Məhkəmə qərarları › İş №e-2-2(113)-9165/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9165/2024

17.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9165/2024 17.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdehnə qarşı “hərəkətsizliyin qanunsuz hesab edilməsi, öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cavabdehin üzərinə 14 saylı İstehsalat Tresti müəssisəsinin qanuni təmsilçisi və direktoru vəzifəsindən iddiaçının çıxarılması haqqında dəyişikliyi vergi orqanında qeydə aldırması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1994-cü ildə cavabdehin qərarı ilə 14 saylı İstehsalat Tresti müəssisəsi təsis edilmiş, 1994-cü ildə iddiaçı həmin müəssisənin direktoru təyin edilmiş və buna uyğun olaraq 2011-ci ildə əmək müqaviləsi bağlamışdır. İddiaçı 2011-ci ildən 2021-ci ilə qədər 14 saylı İstehsalat Trestinin direktoru vəzifəsində işləmiş, sonra ərizə ilə müəssisəyə müraciət edərək direktor vəzifəsindən azad edilməyi xahiş etmişdir. Göründüyü kimi, 2021-ci ildə əmək müqaviləsi pozulmuş, iddiaçı 2021-ci ildən adıçəkilən müəssisənin işçisi deyildir. Lakin iddiaçını hələ də müəssisənin müxtəlif məsələlərinə görə narahat edirlər. İddiaçıya daha sonra məlum olmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin sistemində iddiaçı 14 saylı İstehsalat Tresti müəssisəsinin direktoru və qanuni təmsilçisi vəzifəsində qeydiyyatdadır. Bu səbəbdən o, vergi orqanına ərizə ilə müraciət etmiş və artıq müəssisənin işçisi olmadığını və əmək müqaviləsinin pozulduğunu bildirməklə, həm direktor, həm də qanuni təmsilçi vəzifəsindən azad edilməsini xahiş etmişdir. Lakin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi cavab olaraq bildirmişdir ki, yeni rəhbər təyin olunduqdan və onun qeydiyyatından sonra iddiaçının adı 14 saylı İstehsalat Tresti müəssisəsinin qanuni təmsilçisi vəzifəsindən azad edilə biləcəkdir. Bundan sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hərəkətindən Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi verilərək iddiaçının portaldan çıxarılması xahiş edilmiş, lakin iş Bakı İnzibati Məhkəməsinin hakimi Aysev Almazovanın icraatında 2-1(112)-11434/2024-003 nömrəli iş kimi olmuş və nəticədə şifahi olaraq bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsini yox, Cavabdehnə müraciət olunmalıdır, mənfi cavab olduğu halda, məhkəməyə müraciət olunmalıdır. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixində müraciət etmiş, lakin bu günə qədər heç bir cavab verilməmişdir. Cavabdeh bu hərəkətlə iddiaçının insan və vətəndaş hüquq və azadlıqlarını kobud surətdə pozmuş, hazırda 14 saylı İstehsalat Trestinin qanuni təmsilçisi və direktoru olmadığı halda, cavabdeh onun barəsində İnternet Vergi İdarəsində elektron portalda həqiqətə uyğun olmayan məlumatın saxlanılmasına davam etməklə ərizəçinin hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Lakin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 18-ci bəndinə əsasən, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 14 saylı X1 rəisi vəzifəsindən xx.xx.2021-ci il tarixində azad edilmiş, lakin kommersiya qurumlarının reyestrində qanuni təmsilçi kimi qalmaqda davam edir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi əmək münasibətlərindən irəli gələn tələblər kateqoriyasına aiddir və həmin növdən olan mübahisələrə kommersiya məhkəmələrində baxılması istisna edilmişdir. Belə ki, hazırkı iş üzrə tələbin korporativ tələb hesab edilməsi mümkün deyildir. Adıçəkilən Qərarın 19-cu bəndinə əsasən, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. Qərarın 26-cı bəndinə əsasən, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Göründüyü kimi, Qərarda müqavilədən irəli gələn mübahisələr və korporativ mübahisələr subyekt tərkibi baxımından fərqləndirilmiş, müqavilədən irəli gələn mübahisələr üçün tərəflərin hər bir halda sahibkarlıq fəaliyyəti subyekti olması tələbi müəyyən olunduğu halda, kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrinin öz təbiəti etibarilə sahibkarlıq fəaliyyətin irəli gəldiyi, həmin mübahisələrin kommersiya məhkəmələrinin müstəsna baxış predmeti olduğu nəzərə alınaraq, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakının mövcud olmasına baxmayaraq, işin kommersiya məhkəməsi aidiyyəti müəyyən olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi, korporativ tələblər təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan 1) hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından və ya 2) səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər olmaqla mübahisə tərəflərinin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrdən doğurlar. Qanuni təmsilçinin hüquqi şəxsə və ya əksinə olan yalnız o tələbləri korporativ tələblər hesab olunur ki, onlar hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından və ya səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət olsun. Hazırkı işin hallarından isə tələbin bilavasitə iddiaçı ilə cavabdeh arasında əməkhüquqi münasibətlərdən irəli gəldiyi aydın olur. Bu halda da məhkəmə hesab edir ki, hazırkı iş ümumi məhkəmələrin müstəsna aidiyyətidir. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 152.1 və 152.1.3-cü maddəsinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə müstəsna olaraq ümumi məhkəmələrin aidiyyəti olduundan iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 24-26, 31, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “hərəkətsizliyin qanunsuz hesab edilməsi, öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsi ilə aidiyyəti üzrə ümumi məhkəməyə müarciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar