Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1429/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Maraqlı şəxs və Səbail rayon İcra şöbəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 cəlb olunmaqla) qarşı mülki iş üzrə (açar sözlər: qiymətləndirmənin nəticələri haqqında hesabatla bağlı mübahisələrə məhkəmə tərəfindən baxılmasının mümükünlüyü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Maraqlı şəxs və Səbail rayon İcra şöbəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 cəlb olunmaqla) “hesabatın, hərrac, hərracın yekunları barədə protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** saylı qərardadından iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəmələrində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və sonradan tələbin dəqiqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu R.Rza küçəsi ev 06, ** nömrəli mənzilin qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC tərəfindən tərtib edilmiş hesabat, həmin əmlakla bağlı xxxx MMC tərəfindən ##.##.2025 və ##.##.2025-ci il tarixdə keçirilmiş hərracın və nəticələrinə dair tərtib edilmiş ##.##.2025-ci il tarixli protokol, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** nömrəli icra sənədinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu R.Rza küşəsi, ev 06, ** saylı mənzilin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin 1/5 hissənin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və 4/5 hissəsinin İddiaçı arasında paylara mütənasib olaraq bölünməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin sifarişinə əsasən “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixli hesabatına əsasən verilmiş eyni tarixli məktubda əmlakın dəyərinin 260.000 manat olduğu qeyd edilmişdir. Sonrakı müddətdə iş məlum olmayan səbəblərdən hərəkətsiz qalmış və yalnız ##.##.2025-ci il tarixli məktubla Bakı şəhəri Səbail rayon İcra şöbəsinin əmlakın hərracda satmaq üçün sənədləri xxxx MMC-yə göndərmişdir. xxxx MMC hərracı ilkin olaraq satışını ##.##.2025-ci il tarixə təyin etmiş, həmin tarixdə hərracda iştirakçı olmamış, daha sonra birinci təkrar hərracın keçirilməsi ##.##.2025-ci il tarixə təyin edilmişdir, bu tarixdə də hərrac keçirilməmiş və ikinci təkrar hərrac ##.##.2025-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə mənzili 130.000 manat udulmuşdur. Həm əmlak qiymətləndirilərkən, həm qiymətləndirmədən sonra qanunvericiliklə nəzərdə tutulan bir çox hüququları pozulmuş, 3 dəfə baha qiymətə olan mənzil qəsdən dəfələrlə ucuz satılmışdır. Qısa olaraq reallığı əks etdirməyən əmlakın qiyməti ucuz göstərilmiş, mütəxəssis hesabatı təqdim edilməmiş, təkrar hesabat verməyi tələb etmək, bununla bağlı icra məmuruna vəsatət vermək üçün şərait yaradılmamış, qiymətləndirmə aparıldıqdan sonra da əmlak hərraca gec çıxarılmış, ötən müddətdə əmlakın dəyərə əlavə olaraq qalxmışdır, hərrac keçirilərkən elan müəyyən edilmiş müddətdə və qaydada verilməmiş, bu səbəbdən rəqabət olmamış, hərraca iştirakçı gəlməmiş və əmlakı su qiymətinə satılmışdır. Bakının mərkəzində, memarlıq baxımından qədimi, tarixi binada bundan 3 dəfə artıq qiymətə əmlak əldə etmək mümkünsüz məsələdir. Bunu icra məmuru, qiymətləndirmə şirkəti və hərrac mərkəzi təşkil etmişlər. Hərrac təşkilatı hətta hərracın keçirilməsi ilə bağlı bildiriş belə hərrac tarixindən 3 gün sonra poçtla göndərmişdir. Bundan sonra Bakı şəhəri Səbail rayon İcra şöbəsində olmuş, hazırkı iddia ərizəsinə əlavə edilən sənədləri oradan almışdır. Müəyyən etmişdir ki, hərracın keçirilməsindən vaxt keçməsinə baxmayaraq vəsait alıcı tərəfindən ödənilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinə əsasən, iddiaçı İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Maraqlı şəxs və Səbail rayon İcra şöbəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 cəlb olunmaqla) hərrac, hərracın yekunları barədə protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadına əsasən, iddiaçı İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Maraqlı şəxs və Səbail rayon İcra şöbəsinə qarşı “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti * saylı Bakı Ərazi İdarəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 cəlb olunmaqla” hesabatın, hərrac, hərracın yekunları barədə protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata hesabatın etibarsız hesab edilməsi tələbi ilə bağlı hissədə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadını qəbul edərkən mövqeyini onunla əsaslandırmışdır ki, təqdim olunmuş iddia ərizəsindən görünür ki, iddiaçının tələblərindən biri əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsidir. Lakin əmlakın qiymətləndirilməsinə dair hesabat iddiaçıya münasibətdə hüquqi əhəmiyyətə malik sənəd olmadığından, müstəqil olaraq hər hansı hüquq və vəzifə müəyyən etmədiyindən onun etibarsızlığı məhkəmə qaydasında mübahisələndirilə bilməz. İddia ərizəsində göstərilən bu tələbə mülki mühakimə icraatı qaydasında baxılması yolverilməzdir, ona görə də bu hissədə iş üzrə icraata xitam verilməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026 tarixli, e-*(***)-****/**** saylı qərardadının ləğv edilməsi və iddianın hesabatın etibarsız hesab edilməsi hissəsinə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi (Bakı şəhəri Səbail rayon İcra şöbəsi), “xxxx” MMC, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia qalıraraq Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi ev 06, ** saylı mənzilin qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC tərəfindən tərtib edilmiş hesabatın, həmin əmlakla bağlı “xxxx” MMC tərəfindən ##.##.2025-ci, ##.##.2025-ci il tarixdə keçirilmiş hərracın və nəticələrinə dair tərtib edilmiş ##.##.2025-ci il tarixli protokolun, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə mülki iş üzrə icraata hesabatın etibarsız hesab edilməsi tələbi ilə bağlı hissədə xitam verilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, “əmlakın qiymətləndirilməsinə dair hesabat iddiaçıya münasibətdə hüquqi əhəmiyyətə malik sənəd olmadığından, müstəqil olaraq hər hansı hüquq və vəzifə müəyyən etmədiyindən onun etibarsızlığı məhkəmə qaydasında mübahisələndirilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsində göstərilən bu tələbə mülki mühakimə icraatı qaydasında baxılması yolverilməzdir, ona görə də bu hissədə iş üzrə icraata xitam verilməlidir». Hesab edilir ki, qərardad əsassız olduğu üçün ləğv edilməlidir. 2024 ilin oktyabr ayında qüvvədə olan İcra haqqında Azərbaycan Respublikası Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Buna baxmayaraq qiymətləndirmə hesabatını vermiş qiymətləndiricinin İcra haqqında Azərbaycan Respublikası Qanunun 51.1-ci maddəsi ilə müəyyən edilmiş meyarlara (qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən) cavab verməsi ilə bağlı mülki iş materiallarına hər hansı sənəd əlavə edilməmişdir. Qiymətləndirmə hesabatını tərtib etmiş Günay xanım İsgəndərova və rəhbəri olduğu “xxxx” MMC hətta bu gün də Qiymətləndiricilər Palasının üzvü deyildirlər. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunun 10.4-cü maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatda qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Hesabatda qiymətləndirmə obyektinin dəyərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi hesab olunur. Göründüyü kimi qanunda açıq aşkar qeyd edilib ki, qiymətləndirmə hesabatı məhkəmə qaydasında ləğv edilə bilər. Çünki mübahisəliləndirilən qiymətləndirmə rəyində əmlakın çıxarışda qeyd ediləndən fərqli olan 12,3 kv.metr artıq faktiki sahəsi nəzərə alınmamış (yalnız çıxarışda göstərilən ölçü qeyd edilmiş), bu da əmlakın rəydə düzgün qiymətləndirilməməsinə, real dəyərinin dəfələrlə azaldılmasına gətirib çıxarmışdır (bu dəlilləri təsdiq edən rəylər işə əlavə edilmişdir). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə **/**** saylı, ##.##.2021 tarixli qərardadı: Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsi dəqiq və anlayışlı şəkildə öz qərardadında qeyd etmişdir ki, qiymətləndirmə hesabatı hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində, hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında məhkəmədə mübahisələndirilir. Hərracdan sonra iddia icraatı qaydasında mübahisələndirilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi öz qərardadında bu mövqeyi nəzərə almamış, heç kəsə bəlli olmayan, məhkəmə təcrübəsində ilk mövqe nümayiş etdirib, məhkəmə praktikasına “yenilik” gətirmişdir. Hesab edilir ki, bu da qərəzin təzahürüdür, məhkəmə işə o, dərəcədə qərəzlə yanaşmışdır ki, hətta Azərbaycan Respublikası Ali Məhkəmənin ##.##.2021-ci il tarixli qərardadındakı mövqeyini unutmuş, işdə olan çoxsaylı pozuntulara, kasıb iddiaçının və onun kasıb bacısının qəpik-quruşa çölə atılmasına göz yummuşdur. ##.##.2026-ci il tarixli qərardad ümumiyyətlə əsaslandırılmamış, məhkəmənin nədən icraata xitam verməsi fikrində olduğu gizli saxlanılmışdır. Qərardadda yalnız hamıya bəlli olan cümlələr, maddələr yazılmışdır. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026 tarixli, e-*(***)-****/**** saylı qərardadının ləğv edilməsi və iddianın hesabatın etibarsız hesab edilməsi hissəsinə baxılması barədə qərardad qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 8.1. Dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə, icbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə, dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə, habelə qanunda və ya məhkəmə qərarı ilə nəzərdə tutulmuş digər hallarda qiymətləndirmə obyektinin məcburi qiymətləndirilməsi həyata keçirilir. Maddə 8.2. Məcburi qiymətləndirmə 3 (üç) ildən az olmayan müddətdə Qiymətləndiricilər Palatasının üzvü olan və ya Qiymətləndiricilər Palatasında akkreditasiyadan keçən qiymətləndirici tərəfindən aparıla bilər. Maddə 9.1. Bu Qanunun 9.2-ci maddəsi nəzərə alınmaqla qiymətləndirmə sifarişçi ilə qiymətləndirici və ya qiymətləndirici təşkilat arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq yazılı formada bağlanılan müqavilə əsasında həyata keçirilir. Qiymətləndirmə haqqında müqavilədə azı aşağıdakı məlumatlar göstərilməlidir: 9.1.1. qiymətləndirmə fəaliyyətinin istiqamətindən, növündən və xüsusiyyətlərindən asılı olaraq qiymətləndirmə obyektinin adı, yerləşdiyi ünvan (yer), təsviri, habelə həmin qiymətləndirmə obyektinin dövlət reyestrlərində qeydiyyatı barədə məlumat (olduğu halda); 9.1.2. qiymətləndirmə aparılarkən istifadə olunan qiymətləndirmə üzrə yanaşma və metodlar; 9.1.3. qiymətləndirmənin aparılması üçün xidmət haqqının məbləği və ödənilməsi qaydası; 9.1.4. sifarişçi hüquqi şəxs olduqda onun adı, hüquqi ünvanı və bank rekvizitləri, VÖEN-i, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, yaşayış yeri barədə məlumat və olduğu halda VÖEN-i; 9.1.5. müqavilə qiymətləndirici ilə bağlandıqda qiymətləndiricinin soyadı, adı, atasının adı, fəaliyyət göstərdiyi ünvan və VÖEN-i; 9.1.6. müqavilə qiymətləndirici təşkilatla bağlandıqda qiymətləndirici təşkilatın adı, hüquqi ünvanı, bank rekvizitləri və VÖEN-i, qiymətləndiricinin soyadı, adı, atasının adı və fəaliyyət göstərdiyi ünvan; 9.1.7. qiymətləndiricinin ixtisas şəhadətnaməsinin verilmə tarixi, nömrəsi; 9.1.8. tərəflərin hüquqları, öhdəlikləri və məsuliyyəti; 9.1.9. qiymətləndirmə aparılarkən əldə olunan məlumatların və sənədlərin, habelə qiymətləndirmənin nəticələrinin konfidensiallığının təmin olunması şərtləri; 9.1.10. qiymətləndirmənin aparılması və nəticələri ilə bağlı yaranan mübahisələrin həlli qaydası. Maddə 9.2. Qanunla müəyyən edilən hallarda qiymətləndirmə məhkəmənin və ya inzibati orqanın qiymətləndirmənin təyin olunması haqqında qərarı və icra məmurunun sifarişi əsasında da aparıla bilər. Qiymətləndirməni təyin (sifariş) edən orqan və ya vəzifəli şəxs qiymətləndiricini bu Qanunun tələblərinə uyğun olaraq qiymətləndirmə obyektinin mülkiyyətçisi ilə razılaşdırmaqla seçir. Belə razılıq əldə olunmazsa, qiymətləndirici Qiymətləndiricilər Palatası tərəfindən müəyyən edilir. Maddə 10.1. Qiymətləndirici tərəfindən qiymətləndirmənin nəticələri haqqında iki nüsxədə hesabat tərtib edilir. Hesabatın bir nüsxəsi sifarişçiyə verilir, ikinci nüsxəsi isə qiymətləndiricidə saxlanılır. 10.2. Qiymətləndirmənin nəticələri haqqında hesabatda azı aşağıdakı məlumatlar göstərilməlidir: 10.2.1. hesabatın tərtib olunma tarixi; 10.2.2. qiymətləndirmənin aparıldığı müddət və qiymətləndirmə obyektinin dəyərinin müəyyən edildiyi tarix; 10.2.3. bu Qanunun 4-cü maddəsi nəzərə alınmaqla qiymətləndirmə obyektinin (obyektlərinin) adı, yerləşdiyi ünvan (yer), təsviri (foto və ya videomateriallar), dövlət reyestrlərində qeydiyyatı barədə məlumat (olduğu halda); 10.2.4. qiymətləndirmənin aparılması üçün əsas; 10.2.5. qiymətləndirmə aparılarkən istifadə olunan qiymətləndirmə üzrə yanaşma və metodlar, onlardan istifadənin əsaslandırılması; 10.2.6. qiymətləndiricinin soyadı, adı, atasının adı, fəaliyyət ünvanı və VÖEN-i, qiymətləndirici təşkilatın adı, hüquqi ünvanı, bank rekvizitləri və VÖEN-i; 10.2.7. qiymətləndiricinin ixtisas şəhadətnaməsinin verilmə tarixi və nömrəsi; 10.2.8. qiymətləndirmə aparılarkən istifadə olunan məlumatların, o cümlədən qiymətləndirmə obyektinin kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən edən sənədlərin siyahısı və onların əldəolunma mənbələri; 10.2.9. qiymətləndirmə obyektinin dəyərinin yekun məbləği. Maddə 10.3. Qiymətləndirmənin nəticələri haqqında hesabat qiymətləndirici tərəfindən imzalanır, müqavilə qiymətləndirici təşkilatla bağlandığı halda, həmçinin həmin təşkilatın möhürü ilə təsdiq edilir. Maddə 10.4. Qiymətləndirmənin nəticələri haqqında hesabatda qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Hesabatda qiymətləndirmə obyektinin dəyərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi hesab olunur. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** saylı qərardadı ləğv edilməli və hazırkı mülki iş iddiaçının icraatına xitam verilmiş “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi”nə dair iddia tələbinə mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadını qəbul edərkən iddiaçının etibarsız hesab etdiyi əmlakın qiymətləndirilməsi barədə hesabatın iddiaçıya münasibətdə hüquqi əhəmiyyətə malik sənəd olmadığından, müstəqil olaraq hər hansı hüquq və vəzifə müəyyən etmədiyindən onun etibarsızlığının məhkəmə qaydasında mübahisələndirilməsinin yolverilməz olmasını qeyd etsə də, kollegiya məhkəmənin bu qənaətini əsassız hesab edir. Belə ki, iddiaçının paylı mülkiyyətində olan daşınmaz əmlakın məcburi qiymətləndirilməsinin nəticəsi olan hesabata əsasən, həmin əmlakın hərracdan satış qiyməti müəyyən edildiyindən, müəyyən edilmiş qiymətlə daşınmaz əmlak satılmalı olduğundan hesabat iddiaçının maraqlarına toxunan, onun üçün vəzifələr yaradan sənəddir. İddiaçının tələblərindən isə müəyyən olunur ki, o, qiymətləndirmənin nəticələri ilə razı olmadığından Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn hüquqlarından istifadə etməklə hesabatı mübahisələndirir. Belə ki, qeyd olunan qanunun tələblərinə əsasən, qiymətləndirmənin nəticələri haqqında hesabatda qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Hesabatda qiymətləndirmə obyektinin dəyərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi hesab olunur. Məhkəmə kollegiyası, istinad olunanlara əsasən hesab edir ki, mübahisələndirilən qərardad prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırkı mülki iş iddiaçının icraatına xitam verilmiş “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi”nə dair iddia tələbinə mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı ləğv edilsin və mülki iş iddiaçının icraatına xitam verilmiş “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi”nə dair iddia tələbinə mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1429/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1429/2026
23.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver