Məhkəmə qərarları › İş №e-2-2(115)-731/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-731/2021

21.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-731/2021 21.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X1 Cavabdeh MMC-yə qarşı “Tərtərçay” yatağında faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dövlətə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X1 Cavabdeh MMC-yə qarşı “Tərtərçay” yatağında faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dövlətə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən “Tərtərçay” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 507500 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X2 (iddiaçı) tərəfindən yataqlara baxış keçirilən zaman “Tərtərçay” qum-çınqıl yatağında 28 yanvar 2019-cu il tarixli 01145 nömrəli “Dağ-mədən ayırması” aktı (DMAA) ilə Cavabdeh MMC-yə (cavabdeh) ayrılmış 5 ha yer təki sahəsindən kənarda qum-çınqıl qarışığı hasil etdiyi aşkar etmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmişdir, fotoşəkillər çəkilmişdir. Baxış zamanı Agentliyin əməkdaşları tərəfindən ərazidə topoqrafik və topogeodezik ölçmə işləri aparılmış, əldə edilmiş məlumatlar baxış aktında qeyd edilmiş və kameral şəraitə “X10” proqram təminatı vasitəsi ilə keçirilən araşdırma və müqayisəli təhlil zamanı sahibkar tərəfindən ona ayrılmış sahədən kənarda 145000 m həcmdə qum-çınqıl çıxarıldığı müəyyən edilmişdir. Eyni zamanda sahədə aparılmış ölçmə işləri nəticəsində ərazidə orta istismar dərinliyi 8-12 metr müəyyən edilmişdir. 08 sentyabr 2020-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq X5 07/20 nömrəli 9 dekabr 2020-ci il tarixli Qərarı ilə cavabdehin fəaliyyəti 3 ay müddətinə dayandırılmışdır. Eyni zamanda aparılmış qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın pretenziya qaydasında ödənilməsi tələb edilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən yer təkindən istifadə hüququn dayandırılmasına əsas olan halların aradan qaldırılmadığından və dövlətə dəymiş maddi ziyan ödənilmədiyindən “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun26.1.7-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ (Dağ-mədən ayırması aktı) X5 27 may 2021-ci il tarixli 37 nömrəli qərarı ilə ləğv edilmişdir. Qanunsuz hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: 145000 m qum-çınqıl qarışığı* 5 manat *0.7 = 507500 manat ümumilikdə 507500 manat məbləğdə ziyan müəyyən edilmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, vurulmuş ziyanın əvəzinin cavabdehdən alınıb Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsini tələb edərkən, həmin fondun haqqında əsasnaməyə istinad etmişlər. Fondun əsasnaməsinin 2.1-ci bəndində qeyd edilmişdir ki, dövlət fondunun vəsaitləri kimi qanunvericiliyə zidd olmayan digər daxilolmalar ola bilər. Bununla yanaşı, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa görə vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyən edir. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 28.01.2019-cu il tarixli 01145 nömrəli dağ-mədən ayırması aktının surətindən görünür ki, “Tərtərçay” qum-çınqıl yatağında qumçınqıl hasilatı məqsədi ilə Cavabdeh MMC-yə 5 il müddətinə torpaq sahəsi istifadəyə verilmişdir. X8 X1 63309 nömrəli, 08 sentyabr 2020-ci il tarixli aktının surətindən görünür ki, həmin tarixdə Tərtər rayonu Sarıcalı kəndində yerləşən hüquqi şəxs Cavabdeh MMC-yə ayrılmış əraziyə mütəxəssislərin iştirakı ilə baxış keçirilərkən mərz nişanlarının düzgün yerdə quraşdırılmaması, markşeyder planına görə qaz borusundan 8 m, magistral yoldan 10 m, körpüdən isə 360-370 m məsafədə yerləşməsi, markşeyder planında göstərilən istismar sahəsindən kənarda ümumi 1,5 ha sahə işlənmişdir. Cənubda yerləşən 0,5 ha torpaq sahə 8-10 m, cənub-qərbdə yerləşən 1 ha sahə 8-12 dərinlikdə istismar edilməsi qeyd edilmişdir. Həmin aktı imzalayan Cavabdeh MMC-nin qanuni təmsilçisi Şamxal Abdullayev akta qeyd etmişdir ki, onlara ayrılmış sahədən qaz borusu keçdiyindən və yola yaxın olduğundan öz sahəsindən kənarda qazıntı işlərini aparmışdır. X8 X1 İdarə Heyətinin 09 dekabr 2020-ci il tarixli qərarı ilə 28.01.2019-cu il tarixli 01145 nömrəli dağ-mədən ayırması aktı ilə Cavabdeh MMC-yə verilmiş yerin təkindən istifadə hüququ 3 ay müddətinə dayandırılmışdır. Həmin qərardan görünür ki, Cavabdeh MMC tərəfindən dağ-mədən ayırması aktı ilə ona ayrılmış yer təki sahəsinin hüdudlarından kənarda ümumi həcmi 145000 m3 olan qum-çınqıl qarışı hasil edilmişdir. X8 X1 İdarə Heyətinin 27 may 2021-ci il tarixli qərarı ilə 28.01.2019-cu il tarixli 01145 nömrəli dağ-mədən ayırması aktı ilə Cavabdeh MMC-yə verilmiş yerin təkindən istifadə hüququ ləğv edilmişdir. Cavabdeh MMC-nin dövlət reyestrindən çıxarışından görünür ki, X4 qurumun qanuni təmsilçisidir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Həmin Qanunun 10-cu maddəsinə əsasən yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. Dağ-mədən ayırmasının ilkin hüdudları dağ-mədən ayırması statusu verilərkən müəyyən edilir. Həmin Qanunun 46-cı maddəsində göstərilmişdir ki, yerin təkindən özbaşına istifadə edilməsinə görə hüquqi və fiziki şəxslər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh MMC tərəfindən dağ-mədən ayırması aktı ilə ona ayrılmış yer təki sahəsinin hüdudlarından kənarda ümumi həcmi 145000 m3 olan qum-çınqıl qarışığı hasil edərək, dövlətə 507500 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə qeyd edir ki, qanunsuz hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq iddiaçı tərəfindən düzgün hesablanmışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, 507500 manat məbləğində vurulmuş zərər Cavabdeh MMC-dən tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 507500 manat məbləğində zərərin əvəzi Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X1 xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin vurumuş ziyanın Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi hissəsində iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında” Əsasnamənin 2.1-ci bəndində Dövlət Fondunun vəsaitləri aşağıdakı mənbələr yəni, mineral-xammal bazasının bərpasına yönəldilmiş ayırmalar, yerin təkinin istifadəyə verilməsinə dair müsabiqə və hərracların keçirilməsindən əldə edilən gəlirlər, mineralxammal bazasının bərpası və möhkəmləndirilməsinə dair geoloji-kəşfiyyat işlərinin aparılmasında vahid texniki siyasətin həyata keçirilməsi üçün yer təki istifadəçilərinin, müəssisələrin könüllü ödənişləri və qanunvericiliyə zidd olmayan digər daxilolmalar hesabına əmələ gəldiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi həmin fondun əsasnaməsində göstərilən “qanunvericiliyə zidd olmayan digər daxilolmalar” müddəası ümumi norma olmaqla, vurulmuş ziyanın əvəzinin fondun hesabına tutulmasını nəzərdə tutmur. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə əsasən vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Ona görə də, məhkəmə hesab edir ki, faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dövlətə dəymiş maddi ziyan dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. 507500 manat məbləğində zərərin əvəzi Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X1 xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar