Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8302/2024 24.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “satışın dayandırılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ticarət mərkəzinin yerləşdiyi torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən obyektlərin satışının dayandırılmasının cavabdehlərə həvalə edilməsi, həmin torpaq sahəsi və onun üzərində yerləşən obyektlərə dair hər hansı mülki-hüquqi müqavilənin bağlanması, həmin obyektlərin və torpaq sahəsinin özgəninkiləşdirilməsi və icarəyə verilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81Q ünvanında yerləşən Cavabdeh1 ticarət mərkəzində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində iddiaçıda sığorta təminatı almış və ticarət mərkəzinin yaxınlığında yerləşən əmlaklara – X1 məxsus daşınmaz və daşınar əmlaklara, "xxxx" Firmasına məxsus daşınmaz əmlaka, X2 məxsus daşınmaz əmlaka, "xxxx" MMC-yə məxsus daşınmaz əmlaka, "xxxx" Firmasına məxsus daşınmaz əmlaklara maddi ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı iddiaçı tərəfindən sığorta olunmuş əmlaklar üzrə aşağıdakı kimi srğorta ödənişləri həyata keçirilmişdir: X1 məxsus daşınar əmlaklara dəyən zərərə görə 8000 manat; X1 məxsus daşınmaz əmlaka dəyən zərərə görə 17000 manat; "xxxx" Firmasına məxsus daşınmaz əmlaka dəyən zərərə görə 2787 manat; X2 məxsus daşınmaz əmlaka dəyən zərərə görə 6000 manat; "xxxx" MMCyə məxsus daşınmaz əmlaka dəyən zərərə görə 9487 manat; "xxxx" Firmasına məxsus daşınmaz əmlaka dəyən zərərə görə 10120 manat; ümumilikdə qeyd olunan əmlaklar üzrə 53394 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən faydalanan şəxslərin hesabına ödənilmişdir. İbtidai istintaq zamanı təyin edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş yanğın-texniki, əmək təhlükəsizliyinin tədqiqi, tikinti-texniki, fiziki-kimyəvi ekspertizasının 15 mart 2021-ci il tarixli 10/910 saylı və xx.xx.2020-ci il tarixli 8142/8889/91/92 saylı rəylərinə əsasən Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə2 Əziz oğlu, "xxxx" MMC-nin direktoru X4 və Cavabdeh1 ticarət mərkəzinin elektrik təsərrüfatına cavabdeh şəxs kimi X3 tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 6.1, 6.2 bəndlərinin, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 3.19.1, 3.19.3, *3.19.4, 3.19.6, 3.19.7, 3.19.15, 3.19.16, 3.19.19 bəndlərinin, “İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları və İstehlakçıların elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın E1.2.7 bəndlərinin və “Elektrik qurğularının quraşdırma qaydalan”nın 1.1.32, 2.1.31, 2.1.32, 2.1.34, 2.1.36, 2.1.37, 2.1.38, 3.1.8 bəndlərinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Ödənilmiş 53394 manat məbləğində sığorta ödənişinin qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında X4, Qanuni nümayəndə2 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq, iddiaçınının xeyrinə ödənilməsi barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmış və məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 269/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir və hazırda həmin iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır (iş 2-2(103)-955/2024). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(007)-11/2022 saylı hökmünə əsasən X3 yanğın hadisəsinin baş verməsində təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(102)-465/2024 saylı qərarı ilə iddiaçı "xxxx" MMC-nin "xxxx" ASC-yə qarşı sığorta ödənişinin və dəbbə pulunun tutulması tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(103)-448 saylı qətnaməsindən verilən kassasiya şikayəti qismən təmin edilərək, dəbbə pulunun tutulmasına dair hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və 180 000 manat məbləğində sığorta ödənişinin tutulmasına dair hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı məhkəmə qərarı ilə "xxxx" ASCdən tutulmalı olan 180 000 manat məbləğində pulun da Cavabdeh1 MMC (VÖEN: **********) və Cavabdeh2 MMC-dən (VÖEN: **********) tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək niyyətindədir, eyni zamanda yuxarıda qeyd edildiyi kimi, Bakı Apellyasiya Məhkəməsinin icraatında da Cavabdeh1 MMC (VÖEN: **********) və Cavabdeh2 MMC-nin vəzifəli şəxslərindən 53394 manat məbləğində sığorta ödənişinin tutulması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmış və məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-2(113)-269/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılmasına dair iş vardır. “https://pravda.az/news/161490” hesablı və pravda.az adlı xəbər portalında Cavabdeh1 satılır: Qiyməti açıqlandı” başlıqlı məqalə yer almışdır. Məqalənin məzmununda göstərilmişdir ki, bir neçə il öncə yanan və konstruksiyası zədələndiyi üçün tamamilə sökülən Cavabdeh1 ticarət mərkəzinin ərazisinin satışa çıxarıldığı haqda məlumat yayılıb. Pravda.az axar.az-a istinadən bildirir ki, ərazisinin 13 milyon manata təklif edildiyi bildirilir. Bundan başqa ticarət mərkəzinin mülkiyyətçiləri tərəfindən məqalənin təkzib olunmaması da, bu halın həqiqət olmasına bir daha sübut edir. Hazırkı vəziyyətdə Cavabdeh1 ticarət mərkəzinin ərazisinin satışa çıxarılması "xxxx" ASC-nin hüquqlarını pozur. Belə ki, Cavabdeh1 ticarət mərkəzinin ərazisinin satışa çıxarılması halında həm Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı gələcəkdə təmin edilə biləcək iddia üzrə tələbin icra edilməsində çətinliklər yarana bilər və icra sənədinin icrası qaydasında tələbin yönəldilə biləcəyi əmlakların artıq həmin müəssisələrin balansında olmaması ilə nəticələnə bilər. Həmçinin sözügedən şirkətlərin vəzifəli şəxslərinə qarşı sığorta ödənişinin tutulması tələbinə dair iddia təmin ediləcəyi təqdirdə də icra sənədinin icrası zamanı həmin çətinliklərin yaranması labüddür. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iştirak edərək işə iddia icraatı qaydasında baxılmalı olduğunu bildirdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, habelə Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq hər kəsin ayrılmaz hüquqlarından biri olan məhkəmə müdafiəsi hüququ ilə pozulmuş hüquqların səmərəli bərpasına, məhkəmələr vasitəsilə qanuni mənafelərin qorunmasına təminat verilir. Məhz Azərbaycan Respublikasının məhkəmələrində mülki məhkəmə icraatının qaydasını tənzimləyən normativ hüquqi aktlardan Mülki Prosessual Məcəllədə qeyd olunan hüququn həyata keçirilməsi ilə bağlı mülki icraatın vəzifələri və müdafiə üçün məhkəməyə müraciət etmək hüququ təsbit olunaraq əsasları tənzimlənmişdir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Qeyd olunan normaları qarşılıqlı təhlil etdikdə aydın olur ki, məhkəmə müdafiəsi hüququ fiziki və hüquqi şəxslərin məhz Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin qorunması, təmin edilməsini özündə ehtiva edir və məhkəmə icraatının vəzifəsi də qeyd olunan hüquq və mənafelərin məhkəmədə təsdiq olunmasından ibarətdir. Yəni məhkəmə qaydasında istənilən mübahisə deyil, yalnız normativ hüquqi aktlardan irəli gələn və müstəqil realizə imkanı mümkün olmayan hüquq və mənafelərin müdafiəsi həyata keçirilə bilər. Deməli, məhkəmə müdafiəsi hüququndan istifadə etmək istəyən şəxs ilk növbədə əsaslandırmalıdır ki, pozulduğunu iddia etdiyi hüquq və mənafeyi qanunvericilik sisteminə daxil olan hansı normativ hüquqi akta əsaslanır. Başqa sözlə desək, şəxs hansı obyektiv hüquqa (normativ hüquqi aktda təsbit olunan) əsaslanan subyektiv hüququnun (pozulmuş və təsdiq edilməli hüquq) pozulduğunu iddia etdiyini əsaslandırmalıdır. Yalnız bundan sonra qeyd olunan hüquqdan istifadə edərək hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin hüquq və mənafelərin müstəqil realizə imkanı mümkün olmasın. İddiaçın tələbinin faktiki əsası mahiyyəti etibarilə ondan ibarətdir ki, Cavabdeh1 ticarət mərkəzi satılacağı halda gələcəkdə Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı təmin edilə biləcək iddia üzrə tələbin icra edilməsində çətinliklər yarana bilər və icra sənədinin icrası qaydasında tələbin yönəldilə biləcəyi əmlakların artıq həmin müəssisələrin balansında olmaması ilə nəticələnə bilər. Həmçinin sözügedən şirkətlərin vəzifəli şəxslərinə qarşı sığorta ödənişinin tutulması tələbinə dair iddia təmin ediləcəyi təqdirdə də icra sənədinin icrası zamanı həmin çətinliklərin yaranması labüddür. Göründüyü kimi, iddiaçı mövcud vəziyyət dəyişəcəyi təqdirdə hüquqlarının qorunmasının mümkün olmayacığına əsaslanmaqla hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatındakı əsas prinsip ondan ibarətdir ki, ərizəçilər öz hüquqlarının iddia icraatı qaydasında qorumalıdırlar, çünki müvəqqəti təminat tədbirləri şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə sadəcə müvəqqəti təsir edir. Hazırkı halda isə iddiaçı öz iddiası ilə yekun hüquqlar əldə etmək üçün deyil, hüquq münasibətlərinə sadəcə müvəqqəti təsir etmək üçün məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 157.1 – 157.4-cü maddələrinə əsasən, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə mövcud və gələcək iddialar üzrə mövcud vəziyyətin dəyişəcəyi təqdirdə şəxsin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə ayrıca institut nəzərdə tutulmuş, həmin məsələyə iddia icraatı qaydasında deyil, məhz müvəqqəti təminat tədbirləri üzrə icraatda xüsusi qaydada baxılması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı tələbə iddia icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçıya izah edilsin ki, iddiasının faktiki əsası kimi istinad etdiyi mübahisələr üzrə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə müəyyən edir ki, ********** nömrəli qəbzə əsasən 100 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən 100 manat məbləğində dövlət rüsumu da qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “satışın dayandırılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-8302/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8302/2024
24.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver