Məhkəmə qərarları › İş №e-2-2(123)-519/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-519/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-519/2024 28.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədov, İddiaçı MMC-nin cavabdeh X3 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı MMC 23 sentyabr 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 4804.76 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68 manat, cəmi 4872.76 manat məbləğində pulun X1 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC (Subicarəyə verən) ilə X5 (Subicarəçi) arasında müxtəlif tarixlərdə (xx.xx.2021-ci il tarixdə, xx.xx.2019-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə) bağlanmış eyni məzmunlu Subicarə müqaviləsinə əsasən (bundan sonra “Müqavilə” adlandırılacaq), “Subicarəyə verən”nin subicarə predmetini “Subicarəçi”yə subicarəyə verməyi və “Subicarəçi” isə müqavilə ilə müəyyən edilmiş Subicarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürdüyünü, müqavilə üzrə “Subicarəyə verən”nin öz üzərinə düşən öhdəlikləri müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş qaydada icra etsə də, “Subicarəçi”nin üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyini və üç müqavilə üzrə ödənilməli olan 1880.59 (min səkkiz yüz səksən) manat, 2124.13 (iki min yüz iyirmi dörd) manat, 800.04 (səkkiz yüz) manat pul məbləğləri olmaqla cəmi 4804.76 (dörd min səkkiz yüz dörd) manat pul məbləğini “Subicarəyə verən”ə ödəmədiyini, bu səbəbdən X2 İddiaçı MMC 4804.76 (dörd min səkkiz yüz dörd) manat borc öhdəliyinuun yarandığını, cavabdehin şifahi və yazılı xəbərdarlıqlara baxmayaq İddiaçı MMC-yə olan 4804.76 manat məbləğində borcunu bu günə qədər ödəmədiyini, həmçinin cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edərək, müqavilə üzrə öhdəliklərini icra etməsini və İddiaçı MMC-yə olan borcunu ödəməsini xahiş etməsinə baxmayaraq, xəbərdarlıqlara məhəl qoymadığını və İddiaçı MMC-yə olan borcunu ödəməkdən yayındığını bildirərək ərizəsini əsaslandırmış və ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 389, 390, 442, 445-ci maddələrinə istinad etmişdir. Məhkəmə, İddiaçı MMC-nin cavabdeh X3 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2024-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: Müxtəlif tarixlərdə (xx.xx.2021-ci il tarixdə, xx.xx.2019-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə) bağlanmış eyni məzmunlu Subicarə müqavilələrindən görünür ki, bu müqavilə İddiaçı MMC-nin (bundan sonra “Subicarə verən” adlanacaq) nümayəndəsi X4 şəxsində bir tərəfdən və X5 (bundan sonra “Subicarəçi” adlanacaq) şəxsində digər tərəfdən bağlanmışdır. xx.xx.2019-cu il tarixli müqavilənin: 1.1-ci bəndinə əsasən Subicarəyə verən müqavilə əsasında icarəyə götürdüyü ünvan 1 ünvanda yerləşən kv.m sahənin 3 kv.m-lik hissəsini “Subicarəçi”yə subicarəyə verməyi, “Subicarəçi” isə cubicarə sahəsini qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş Subicarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən Subicarə sahəsinin Subicarəsinə görə 1 aylıq Subicarə haqqı ayrılmış yer üçün komunal xərclər daxil 400 manat müəyyən edilir. xx.xx.2020-ci il tarixli müqavilənin: 1.1-ci bəndinə əsasən Subicarəyə verən müqavilə əsasında icarəyə götürdüyü, 1) Abşeron rayonu Novxanı qəsəbəsi Dəniz yolu ünvanında Novxanı 1 mağazasında (kod 910) 2 kv.m (icarə haqqı 450+81 manat ƏDV) (qarğıdalı satışı üçün), 2)Bakı şəhəri, Xəzər r Şüvəlan qəs A.İldırım küç 11 ünvanında Şüuvelan 1 maqazasında (kod 132) 2kv,m icarə haqqı 450-81 manat ƏDV(qarğıdalı satışı üçün), 3) Abşeron rayonu Saray qəsəbəsi ünvanında Saray 1 maqazasında (kod 144) 2kv,m icarə haqqı 450-81 manat ƏDV(qarğıdalı satışı üçün), xx.xx.2021-ci il tarixli müqavilənin: 1.1-ci bəndinə əsasən Subicarəyə verən müqavilə əsasında icarəyə götürdüyü ünvan 5 ünvanda yerləşən Neftçilər maqazasında (kod 103) 1.5 kv.m-lik hissəsini “Subicarəçi”yə subicarəyə verməyi, “Subicarəçi” isə cubicarə sahəsini qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş Subicarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən Subicarə sahəsinin Subicarəsinə görə 1 aylıq Subicarə haqqı ayrılmış yer üçün komunal xərclər və ƏDV daxil 400 manat müəyyən edilir. 25 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, X5 ilə xx.xx.2021-ci il tarixdə bağlanan subicarə müqaviləsinə əsasən 800.04 manat borc öhdəliyi qalmışdır. 25 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, X5 ilə xx.xx.2020-ci il tarixdə bağlanan subicarə müqaviləsinə əsasən 2124.13 manat borc öhdəliyi qalmışdır. 25 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, X5 ilə xx.xx.2021-ci il tarixdə bağlanan subicarə müqaviləsinə əsasən 1880.59 manat borc öhdəliyi qalmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh X3 elektron məktub ünvanlanaraq 1880,59 ( bir min səkkiz yüz səksən manat əlli doqquz qəpik) manat, 2124,13 ( iki min yüz iyirmi dörd on üç qəpik) manat, 800,04 (səkkiz yüz manat dörd qəpik) manat məbləğində olmaqla ümumilikdə 4804,76( dörd min səkkiz yüz dörd manat yetmiş altı qəpik) borcun 3 gün ərzində ödənilməsi tələb olunmuşdur. Məhkəmə borclunun öhdəliyin icrasını pozduğunu müşayiət etdiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, e-2-2(123)-519/2024 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki,İddiaçı MMC-nin cavabdeh X3 qarşı borcun ödənilməsi tələbi barədə ərizəsi təmin edilərək, cavabdeh X1 yaranmış 4804.76 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunu əvəzi olaraq 68 manat məbləğin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1% olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 4804.76 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 68 (altmış səkkiz) manatolaraq müəyyən edilir (30 + 3804-in 1%-i = 30 + 38= 68). Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, qət e t d i: İddia təmin edilsin. X1 4804.76 (dörd min səkkiz yüz dörd manat yetmiş altı qəpik) manat məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə (VÖEN: **********) ödənilsin. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar