Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-934/2024 23.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Aqrar Sığorta Fondundan 20550 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci ilin oktyabr ayında Tərtər rayonunun Çaylı kəndində yerləşən 17 ha torpaq sahəsində arpa bitkisi əkmiş və həmin əkdiyi sahə Aqrar Sığorta Fondu tərəfindən Aqrar Sığorta Fondunun İdarə heyətinin xx.xx.2020-ci il tarixli, 17/20 №-li qərarı ilə təsdiq edilmiş kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığorta şəhadətnaməsi tərtib olunmuşdur və əkdiyi arpa Aqrar Sığorta Fondu tərəfindən 100% sığortalanmışdır. Lakin, 2022-ci ildə havanın quraqlıq keçməsinə və əkdiyi 17 ha torpaq sahəsini iki dəfə suvarmağına baxmayaraq, ermənilərin əlində olan Sərsəng su anbarı bağlandığından və yağıntı olmadığından ona 100% miqdarında ziyan dəymişdir. Lakin Aqrar Sığorta Fondunun mütəxəssisləri tərəfindən həmən ziyanın 91% göstərilmişdir və həmin sığorta pulu ödənilmir. Tərəfindən cavabdeh Aqrar Sığorta Fonduna sığorta pulunun alınması ilə əlaqədar rəsmi müraciət olunmuş, lakin 18 oktyabr 2023-cü il tarixli 12- 9/2-B-42-557/2023 №li məktubla ona imtina verilmiş və məhkəməyə müraciət olunmaq tövsiyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün hüquqi və fiziki şəxslər pozulmuş hüquqlarının bərpası üçün məhkəmə müdafiəsindən istifadə etməkdə haqlıdır. Cavabdeh Aqrar Sığorta Fondu məhkəmənin elektron sisteminə etiraz ərizəsi yükləmiş, ərizəsində İddiaçı cavadeh Aqrar Sığorta Fonduna qarşı “pul tələbinə dair” 2- 2(113)-934/2024 nömrəli iş üzrə iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı cavadeh Aqrar Sığorta Fonduna qarşı "pul tələbinə dair” iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İlk öncə məlumat üçün qeyd edirik ki, ölkəmizdə stabil, təhlükəsiz aqrar sığorta mexanizminin formalaşdırılması, aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanmasının təmin edilməsi məqsədilə 2019-cu il 27 iyun tarixdə "Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) qəbul edilmişdir və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 19 avqust 809 nömrəli Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Aqrar Sığorta Fondu (bundan sonra - Fond) təsis edilmişdir. Qanunun 4.1 -ci maddəsinə əsasən aqrar sığortanın predmetinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar və akvakultura məhsulu daxildir. Qanunun 7-ci maddəsinə əsasən aqrar sığorta haqqı sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanır, aqrar sığortalı tərəfindən ödənilməli olan və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissələrdən ibarətdir. Aqrar sığorta haqqının 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi dövlətin Fond vasitəsilə kənd təsərrüfatı sahəsində olan sahibkarlığa dəstəyinin ifadəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 479 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta predmetinin Tərkibinin 1.1-ci bəndinə əsasən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə aqrar sığortanın predmetinə 41 növ, 1.2-ci bəndinə əsasən kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə 2 növ və 1.3-cü bəndinə əsasən akvakultura məhsulu üzrə 1 növ məhsul daxildir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 505 nömrəli Qərarı ilə “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi” təsdiq edilmişdir. İddiaçı ilə Aqrar Sığorta Fondu arasında bağlanılmış kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə BS-**********-AS nömrəli sığorta müqaviləsi üzrə Qaydaların müvafiq müddəalarına uyğun olaraq xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək risklərin (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, Qasırğa, fırtına, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətləri) baş verməsi nəticəsində sığortalanmış məhsullara dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. Təminat müddəti ərzində sığortalı şəxsdən üçüncü şəxslərin hərəkətləri (suyun verilməməsi) nəticəsində sığorta hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və təminat müddəti ərzində baş verməsi ehtimalına qarşı Qaydaların 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmişdir. Aparılan araşdırılmanın nəticəsinə əsasən zərər dəymiş əkin sahəsi qumsal, su sevən və suya tələbatı şox olan sahə olduğundan su çatışmaması nəticəsində bitkilər inkişafdan dayanmışdır. Yekun olaraq sığortalı şəxsə 91.22% zərər dəydiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın (bundan sonra - Qaydalar) 1.21.1 -ci yarımbəndinə əsasən sığorta ödənişi həmin yarımbənd ilə müəyyən edilən sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir. Həmin yarımbəndin 6-cı abzasına əsasən üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənədin olması sığorta ödənişinin edilməsi üçün əsasdır. Məlumat üçün qeyd edirik ki, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra-Qanun) 17.1 -ci maddəsinə əsasən sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir”. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.21.1 -ci yarımbəndinə əsasən sığorta ödənişi həmin yarımbənd ilə müəyyən edilən sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir. Sığorta ödənişinin edilməsi üçün tələb olunan müvafiq sənədlərin toplanılması zamanı Fond tərəfindən Azərbaycan Meliorasiya və X2 Səhmdar Cəmiyyəti Tərtər Suvarma cavab məktubuna əsasən üçüncü şəxslərin hərəkəti kimi sığorta hadisəninin baş verməsi halı təsdiq edilməmişdir. Belə ki, sığortalı şəxs ilə qurum arasında suyun verilməsi ilə bağlı müqavilə imzalanmamışdır. Eyni zamanda Qanunun 17.1-ci maddəsinə əsasən, sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edilməsi Fondun vəzifəsi olduğundan 2023-cü il 18 avqust tarixli 12-9/2-B-42- 557/2023 nömrəli məktub ilə vətəndaşa sığorta hadisəsi hesab edilən hal baş vermədiyindən dəymiş zərərə görə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Qaydaların 1.22.1-ci yarımbəndinin 1-ci abzasına əsasən baş vermiş hadisə sığorta şəhadətnaməsinin sığorta riskləri bölməsinə və bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə Fond sığorta ödənişinin edilməsindən imtina edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1-ci və 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Çünki cavabdeh Aqrar Sığorta Fondu qeyri-kommersiya hüquqi şəxsdir, nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə fəaliyyət göstərir və onun inzibati akt olaraq qəbul etdiyi qərarını iddiaçı inzibati icraat qaydasında müvafiq inzibati məhkəmədə mübahisələndirməlidir. Belə ki, iddiaçıya sığorta ödənişinin verilməsindən cavabdehin qərarı əsasında imtina edilmiş və sığorta ödənişinin verilməsindən imtina barədə qərardan “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-cü və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddələrinə əsasən, qərar qüvvəyə mindiyi gündən 30 gün müddətinə inzibati qaydada X1 və ya məhkəməyə şikayət vermək hüququ Aqrar Sığorta Fondu tərəfindən iddiaçıya izah olunmuşdur. Göründüyü kimi iddiaçı sığorta ödənişin ona ödənilməsi üçün cavabdehin sığorta ödənişinin verilməsindən imtina barədə qərarından inzibati məhkəməyə şikayət (inzibati iddia) verərək sığorta ödənişinin verilməsini tələb etməlidir. Cavabdeh qeyri-kommersiya hüquqi şəxs kimi inzibai akt qəbul etmək səlahiyyətinə malik olan inzibati orqan olmaqla, hazırkı mübahisə onun Nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmasından irəli gəlmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 1-5.1-ci bəndlərində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. xx.xx.2007-ci il tarixli “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının “V” bəndinə görə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan hesab edilirlər. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1-ci maddəsinə əsasən aqrar sığorta orqanı Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır. 8.2-ci maddəsinə əsasən aqrar sığorta orqanı nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə fəaliyyət göstərir, habelə idarəedici qurumun fəaliyyətinə nəzarəti həyata keçirir, idarəedici qurum ləğv edildikdə yenisinin formalaşdırılmasını təmin edir. 17.1-ci maddəsinə əsasən sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir. 17.4-ci maddəsinə əsasən sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 72.5-ci maddəsinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Aqrar Sığorta Fondunun Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Aqrar Sığorta Fondu (bundan sonra – Fond) “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 8.2-ci maddəsinə uyğun olaraq “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanı (bundan sonra – Fərman) ilə Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək məqsədilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir. Həmin Nizamnamənin 1.4-cü maddəsinə əsasən Fond bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Həmin Nizamnamənin 2.1-ci bəndinə əsasən Fond bu Nizamnamə ilə müəyyən edilmiş qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını, dayanıqlılığını və fasiləsiz fəaliyyətini, idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək, habelə idarəedici qurum ləğv edildikdə, yenisinin formalaşdırılmasını təmin etmək məqsədilə yaradılmışdır. Fond bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərini həyata keçirərkən, qabaqcıl beynəlxalq təcrübə və standartları əsas götürür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1 və 2.2.2-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, iddiaçıya cavabdehin sığorta ödənişinin verilməsindən imtina barədə qərarından müvafiq inzibati məhkəməyə şikayət (inzibati iddia) vermək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 261, 263-264, 267, 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. İddiaçı cavabdeh Aqrar Sığorta Fondunun sığorta ödənişinin verilməsindən imtina barədə qərarından müvafiq inzibati məhkəməyə şikayət (inzibati iddia) vermək hüququ izah olunsun. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-934/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-934/2024
23.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver