Məhkəmə qərarları › İş №2(001)-7265/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7265/2021

16.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7265/2021 16.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 mart 2011-ci il tarixli, alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh adına verilmiş MA seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, saxta 30 mart 2011-ci il tarixli alğı-satqı müqaviləsi əsasında onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, M/162 saylı sahənin 3 sotu Cavabdeh satılmış vəə onun adına daşınmaz əmlakın dövlət reyestrində 21.06.2011-ci ildə qeydiyyatdan keçirilmişdir. Həmin 30 mart 2011-ci il tarixli alğı-satqı müqaviləsi onun tərəfindən imzalanmamış və tərəfindən Cavabdeh 20000 manat məbləğində pul alınaraq ona heçnə satılmamışdır. Müqavilədən və çıxarışdan Cavabdeh ona Xəzər Rayon Məhkəməsində iddia qaldırmasından sonra məlumatı olmuşdur. Cavabdehlə aralarında alğı-satqı olmamış, ondan hər hansı məbləğdə pul alınmamışdır. Bu işdə yalnışlıq və saxtakarlıq var. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsində qeyd edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim ddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hazırki iddia ərizəsinin mahiyyəti iddiaçı ilə cavabdeh arasında 30 mart 2011-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi bağlıdır. İddiaçı iddia edir ki, onunla cavabdeh arasında rəsmiləşdirilmiş müqavilədəki imza onun deyil və cavabdeh tərəfindən alqı-satqının dəyəri ona ödənilməmişdir. Elektron informasiya sistemindən əldə sorğulanmış materiallardan görünür ki, hazırki iddia üzrə Cavabdeh hazırki iddia üzrə İddiaçı qarşı Bakı şəhər Xəzər Rayon Məhkəməsində iddia qaldıraraq cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində aparılmış tikililərin sökülməsini və mülkiyyət hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinin mahiyyəti isə 30 mart 2011-ci il tarixli alqı-satqı müqaviləsi üzrə alıcının mülkiyyətinə keçmiş daşınmaz əmlakın faktiki olaraq satıcının sahibliyində qalması və sonuncunun həmin torpaq sahəsindən istifadə etməsi və orada tikinti işləri aparılmasından ibarətdir. Məhkəmə iddia ərizələrinin mahiyyətini müqayisəli şəkildə təhlil edərək, o qənaətə gəlir ki, mübahisə eyni tərəflər arasında, eyni predmet barəsindədir. İddianın əsası ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hüquqi müəyyənlik prinsipinin mahiyyəti digər məsələlərlə yanaşı həmçinin, onu nəzərdə tutur ki, qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunmuş mübahisələr üzrə ikinci dəfə məhkəmədə eyni iddianın qaldırılması ona mahiyyəti üzrə baxılması, həmçinin həmin işlər üzrə qəbul edilmiş qətnamədən verilmiş şikayətlərin mahiyyəti üzrə yoxlanılması yolverilməzdir. Ona görə ki, bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyini və işlərə baxılmasının səmərəliliyini şübhə altına qoyur. Eyni zamanda bu qayda artıq həll olunmuş mübahisənin yenidən ayrı icraatda mübahisələndirilməsinə yol açmaqla şəxslərin ədalət mühakiməsinin mötəbərliyinə olan inamını pozur. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, hazırki iddia üzrə iddiaçı müvafiq alqı-satqı müqaviləsinin etibarlılığını mübahisələndirir, digər mülki iş üzrə isə iddiaçı etibarlı hesab etdiyi alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi mülkiyyət hüquqlarının müdafiəsini tələb edir. Məsələyə bu prizmadan yanaşdıqda qəbul ediləcək məhkəmə aktları əsasında ziddiyyət yarana bilər. Belə olan halda hüquqi müəyyənlik prinsipi və şəxslərin ədalət mühakiməsinin mötəbərliyinə olan inamı pozulmuş olar. Bu səbəbdən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğundan hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə məhkəmə dövlət rüsumunun qaytarılması barədə qərardad çıxarır; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “əqdin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsinə əlavə edilmiş sənədlər, o cümlədən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar