Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7198/2024 24.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı əmlakın təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Yaşıl Ticarət Mərkəzi”nin ərazisində ona məxsus 50 kv.metrdən ibarət 1 №li mağazanın ona təhvil verilməsi, mağazadan istifadə etdiyinə görə əmlakdan məhrum olduğu üçün yaranmış 18000 manat məbləğində zərərin və ödənilmiş 144 manat dövlət rusumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Çünki iddiaçının cavabdehin qeyri-qanuni sahibliyindən götürülərək ona təhvil verilməsini istədiyi daşınmaz əmlak İsmayıllı rayonu, Heydər Əliyev prospekti 7 ünvanında yerləşir. Həmin ünvan isə Bakı Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid deyildir. Mülki prosessual qanunvericilikdə daşınmaz əşyanın başqasının qeyri-qanuni sahiblikdən götürülməsi tələbi üzrə müstəsna aidiyyət müəyyən edildiyindən, hazırki mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarına əsasən İsmayıllı rayonu Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır Hazırkı işin müstəsna aidiyyəti müəyyən edildiyinə görə Şəki Kommersiya Məhkəməsində baxılmalı olmasını nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ və iddia ərizəsinin qaytarılmasının ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmaması izah edilməlidir, eyni zamanda ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı Cavabdeh qarşı əmlakın təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, müstəsna aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə müraciət etmək hüququ var və iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən dövlət büdcəsinə xx.xx.2024-cü il tarixli **********77 nömrəli qəbz üzrə ödənilmiş 114 (bir yüz qırx dörd) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-7198/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7198/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver