Məhkəmə qərarları › İş №e-2(3-6)-4019/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4019/2026

07.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4019/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddia ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(*-**)-****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadından iddiaçı İddiaçı İvanovna tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı İddiaçı İvanovna cavabdehlər X1, cavabdeh2 və cavabdeh1naya qarşı“mənəvi zərərin kompensasiyası’’ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(*-**)-****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.1, 152.1.5, 152.2, 152.3, 152.4; “ X2” qanunun 8.1.4, 9-cu maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı məhkəmə xərcinə daxil olan dövlət rüsumunu ödəməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. İddiaçı iddia ərizəsində bu ödənişin dövlət rüsumundan azad olduğunu (əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barədə iddialar üzrə - iddiaçılar) qeyd etmişdir. Halbuki, ididaçı dövlət rüsumundan azad olunmasının əsası kimi əlillik və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddialara aid olduğunu göstərsə də, iddia ərizəsinə əlilliyi və digər halları təsdiq edən sənədlər əlavə olunmamışdır. Yuxarıda qeyd olunan xüsusatlara görə hazırkı iddia tələbləri üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad deyildir, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi: İddiaçı şikayət vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli iş üzrə iddia ərizəsinin geri qaytarılması haqqında qərardadı ləğv edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının «X2» Qanununun 9.1.3-cü maddəsinə əsasən, sağlamlığa vurulmuş ziyanın əvəzinin ödənilməsi barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilirlər. İddia ərizəsinə aşağıdakı rəsmi tibbi sənədlər əlavə edilmişdir: Təcili tibbi yardım arayışı (Forma № ***, ##.##.2023-cü il tarixli, № */**** çağırışı) — cavabdeh Q.Minenkonun hədələri və hədə-qorxu yolu ilə tələb etmə hərəkətlərindən dərhal sonra 78 yaşlı iddiaçıda yaranmış kəskin hipertenziv böhranı təsdiq edir; Ürək əməliyyatı ilə bağlı çıxarışlar və epikrizlər — iddiaçının sağlamlıq vəziyyətinin pisləşməsinin geri dönməz xarakter daşıdığını təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin1096, 1097, 1100 və 1115-ci maddələrinə əsasən, cavabdehlərin hüquqazidd sistemli hərəkətləri ilə iddiaçının sağlamlığının ağır şəkildə pisləşməsi arasında birbaşa səbəb-nəticə əlaqəsi mövcuddur. Beləliklə, mənəvi ziyanın ödənilməsi tələbi məhz sağlamlığa vurulmuş zərərdən irəli gəlir və buna görə də iddiaçı qanuna əsasən dövlət rüsumunun ödənilməsindən azaddır. İddia ərizəsinin «dövlət rüsumunun ödənilməməsi» səbəbi ilə geri qaytarılması açıq-aşkar özbaşınalıqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş hallar yenidən sübut olunmur. İddia ərizəsinə cavabdehlərin hüquqazidd hərəkətlərini, sübutların saxtalaşdırılması və cinayət xarakterli əməllərini müəyyən edən qanuni qüvvəyə minmiş məhkəmə aktları əlavə edilmişdir: 1 . ##.##.2026-cı il tarixli qərar (№ *(5-97)-43/2026) — V.V. Qolubevin itkin düşmüş şəxs hesab edilməsi barədə iş üzrə sübutların saxtalaşdırılması faktı müəyyən edilmişdir; 2. ##.##.2026-cı il tarixli qərar (№ *(5-98)-26/2026) — notariat sahəsində yol verilmiş qanun pozuntuları müəyyən edilmişdir; 3 . ##.##.2026-cı il tarixli qərar (№ *(5-101)-35/2026) — Sabunçu rayonunun * saylı xidmət mərkəzində Tofiq Dadaşovun imzalarının saxtalaşdırılması faktı müəyyən edilmişdir; 4. ##.##.2026-cı il tarixli qərar (№ *(5-94)- 49/2026); 5. ##.##.2026-cı il tarixli qərar (№ *(5-94)-67/2026); 6. ##.##.2026-cı il tarixli qərar (№ *(5-94)-38/2026); 7. Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli qərarları— V.V. Qolubevin öldürülməsi və mənzillə bağlı dələduzluq faktları üzrə. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi (hakim Solmaz Adilova) iddia ərizəsini dövlət rüsumunun ödənilməməsi ilə bağlı formal bəhanədən süni şəkildə istifadə edərək qəsdən və şüurlu surətdə geri qaytarmışdır. İddia ərizəsi 2014–2026-cı illəri əhatə edən çoxsaylı və bir-biri ilə əlaqəli hüquqazidd epizodları özündə birləşdirir. Buraya miras əmlakının qanunsuz ələ keçirilməsi, sənədlərin saxtalaşdırılması, «Olimp» Hospitalının tibbi epikrizlərinin saxtalaşdırılması, habelə iddiaçının həyatına qarşı yönəlmiş hədə və təhdid faktları daxildir. İddia ərizəsinə həm «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə elektron formada, həm də kağız daşıyıcılarda Nərimanov, Xətai, Sabunçu və Nəsimi Rayon Məhkəmələrinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş və preyudisial əhəmiyyət daşıyan məhkəmə qərarlarının tam sistemi əlavə edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(*-**)-****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə əsasən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin məcəllənin tələblərinə əsasən: 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.5. Müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: X2” Azərbaycan Respublikasının qanununun 9-cu maddəsində məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri göstərilmişdir. Həmin Qanunun 8.1.4-cü maddəsinə əsasən qiymətləndirilən iddianın verilməsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi dövlət rüsumu ödənilir. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən: 9.3.1. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbləri üzrə dövlət rüsumunun məbləği tələbdən asılı olaraq fərqləndirilməlidir. 9.3.2. Belə ki, bu qərarın 4.5-ci bəndində (Şəxsiyyət hüquqlarının müdafiəsi üzrə tələblər bu qərarın 6.1-ci bəndində göstərilən üsulların tətbiqi barədə iddiaların irəli sürülməsini ehtiva edir.) göstərilən şəxsiyyət hüquqlarının müdafiəsi tələbləri qiymətləndirilməyən iddialara aid olduğundan, dövlət rüsumu “X2” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən ödənilməlidir. 9.3.3. Bundan fərqli olaraq, bu qərarın 4.6-cı (Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası üzrə tələblər isə bu qərarın 6.2-ci bəndində göstərilən üsulların tətbiqi barədə iddiaların irəli sürülməsini ehtiva edir.) bəndində göstərilən şəxsiyyət hüquqlarının pozulmasından irəli gələn mənəvi təzminat tələbləri isə qiymətləndirilən iddialara aid olduğundan dövlət rüsumu “X2” Qanunun 8.1-ci maddəsinə əsasən ödənilməlidir. 9.3.4. Mənəvi təzminat tələbləri şəxsiyyət hüquqlarının müdafiəsi tələblərindən yaranan törəmə tələblər olduğundan, bu tələblər birlikdə qaldırıldıqda qiymətləndirilməyən iddialar üzrə nəzərdə tutulmuş dövlət rüsumundan az olmamaq şərti ilə, qiymətləndirilən iddia üzrə nəzərdə tutulmuş həddə dövlət rüsumu ödənilir. 9.3.5. İddiaçı mənəvi təzminatın ödənilməsi ilə bağlı bir neçə müstəqil tələb irəli sürdükdə, dövlət rüsumu Mülki Prosessual Məcəllənin 112.1.10-cu maddəsinə uyğun olaraq bütün tələblərin ümumi məbləği əsasında müəyyən edilməlidir. Qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385-398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, formal və aidiyyəti olmayan mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, iddiaçının çatışmazlıqları aradan qaldırmaqla müraciət hüquqları mövcuddur. Qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir, habelə bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan suiistifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. İddiaçının tələbləri şəxsiyyət hüquqlarının pozulmasından yaranan mənəvi zərərin ödənilməsi ilə bağlıdır. “X2” Azərbaycan Respublikasının Qanununun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şikayətin dəlillərinə dair qeyd edilməlidir ki, hətta cinayət təqibi üzrə araşdırılma getsə belə, iddianın cinayət əməllərindən irəli gəlməsini müəyyən edən qanuni qüvvəyə minmiş məhkəmə aktı təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 395-403-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İddiaçı İvanovnanın şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(*-**)-****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar