Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-780/2024 09.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə xitam verilməsi və icarə obyektinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair ilkin idddiasına və Cavabdeh MMC-nin İddiaçı qarşı “iddiaçının icarə obyektinə ayda bir dəfədən artıq yaxınlaşmasının qadağan edilməsi, icarə müqaviləsinin sonunadək Cavabdeh MMC-ni narahat etməməsi” tələbinə dair qarşılıqlı iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə xitam verilməsi və icarə obyektinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İcarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlamışdır. İcarəyə verənlə icarəçi arasında bağlanmış həmin icarə müqaviləsinin 1-ci bəndinə əsasən, icarəyə verən Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanında yerləşən 1 və 2-ci mərtəbədən ibarət 1-ci mərtəbə 170 kv.m 2-ci mərtəbə 202.41 kv.m qeyri-yaşayış sahəsini icarəçinin müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin imzalanması tarixindən etibarən icarə obyektindən istifadəyə görə icarəçi icarəyə verənə aylıq 1-ci mərtəbə üçün 1000 manat, 2-ci mərtəbə üçün isə 500 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.3-cü bəndinə əsasən hər ayın icarə haqqı məbləği icarəyə götürən tərəfindən icarəyə verənə ayın 10-dan gec olmayaraq köçürmə yolu ilə ödənilməlidir. Müqavilənin 3.6-cı bəndinə əsasən Azərbaycan Respublikasında inflyasiya nəzərə alınmaqla icarə qiymətinə hər il yenidən baxılacaqdır. Həmin müqavilənin 4.3.3-cü bəndinə əsasən icarəçi ehtimal olunan xitam tarixindən ən azı 6 ay əvvəl icarə verəni yazılı şəkildə xəbərdar etmək şərti ilə müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Müqavilənin 4.4.3 - 4.4.6-cı bəndlərinin tələblərinə əsasən icarə haqqını müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə icarəyə verənə ödəmək, icarə obyektindən istifadə zamanı qanunsuz, o cümlədən icarəyə verənə ziyan vuran hərəkətlərə yol verməmək, icarə obyektinin nəzərdə tutulmuş bütün vergilərini və icbari ödənişlərini vaxtında ödəmək, icarə obyektinin texniki və yanğın təhlükəsizliyini və onun sanitargigiyenik tələblərə uyğun vəziyyətdə saxlanılmasını təmin etmək icarəçinin vəzifəsidir. Müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə üzrə icarə müddəti müqavilənin imzalanması tarixindən 10 il müddətinədək, xx.xx.2031-ci il müddətində müəyyən edilir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən icarə müddəti dövründə inflyasiyanın artması, milli valyutanın məzənnəsinin xarici valyutalara nisbətən dəyişməsi icarə verənə icarə haqqını müvafiq məbləğdə artırmaq hüququnu verir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, obyekt icarəçiyə 10 il müddətinə icarəyə verilmişdir, icarəçi müqavilə şərtlərini pozmuş və onun vəziyyətinin əhəmiyyətli şəkildə pisləşməsinə səbəb olmuşdur. İcarəçi lisenziyasız fəaliyyət göstərir, icarə haqqını mütəmadi olaraq gecikdirir, icarə haqqına hər il yenidən baxılması müddəasını qəbul etmir, yanğın təhlükəsizliyi qaydalarına riayət etmir. Bu səbəbdən də tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməsini və icarəçi tərəfindən icarə obyektinin boşaldılaraq ona təhvil verilməsini məhkəmədən xahiş edir. Cavabdeh MMC xx.xx.2024-cü il tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, müqaviləyə icarəçinin icazəsi olmadan xitam verilə bilməz, obyekt icarəçiyə verilən zaman təmirsiz vəziyyətdə olmuşdur, cavabdehin hesabına təmir edilmişdir. Cavabdeh MMC-nin fəaliyyət göstərməsi üçün lisenziyası vardır. Həmçinin yanğın-təhlükəsizlik qaydalarına da riayət olunmaqdadır. İcarəçinin müqavilə üzrə icarəyə verənə heç bir borcu yoxdur, iddiaçı qurulmuş təsərrüfatı mənimsəmək və Cavabdeh MMC-ni obyektdən çıxartmaq istəyir. Bu səbəbdən də ilkin iddianın rədd edilməsini, İddiaçı obyektə ayda bir dəfədən artıq yaxınlaşmasının qadağan edilməsini və icarə müqaviləsinin sonunadək icarəçinin narahat etməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim edilmiş sənədlərdən aydın olur ki, müqavilə 2021-ci ildə bağlansa da Cavabdeh MMC-nin fəaliyyət göstərməsi üçün lisenziya yalnız xx.xx.2024-cü il tarixində alınmışdır. X1 Nazirliyinin yanğın texniki müayinə aktından da görünür ki, obyektdə təhlükəsizlik qaydalarına riayət edilir. Bundan başqa məhkəməyə təqdim edilmiş bank hesabından çıxarışdan görünür ki, cavabdeh 2022-ci ildən başlayaraq müxtəlif tarixlərdə 1290 manat olmaqla icarə haqqı ödəmişdir. İddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh tərəf müqavilənin şərtlərini pozmuşdur, belə ki, o lisenziyasız fəaliyyət göstərmiş, icarə haqqını gecikdirmiş və 5 ay ərzində ümumiyyətlə icarə haqqı ödənişlərini etməmişdir. Cavabdeh lisenziya aldıqdan sonra qanunsuz rentgen fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh icarə obyektinin bir hissəsini başqa şəxsə lazer epilyasiya fəaliyyəti üçün icarəyə vermişdir. Tərəflər arasında icarə haqqı 1500 manat müəyyən edilsə də, inflyasiyaya uyğun olaraq icarə haqqı artırılmalıdır. Cavabdeh tərəf isə icarə haqqının artırılması ilə razılaşmır. İcarə obyekti iddiaçıya məxsusdur və o istədiyi zaman obyektə daxil ola bilər. Cavabdeh 4000 manat icarə haqqı ödəməyi öhdəsinə götürərsə razılaşmaq mümkündür. İlkin iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı tərəfə icarə haqqı borcu yoxdur. İcarə haqqını 1500 manatdan az ödəmələrinə səbəb 14% gəlir vergisinin icarə haqqı məbləğindən çıxılaraq ödənilməsi olmuşdur. İcarə haqqı məbləğinin cəmi 9.5% artırılmasına razıdırlar. İddiaçı cavabdehə obyekti işlətməkdə mane olur. İddiaçının dediyi kimi bir müddət lisenziyasız fəaliyyət göstərmişlər, lakin sonradan lisenziya alınmışdır. Borclarını ödədikdən sonra obyekti boşaldaraq təhvil verə bilər. İddiaçının tələb etdiyi icarə haqqı məbləği çox yüksəkdir. Bu səbəbdən də ilkin iddianın rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini məhkmədən xahiş edir. Bundan başqa xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktı məhkəməyə təqdim edilmişdir. Həmin qiymətləndirmə aktında göstərilmişdir ki, Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanında yerləşən qeyri-yaşayış binasının ölçüsündən alsı olaraq 1 aylıq icarə dəyərinin 1 kv.m qiyməti 10-15-20 manat arası dəyişir. Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixli vəsatət məhkəməyə təqdim edilmişdir. Vəsatətdə bildirilmişdir ki, xx.xx.2021-ci il tarixli müqavilənin qiymətinin 2022-ci il üçün 13.9%, 2023-cü il üçün isə 9.5% həcmində artırılmasına razıdırlar. İlkin iddianın rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini məhkmədən xahiş edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış icarə müqaviləsi, hesabdan çıxarış, lisenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qarşılıqlı iddia isə rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İcarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlamışdır. İcarəyə verənlə icarəçi arasında bağlanmış həmin icarə müqaviləsinin 1-ci bəndinə əsasən, icarəyə verən Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanında yerləşən 1 və 2-ci mərtəbədən ibarət 1-ci mərtəbə 170 kv.m 2-ci mərtəbə 202.41 kv.m qeyri-yaşayış sahəsini icarəçinin müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin imzalanması tarixindən etibarən icarə obyektindən istifadəyə görə icarəçi icarəyə verənə aylıq 1-ci mərtəbə üçün 1000 manat, 2-ci mərtəbə üçün isə 500 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.3-cü bəndinə əsasən hər ayın icarə haqqı məbləği icarəyə götürən tərəfindən icarəyə verənə ayın 10-dan gec olmayaraq köçürmə yolu ilə ödənilməlidir. Müqavilənin 3.6-cı bəndinə əsasən AR-də inflyasiya nəzərə alınmaqla icarə qiymətinə hər il yenidən baxılacaqdır. Həmin müqavilənin 4.3.3-cü bəndinə əsasən icarəçi ehtimal olunan xitam tarixindən ən azı 6 ay əvvəl icarə verəni yazılı şəkildə xəbərdar etmək şərti ilə müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Müqavilənin 4.4.3 - 4.4.6-cı bəndlərinin tələblərinə əsasən icarə haqqını müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə icarəyə verənə ödəmək, icarə obyektindən istifadə zamanı qanunsuz, o cümlədən icarəyə verənə ziyan vuran hərəkətlərə yol verməmək, icarə obyektinin nəzərdə tutulmuş bütün vergilərini və icbari ödənişlərini vaxtında ödəmək, icarə obyektinin texniki və yanğın təhlükəsizliyini və onun sanitar-gigiyenik tələblərə uyğun vəziyyətdə saxlanılmasını təmin etmək icarəçinin vəzifəsidir. Müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə üzrə icarə müddəti müqavilənin imzalanması tarixindən 10 il müddətinədək, xx.xx.2031-ci il müddətində müəyyən edilir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən icarə müddəti dövründə inflyasiyanın artması, milli valyutanın məzənnəsinin xarici valyutalara nisbətən dəyişməsi icarə verənə icarə haqqını müvafiq məbləğdə artırmaq hüququnu verir. Məhkəməyə təqdim edilmiş sənədlərdən aydın olur ki, müqavilə 2021-ci ildə bağlansa da Cavabdeh MMC-nin fəaliyyət göstərməsi üçün lisenziya yalnız xx.xx.2024-cü il tarixində alınmış, cavabdeh lisenziyasız fəaliyyət göstərmiş və bu səbəblə də ona İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş bank hesabından çıxarışdan görünür ki, cavabdeh 2022-ci ildən başlayaraq müxtəlif tarixlərdə 1290 manat olmaqla icarə haqqı ödəmişdir. Halbu ki, aylıq icarə haqqı 1500 manat təşkil edir. İcarəçi vergi məbləğini də icarə haqqından çıxmaqla ödəmişdir. Cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı tərəfə icarə haqqı borcu yoxdur. İcarə haqqını 1500 manatdan az ödəmələrinə səbəb 14% gəlir vergisinin icarə haqqı məbləğindən çıxılaraq ödənilməsi olmuşdur. Lakin tərəflər arasında bağlanmış müqavilənin 4.4.5-ci bəndinə əsasən icarə obyektinə münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş bütün vergiləri və digər icbari ödənişləri vaxtında ödəmək icarəçinin vəzifəsi kimi göstərilmişdir. Həmin bənddən də göründüyü kimi vergilərin, aylıq icarə haqqı məbləğindən kənar ödənilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.3-cü bəndində hər ayın icarə haqqı məbləği icarəyə götürən tərəfindən icarəyə verənə ayın 10-dan gec olmayaraq köçürmə yolu ilə ödənilməsi razılaşdırılsa da, hesabdan çıxarışdan aydın olur ki, cavabdeh tərəf müxtəlif tarixlərdə icarə haqqı ödənişlərini gecikdirmişdir. (xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023). Eyni zamanda müqavilənin 3.2-ci bəndinə əsasən hər iki mərtəbə birlikdə olmaqla icarə haqqı məbləği 1500 manat müəyyən olunsa da, cavabdeh tərəfindən 1290 manat ödəniş edilmiş və onun hər ay ödənilməmiş 210 manat qalıq icarə haqqı borcu yaranmışdır. İddiaçı tərəf izahatında bildirmişdir ki cavabdeh tərəfindən 5 aylıq icarə haqqı ümumiyyətlə ödənilməmişdir. İş materialları kimi təqdim edilmiş hesabdan çıxarışa diqqət yetirsək görə bilərik ki, həqiqətən də 2023-ci il üzrə sentyabr, oktyabr və noyabr, 2024-cü il üzrə isə yanvar və fevral aylarında icarə haqqı ödənişləri olunmamışdır. Bununla da 5 aylıq icarə haqqı məbləğinin ödənilməməsi sübut olunmuşdur. Əlavə olaraq müqavilənin 3.6-cı bəndinə əsasən inflyasiya nəzərə alınmaqla icarə qiymətinə hər il yenidən baxılmalı idi. Lakin cavabdeh tərəf buna etiraz edərək icarə haqqı məbləğinin artırılması ilə razılaşmamışdır. Bundan başqa xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktı məhkəməyə təqdim edilmişdir. Həmin qiymətləndirmə aktında göstərilmişdir ki, Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanında yerləşən qeyri-yaşayış binasının ölçüsündən alsı olaraq 1 aylıq icarə dəyərinin 1 kv.m qiyməti 10-15-20 manat arası dəyişir. Buradan belə nəticəyə gəlmək olar ki, 1 aylıq icarə haqqını 1kv.m qiyməti kimi minimum 10 manatdan hesablasaq 3724.1 manat olmalı idi. (170 kv.m + 202.41 kv.m = 372.41 kv.m; 372.41 kv.m X 10 = 3724.1 manat). Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixli vəsatət məhkəməyə təqdim edilmişdir. Vəsatətdə xx.xx.2021-ci il tarixli müqavilənin qiymətinin 2022-ci il üçün 13.9%, 2023-cü il üçün isə 9.5% həcmində artırılmasına razı olduqlarını bildirmişlər. Məhkəmə ilkin iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edilməli və icarə müqaviləsinə xitam verilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Mülki Məcəllənin : 421.2.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7.Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 685.1.Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.
686. Əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. 687.Yaşayış otağını kirayəyə verənə müqavilənin ləğvi müddətini gözləmədən müqaviləni qanunda göstərilən əsaslardan savayı, başqa əsaslarla ləğv etmək hüququ verən razılaşmanın qüvvəsi yoxdur. 700.1.İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 7.2.İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. 8.1. İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. 8.5.İcarəçi icarə haqqından savayı, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş vergiləri və digər tədiyyələri də ödəyir, bir şərtlə ki, bu, icarəyəverənin vəzifəsinə daxil edilməsin. 9.3.İcarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur. 13.1.İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, tərəflər razılaşmışlar ki, müqavilənin 3.6-cı bəndinə əsasən inflyasiya nəzərə alınmaqla icarə qiymətinə hər il yenidən baxılacaqdır. Buna baxmayaraq müqavilə bağlandığı vaxtdan icarə qiymətinə müvafiq amillər nəzərə alınmaqla yenidən baxılması ilə bağlı qarşı tərəflə razılıq əldə edilməmişdir. Halbuki müqavilənin məcburi şərti olaraq qeyd edilən icarə haqqının məbləğinə, yəni artım istiqamətində yenidən baxılmalı idi. Çünki, məlum olduğu kimi rəsmi təsdiq olunan fakt odur ki, ümumi infilyasiya hər il baş verir və bu hər il müxtəlif rəqəmlərdə ifadə olunmaqla qiymətlərin artımı baş verir. Cavabdeh tərəf hər il müvafiq ifilyasiya faizlərinə uyğun olaraq qiymətin artımını təsdiq etsə də, bu yalnız birtərəfli qaydada baş verməsi və ya məhkəmənin müvafiq qərarı ilə təsdiq edilməsi ilə mümkün olmur. Çünki tərəflər qarşılıqlı razılaşma yolu ilə bunu etməlidirlər. Məhkəmə qətnaməsi ilə tərəflərin iradəsi əleyhinə müqavilə gücünə malik qərarla müqavilə bəndi ilə nəzərdə tutulmuş icarə haqqı qiyməti artırıla bilməz. Eyni zamanda, tərəflərin razılaşdıqları müqavilə şərtinin qarşı tərəf tərəfindən icra edilməməsi artıq müqavilə şərtinin pozulması hesab edilir. Bundan əlavə, cavabdeh tərəf təmir və digər istiqamətdə xərc çəkdiyini qeyd etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmiş və bu arqumentini əsaslandırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 9.4-cü bəndinə əsasən icarə obyekti tam təmirli vəziyyətdə icarəçiyə təhvil verilir və tam yararlı vəziyyətdə müqavilə müddəti bitdikdən sonra təhvil alınacadır. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə şərtlərində təmir və digər xərclərin çəkilməsinin qaydası ilə bağlı icarəyə verənin vəzifələri müəyyən edilmişsə, bununla bağlı aidiyyəti məhkəmədə iddia qaldırıla bilər. Bundan əlavə tərəflər bütün vergi və məcburu ödənişlərin icarəçi tərəfindən ödənilməsi barədə razılığa gəlsələr də, icarəçi ödənilən icarə haqqı məbləğinin azalması hesabına vergini ödəməklə, aylıq icarə haqqını 1290 manat ödəməklə icarə haqqını kəsirlə ödəmiş və müqavilə öhdəliklərini lazımı qaydada icra etməmiş və müqavilə şərtlərini pozmuşdur. Bundan əlavə iddiaçının təqdim etdiyi bank hesabından çıxarışdan müəyyən edilir ki, cavabdeh 5 dəfə icarə haqqı borcunu kəsirlə də olsa ödəməmişdir. Bu da müqavilənin və qanunvericiliyin tələblərinin pozulması deməkdir. Bu isə iddiaçıya ən azı iki dəfədən artıq icarə haqqını ödəməməsi icarə müqaviləsinin ləğv edilməsini tələb etmək hüququ verir. Məhkəmə Cavabdeh MMC xx.xx.2024-cü il tarixli qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsində tələb edilən “iddiaçının icarə obyektinə ayda bir dəfədən artıq yaxınlaşmasının qadağan edilməsi, icarə müqaviləsinin sonunadək Cavabdeh MMC-ni narahat etməməsi” tələbi də məhkəmə tərəfindən əsassız və qanunsuz hesab edilir. Bu qadağa əmlkaın mülkiyyətçisinə tətbiq edilməsi qanunvericiliyin ümumi prinsiplrinə ziddir. Belə ki, mülkiyyətçinin hər ay əmlakının vəziyyəti ilə tanış olmaq və bununla bağlı zəruri məlumata malik olmaq hüququ pozula bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İcarə haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, əmlakın icarəyə verilməsi bu əmlak üzərində mülkiyyət hüququnun verilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. İddiaçı il Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə xitam verilsin və Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanında yerləşən 1 və 2-ci mərtəbədən ibarət icarə obyekti boşaldılaraq iddiaçıya təhvil verilsin. Cavabdeh MMC-nin İddiaçı qarşı “iddiaçının icarə obyektinə ayda bir dəfədən artıq yaxınlaşmasının qadağan edilməsi, icarə müqaviləsinin sonunadək Cavabdeh MMC-ni narahat etməməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov