Məhkəmə qərarları › İş №2(009)-1558/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1558/2021

21.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1558/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı – cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Audi A6” minik markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 9200 (doqquz min iki yüz) manat dəyərində maddi ziyanın, avtomobilin qiymətləndirilməsi üçün ödənilmiş 250 manat pulun, 3000 (üç min) manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 12480 (on iki min dörd yüz səksən) manat məbləğində pulun "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 08 yanvar 2021-ci il tarixdə idarə etdiyi özünə məxsus “Audi” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomaşınla saat 19:00 radələrində Bakı şəhəri, Azadlıq prospektində hərəkətdə olarkən əks istiqamətdə hərəkət edən “Ford” markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət etdiyi zolağa çıxaraq onun avtomobilinin sol ön hissəsi ilə toqquşmuşdur. Nəticədə onun idarə etdiyi “Audi” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilinə 9200 (doqquz min iki yüz) manat dəyərində zərər vurmuşdur. Hadisə yerinə gələn Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşı hadisə yerinə baxış keçirib inzibati xəta haqqında protokol tərtib etmişdir. Eyni zamanda "xxxx" ASC-nin əməkdaşı hadisə yerinə gələrək öz qeydiyyatlarını aparmaqla fotoşəkillər çəkmişdir. Qarşı tərəfin idarə etdiyi “Ford” markalı, ** ML *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də “avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmışdır. "xxxx" ASC tərəfindən 21.01.2021-ci il tarixində tərtib edilmiş akta əsasən ona məxsus “Audi” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1300 (bir min üç yüz) manat müəyyən edilmişdir. Qeyd edir ki, "xxxx" ASC tərəfindən onun avtomobilinə dəymiş zərərin məbləği çox az hesablanmışdır. Ona görə də, o, avtomobilinə dəymiş zərərin hesablanması üçün "xxxx" MMC-yə müraciət etmişdir. Belə ki, onun avtomobili sıfır yürüşlə “Audi” Mərkəzdən alınmış və daimə “Audi” servisdə xidmət göstərilmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, "xxxx" ASC tərəfindən onun avtomobilinin təmiri üçün təklif etdikləri servis standartlara uyğun olmaması səbəbindən o, 50000 (əlli min) ABŞ dolları dəyərində olan avtomobilinin təmirini onlara etibar edə bilməzdi. Ona görə ki, həmin servisdə ehtiyat hissələri müxtəlif yerlərdən alınır. Lakin, “Audi” servisdə ehtiyat hissələri orginal olduğuna görə o, avtomobilini həmin servisdə təmir etmək qərarına gəlmişdir. Belə ki, ona məxsus avtomobil ideal vəziyyətdə olmuş və heç bir detalına rəng vurulmamışdır. Bununla da, qarşı tərəf ona maddi və mənəvi zərər vurmuşdur. Odur ki, onun avtomobilini təmir etdirmək üçün vurulmuş zərərin əvəzinin ödənilməsi ilə əlaqədar olaraq dəfələrlə "xxxx" ASC-nin eksperti Elnur adlı şəxslə müzakirələr aparmış, lakin ekspert Elnur müəllim "xxxx" MMC tərəfindən aparılmış qüsur aktı ilə razılaşmamış və məhkəməyə müraciət etməyi ona məsləhət görmüşdür. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmişlər və təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçı əlavə olaraq bildirmişdir ki, avtomobilinin ön sol farası daxildən çat-çat olub qırılaraq zədələnmiş, dəfələrlə maşını təmir etdirmək istədiyi çox bacarıqlı ustadan faranın təmir edilə biləcəyi barədə soruşmuş, usta isə ona faranın təmirinin mümkün olmadığını bildirmiş, faranın içəri tərəfdən qırılmış hissələrinin yapışdırılması yolu ilə təmirinin mümkün olduğunu, bu halda isə faranın keyfiyyətinin itəcəyini, faraya hava dolacağını və içərisinin tərləyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Bildirirlər ki, cavabdehin iştirakı ilə olan yol-nəqliyyat hadisəsi 08 yanvar 2021-ci il tarixdə baş vermişdir. Şirkət iddiaçıya məxsus “Audi” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri 21 yanvar 2021-ci il tarixli zərər aktı ilə 1300 manat həcmində müəyyən etmiş və həmin məbləğin alınması və ya müvafiq servisdə təmir olunması 25 yanvar 2021-ci il tarixli məktubla iddiaçıya təklif olunmuşdur. İddiaçı həmin məbləğlə razı olmadığı təqdirdə müstəqil ekspertizanın keçirilməsini tələb edə bilərdi, lakin o, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun verdiyi hüquqlardan istifadə etməyərək məhkəməyə müraciət etmişdir. İddiaçının tələb etdiyi mənəvi zərərlə bağlı məhkəmənin nəzərinə aşağıdakıları çatdırırlar. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: - zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər. Bundan başqa “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.3-cü maddəsinə əsasən sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi, həmçinin sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda icbari sığorta müqavilələri üzrə sığorta ödənişi verilmir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasma dair standart və sərhəd sığorta müqavilələri üzrə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5000 manat müəyyən edilmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçıya məxsus avtomobilin ön sol farasının hadisə zamanı zədələnməmişdir. Belə ki, iddiaçı hadisədən sonra da həmin avtomobili farası ilə birlikdə idarə etmiş və hazırda da idarə edir. Buna görə də, hesab edir ki, avtomobilə dəymiş zərər fara üçün hesablanmış məbləğ çıxılmaqla müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. İş materiallarında olan DİN BDYPİ tərəfindən verilmiş AD seriyalı, 128744 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Audi” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan Binəqədi RPİ DYPŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin zədələnməsi barədə 025005 nömrəli arayışın surətindən görünür ki, 08 yanvar 2021-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Azadlıq prospektində baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Audi” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomaşının sol ön hissəsi əzilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən 21.01.2021-ci il tarixli verilmiş dəymiş zərərin hesablanmasına dair Aktın surətindən görünür ki, “Audi” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ehtiyat hissələrinin qiyməti 600 manat, görülən işlərin dəyəri 700 manat olmaqla, ümumilikdə 1300 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 04.02.2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, “Audi” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ehtiyat hissələrinin qiyməti 8070 manat, görülən işlərin dəyəri 1130 manat olmaqla, ümumilikdə 9200 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 05.02.2021-ci il tarixli təmir kartının surətindən görünür ki, “Audi” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə qüsur aktının tərtibi üçün 250 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinın icbari sığortası” üzrə sığortalanmış “Ford Transit" markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobil və “Audi” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 08.01.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermişdir. 21.01.2021-ci il tarixində tərtib edilmiş akta əsasən “Audi” markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1300 (bir min üç yüz) manat müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Odur ki, bank hesabını təqdim etməyi xahiş olunmuş, təmir-bərpa işlərinin aparılmasını istəyirsə cəmiyyətə müraciət edə biləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 08.01.2021-ci il tarixdə Bakı şəhəri Azadlıq prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus “Audi” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" ASC tərəfindən sığortalanmış “Ford Transit" markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə İddiaçı məxsus “Audi” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" ASC arasında iddiaçıya məxsus avtomobilə vurulmuş zərərə görə sığorta ödənişinin məbləği ilə bağlı razılıq əldə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır və buna görə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. (MM 925.3.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclərdən, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən; zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclərdən; zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclərdən; sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlərdən ibarətdir. (Qanun 15.3) Məhkəmə qeyd edir ki, göstərilən qanunvericilik aktı normalarından da göründüyü kimi, sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin kompensasiya edilməsi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi qanunvericiliklə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının idarə etdiyi avtomobillə cavabdeh təşkilat tərəfindən sığortalanmış avtomobilin toqquşması, yol-nəqliyyat hadisəsi zamanı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilin sürücüsünün təqsirli hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması işin mübahisəsiz hallarıdır. Məhkəmə sığorta hadisəsi nəticəsində dəyən zərərin həcminin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iş materiallarından və iddiaçının izahatından görünür ki, onunla "xxxx" ASC arasında dəymiş zərərin miqdarı barədə razılaşma əldə edilməmişdir. Belə olan halda iddiaçı “avtomobilə dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə ödənilməli olan sığorta ödənişinin məbləği ilə bağlı qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06.09.2021-ci il tarixli, 9/4778 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin 04.02.2021-ci il tarixli qüsur aktındakı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzər alınmaqla 2015-ci il buraxılışlı “Audi A6” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3723 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06.09.2021-ci il tarixli, 9/4778 nömrəli rəyini mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 3723 (üç min yeddi yüz iyirmi üç) manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Qeyd edilən xüsusatlardan da aydın olur ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının bilavasitə zərər vuran şəxs tərəfindən pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirə bilməsini, hazırki işdə isə cavabdeh tərəfindən iddiaçının hər hansı bir şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasına yönələn hərəkətlər edilməsinin müəyyən edilməməsini nəzərə alaraq, iddia tələbinin bu hissədə əsassız olması qənaətinə gəlir. Məhkəmə, iddiaçının avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün "xxxx" MMCyə könüllü olaraq, öz təşəbbüsü ilə müraciət etməsini nəzərə alaraq, “Audi” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə qüsur aktının tərtibi üçün ödədiyi 250 manat məbləğində pulu cavabdehdən tələb etməsini də əsassız hesab edir. Məhkəmə həmçinin cavabdehin nümayəndəsinin “iddiaçıya məxsus avtomobilin ön sol farasının hadisə zamanı zədələnməməsi” barədə dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçıya məxsus avtomobilin ön sol farasının hadisə zamanı zədələnməməsini göstərsə də, iddiaçının avtomobilinin üzərində olan faranın zədələnmədiyi halda, cavabdehdən zədələnməmiş faraya görə sığorta ödənişi tələb etməsinin səbələrini əsaslandıra bilməmiş, yalnız iddiaçının avtomobili hadisədən sonra da fara üzərində olmaqla idarə etməsinə dair məhkəməyə foto şəkillər təqdim etməklə kifayətlənmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, fara üzərində olmaqla avtomobilin idarə edilməsi, faranın zədələnməməsi mənasına gəlmir. Belə ki, iddiaçı cavabdehin bu dəlillərini qəbul etməməklə bildirmişdir ki, faranın məhz içəri hissəsi çatlayaraq qırılmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş foto şəkillər məhkəmə araşdırması zamanı tədqiq edilmiş və faranın zədələnməsi həmin foto şəkildən də müəyyən edilmişdir. (səh. 15) Odur ki, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır və onun bununla bağlı dəlillərini əsassız hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi qəbzindən görünür ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə 30 manat ödənilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia qismən təmin olunduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 20 manat hissəsi iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 30 (otuz) manatı cavabdeh "xxxx" ASC-dən, 70 (yetmiş) manatı iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, sığorta ödənişinin əvəzi olaraq 3723 (üç min yeddi yüz iyirmi üç) manat məbləğində pul vəsaiti və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli, 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 30 (otuz) manatı cavabdeh "xxxx" ASC-dən, 70 (yetmiş) manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sığorta ödənişinin əvəzi olaraq 3723 (üç min yeddi yüz iyirmi üç) manat məbləğində pul vəsaiti və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 30 (otuz) manatı cavabdeh "xxxx" ASC-dən, 70 (yetmiş) manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X1 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar