Məhkəmə qərarları › İş №e-2(3-9)-1131/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-1131/2026

09.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-1131/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, Neftçala rayonu Mirzəqurbanlı kəndinin ərazisində yerləşən fərdi yaşayış evinin qazlaşdırılması öhdəliyinin cavabdeh Cavabdeh Istehsalat Birliyinin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim: Ceyhun Qədimov) iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Neftçala Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ## #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın mümkünlüyünü yoxlayarkən iş materiallarını düzgün təhlil etməmiş və mövcud mübahisənin yaranmasına əsas olan halların cavabdehin hərəkətləri ilə əlaqədar olmasını diqqətdən qaçırmışdır. Aşağıda göstərilənlərlə əlaqədar hesab edir ki, Neftçala Rayon Məhkəməsinin mübahisələndirilən qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qərardadda göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Buna görə də sözügedən qərardad ləğv olunmalı və iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilməlidir. Iddianın qaldırılmasından əvvəl cavabdeh təşkilata tərəfimdən müraciət olunmuş və cavab məktubunda ifadə edilən hüquqi mövqe mövcud mübahisənin yaranmasına əsas olmuşdur. Məhkəmə hazırkı qərardadı qəbul etməklə heç bir əsas olmadan məhkəmə müdafiəsi hüququnun realizəsini məhdudlaşdırmış, nəticədə AR Konstitusiyası ilə tanınan hüquqi müdafiə təminatlarından məhrum etmişdir. hazırkı iddia tələbi istehlakçı hüquqlarının qorunması ilə əlaqədar olaraq qəz təchizatı təşkilatına qarşı qaldırılmışdır. Göründüyü kimi, tərəflər arasında müqavilədən irəli gələn hüquq münasibətləri mövcud deyildir. Tələb belə müqavilənin bağlanmasına məcburetmə ilə bağlıdır ki, hazırkı vəziyyətdə cavabdehin mövqeyi ilkin tələbin icrasından imtina kimi qiymətləndirilməlidir. Belə ki, “ASAN¬XIDMƏT” mərkəzləri müraciət instansiyası yox, dövlət xidmətlərinin daha şəffaf və sürətli icrası üçün yaradılmış mexanizmdir. Vətəndaşın fərdi yaşayış evinin qazlaşdırılması üçün “ASAN XIDMƏT” mərkəzinə deyil, birbaşa Cavabdeh IB-yə müraciət etməsi belə məhkəmədə iddia qaldırılmazdan əvvəl cavabdehə eyni məzmunlu tələblə müraciət edilməsi şərtinin ödənilməsi anlamına gəlməlidir. Məhkəmə mübahisəsinin yaranmasına səbəb olan hal, yəni cavabdeh Cavabdeh IB-nin fərdi yaşayış evinin qazlaşdırılması üçün mülkiyyət sənədi tələb etməsi zatən onun məktubunda ifadə edilmişdir. Iş materiallarına əlavə edilmiş Cavabdeh IB-nin məktubundan görünür ki, cavabdeh təşkilat yaşadığı fərdi yaşayış evinin qazlaşdırılmasını evin hüquqmüəyyənedici sənədlərinin mövcudluğu ilə şərtləndirmiş və həmin sənədlərlə birlikdə yenidən müraciət edilməsini tövsiyə etmişdir. Məhkəmə isə yekun nəticəyə mövcud mübahisənin cavabdehin yuxarıda göstərilən mövqeyindən yaranması xüsusatını nəzərə almadan və əlaqəli digər halları aydınlaşdırmadan gəlmişdir. Neftçala Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin düzgün hüquqi qiymətləndirilməsi üçün iddiaçının cavabdehə müraciət etdiyi və cavab məktubunun verildiyi tarixdə qüvvədə olmuş qaz təchizatı sahəsində xüsusi hüquqi tənzimləmə ilə iddianın məhkəməyə təqdim edildiyi dövrdə qüvvədə olmuş hüquqi tənzimləmə bir-birindən fərqləndirilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının # #### 2025-ci il tarixli Qanununun 1.1.37ci maddəsinə əsasən texniki şərtlər tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Həmin Qanunun 1.1.11-ci maddəsinə görə qaz təchizatı sisteminə dair qaydalar, digər məsələlərlə yanaşı, qaz şəbəkələrinə qoşulma ilə bağlı qaz təchizatı subyektləri ilə istehlakçılar arasındakı münasibətlərin texniki aspektlərini tənzimləyən sənəddir. Qanunun 14.1-ci maddəsində tikinti obyektlərinin qaz şəbəkələrinə qoşulmasının şəffaf və ayrıseçkiliyə yol verilmədən həyata keçirilməsi təsbit edilmiş, 14.2-ci maddəsində isə tikinti obyektlərinin qaz təchizatı üçün texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsinin, habelə onların qaz şəbəkəsinə qoşulmasının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və qaz təchizatı sisteminə dair qaydalarla tənzimləndiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.37-ci maddəsində qaz təminatı obyektlərin istismarı üçün zəruri olan mühəndis-kommunikasiya təminatı sisteminin tərkib hissələrindən biri kimi müəyyən edilmiş, Məcəllənin 63.1-ci maddəsinə görə isə tikinti obyektlərinin mühəndiskommunikasiya təminatı qaydalarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, yaşayış evinin qazlaşdırılması yalnız qazın fiziki olaraq həmin obyektə verilməsindən ibarət birdəfəlik hərəkət olmayıb, qanunvericiliklə müəyyən edilmiş ardıcıl texniki və hüquqi prosedurların həyata keçirilməsini tələb edən prosesdir. Bu prosesə tikinti obyektinin hüquqi və texniki vəziyyətinin müəyyən edilməsi, tələb olunan məlumatların təqdim olunması, texniki şərtlərin hazırlanması, müvafiq hallarda qaz təchizatı layihəsinin hazırlanması, qoşulma ilə bağlı şərtlərin yerinə yetirilməsi və yalnız bundan sonra obyektin qaz şəbəkəsinə faktiki qoşulması daxildir. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə fərdi yaşayış evinin qazlaşdırılması məsələsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, Cavabdeh X4 X2 Idarəsi isə ##.##.2026-cı il tarixli məktubla ona cavab vermişdir. Həmin tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası” qüvvədə olmuşdur. Sözügedən Qərara əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması məqsədilə texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması “ASAN Kommunal”, belə mərkəzlərin yaradılmadığı regionlarda isə “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilirdi. Həmin Qayda həmçinin sifarişçinin tikinti obyekti və ya onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və ya digər əşya hüququ barədə məlumatların təqdim edilməsini nəzərdə tuturdu. Bu baxımdan, cavabdehin ##.##.2026-cı il tarixli məktubunda iddiaçıya fərdi yaşayış evinin qazlaşdırılması ilə əlaqədar texniki şərtin alınması üçün müvafiq sənədlərlə qanunvericilikdə müəyyən edilmiş qaydada “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzinə müraciət etməli olduğunu bildirməsi həmin tarixdə qüvvədə olmuş xüsusi hüquqi tənzimləmə ilə ziddiyyət təşkil etməmişdir. Kollegiya bu xüsusda şikayətin “ASAN xidmət” mərkəzinin müraciət instansiyası deyil, yalnız dövlət xidmətlərinin göstərilməsi üçün yaradılmış mexanizm olması barədə dəlilini əsaslı hesab etmir. Belə ki, müraciətin mahiyyəti üzrə həll edilməsinə səlahiyyətli subyektlə müraciətin qanunvericilikdə müəyyən edilmiş qaydada təqdim edildiyi xidmət kanalının eyni anlayışlar olmaması nəzərə alınmalıdır. “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzinin texniki şərtin məzmununu müəyyən edən və ya qazlaşdırma barədə yekun qərarı qəbul edən subyekt olmaması, qanunvericiliklə həmin mərkəzin müraciətin təqdim edilməsi və aidiyyəti üzrə icrasının təşkil olunduğu xidmət nöqtəsi kimi müəyyən edilməsini istisna etmir. Buna görə də iddiaçının cavabdeh təşkilata ümumi məzmunlu yazılı müraciət etməsi, həmin dövrdə texniki şərtlərin alınması üçün müəyyən edilmiş xüsusi prosedurdan keçməsi ilə eyniləşdirilə bilməz. Bundan başqa, iddiaçının şikayətində cavabdehin guya fərdi yaşayış evinin qazlaşdırılmasından mülkiyyət sənədinin olmaması səbəbi ilə imtina etməsi barədə irəli sürdüyü dəlil də iş materialları ilə təsdiq olunmur. Belə ki, ##.##.2026-cı il tarixli məktubun məzmununda yaşayış evinin qazlaşdırılmasından imtina edilməsi barədə hər hansı yekun qərar ifadə edilməmişdir. Məktubda iddiaçıya texniki şərtin alınması üçün “müvafiq sənədləri təqdim etməklə” qanunvericilikdə müəyyən edilmiş qaydada müraciət etməsi izah olunmuşdur. Başqa sözlə, həmin məktub nə texniki imkanın olmaması səbəbindən qazlaşdırmadan imtina, nə iddiaçının təqdim etdiyi konkret hüquqmüəyyənedici sənədin qəbuledilməz hesab edilməsi, nə də onun qoşulma hüququnun mövcud olmadığının müəyyən edilməsi barədə qərar mahiyyəti daşımışdır. Əksinə, həmin dövrdə qüvvədə olmuş *** nömrəli Qərarla təsdiq edilmiş Qaydada “sifarişçi” anlayışı qazpaylayıcı şəbəkəyə qoşulacaq tikinti obyektinə və ya onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən şəxs kimi müəyyən edilmiş və müraciət zamanı həmin hüququ təsdiq edən məlumatların təqdim edilməsi tələb edilmişdir. Buna görə mülkiyyət və ya digər əşya hüququ ilə bağlı məlumatların tələb edilməsi özlüyündə cavabdehin qanunsuz əlavə şərt müəyyən etməsi kimi qiymətləndirilə bilməz. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçının cavabdehə müraciətindən sonra qaz təchizatı sahəsində normativ tənzimləmə dəyişmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2026-cı il tarixli *** nömrəli Qərarı ilə “Qaz təchizatı sisteminə dair Qaydalar” təsdiq edilmiş, eyni zamanda ## ###### 2023-cü il tarixli *** nömrəli Qərar ləğv edilmişdir. Yeni Qaydalar da tikinti obyektinin qaz şəbəkəsinə qoşulmasını əvvəlcədən müəyyən edilmiş müraciət və texniki prosedurların yerinə yetirilməsi ilə əlaqələndirmişdir. Həmin Qaydaların 52-ci, 53-cü və 54-cü hissələri tikinti obyektlərinin qaz şəbəkələrinə qoşulması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə faktiki qoşulmanın prosedur və tələblərini müəyyən edir. Qaydaların 52.7-ci bəndinin mahiyyətindən görünür ki, müvafiq sistem operatorunun tikinti obyektini qaz şəbəkəsinə qoşmaq öhdəliyi Qaydaların tələbləri yerinə yetirildikdən və qoşulma xidmətinə görə nəzərdə tutulmuş ödəniş edildikdən sonra yaranır. Eyni zamanda Qaydaların 53.1 və 54.1-ci bəndlərində müvafiq kateqoriyadan olan tikinti obyektlərinin qaz şəbəkəsinə qoşulması üçün sifarişçinin qanunvericilikdə nəzərdə tutulmuş məlumatları Sistemə daxil etməsi və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə xidmət nöqtəsində sistem operatorunun nümayəndəsinə elektron və ya yazılı ərizə ilə müraciət etməsi nəzərdə tutulmuşdur. Qaydaların 53.2.4-cü yarımbəndində isə tikinti obyekti və ya onun yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququ barədə məlumatların təqdim olunması ayrıca tələb kimi göstərilmişdir. Bununla da normativ tənzimləmənin dəyişməsi iddiaçının yaşayış evinin qazlaşdırılması üçün ümumiyyətlə hər hansı ilkin prosedurdan azad olunması nəticəsini yaratmamışdır. Əksinə, həm əvvəlki, həm də sonrakı hüquqi tənzimləmənin mahiyyətindən görünür ki, qaz şəbəkəsinə qoşulma sifarişçinin qanunla müəyyən edilmiş qaydada müraciət etməsindən başlayan xüsusi prosedurun nəticəsi olaraq həyata keçirilir. Fərq yalnız həmin prosedurun texniki təşkilində və müraciətin təqdim olunma vasitələrində olmuşdur. Bu mənada, iddiaçı ##.##.2026-cı il tarixli cavab məktubunu qazlaşdırmadan imtina kimi qiymətləndirərək birbaşa məhkəmədə yaşayış evinin qazlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmamışdır. O, ilk növbədə məktubda göstərildiyi kimi həmin tarixdə qüvvədə olmuş qaydada texniki şərtin alınması üçün “ASAN Kommunal” və ya müvafiq halda “ASAN xidmət” vasitəsilə müraciət etməli və həmin müraciət üzrə səlahiyyətli subyektin mövqeyini əldə etməli idi. Normativ tənzimləmə dəyişdikdən sonra isə o, yeni Qaydaların müəyyən etdiyi Sistem və ya xidmət nöqtəsi vasitəsilə tələb olunan məlumatları təqdim etməklə müvafiq proseduru başlada bilərdi. Iş materiallarında isə iddiaçının bu qaydada texniki şərtin alınması üçün müraciət etməsi, həmin müraciətə baxılmasının nəticəsində ona texniki şərtin verilməsindən və ya tikinti obyektinin qaz şəbəkəsinə qoşulmasından imtina edilməsi, yaxud müraciətinin baxılmamış saxlanılması barədə səlahiyyətli subyekt tərəfindən qərar qəbul edilməsi haqqında hər hansı sübut yoxdur. Əksinə, iddiaçının məhkəməyə təqdim etdiyi sənəd onun xüsusi qoşulma prosedurunu keçməsinin nəticəsini deyil, həmin prosedurdan istifadə etməsinin zəruriliyini izah edən ##.##.2026-cı il tarixli məlumatlandırıcı məktubdur. Bu hal ona görə əhəmiyyətlidir ki, qazlaşdırma öhdəliyinin məhkəmə qaydasında cavabdehin üzərinə qoyulması üçün ilk növbədə həmin öhdəliyin qanunvericiliyin tələblərinə uyğun olaraq yaranmış olması və cavabdehin onun icrasından yayınması və ya imtina etməsi müəyyən edilməlidir. Halbuki texniki şərtlər müəyyən edilməmiş, tikinti obyektinin hansı qoşulma rejiminə aid olduğu qiymətləndirilməmiş, qanunvericiliklə tələb olunan məlumat və sənədlərin təqdim edilməsi mərhələsi başa çatdırılmamış və qoşulma proseduru üzrə cavabdehin yekun mövqeyi formalaşmamış vəziyyətdə cavabdehin üzərinə qeyd-şərtsiz “fərdi yaşayış evini qazlaşdırmaq” öhdəliyinin qoyulması barədə mübahisənin yarandığını qəbul etmək mümkün deyildir. Yeni Qaydaların da məntiqi bunu təsdiq edir. Belə ki, sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar olduqda sifarişçiyə onların aradan qaldırılması üçün imkan verilir, müəyyən edilmiş müddətdə çatışmazlıqlar aradan qaldırılmadıqda isə artıq müraciətin baxılmamış saxlanılması barədə formal qərar qəbul edilir. Texniki şərtlər verildikdə isə sifarişçi həmin şərtlərlə razı olmadığı halda inzibati və məhkəmə qaydasında şikayət etmək hüququna malikdir. Deməli, normativ tənzimləmə özü məhkəmə müdafiəsindən əvvəl hüquqi mübahisənin predmeti ola biləcək konkret qərarın və ya hərəkətsizliyin formalaşmasını nəzərdə tutur. Kollegiya şikayətdə göstərilən, tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmaması və hazırkı tələbin həmin müqavilənin bağlanmasına məcburetmə xarakteri daşıması barədə dəlilə də tənqidi yanaşır. Belə ki, qaz şəbəkəsinə qoşulma və qazın istehlakçıya satılması hüquqi baxımdan bir-birindən fərqləndirilən, lakin ardıcıl mərhələlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2026-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.4-cü bəndində tikinti obyektlərinin qaz təchizatı üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə qaz şəbəkəsinə qoşulmasının ayrıca olaraq qaz təchizatı sisteminə dair qaydalarla tənzimləndiyi göstərilmişdir. Həmin Qərarın 2.1-ci bəndi isə sonrakı mərhələ olan qazın alqı-satqı müqaviləsinin bağlanılmasının “ASAN Kommunal”, belə mərkəzlərin yaradılmadığı regionlarda isə “ASAN xidmət” vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Buna görə də tərəflər arasında hələ qazın alqı-satqı müqaviləsinin mövcud olmaması qanunla müəyyən edilmiş qoşulma prosedurunu aradan qaldırmır və birbaşa məhkəmə qərarı ilə qazlaşdırılma tələb etmək üçün ayrıca əsas yaratmır. Əksinə, müqavilənin hələ bağlanmaması qaz təchizatı münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş ilkin mərhələlərinin tamamlanmadığını göstərən hallardan biri kimi qiymətləndirilməlidir. Iddia tələbinin istehlakçı hüquqlarının müdafiəsi ilə əsaslandırılması da bu nəticəni dəyişdirmir. Tələbin hüquqi adı və ya iddiaçının ona verdiyi hüquqi xarakteristika həmin tələbin faktiki predmetini dəyişmir. Hazırkı halda iddiaçının tələb etdiyi nəticə konkret tikinti obyektinin qaz şəbəkəsinə qoşulmasıdır və belə münasibətlər qaz təchizatı sahəsini tənzimləyən xüsusi normalara uyğun həyata keçirilməlidir. Kollegiya, həmçinin hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması barədə dəlili əsaslı deyildir. Azərbaycan Respublikası Konstitusiyası ilə təmin edilən məhkəmə müdafiəsi hüququ şəxsin qanunla müəyyən edilmiş prosessual qaydalara əməl etmədən istənilən mərhələdə və istənilən formada məhkəmə araşdırması tələb etmək hüququ kimi başa düşülə bilməz. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş mümkünlük şərtlərinə tabe tutulması, həmin şərtlər şəxsi məhkəmə müdafiəsindən tam və qeyri-mütənasib şəkildə məhrum etmədiyi halda, məhkəməyə müraciət hüququnun pozulması hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 149.2.4 və 150.0.7-ci maddələrinin məzmunundan da görünür ki, müvafiq kateqoriya mübahisələr üzrə qanunla məhkəməyə qədər nizamasalma proseduru nəzərdə tutulduqda, həmin qaydaya riayət edilməsi iddianın mümkünlüyünün qiymətləndirilməsi zamanı nəzərə alınır. Məcəllənin 152.1.6-cı maddəsi belə qaydaya riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsinin geri qaytarılmasını nəzərdə tutur. Hazırkı halda isə iddiaçının təqdim etdiyi ##.##.2026-cı il tarixli məktub məhz tələb olunan xüsusi prosedurun yekunu olaraq verilmiş imtina cavabı deyil, iddiaçıya həmin prosedurdan istifadə etməsinin zəruriliyini bildirən cavabdır. Bununla yanaşı, iddia ərizəsinin geri qaytarılması iddiaçının məhkəmə müdafiəsi hüququna birdəfəlik xitam vermir. MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Deməli, iddiaçı qaz şəbəkəsinə qoşulma üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət etdikdən və həmin müraciət üzrə hüquqlarına toxunan qərar, imtina və ya hərəkətsizlik yarandıqdan sonra bununla bağlı məhkəmə müdafiəsi tələb etmək imkanından məhrum deyildir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının cavabdeh Cavabdeh Istehsalat Birliyinə sadəcə ümumi məzmunlu müraciət etməsi və həmin müraciətə cavab olaraq ona qanunvericiliklə müəyyən edilmiş qaydada texniki şərt almaq üçün müraciət etməsinin izah olunması tərəflər arasında yaşayış evinin qazlaşdırılmasından imtina ilə bağlı məhkəmə qaydasında həll edilməli hüquqi mübahisənin artıq yarandığını təsdiq etmir. Iddiaçı qanunvericiliklə müəyyən edilmiş xüsusi müraciət prosedurunu tamamlamamış, qazlaşdırma üçün tələb olunan hüquqi və texniki şərtlərin qiymətləndirilməsinə imkan verən məlumat və sənədlərin həmin prosedur üzrə təqdim edildiyini və onun müraciətinə mahiyyəti üzrə imtina cavabı verildiyini təsdiq edən sübut təqdim etməmişdir. Bu səbəbdən iddiaçının ##.##.2026-cı il tarixli məktubu qazlaşdırmadan imtina kimi təqdim etməsi və həmin məktubu birbaşa məhkəmədə cavabdehin üzərinə yaşayış evini qazlaşdırmaq öhdəliyinin qoyulması üçün kifayət edən məhkəməyəqədər müraciət kimi qiymətləndirməsi əsaslı deyildir. Qeyd olunanların məcmusuna əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin mümkünlüyünə hüquqi qiymət verərkən düzgün nəticəyə gəlmiş, iddiaçının şikayətində göstərilən hallar mübahisələndirilən qərardadın ləğv edilməsinə əsas verməmişdir. Buna görə də şikayət təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar