Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-721/2025 21.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: yük daşınması müqaviləsi, borc, öhdəliyin icra edilməməsi, əldən çıxmış fayda, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 60350 manat müqavilə üzrə ümumi borcun, 10200 manat müqavilə üzrə cərimənin, 3200 manat əldə çıxmış faydanın, 312 manat dövlət rüsumunun və 1020 manat vəkil ödənişinin, ümumilikdə 75082 manat məbləğin Cavabdeh MMC-dən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC əsas fəaliyyət sahəsi “Lift satışı və liftlərin quraşdırılması, təmiri” xidmətləri göstərməkdən ibarət olan hüquqi şəxsdir. Şirkətin fəaliyyət istiqamətinə uyğun olaraq xx.xx.2021-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh MMC arasında 28092021 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi bağlanılmışdır. Müqavilənin predmetinə uyğun olaraq Ekspeditor bütün nəqliyyat növləri ilə birbaşa və ya qarışıq yolu ilə yükdaşımaların təşkili, müqavilə üzrə öhdəliklərin icrası üçün müxtəlif müqavilələrin bağlanılması, sifarişə əsasən yükün göndərilməsinin və təhvil alınmasının, yükün sığortası üzrə əməliyyatların təşkili xidmətlərinin göstərilməsini, Müştəri isə bu xidmətləri qəbul etməyi və onların dəyərini ekspeditora ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra, xx.xx.2022-ci il tarixində İddiaçı MMC ilə fiziki şəxs X2 arasında Lift təmini və quraşdırılması haqqında TM25 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin predmetinə uyğun olaraq İcraçı müqavilənin şərtlərinə əsasən liftlərin təmini və ünvan 1 ünvanında yerləşən ticarət mərkəzində (Mərkəzi Univermaq) quraşdırılması, sazlanması və işə buraxılması işlərini Sifarişçi üçün görməyi, Sifarişçi isə öz növbəsində İcraçıya ödəniş etməyi öhdəsinə götürmüşdür. Göstərilən TM25 nömrəli müqavilə üzrə öhdəliklərini icra etmək məqsədilə İddiaçı MMC xaricdən avadanlıq sifariş edilmiş, avadanlığın ölkəyə gətirilməsi ilə bağlı xidmətləri İddiaçı MMC ilə Cavabdeh MMC arasında 28092021 nömrəli müqaviləyə uyğun olaraq sonuncuya tapşırmışdır. Bunun qarşılığında 3 ədəd 40-lıq konteynerdə olan 6 ədəd lifti Çindən Bakıya daşınması üçün 30090 AZN ödəniş etmişdir. Yüklər ekspeditor tərəfindən xx.xx.2022-ci il tarixdə “Oceanic İNT L Logistic (HK) LTD” şirkəti vasitəsi ilə Çinin Qingdai limanından çıxmış və xx.xx.2022ci il tarixində “X3 Transportation Co.” Adına çatdırılmışdır. Lakin ekspeditorun adları qeyd olunan hər iki şirkətə borcu olduğundan yüklər 1 ay İran limanında qalmışdır. Belə ki, Müştərinin 1 aylıq gecikmə nəticəsində öz müştəriləri qarşısında etimadı zədələnmiş və onların işinin gecikməsi nəticəsində müştərilərə ziyan dəymişdir. Bu ziyanın getdikcə artmasını önləmək üçün İddiaçı MMC "xxxx" MMC-nin borclu olduğu yuxarıda adları çəkilən şirkətlərə yüklərin buraxılması və Bakıya çatdırılması üçün yenidən ödənişlər etməyə məcbur qalmışdır. Tərəflər Ekspeditorun borclarının Müştəri tərəfindən ödənildiyini rəsmiləşdirmək məqsədilə xx.xx.2022-ci il tarixində İddiaçı MMC və "xxxx" arasında TF01 nömrəli borc müqaviləsi bağlanılmışdır. İddiaçı MMC tərəfindən yuxarıda göstərilmiş ödənişlər edilsə də, yüklərin ölkəyə gətirilməsi yenə də Ekspeditorun borclarına görə gətirmək mümkün olmamışdır. Bundan sonra, tərəflər danışıqlar əsasında razılığa gələrək xx.xx.2022-ci il tarixli TF01 nömrəli borc müqaviləsinə əlavə olaraq xx.xx.2023-cü il tarixli № 05012023 saylı hesab-fakturaya uyğun İddiaçı MMC tərəfindən 17850 AZN məbləğində pul ödəniş tapşırığı № 310495/00707 əsasında Ekspeditora ödənilmişdir. TF01 nömrəli borc müqaviləsinin 1.1-ci maddəsinə uyğun olaraq Müştərinin ödədiyi əlavə ödənişlər (6% vergisi əlavə edilməklə) yəni 42500 AZN müqavilənin imzalandığı tarixdən etibarən 1 ay müddətində Ekspeditor tərəfindən Müştəriyə geri ödəniləcək. Həmçinin, № 05012023 saylı hesab-fakturadan görünür ki, həmin hesab-faktura əsasında verilmiş borc məbləği də tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli TF01 nömrəli borc müqaviləsinə uyğun olaraq 1 ay müddətində qaytarılmalıdır. Yəni, müqaviləyə uyğun olaraq verilmiş borc - 42500 AZN xx.xx.2023-cü il tarixində, hesab-faktura əsasında verilmiş borc - tərəfindən 17850 AZN məbləğində xx.xx.2023-cü il tarixində "xxxx" MMCtərəfindən İddiaçı MMC-yə geri ödənilməli idi. Lakin Ekspeditor uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə İddiaçı MMC tərəfindən edilmiş şifahi və yazılı xəbərdarlıqları nəzərə almayaraq bugünədək ödəniş öhdəliyini həyata keçirməmişdir. "xxxx" MMC əlavə müddət ərzində də ödənişi həyata keçirmədiyi üçün ona pretenziya məktubu ünvanlansa da, indiyə qədər hər hansı ödəniş həyata keçirməmişdir. Beləliklə, "xxxx" MMC-nin müqavilə öhdəliklərindən irəli gələn, xx.xx.2023-cü il tarixindən ödənilməli olan 42500 AZN, xx.xx.2023-cü il tarixindən ödənilməli olan 17850 AZN, toplam olaraq 60350 AZN borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC iləfiziki şəxs X2 arasında Lift təmini və quraşdırılması haqqında TM25 nömrəli müqaviləyə əlavələrdən (TT218RZD, TT218UNV, TT218AVT) görünür ki, istehsal üçün 8 həftə, nəqliyyat üçün 8 həftə, quraşdırma üçün 8 həftə, toplam olaraq 24 həftə olaraq müəyyən edilmişdir. Yəni, bu müddət ərzində avadanlıqlar sifarişçiyə təqdim edilməli olsa da, məshulun daşınması gecikdiyi üçün təhvili də gecikmişdir. xx.xx.2023- cü il tarixli təhvil-təslim aktından görünür ki, avadanlığın təhvili yalnız xx.xx.2023-cü il tarixində mümkün olmuşdur. Həmin müqavilənin 8.1.-ci maddəsindən görünür ki, tərəflərin öhdəliyini yerinə yetirilməsində gecikmə olduğunda gecikməyə səbəb olan tərəfə hər gecikmə günü üçün müqavilə məbləğinin 0,1% (sıfır tam onda bir faiz) miqdarında dəbbə pulu tətbiq ediləcəkdir. Müqaviləyə uyğun olaraq tətbiq edilən cərimələr 10200 AZN məbləğindədir. Eyni zamanda, gecikmə nəticəsində İddiaçı MMC bazardakı rəqibləri qarşısında itirilmiş mövqeyini bərpa etməsi çətinləşmiş, bu da müştəri portfelinə mənfi təsir göstərərək uzunmüddətli maliyyə itkilərinə səbəb olmuşdur. Yuxarıda qeyd olunan itkilərin cəmi ortalama 3200 AZN təşkil edir. Bu məbləğ "xxxx" MMC-nin müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün İddiaçı MMC-nin əldən çıxmış faydasıdır. Bu səbəbdən hesab edir ki, cavabdeh tərəfindən əsas borcla yanaşı iddiaçın əldən çıxmış faydası da geri ödənilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 442, 443.4, 445.3, 449.1, 739.2, 739.3, 742.1-ci maddələrinə istinad olunmuşdur. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli TF01 nömrəli borc müqaviləsinə əsasən, İddiaçı MMC tərəfindən 42500 AZN Cavabdeh MMC-yə borc olaraq verilmişdir. Bundan sonra yüklərin ölkəyə gətirilməsi yenə də cavabdehin borclarına görə gətirmək mümkün olmadığından tərəflər danışıqlar əsasında razılığa gələrək xx.xx.2022-ci il tarixli TF01 nömrəli borc müqaviləsinə əlavə olaraq xx.xx.2023-cü il tarixli № 05012023 saylı hesab-fakturaya uyğun İddiaçı MMC tərəfindən əlavə 17 850 AZN məbləğində pul da cavabdehə ödənilmişdir. Belə ki, ümumilikdə cavabdehin iddiaçıya 60350 AZN məbləğində borcu vardır. Cavabdehin “X6 Erkan” adlı şirkətə borcu olduğundan Cavabdeh MMC-nin nümayəndəsi İddiaçı MMC-dən aldığı borc məbləğinin bir qismini iddiaçı tərəfindən birbaşa borclu olduğu şirkətə ödənilməsini xahiş etmişdir. Bu məqsədlə, İddiaçı MMC və “X6 Erkan” arasında xx.xx.2023-cü il tarixli müqavilə imzalanmışdır. Bunu təsdiq edən WhatsApp mobil tətbiqi üzərindən tərəflərin yazışması bu izahata əlavə olunur. Tərəfimizdən iş materiallarına əlavə olunmuş xx.xx.2025 tarixli bank çıxarışından görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixində X7 Erkan adlı hesaba 25 500 AZN ödəniş edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC (Müştəri) ilə Cavabdeh MMC (Ekspeditor) arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli 280920 nömrəli nəqliyyat ekspedisiya müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən ekspeditor müştərinin hesabına aşağıda göstərilən xidmətlərin yerinə yetirilməsini və ya icrasının təşkil edilməsini, müştəri isə bu xidmətləri qəbul etməyi və onların dəyərini ekspeditora ödəməyi öhdəsinə götürür: 1.1.1. Bütün nəqliyyat növləri ilə birbaşa və ya qarışıq yolu ilə yükdaşımaların təşkili; 1.1.2. bu müqavilə üzrə öhdəliklərin icrası üçün müxtəlif müqavilələrin bağlanması; 1.1.3 sifarişə əsasən yükün göndərilməsinin və təhvil alınmasının təşkili; 1.1.4 əgər bu sifarişdə nəzərdə tutulacaqsa, yükün sığortası üzrə əməliyyatların təşkili; 1.1.5. bu müqavilə ilə nəzərdə tutulmuş digər xidmətlər. 1.2. Ekspeditor bu müqavilə üzrə xidmətləri bilavasitə özü və ya müvafiq qaydada müqavilə bağlamaqla üçüncü şəxslər vasitəsilə icra edə bilər. Bu zaman üçüncü şəxslər tərəfindən xidmətin bu müqavilə şərtlərinə uyğun, lazımınca yerinə yetirilməməsinə görə ekspeditor şəxsən özü məsuliyyət daşıyır. Müqavilənin 3.1.15-ci bəndinə əsasən Xidmət dəyərinin, həmçinin bu müqavilənin icrası üçün ekspeditor tərəfindən çəkilmiş xərclərin ödənişi üzrə öhdəliklərin müştəri tərəfindən icrasının ləngidilməsi halında Müştəri hər ləngidilmiş günə görə Ekspeditora ödənilməmiş məbləğin 0,5 % həcmində cəriməni ödəyir ancaq bu cərimə məbləği ödənilməmiş məbləğdən artıq ola bilməz. Eyni qaydada Ekspeditor tərəfindən xidmətlərin göstərilməsi ləngidiyi təqdirdə Ekspeditor hər ləngidilmiş gunə görə Müştəriyə gecikdirilmiş yükün dəyərinin 0,5 % həcmində cəriməni ödəyir ancaq bu cərimə məbləği ödənilməmiş həmin yükün dəyərindən artıq ola bilməz. İddiaçı MMC (icraçı) ilə X2 (sifarişçi) arasında bağlanmış 07 iyun 2022-ci il tarixli TM25 nömrəli lift təmini və quraşdırılması haqqında müqavilədən görünür ki, liftlərin təmini və ünvan 1 ünvanında yerləşən ticarət mərkəzində (Mərkəzi Univermaq) quraşdırılması, sazlanması və işə buraxılması işlərini bu müqavilənin əlavəsi olan Qiymət Təklifılərində (No: TT218AVT), (No: TT218UNV) (No: TT218RZD) və material təsdiq formunda razılaşdırılmış adda, sayda, qiymətdə və müddətdə Sifarişçi üçün görmək, Sifarişçi isə öz növbəsində sözü gedən Qiymət Təklifində qeyd olunmuş qaydada İcraçıya ödəməyə razılıq verir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin müddəti, Müqavilə imzalandığı tarixdən etibarən 12 (on iki) ay təşkil edir. 2.3 və 2.4-cü bəndlərinə əsasən müqavilə müddəti ərzində Avadanlıq Sahəyə çatdırılır. Sifarişçiyə təhvil verilir, Sahə quraşdırma işlərinin başlanması üçün hazır olduqda İcraçı tərəfindən quraşdırılır və işlək vəziyətdə Sifarişçiyə və Avadanlğın sahibinə təhvil verilir, İcraçı avadanlıqların çatdırılmasının gözlənilən tarixi və vaxtı barədə Sifarişçiyə ən azı 3 (üç) təqvim günü əvvəl məlumat verəcək və Tərəflər yoxlamaların aparılması üçün vaxt təyin edəcəklər. Aparılan yoxlamalar zamanı aşkar edilmiş qüsurlar hər iki Tərəfin birgə tərtib edəcəyi və imzalayacağı Qüsur Aktında əks olunacaq. Yoxlamalar zamanı aşkar edilmiş qüsurlarla bağlı tərtib olunan Qüsur Aktında nəzərdə tutulan çatışmazlıqların aradan qaldırılması həmin Aktda nəzərdə tutulacaq müddət ərzində İcraçı tərəfindən təmin ediləcək. Həmin müddətdə İcraçı tərəfindən qüsurlar aradan qaldırılmazsa, Sifarişçi həmin qüsurları özü və ya üçüncü şəxslər vasitəsilə aradan qaldırmaq və bununla bağlı çəkilmiş xərclərin İcraçıdan tələb etmək və ya İcraçıya ödəniləcək avadanlıqların qiymətindən tutmaq hüququndan istifadə edəcək. Müqavilənin 3-cü bəndinə əsasən müqaviləyə əsasən təchiz olunacaq Avadanlıqların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri Müqavilənin müvafiq əlavələrində müəyyən edilir. Avadanlıqların qiymətlərinin sonradan dəyişməsi, azalması və ya artması Tərəflər arasında yenidən hesablaşmaya səbəb olmayacaq. Müqavilə məbləği ödəniş günündə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunacaq məzənnə əsasında manatla hesablanacaq və İcraçının təqdim etdiyi hesabda göstərilən AZN (manat) hesabına ödəniləcəkdir və ya nəğd şəkildə kassa mədaxil orderinin qəbzləri ilə ödənəcək.Müqaviləniıı ilkin ödəniş hissəsi 45000 dollar, yəni Azərbaycan Respublikasının Mərkəzi Bankının bu günə olan məzənnəsi ilə 76500 manat pulu ödəyir. 07 iyun 2022-ci il tarixli TM25 nömrəli müqaviləyə əlavə kimi tərtib edilmiş qiymət təklifindən görünür ki, İddiaçı MMC tərəfindən Səməd Vurğun 60 ünvanında yerləşən yaşayış binasında liftin quraşdırılması, material, nəqliyyat və gömrük üçün görüləcək işlərin dəyəri 80762 ABŞ dolları təşkil etmişdir. 07 iyun 2022-ci il tarixli TM25 nömrəli müqaviləyə əlavə kimi tərtib edilmiş qiymət təklifindən görünür ki, İddiaçı MMC tərəfindən Təbriz Xəlilbəyli 5 ünvanında yerləşən yaşayış binasında liftin quraşdırılması, material, nəqliyyat və gömrük üçün görüləcək işlərin dəyəri 20296 ABŞ dolları təşkil etmişdir. 07 iyun 2022-ci il tarixli TM25 nömrəli müqaviləyə əlavə kimi tərtib edilmiş qiymət təklifindən görünür ki, İddiaçı MMC tərəfindən Səməd Vurğun 60 Avtopark ünvanında yerləşən yaşayış binasında liftin quraşdırılması, material, nəqliyyat və gömrük üçün görüləcək işlərin dəyəri 19942 ABŞ dolları təşkil etmişdir. İddiaçı MMC ilə X1 nümayəndəsi Ceyhun Paşayev arasında imzalanmış xx.xx.2023 tarixli təhvil təslim aktından görünür ki, Bolmart yaşayış binası və parking layihəsi üçün 07 iyun 2022-ci il tarixli TM25 nömrəli müqavilə üzrə 4 ədəd lift təhvil verilmişdir. İddiaçı MMC ilə X2 arasında imzalanmış xx.xx.2023 tarixli görülmüş işlərin, təmin edilmiş mal-material və xidmətlərin təhvil-təslim edilməsi haqqında TT-A/235 aktdan görünür ki, 07 iyun 2022-ci il tarixli TM25 nömrəli müqavilə üzrə 5 ədəd lift təhvil verilmişdir. İddiaçı MMC (Müştəri) ilə Cavabdeh MMC (Ekspeditor) arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli TF01 nömrəli borc müqaviləsindən görünür ki, bundan öncə tərəflər arasında bağlanan № 28092021 saylı, xx.xx.2021 tarixli müqaviləyə əsasən müştəri ekspeditora 3 ədəd 40-lıq konteynerdə olan 6 ədəd lifti (115 paket) Çindən Bakıya daşınması üçün 30090AZN (17700 ABŞ dolları) ödəniş etmişdir. Ödənişlər aşağıdakı sənədlər üzrə olmuşdur: Ödəniş tapşırığı №310495/00510 (8500 AZN), ödəniş tapşırığı №310495/00613 (1590 AZN) və Ödəniş tapşırığı №310495/00622 (20000 AZN). Yüklər expeditor tərəfindən xx.xx.2022 ci il tarixdə “Oceanic İNT'L Logistic (HK) LTD” şirkəti vasitəsi ilə Çinin Qingdao limanından çıxmış və xx.xx.2022 tarixində X8 limanına “X4 Transportation Co.” adına çatdırılmışdır. Məlumatlar ekspeditorun verdiyi sənədlərə əsasən qeyd edilir. Bu müqaviləyə əsasən müştərinin etdiyi əlavə ödənişlər (6% vergisi əlavə edilməklə) yəni 42500 AZN (25 000 ABŞ dolları) müqavilənin imzalandığı tarixdən etibarən 1 ay müddətində ekspeditor tərəfindən müştəriyə geri ödənəcəkdir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin müddəti, müqavilə imzalandığı tarixdən etibarən 6 (altı) ay təşkil edir. İddiaçı MMC (Sifarişçi) ilə X6 Erkan (Ekspeditor) arasında bağlanmış 09 yanvar 2023-cü il tarixli nəqliyyat-ekspedisiya müqaviləsindən görünür ki, ekspeditor, sifarişçinin sifarişinə əsasən Yüklərin daşınması xidməti yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, Sifarişçi isə həmin əməliyyatlar müqabilində Ekspeditora xitmət haqqmı ödəməyi öhdəsinə götürür. Xidmət üzxə hər bir əməliyyat dair xüsusi şərtlər və qiymətlər Müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır. Sifarişçi ödənişi hər bir individual daşıma və ya sifariş üçün müqaviləyə əlavə olan daşıma qiymətlərinin razılaşdırılması aktına uyğun olaraq Ekspeditorun bank hesabına ödəyir. Təhvil təslim aktı yalnız yüklər təyinat yerinə çatdırıldıqdan sonra imzalanacaqdır Xidmət haqqı bu müqaviləyə əlavədə nəzərdə tutulan qaydada həyata keçirilmədikdə və yaxud gecikdirildikdə, tərəf gecikməyə görə ümumi məbləğinin 0.2 %-i məbləğində peniya ödəyəcəkdir. Cavabdeh MMC tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli hesab-faktura (invoice) əsasən müəyyən edilir ki, həmin invoys əsasında borc müqaviləsi və daşıma xidməti üzrə çatdırılmanın ümumi dəyəri 17850 manat təşkil edir. Cavabdeh MMC tərtib edilmiş xx.xx.2022-ci il tarixli 09122022 nömrəli hesabfaktura (invoice) əsasən müəyyən edilir ki, həmin invoys əsasında borc müqaviləsi və daşıma xidməti üzrə çatdırılmanın ümumi dəyəri 17000 manat təşkil edir. xx.xx.2022-ci il tarixli 310495/00622 saylı, xx.xx.2022-ci il tarixli, 310495/00613 saylı, xx.xx.2023-cü il tarixli, 310495/00707 saylı, xx.xx.2022-ci il tarixli, 310495/00660 saylı ödəniş tapşırıqlarına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 64940 manat məbləğində ödəniş olunmuşdur. 15 oktyabr 2024-cü il tarixli **********32 saylı mədaxil İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 312 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2-ci maddəsinə əsasən daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ilkin olaraq daşıma müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, İddiaçı MMC (Müştəri) ilə Cavabdeh MMC (Ekspeditor) arasında 28 sentyabr 2021-ci il tarixli 280920 nömrəli nəqliyyat ekspedisiya müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən bütün nəqliyyat növləri ilə birbaşa və ya qarışıq yolu ilə yükdaşımaların təşkilini, bu müqavilə üzrə öhdəliklərin icrası üçün müxtəlif müqavilələrin bağlanmasını, sifarişə əsasən yükün göndərilməsinin və təhvil alınmasının təşkilini, əgər bu sifarişdə nəzərdə tutulacaqsa, yükün sığortası üzrə əməliyyatların təşkilini və müqavilədə nəzərdə tutulmuş igər xidmətləri ekspeditor müştərinin hesabına yerinə yetirilməsini və ya icrasının təşkil edilməsini, müştəri isə bu xidmətləri qəbul etməyi və onların dəyərini ekspeditora ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə daşınma üçün ödənişlər etmiş, lakin cavabdeh daşınmanı həyata keçirməmişdir. Bundan sonra tərəflər arasında borc müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli TF01 nömrəli borc müqaviləsinə əsasən iddiaçının etdiyi əlavə ödənişlər (6% vergisi əlavə edilməklə), yəni 42500 manat (25000 ABŞ dolları) müqavilənin imzalandığı tarixdən etibarən 1 ay müddətində cavabdeh tərəfindən iddiaçıya geri ödənəcəkdir. Sonra isə xx.xx.2023-cü il tarixli hesab fakturaya əsasən həmin tarixdə iddiaçı tərəfindən cavabdehə əlavə 17850 manat ödəniş edilmişdir. Həmin hesab-fakturada qeyd edilmişdir ki, daşınma xidməti dəyəri tam ödənmiş 3 ədəd 40HC konteyner (115 qutu 6 lift) yükün Bakıya çatdırılması üçün Ocenaic İNT L Logistic (HK) LTD şirkətinə əlavə ödəniş ödənilməsi üçün 07 dekabr 2022 tarixli TF01 saylı borc müqaviləsinə əsasən geri ödənəcəkdir. Bu fakt ödəniş tapşırığı ilə də öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz verməmişdir. Buna görə iddiaçının cavabdehdən verdiyi borcu geri tələb etmək hüququ var və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən cavabdehə verilmiş borc məbləğinin cavabdehin müqavilə ilə razılaşdırılmış müddətdə qaytarmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 60350 manat (42500+17850) manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iddiaçı 10200 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 3000 manat müəyyən olunmalıdır. Bundan başqa iddiaçı dəymiş zərər kimi 3200 manat məbləğin də tutulmasını tələb etmiş, həmin məbləğin tələb etmə əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi ilə əsaslandıraraq əldən çıxmış fayda kimi hesablayaraq ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 09 iyul 2009-cu il tarixli qərarının məzmunundan aydın olur ki, MM-in 449-cu maddəsinə əsasən faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı isə borcun ödənilməsinin gecikdirilməsi nəticəsində cavabdehin maddi gəlir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1020 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 600 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, iş üzrə ödənilmiş 312 manat dövlət rüsumunun 280,05 manat hissəi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 60350 manat əsas, 3000 manat cərimə borcu olmaqla, ümumilikdə 63350 (altmış üç min üç yüz əlli) manat pul vəsaiti, həmçinin ödənilmiş dövlət rüsumunun 280 (iki yüz səksən) manat 5 (beş) qəpiyinin və ödənilmiş vəkil xərcinin 600 (altı yüz) manatının əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-721/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-721/2025
21.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver