Məhkəmə qərarları › İş №e-2(5-104)-606/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-104)-606/2026

06.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-104)-606/2026 06.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı cavabdeh Yasamal Rayon İcra Şöbəsinə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və tutmanın dayandırılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yasamal Rayon İcra Şöbəsinə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və tutmanın dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Yasamal rayon İcra şöbəsinin, 29335/2014-53- 16 nömrəli icra işi üzrə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi, qanunsuz olaraq iddiaçının Prezident təqaüdünə və pensiyasına tutmanın yönəldilməsinin dayandırılmasına və bu günədək tutulan pulların geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddələrinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi bir cavabdehə qarşı yönəldilsə də, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi bir iddia ərizəsində birləşdirmişdir. Belə ki, iddiaçı onun Prezident təqaüdünə və pensiyasına tutmanın yönəldilməsinin dayandırılması, bu günədək tutulan pulların geri qaytarılması və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələblərini, yəni bir-biri ilə əlaqədar olmayan tələbləri iddia ərizəsində birləşdirilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən irəli sürülən “Prezident təqaüdünə və pensiyaya tutmanın yönəldilməsinin dayandırılması və bu günədək tutulan pulların geri qaytarılması” tələbi iddia icraatı qaydasında baxılan tələblərə aiddir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının digər “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbi ilə bağlı qanunvericiliklə xüsusi mübahisələndirmə qaydası nəzərdə tutulduğundan həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, icra məmurunun hərəkətlərindən narazı olunduğu təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra məmurunun hərəkətindən məhkəmə nəzarəti qaydasında şikayət verilməsi mümkündür. Qanunla icra məmurunun hərəkətlərinin xüsusi mübahisələndirmə qaydası müəyyən edildiyindən icra məmurunun hərəkətlərinin iddia icraatı qaydasında mübahisələndirilməsi yolverilməzdir. Belə olduğu təqdirdə, sözügedən tələblər bir icraatda baxıla bilməz və ona görə də, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 87.1-ci maddəsində qeyd edilmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 51.1-ci maddəsində qeyd edilmişdir ki borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına riayət edilmədiyi üçün İddiaçı cavabdeh Yasamal Rayon İcra Şöbəsinə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və tutmanın dayandırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, ona qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 152.1.6, 263-264cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Yasamal Rayon İcra Şöbəsinə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və tutmanın dayandırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar