Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1412/2022 11.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına və Cavabdeh2nə qarşı “ünvan 1 küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın iddiaçıya qaytarılması, onunla ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750000 manat vəsaitin, həmçinin 840 manat dövlət rüsumunun, 220 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına və Cavabdeh2nə qarşı “ünvan 1 küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın iddiaçıya qaytarılması, onunla ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750000 manat vəsaitin, həmçinin 840 manat dövlət rüsumunun, 220 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki iddia tələbinə kommersiya məhkəmələri tərəfindən baxılmalı olmadığından iş baxılması üçün aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə müəyyən edilir ki, hazırki işin məhkəmə araşdırması zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlar və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, tərəflər arasındakı yaranmış hüquq münasibətləri 2003- 2004-cü illərə aiddir. Həmin vaxt isə İddiaçı və Cavabdeh3 fərdi sahibkar statusuna malik fiziki şəxs olmamışlar. Belə ki, iddiaçı xx.xx.2005-ci ildə, Cavabdeh3 isə xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Belə olan halda hüquq münasibətləri yaranan vaxt, yəni 2003-2004-cü illərdə onlar arasındakı münasibətlər və bu münasibətlərdən yaranan mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən ibarət olmamışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarın 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Göründüyü kimi, tərəflər mübahisə yaranan zaman fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi dövlət qeydiyyatına alınmadığından, başqa sözlə sahibkar olmadıqlarından hazırki mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxıla bilməz. Hətta iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu ehtimal etsək belə, vergi orqanlarında fəaliyyəti qeydiyyata alınmadığından onun belə hərəkətləri qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinə ümumi məhkəmələr tərəfindən baxılmalı olduğundan hazırki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı müxtəlif ünvanları olan cavabdehlərə iddia irəli sürərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci (rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər) maddəsinə uyğun seçimindən istifadə etmiş və iddianı cavabdeh fiziki şəxs Cavabdeh3 və hüquqi şəxslərdən biri olan Cavabdeh2 ünvanı üzrə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən də hazırki məhkəmə iddiaçının həmin seçiminə uyğun iddia tələbinə baxılmasını Zaqatala Rayon Məhkəməsinə göndərilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına və Cavabdeh2nə qarşı “ünvan 1 küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın iddiaçıya qaytarılması, onunla ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750000 manat vəsaitin, həmçinin 840 manat dövlət rüsumunun, 220 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbinə dair iş materialları məhkəmə aidiyyəti üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1412/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1412/2022
11.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver