Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-568/2025 11.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 18 fevral 2025-ci il tarixində Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 18440,28 (on səkkiz min dörd yüz qırx manat, iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, əsas borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 1844,02 (min səkkiz yüz qırx dörd manat, iki qəpik) manat məbləğində faiz borcu, 13276,8 (on üç min iki yüz yetmiş altı manat, səksən qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 33561,10 (otuz üç min beş yüz altmış bir manat, on qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının əvəzinin və 191 (bir yüz doxsan bir) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 23 fevral 2022ci il tarixli 65 AMP/2022 nömrəli alqı-satqı müqaviləsi üzrə satıcı qismində çıxış edən iddiaçı alıcı qismində iştirak edən cavabdehi həmin müqavilənin predmetini təşkil edən atipik-çərçivə ilə təchiz etməyi, cavabdeh isə həmin malları qəbul edib onların dəyərini müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 23 fevral 2022-ci il tarixli 65 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilə satıcı ilə alıcı arasında, atipik-çərçivə alqı-satqı müqaviləsi olmaqla, alıcının müqavilə müddətinin istənilən zaman kəsiyindəki sifarişi əsasında satıcının satılanın sahiblik və mülkiyyətini alıcıya ötürməyi, alıcının isə bunun qarşılığında pul ödəməyi öhdəsinə götürdüyü münasibətləri tənzimləyir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, qüvvəyə minmiş sifariş, satıcının qiymət siyahısı, hesab-faktura/elektron qaimə-faktura, tərəflər arasındakı bildirişlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir və müqavilənin şərh olunmasında əsas götürülür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti qiymətlərin razılaşdırılması protokolu və ya satıcının qiymət siyahısı (price list) ilə müəyyən edilir və o həmişə müəyyən miqdar puldur. Həmin müqavilənin 3.2.1-ci yarımbəndinə əsasən, alıcı müqavilədə müəyyən olunmuş qaydada malın qiymətini ödəməlidir. Bu öhdəlik alıcının əsas öhdəliyidir. Həmin müqavilənin 3.2.1.1-ci yarımbəndinə əsasən, satıcı sifarişi qəbul etdiyi anda alıcı üçün qiyməti ödəmək öhdəliyi yaranır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, bir qayda olaraq alıcı ödənişi hər bir sifariş üzrə mallar təhvil verilməzdən əvvəl 5 (beş) iş günü ərzində ödəyir. Alıcı ödəniş etməyəcəyini bildirdikdə və ya buna kifayət qədər əsas olduqda satıcı malı ödəniş olunana qədər özündə saxlamaqda haqlıdır. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, malın təhvil verilməsi hesabfaktura/elektron qaimə-faktura və (tərtib olunubsa) təhvil-təslim aktı ilə həyata keçirilir. Həmin sənədlərdən birinə alıcı (təmsilçisi) tərəfindən imza çəkildikdə və ya elektron qaimə-faktura təsdiq edildikdə (həmçinin elektron informasiya sistemi vasitəsi ilə avtomatlaşdırlmış qaydada təsdiq olunduqda) mal təhvil verilmiş hesab edilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, tərəflər müqavilədən irəli gələn öhdəliklərini icra etməmələrinə/lazımınca icra etməmələrinə görə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən, bu müqavilə üzrə razılaşdırılmış ödəniş nəzərədə tutulan müddət ərzində alıcı tərəfindən ödənilmədiyi halda satıcı hər gecikdirilmiş gün üçün 0,1% miqdarında cərimə tələb etmək hüququna malikdir. İş materiallarında olan 07 iyul 2022-cü il tarixli EBBZ seriyalı 634644 nömrəli, 16 iyul 2023-cü il tarixli EBCA seriyalı 140577 nömrəli, 18 iyul 2022-cü il tarixli EBCA seriyalı 211132 nömrəli, 22 iyul 2022-cü il tarixli EBCA seriyalı 455972 nömrəli, 22 iyul 2022-cü il tarixli EBCA seriyalı 510448 nömrəli, 25 iyul 2022-cü il tarixli EBCA seriyalı 619422 nömrəli, 25 iyul 2022-cü il tarixli EBCA seriyalı 619949 nömrəli, 01 avqust 2022-cü il tarixli EBCB seriyalı 043769 nömrəli, 04 avqust 2022-cü il tarixli EBCB seriyalı 319679 nömrəli, 04 avqust 2022-cü il tarixli EBCB seriyalı 289258 nömrəli, 05 avqust 2022-cü il tarixli EBCB seriyalı 391047 nömrəli, 12 avqust 2022-cü il tarixli EBCB seriyalı 815935 nömrəli elektron qaimə-fakturalardan görünür ki, cavabdeh ümumi dəyəri 18440,28 manat məbləğində olan mallarla təchiz edilmişdir. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanmış 07 iyul 2022-ci il tarixli, 16 iyul 2022-ci il tarixli, 18 iyul 2022-ci il tarixli, 22 iyul 2022-ci il tarixli, 25 iyul 2022-ci il tarixli, 01 avqust 2022-ci il tarixli, 04 avqust 2022-ci il tarixli, 05 avqust 2022-ci il tarixli, 12 avqust 2022-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, ümumi dəyəri 18440,28 manat məbləğində olan mallar cavabdehə təhvil verilmişdir. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanaraq möhürlənmiş 16 oktyabr 2024-cü il tarixli cari balansın vəziyyətinə dair sənəddən görünür ki, cavabdeh "xxxx" MMC-nin 16 oktyabr 2024-cü il tarixinə İddiaçı MMC-yə 18440,28 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 07 aprel 2025-ci il tarixli məktuba əsasən, xx.xx.2024-cü il tarixdən iddiaçının "xxxx" ASC-də olan hesablaşma hesabına "xxxx" MMC-dən hər hansı mədaxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 23 fevral 2022-ci il tarixli 65 AMP/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan avadanlıqları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya 18440,28 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 23 fevral 2022-ci il tarixli 65 AMP/2022 nömrəli alqı-satqı müqaviləsi üzrə 18440,28 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış 1844,02 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilmişdir. Tərəflər arasında malların sonuncu təhviltəslimi 12 avqust 2022-ci il tarixdə baş tutmuş və həmin tarixdə təhvil-təslim aktı tərtib edilmişdir. İddiaçının nümayəndəsi izahatında faiz borcunun məbləği hesablanarkən malların sonuncu təhvil-təslimindən başlayaraq 2 illik (24 aylıq) müddətin nəzərə alındığını bildirmişdir. Göstərilənlərə əsasən, sonuncu təhvil-təslim aktının tərtib edildiyi 12 avqust 2022-ci il tarixdən keçən 24 aylıq müddət ərzində 18440,28 manat məbləğində olan əsas borcun ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 % məbləğində hesablanmış gecikmə məbləği olan 1844,02 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır (18440,28 : 100 x 5) : 24 x 5 = 1844,02). İddia tələbinin cavabdehdən 13276,8 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (alqı-satqı müqaviləsinin yuxarıda istinad edilmiş 6.5-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 13276,8 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 923 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan müvafiq ödəniş qəbzi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 320 manat məbləğində ödəniş olunmuşdur. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinin əsaslılığı iş materialları ilə sübut olunur və iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan başqa, iş materiallarında olan 17 fevral 2025-ci il tarixli **********93 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 191 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 153,62 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 18440,28 manat məbləğində əsas borc, 1844,02 manat məbləğində faiz borcu, 923 manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 320 manat məbləğində xidmət haqqının və 153,62 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21680,92 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 18440,28 (on səkkiz min dörd yüz qırx manat, iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 1844,02 (min səkkiz yüz qırx dörd manat, iki qəpik) manat məbləğində faiz borcu, 923 (doqquz yüz iyirmi üç) manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının və 153,62 (yüz əlli üç manat, altmış iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21680,92 (iyirmi bir min altı yüz səksən manat, doxsan iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-568/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-568/2025
11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver