,56 manat, 27.07.2020-ci il tarixli **********386017 nömrəli bildirişlə 407,71 manat, 10.12.2020-ci il tarixli **********859458 nömrəli bildirişlə 712,82 manat məbləğində köçürmə aparılmışdır. 14.02.2022-ci il tarixli iddiaçının ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdehin hesabına ümumilikdə 81089,14 manat pul köçürülmüşdür. Cavabdeh tərəfindən iddiaçıya EBAJ 506389 nömrəli 05.05.2020-ci il tarixli, EBAJ 454045 nömrəli 04.05.2020-ci il tarixli, EBAM 387139 nömrəli 15.07.2020-ci il tarixli, EBAM 387258 nömrəli 15.07.2020-ci il tarixli, EBAK 068507 nömrəli 19.05.2020-ci il tarixli, EBAD 020456 nömrəli 26.11.2019-cu il tarixli, EBAD 019993 nömrəli 26.11.2019-cu il tarixli, EBAK 069159 nömrəli 19.05.2020-ci il tarixli, EBBF 140211 nömrəli 22.07.2021-ci il tarixli, EBAZ 360393 nömrəli 30.03.2021-ci il tarixli, EBAP 981178 nömrəli 15.09.2020-ci il tarixli, EBAP 979583 nömrəli 15.09.2020-ci il tarixli, EBAP 979242 nömrəli 15.09.2020-ci il tarixli, EBAH 909366 nömrəli 19.03.2020-ci il tarixli, EBBF 782841 nömrəli 01.09.2021-ci il tarixli, EBAY 717690 nömrəli 15.03.2021-ci il tarixli, EBAJ 669066 nömrəli 08.05.2020-ci il tarixli, EBAY 575364 nömrəli 11.03.2021-ci il tarixli elektron qaimələr göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövltə Vergi Xidmətinin 21 aprel 2021-ci il tarixli **********475600 nömrəli inzibati şikayətin təmin edilməsi haqqında qərardan görünür ki, cavabdehin kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə 22.01.2021-ci il tarixli inzibati şikayəti təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.01.2021-ci il tarixli **********407800 nömrəli qərarı ləğv edilmişdir. İnternet Vergi İdarəsindən çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya avans şəklində göndərilmiş 048541 nömrəli 26.11.2019-cu il tarixli və 614267 nömrəli 23.07.2019-cu il tarixli elektron vergi-hesab fakturaları ləğv edilmişdir. “SOCAR” “Azneft” İB tərəfindən iddiaçıya göndərilmiş 29 iyun 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış 11 iyun 2019-cu il tarixli 324/SAM/2019 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən yalnız 670594 manat məbləğində mallar təqdim olunmuş, qalan 512592 manat məbləğində mallar isə tədarük edilmədiyindən cərimə borcunun 10 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. “SOCAR” “Azneft” İB tərəfindən iddiaçıya göndərilmiş 28 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, tərəflər arasında bağlanmış 11 iyun 2019-cu il tarixli 324/SAM/2019 nömrəli alqı-satqı müqaviləsi üzrə tədarük edilməmiş malların (məişət evciklərinin) ən qısa müddətdə İB-yə çatdırılmasını, eləcə də, müqavilə üzrə malların (məişət evciklərinin) İB-yə çatdırılmasının gecikdirilməsinə görə həmin müqavilənin 10-cu maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 51542 manat məbləğində cərimə borcunun 10 iş günü müddətində “Azneft” İB-nin bank hesabına ödənilməsini təmin edilməsini, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir. SOCAR X12 tərəfindən Bakı Kommersiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli sorğusuna cavabdan görünür ki, 11.06.2019-cu il tarixli 324/SAM/2019 saylı alqı-satqı müqaviləsi üzrə müxtəlif təyinatlı evciklərin verilməsi öhdəliklərinin icrasına 18.09.2019-cu il tarixdən başlanılmış, sonunu dəfə isə 03.08.2021-ci il tarixdə təhvil verilmişdir. Elektron qaimələr üzrə malların ilk təhvil verildiyi tarixdən sonuncu təhvil verilmə tarixinədək olan məlumatları (illər üzrə tarilər və sayları barədə) aşağıdakı kimidir: 18.09.2019-cu il - 2 ədəd; 02.10.2019-cu il – 2 ədəd; 09.10.2019-cu il - 1 ədəd; 14.10.2019-cu il – 1 ədəd; 18.10.2019-cu il – 2 ədəd; 28.10.2019-cu il – 2 ədəd; 18.12.2019-cu il – 1 ədəd; 08.01.2020-ci il – 1 ədəd; 04.05.2020-ci il – 1 ədəd; 05.05.2020-ci il – 1 ədəd; 18.05.2020ci il – 1 ədəd; 19.05.2020-ci il – 2 ədəd; 15.07.2020-ci il – 2 ədəd; 15.09.2020-ci il – 2 ədəd; 11.03.2021-ci il – 1 ədəd; 15.03.2021-ci il – 1 ədəd; 30.03.2021-ci il – 1 ədəd; 08.04.2021-ci il – 1 ədəd; 22.07.2021-ci il – 1 ədəd; 03.08.2021-ci il – 1 ədəd. Hüquqi dəyərləndirmə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilələr üzrə öhdəliklərini gecikdirməsi işin yuxarıda göstərilən halları (tərəflərin nümayəndələrinin izahatları, SOCAR X12 tərəfindən iddiaçıya ünvanlanmış pretenziya məktubları, SOCAR X4 məhkəməyə ünvanladığı məktubu) ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi dəbbə pulunun tələb edilməsi hissəsində əsaslı hesab edildiyindən təmin olunmalıdır. Cavabdeh həmin hissəyə dair etirazında gecikmələrin obyektiv səbəblərdən baş verdiyini, malların SOCAR X4 özünün müraciəti əsasında təchiz edilməsinə gec başlandığını, bundan əlavə, malların qəbul edilməsinin faktiki tarixləri ilə rəsmi tarixləri arasında fərq olduğunu göstərsə də, bununla bağlı kifayət qədər güclü, aydın və konkret, eləcə də təkzibolunmazlıqla bağlı tələblərə cavab verən hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən iddiaçı Vergi Xidmətinin iddiaçıdan tutduğu 21110,37 manat və “X14” ASC-yə 13 ay müddətinə ödəməli olduğu 9750 manat, cəmi 30860,37 manat pul vəsaitinin dəymiş zərərin əvəzi kimi cavabdehdən tutulmasını tələb edir. Belə ki, materiallara əlavə edilmiş “Bank qarantiyasının verilməsi haqqında 02 dekabr 2020-ci il tarixli, 21UM/20 saylı Əsas kredit müqaviləsinə 04 dekabr 2020-ci il tarixli 97UBQ/20 saylı X8”nə əsasən benefisiar (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) X12” çıxış edir. Müqavilə üzrə qarantiya prinsipial ilə benefisiar arasında bağlanan 11.06.2019-cu il tarixli 324/SAM/2019 saylı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi malların alqı-satqı müqaviləsi (SOCARSS-004.2011) və ona edilmiş 04.10.2019-cu il tarixli, 1 nömrəli əlavəyə əsasən avans ödənişi üzrə prinsipalın benefisiar qarşısında öhdəliklərin təmin edilməsi məqsədilə verilir. Göründüyü kimi, cavabdeh həmin müqavilələrin tərəfi kimi çıxış etməmiş, həmin müqavilələr üzrə üzərinə hər hansı öhdəlik götürməmişdir. Bu səbəbdən həmin müqavilə üzrə bank qarşısında yaranmış olan öhdəliyin icrasının cavabdehdən tələb edilməsi hissəsində iddia ərizəsi əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində maddi ziyanın ödənilməsini tələb etsə də, bu hal sübutlar vasitəsi ilə əsaslandırılmamışdır. Belə ki, hüquqi şəxsdən zərərin ödənilməsinin tələb edilməsi üçün əsas şərtlərdən biri şəxsin təqsirli və hüquqazidd hərəkətinin törədilməsini müəyyən etməkdir. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi tələb olunur. Cavabdehin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq edilməlidir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olur. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:

1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;

2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;

3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Məhkəmə, iddia tələbinin cavabdeh tərəfindən iddiaçıya qanunsuz və əsassız olaraq göndərdiyi elektron qaimələr nəticəsində əlavə vergi öhdəliklərinin yarandığını, ƏDV vergisinin vaxtında ödənilməməsi nəticəsində iddiaçıya penya hesablandığını, həmin cərimələrin də cavabdehdən tutulmalı olması hissəsi ilə də razılaşmır. Belə ki, “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli qərarının 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. İş materiallarından da məlum olur ki, iddiaçı cavabdeh tərəfindən göndərilən həmin elektron-qaimələrə 5 gün müddətində hər hansı etiraz verməmiş, nəticədə həmin qaimələr təsdiqlənmişdir. Həmçinin, işin araşdırılan hallarından görünür ki, həmin elektron qaimə-fakturalar cavabdehin vergi orqanına verdiyi şikayət əsasında ləğv edilmiş, iddiaçı tərəfindən isə dövlət büdcəsinə artıq ödənilmiş vergi borcunun qaytarılması ilə bağlı hər hansı müraciət edilməmişdir. Belə olan halda iddiaçı həmin hissədə iddia tələbini bu tələbə cavab verməli olmayan cavabdehə qarşı yönəltmişdir. Belə ki, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti vergi orqanları həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 3-cü bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır. 5.7-ci bəndə əsasən tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 12 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Həmin Qaydaların 6-cı bəndinə əsasən maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməyindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. İstinad edilən normaların tələblərinə görə artıq ödənilmiş vergilərin büdcədən qaytarılması vergi ödəyicisinin həmin qaydalara uyğun təqdim edilmiş ərizəsi əsasında qəbul edilmiş vergi orqanının müvafiq rəyinə əsasən maliyyə orqanları tərəfindən təmin edilir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 33723,90 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 33723,90 manat cərimə tutularaq İddiaçı X20 Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar