Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1443/2024 15.08.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi İddiaçı vəkili Nümayəndə və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21500 manat məbləğində borc və mediasiya xidməti üçün ödənilmiş 200 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında 01 yanvar 2020-ci il tarixli 10 nömrəli distribütor xidmətləri haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh polietilen istixana örtükləri verir və cavabdeh isə təhvil təslim aktı üzrə verilən malların satışını təşkil edir. Cavabdeh ilə həmin müqavilə üzrə xeyli müddət əməkdaşlıq edilmişdir. Lakin bir müddət sonra Cavabdeh İddiaçı MMC-dən götürdüyü malları pulunu ödəməkdən yayınmağa başladı. Sonra Cavabdeh pulu ödəmədiyi üçün sonuncu ilə xx.xx.2022-ci ildə qarşılıqlı hesablaşma haqqında üzləşmə aktı tərtib olundu və İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh tərəfindən həmin akt imzalandı. Həmin aktda Cavabdeh İddiaçı MMC-yə 21500,33 manat məbləğində borcu qaldığı müəyyən olundu. Bundan sonra xx.xx.2022-ci ildə Cavabdeh üzərinə öhdəlik götürərək İddiaçı MMC-yə olan 21500 manat məbləğində olan borcunu 4 (dörd) ay müddətində yəni xx.xx.2022-ci il tarixində 3500 (üç min beş yüz) manat, xx.xx.2022-ci il tarixində 6000 (altı min) manat, xx.xx.2022-ci il tarixində 6000 (altı min) manat və xx.xx.2022-ci il tarixində 6000 (altı min) manat məbləğində ödəyəcəyini qeyd etmişdir. Lakin Cavabdeh üzərinə götürdyü öhdəliyi icra etməyərək İddiaçı MMC-yə olan borcunu ödəməmişdir. Bundan sonra cavabdehə borcun ödənilməsi üçün bir neçə ay vaxt verilsə də heç bir nəticəsi olmamışdır. Dəfələrlə Cavabdeh borclu olduğu pulu geri qaytarılması tələb edilsə də cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmışdır. Mübahisənin məhkəmədən kənar həll olunması üçün Salyan 1 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin Cavabdeh İMS-da iştirak etməmişdir. Həmçinin cavabdehə 05 aprel 2024-cü il tarixdə pretenziya məktubu (həmi elektron məhkəmə sistemi, həmi poçt və vergi xidmətinin onlayın kargüzarlığı vasitəsi ilə) göndərilmiş və cavabdehə iddiaçıya olan borcunun 10 (on) gün müddətində ödənilməsi, əks halda borcun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. Lakin cavabdeh həmin müddətdə heç bir ödəniş etməmişdir. İddiaçı nümayəndəsi X2 və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarına, iş materiallarında olan sənədlərə və digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2015-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2005-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, halhazırda Salyan rayonu, Qaraçala qəsəbəsi ünvanında qeydiyyatdadır İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli, 10 nömrəli “Distribütor xidmətləri haqqında müqavilə”nin: 1.1-ci bəndinə əsasən, Tərəflər bu Müqavilə ilə razılaşırlar ki, bu Müqavilədə göstərilmiş şərtlərlə və Müqavilənin qüvvədə olduğu müddət ərzində Distribütor İstehsalçı tərəfindən istehsal və təqdim edilən və Təhvil-Təslim Aktında miqdarı, keyfiyyəti və digər xüsusiyyətləri razılaşdırılan malların, İstehsalçıdan aldığı malların (beş qatlı polietilen istixana örtükləri) (bundan sonra “Mallar”) distribütor xidməti əsasında öz Müştərilərinə (bundan sonra. "Müştəri”) satışını həyata keçirir. 2.1.13-cü bəndinə əsasən, ödənişlər satış gönündən 30 (otuz) təqvim günü müddətində ödənilməlidir. Tərəflər arasında kredit müddətini artıra bilər. Kredit müddətinin artırılması Tərəflər arasında yazıb razılaşma imzalandıqda hüququ qüvvəyə malik olur. 5.1-ci bəndinə əsasən, Distribütor ayda bir dəfə hesabat ayından sonrakı 5 (beş) təqvim günündən gec olmamaqla satılan Mallar barədə İstehsalçıya yazılı hesabat verir. 5.2-ci bəndinə əsasən, Distribütorun hesabatında satılmış malların adı, miqdarı, qiyməti, məbləği, statusu və satış tarixi barədə məlumatlar, həmçinin Sifarişçi tərəfindən imtina edilmiş və (və ya) dəyəri ödənilməmiş sifarişlər də qeyd olunur; 6.5-ci bəndinə əsasən, Distribütor Müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə satılan malların ümumi dəyərinin 1%-i (bir faizi) miqdarında İstehsalçıya cərimə ödəməlidir. Cərimənin ümumi məbləği ödənilməyən məbləğin yarısından çox olmamalıdır. 10.7-ci bəndinə əsasən, hazırki Müqavilə tərəflərin imzaladığı andan qüvvəyə minir və Tərəflər bu müqavilə üzrə öhdəliklərini tam yerinə yertirənə qədər yaxud Tərəflərin qarşılıqlı razılaşmasına əsasən xitam verilənə qədər qüvvədə qalır. İş materiallarında olan İddiaçı satış direktoru Abdullayev Emil və Cavabdeh arasında bağlanmış “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı”na əsasən tərəflər, Cavabdeh 21500,33 manat borcunun olmasını imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli, 10 nömrəli “Distribütor xidmətləri haqqında müqaviləsi”nə əsasən yaranmış 21500 manat məbləğində borc və mediasiya xidməti üçün ödənilmiş 200 manat məbləğində borcun 10 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2024-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Salyan 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. Məhkəmə hesab edir ki, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün ilk növbədə tərəflər arasında mövcud olmuş münasibətlərin xarakterinin, həmin münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarının, həmçinin işin mübahisəsiz və mübahisəli hallarının aşkar edilməsi, mübahisəli halların kimin tərəfindən sübut edilməsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə əsasən müəyyən edilməsi zəruridir. İş materiallarında olan sənədlərə, iddiaçının nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına, təqdim olunmuş dəlillərə əsasən işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında, iddiaçının istehsal etdiyi polietilen istixana örtüklərinin üçüncü şəxslərə satılması üçün cavabdehə təhvil verilməsinə, cavabdehin təhvil aldığı (iddiaçıdan satın aldığı) malı öz adından və öz hesabına təkrar satışının təşkil edilməsinə dair razılıq əldə olunmuşdur. Bu zaman tərəflər əlavə olaraq razılaşmışlar ki, cavabdeh təhvil aldığı malın təkrar satış qiymətlərini sərbəst təyin edə bilər. İddiaçı aralarında olan razılaşmaya əməl edərək cavabdehə sifariş olunan malları təhvil verdiyini, cavabdehin isə ümumi dəyəri 21500 manat olan malın pulunu ödəmədiyini iddia edir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarına əsasən iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iddiaçının nümayəndələrinin izahatlarından, tərəflərin razılaşmasının və həmin razılaşmaya əsasən onların həyata keçirdikləri hərəkətlərinin məzmunundan və işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında Mülki Məcəllənin ticarət vasitəçiliyi xidməti göstərilməsinə dair müqavilələrə dair müvafiq normalarından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə, işin müəyyən edilən faktiki hallarına qiymət verərək qeyd edir ki, cavabdehin təhvil aldığı malları realizə etməklə əlaqədar öz ticarət fəaliyyətini sərbəst təşkil etmək, o cümlədən iddiaçı ilə razılaşdırılmış qiymətdən fərqli satış qiymətlərini sərbəst təyin etmək hüququnun olması da, tərəflərin daxil olduqları hüquq münasibətinin maddi hüquqi əsasının müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, tərəflərin iradə ifadəsi iddiaçıya məxsus malın satışının həyata keçirilməsi ilə bağlı cavabdeh tərəfindən ticarət vasitəçiliyi xidməti göstərilməsinə dair münasibətlərin qurulmasına yönəlmişdir. Bu halda məhkəmə hesab edir ki, tərəflərin müqavilə münasibətlərinə daxil olarkən ifadə etdikləri iradələrinin əsil məzmunu əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1ci və 404.2-ci maddələrinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Qeyd olunan konteksdə qiymətləndirmə apararaq məhkəmə müəyyən edir ki, tərəflər arasında malların realizə edilməsinə dair xidmət göstərilməsi barədə razılaşma mövcud olmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında olan razılaşmanın şərtlərinə, eləcə də razılaşmanın icrası ilə bağlı tərəflərin sonrakı hərəkətlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü fəslində nəzərdə tutulan kommersiya konsensiyası müqaviləsinə dair normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməli, tərəflərin münasibətlərinə adı çəkilən müqaviləyə dair normalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 800.1-ci maddəsinə əsasən, konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: 800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; 800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; 800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir. Həmin Məcəllənin 803.1-ci maddəsinə əsasən, konsessionerin öz ticarət fəaliyyətini sərbəst təşkil etmək, o cümlədən təkrar satış qiymətlərini sərbəst təyin etmək hüququ vardır. Yuxarıda qeyd olunan qanun normalarının dispozisiya şərtlərini hazırki işə tətbiq edərək məhkəmə müəyyən edir ki, iddiaçı (tapşıran) ona məxsus olan malı (polietilen istixana örtüklərini) üçüncü şəxslərə satılması üçün cavabdehə (konsessionerə) təqdim edir, cavabdeh (konsessioner) iddiaçının (tapşıranın) ona təqdim etdiyi malları satın alaraq öz adından və öz hesabına başqalarına satmağı və satışdan əldə olunan vəsaitdən iddiaçıya razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürür. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış kommersiya konsensiyası müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında kommersiya konsensiyası müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçının müqavilənin obyekti olan malları cavabdehə təhvil verməsi işin mübahisəsiz hallarını təşkil edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, malların təhvil verilməsinə dair sənədlərə, üzləşmə və qarşılıqlı hesablaşma aktına, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir, həmçinin onun tərəfindən iddiaçının qeyd olunan tələbinə etiraz, tələbin tam və ya qismən əsassızlığına dair sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil aktını, üzləşmə və qarşılıqlı hesablaşma aktın və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 21500 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 21500 manat məbləğində borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 21500 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək istehsal etdiyi malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərələrin daxil olduqları münasibətlərə tətbiq olunacaq maddi hüquq normalarının tələblərinə görə, cavabdeh (konsessioner) iddiaçıdan (tapşıran) başqalarına satmaq məqsədi ilə satın aldığı malların dəyərini, həmin malların dəyərinin üçüncü şəxslər tərəfindən ödənilib-ödənilməməsindən asılı olmayaraq iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin konsessiya müqaviləsinin leqal tərifini nəzərdə tutan 800-cü maddəsinə görə, konsessioner ilk növbədə tapşırandan malları satın almaq, daha sonra isə həmin malları öz adından və öz hesabına başqasına satmaq öhdəliyinin daşıyıcısıdır. Məhkəmə, qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin satdığı malların dəyərinin alıcılar tərəfindən tam ödənilmədiyinə görə iddiaçı qarşısında borc öhdəliyinin yaranmaması barədə dəlili də mövcud ola bilməz. Şərh olunduğu kimi, tərəflərin daxil olduqları konsessiya müqaviləsi üzrə öhdəliklər konsessionerə münasibətdə alğı-satqı müqaviləsi üzrə alıcının öhdəliklərini də ehtiva edir. Məhkəmə, iddianın 200 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini də əsaslı hesab edərək qeyd edir ki, Cavabdeh müqavilədən irəli gələn vəzifələrini lazımınca icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddiaçı 154,5 manat rüsum ödəməli olduğuna, lakin həmin Qanunun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğuna, həmçinin iddia tələbi təmin olunduğuna görə qeyd edilən dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 21500 manat məbləğində borc və 200 manat məbləğində ödənilmiş mediasiya xərci olmaqla, cəmi 21700 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 154,5 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-1443/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1443/2024
15.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver