Məhkəmə qərarları › İş №e-2(5-98)-813/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-98)-813/2026

27.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-98)-813/2026 27.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü barədə (açar sözlər: iddia ərizəsinin geri qaytarılması, müqavilə aidiyyəti, imza səlahiyyəti) Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin hakimi İsmayılova Səbinə Vüqar qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehdən 2286 manat əsas borc və ödənilmiş 43 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq.

2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 40. Müqavilə aidiyyəti. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Maddə 73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi. 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 74. Nümayəndənin səlahiyyəti. 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Məhkəmənin mövqeyi.

3. İddia ərizəsinin məzmunundan görünür ki, mübahisə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin icrası ilə bağlı yaranmışdır. Ərizəyə əlavə edilmiş həmin müqavilənin 5.2-ci bəndində isə qeyd edilmişdir ki, tərəflər razılığa gəlirlər ki, bu müqavilə üzrə bütün mübahisələr Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə həll ediləcəkdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə ilə mübahisəli işin ərazi aidiyyəti dəyişdirilmiş, işə müqavilə aidiyyəti qaydasında baxmalı olan məhkəmə müəyyən edilmişdir. Buna baxmayaraq, müvafiq iddia ərizəsi ilə müqavilə aidiyyəti qaydasında müəyyən edilmiş məhkəməyə deyil, ümumi ərazi aidiyyəti qaydasında (cavabdehin rəsmi qeydə alındığı yerə görə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir.

4. Bundan əlavə, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görününür ki, İddiaçı adından təqdim edilmiş iddia ərizəsi İlqar Mahmudov adlı şəxsə məxsus elektron imza ilə imzalanmışdır. Lakin elektron imza ilə bağlı məlumatlarda həmin şəxsin səlahiyyəti göstərilməmiş, bu şəxsin İddiaçı MMC adından iddia ərizəsi imzalamaq səlahiyyətini təsdiq edən heç bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması da daxil olmaqla, həmin maddədə göstərilmiş bir sıra səlahiyyətlər təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

5. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilmiş nöqsanlarla təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

6. Son olaraq, məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək üçün 43 manat məbləğində dövlət rüsumu ödənilmişir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılmalı olduğundan məhkəmə hesab edir ki, bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının ödədiyi 43 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.

7. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumu (xx.xx.2026-cı il tarixli, **********17 nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçınə qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Səbinə İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar