Məhkəmə qərarları › İş №e-2(3-6)-3781/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3781/2026

14.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3781/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili vəkil1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı İddiaçı “xxxx” MMC-də həkim Yaqub Əsədi tərəfindən keçirdiyi burun əməliyyatlarının uğursuz aparıldığını, nəticədə burnunda qüsur yarandığını və səhhətində problemlər meydana gəldiyini iddia edir. Hazırda iddiaçı klinikada göstərilmiş tibbi xidmətin lazımi keyfiyyətdə göstərilməməsi nəticəsində ona maddi və mənəvi zərər vurulduğu və həmin zərərin klinikadan tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tibbi xidmətlə əlaqədar ona vurulan real zərərə görə 4.000 manatın (2 cərrahi əməliyyata görə), vəkilə xidmət haqqı olaraq ödənilən 1.550 manatın, qüsurlu icra olunmuş əməliyyatın (rinoplastika üçün) təkrar icrası üçün 44.000 manatın (22.000 avronun qarşılığı), habelə pasiyentin keçirdiyi iztiraba görə vurulan mənəvi zərərə görə 10.000 manatın, ümumilikdə 59.550 manatın “xxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı burun nahiyəsində rinoplastika əməliyyatı etdirmək məqsədilə 2022-ci ilin aprel ayında “xxxx” klinikasında çalışan həkim Yaqub Əsədiyə müraciət etmişdir. Həkim onu müayinə etdikdən sonra burnu ideal estetik formaya salacağını bildirmişdir. Aprel ayında icra edilmiş əməliyyat zamanı həkim sol qabırğasından qığırdaq götürərək burun nayihəsinə əlavə etmişdir. Əməliyyat təxminən 5-6 saata yaxın davam etmişdir. Bundan sonra burnunda fəsadlar əmələ gəlmişdir. Belə ki, burnunda qığırdaq çox olmuş, burnun üst nayihəsi şişmiş, burnun deşiklərindən biri digərindən çox fərqli olmuş və burnunun sol yuxarı hissəsi tərəfində çökəklik yaranmışdır. Əməliyyatdan 2 gün sonra sol qabırğası şişməyə və ağrı verməyə başlamışdır. Bununla bağlı müayinələrdən keçmiş və sol qabırğasında maye yığıldığı bildirilmişdir. Nəticədə qabırğanın həmin nayihəsi kobud forma almışdır. Yaqub Əsədi bundan sonra 2-ci dəfə burnunu əməliyyat etmiş, lakin fəsadlar aradan qalxmamışdır. Bundan sonra həkim onunla ünsiyyətə girməkdən yayınmış, yaranmış vəziyyətdən yaxa qurtarmağa çalışmışdır. Xüsusilə bildirir ki, əməliyyatların uğursuz alınması bir yana qalmaqla yanaşı, bundan sonra onda mütəmadi baş ağrıları yaranmışdır. Əməliyyatların kobud icrası və bunun fonunda keçirdiyi stress nəticəsində baş ağrıları daha şiddətlənmişdir. MRT müayinəsinin nəticələrinə əsasən alın nayihəsində ocaqların yaranması müəyyən edilmişdir. Bunun nəticəsi olaraq, nevroloji müalicə almışdır. Şikayəti əsasında Nəsimi Rayon Prokurorluğunda aparılmış araşdırma ilə bağlı ekspertizaya sorğu verilmişdir. Məhkəmə tibbi ekspertizanın ##.##.2025-ci il tarixli ***/KEŞ saylı rəyinə əsasən İddiaçı aparılmış əməliyyatdan sonra burunda bulyoz tip qalınlaşmanın olduğu müəyyən edilmişdir ki, bu da əməliyyatın qüsurlu texniki icrası ilə əlaqədar olmuşdur. Klinikaya nə qədər müraciət etsə də, onun sağlamlıq vəziyyətinə dair sənədlər bugünə qədər ona təqdim edilməmişdir. Bundan sonra o, ## ##### 2025-ci il tarixli ərizəsiylə “xxxx” MMC-yə müraciət edərək, uğursuz burun əməliyyatı nəticəsində sağlamlığına vurulan zərərə görə ödənişin edilməsi, habelə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən xəstəlik tarixçəsinin tam mətninin surətinin (habelə disk, plyonka, fotoşəkil) ona təqdim edilməsini xahiş etmişdir. Həmçinin həmin ərizədə qarşı tərəf heç bir tədbir görməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin ona yalançı vədlər verilərək məsələ uzadılmış, müraciətinə laqeyd yanaşılmışdır. Bununla da, klinika rəhbərliyi tabeliyində fəaliyyət göstərən həkimlərin fəaliyyətinə və pasiyent hüquqlarına biganə yanaşdığını nümayiş etdirmişdir. Belə ki, klinikaya əməliyyat üçün ödədiyi 4.000 manat müqabilində ona heç bir qəbz təqdim edilməmişdir. Halbuki, Səhiyyə Nazirliyi ayrı-ayrı həkimlərə deyil, məhz tibb müəssisəsinə lisenziya verir ki, həkimlərə nəzarəti həyata keçirsin və pasiyent hüquqlarının qorunmasını təmin etsin. Lakin, müəyyən olunur ki, “## ##### 2025ci il tarixə Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim mütəxəssislərin Siyahısı”nda ümumiyyətlə həkim Yaqub Əsədinin adı olmamış və onun rinoplastika əməliyyatı icra etməyə heç bir səlahiyyəti olmamışdır. Qeyd edilənlər əsasında bildirir ki, klinikanın laqeydliyi və həkim səhlənkarlığı nəticəsində onun sağlamlığına cidd zərər dəymişdir. Hələ indiyə qədər həkim səhlənkarlığı nəticəsində burnunda nəfəsalamada çətinliyi davam edir və mütəmadi baş ağrıları olur. Bu səbəbdən iş yerində tam qüvvəsiylə çalışa bilmir, getdikcə iş qabiliyyəti azalır. Burnunun təkrar plastik əməliyyatı böyük risk yaratdığı üçün ölkə daxili fəaliyyət göstərən həkimlər bunu icra etmək istəmirlər. Bu səbəbdən Türkiyə Respublikasında fəaliyyət göstərən həkimlə yazışma nəticəsində bu əməliyyatın qardaş ölkədə icrasının mümkün olacağı, bunun üçün 22.000 avro pulun tələb olunduğu bildirilir. Tibb müəssisəsinin haqsızlığı nəticəsində ona qarşı olan zərər aşağıda sadalanır: 1. Burnunun sol yuxarı nayihəsində əllə müşahidə edilən batıq və əməliyyat sonrası yaranan baş ağrıları müalicə olunmalıdır. 2. Qüsurlu rinoplastika əməliyyatı təkrar (revizyon) icra edilməlidir. 3. Qabırğasında yaranan kobud forma yenidən cərrahi yolla düzəldirilməlidir. 4. Qüsurlu əməliyyat nəticəsində həm sağlamlığına vurulan zərər, həm də burnunun xarici görünüşünün qüsurlu hala gətirilməsi nəticəsində fiziki və psixoloji olaraq ictimaiyyət içərisinə çıxa bilmir, psixoloji sarsıntı keçirir. Bununla bağlı müalicə alır. Daha sonra iddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin tibbi xidmətlə əlaqədar vurulan real zərərə görə 4.000 manat və qüsurlu icra olunmuş əməliyyatın (rinoplastika üçün) təkrar icrası üçün 44.000 manatın “xxxx” MMC-dən tutulması hissəsində baxılmamış salanılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 MMC və “X1" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi iddiaçı "İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 MMC və “X1" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi zərərin əvəzinin ödənilməsi” hissəsində baxılmamış saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən vurulmuş mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pul və iddiaçının göstərilmiş hüquqi yardıma görə ödədiyi 500 (beş yüz ) manat pulun tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizanın ***-KEŞ nömrəli rəyindən müəyyən edilir ki, iddiaçı İddiaçı cavabdehin tibb müəssisəsində icra edilmiş cərrahiyyə əməliyyatından sonra burunda bulyoz tip qalınlaşma yaranmış, həmin dəyişiklik əməliyyatın qüsurlu texniki icrası ilə əlaqələndirilmiş, həmçinin iddiaçının revizion əməliyyata ehtiyacının olduğu göstərilmişdir. Ekspert rəyi ilə eyni zamanda səhiyyə sistemində qüvvədə olan normativ tələblərin pozulduğu müəyyən edilmişdir. Məhkəmə nəzərə almışdır ki, iddiaçının müraciət etdiyi tibbi müdaxilə estetik nəticənin əldə olunmasına yönəlmiş əməliyyat olmuşdur. İddiaçı İddiaçı öz xarici görünüşünün yaxşılaşdırılması məqsədilə tibbi xidmət almış, lakin nəticədə əlavə estetik qüsurların yaranması, sonradan yenidən korreksiya əməliyyatına ehtiyacın meydana çıxması və əldə olunması gözlənilən nəticənin təmin edilməməsi iş materialları ilə təsdiq olunmuşdur. Cavabdeh tərəf iddiaçının əməliyyata müraciət etməsinin onun əvvəlcədən xarici görünüşündən narazı olması ilə bağlı olduğunu bildirərək mənəvi zərərin mövcudluğunu mübahisələndirsə də, məhkəmə həmin mövqeni əsaslı hesab etmir. Belə ki, şəxsin xarici görünüşündə dəyişiklik etmək məqsədilə tibbi müdaxiləyə müraciət etməsi sonradan tibbi xidmətin qüsurlu göstərilməsi nəticəsində yaranmış mənfi nəticələrin həmin şəxs üçün mənəvi sarsıntı yaratmasını istisna etmir. Əks halda, estetik tibbi xidmətlərin göstərilməsi zamanı yol verilmiş qüsurların şəxsin mənəvi vəziyyətinə təsiri hüquqi qiymətləndirmədən kənarda qalardı. Məhkəmə hesab etmişdir ki, iddiaçının xarici görünüşünün qüsurlu hala düşməsi, ekspertiza ilə təsdiq olunmuş estetik çatışmazlığın mövcudluğu və həmin qüsurun aradan qaldırılması üçün yenidən əməliyyata ehtiyac yaranması obyektiv olaraq onda mənəvi sarsıntı doğuran hallar kimi qiymətləndirilməlidir. Bununla yanaşı, məhkəmə nəzərə almışdır ki, iş materiallarında iddiaçının istinad etdiyi bütün mənfi nəticələrin məhz aparılmış əməliyyatla səbəbli əlaqədə olmasını təsdiq edən sübutlar mövcud deyildir. Belə ki, ***/KEŞ nömrəli ekspert rəyində MRT müayinəsi zamanı aşkar olunmuş dəyişikliklərlə keçirilmiş cərrahiyyə əməliyyatı arasında səbəbli əlaqənin olmadığı göstərilmiş, əməliyyatdan sonra qeyd edilən baş ağrılarının isə subyektiv xarakter daşıdığı və onların əməliyyatla birbaşa əlaqəsinin müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Həmçinin ***-KEŞ nömrəli ekspert rəyində iddiaçıda sağlamlığa zərər vurmanın qiymətləndirilməsi üçün əsas ola biləcək obyektiv morfoloji əlamətlərin müəyyən edilmədiyi göstərilmişdir. Belə olan halda, məhkəmə mənəvi zərərin mövcudluğunu qəbul etsə də, iddiaçının istinad etdiyi bütün fiziki və psixoloji fəsadların cavabdehin hərəkətləri ilə əlaqədar olmasının sübuta yetirildiyi qənaətinə gəlməmişdir. Ali Məhkəmə Plenumunun qeyd olunan Qərarının 7.1, 7.4 və 7.15-ci bəndlərinə əsasən mənəvi təzminatın məbləği müəyyən edilərkən pozulmuş hüququn xarakteri, pozuntunun nəticələri, zərərçəkmişin keçirdiyi sarsıntının dərəcəsi, təzminatın mütənasibliyi və işin digər faktiki halları nəzərə alınmalıdır. Mənəvi təzminatın məqsədi şəxsin əsassız varlanmasını təmin etmək deyil, ona vurulmuş mənəvi sarsıntı və iztirabların ədalətli kompensasiyasına nail olmaqdır. Göstərilən halları, əməliyyatın qüsurlu icra edilməsinin ekspertiza ilə təsdiq olunmasını, iddiaçının təkrar estetik müdaxiləyə ehtiyac duymasını, eyni zamanda sağlamlığa zərərin tibbi meyarlar üzrə müəyyən edilməməsini və iddia olunan bəzi fəsadlarla əməliyyat arasında səbəbli əlaqənin sübuta yetirilməməsini nəzərə alan məhkəmə hesab etmişdir ki, tələb olunan 10.000 manat məbləğində mənəvi təzminat həddən artıqdır. Məhkəmə ədalətlilik, ağlabatanlıq və mütənasiblik prinsiplərini rəhbər tutaraq mənəvi zərərin 5.000 manat məbləğində kompensasiya edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə ödənilmiş 1.550 manat məbləğində pulun tutulması hissəsi işin mahiyyətini, hüquqi və faktiki mürəkkəblik dərəcəsini, məhkəmə iclaslarının sayını, hazırlanmış prosessual sənədlərin həcmini və hüquqi yardımın faktiki məzmununu qiymətləndirərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən hesab etmişdir ki, tələb olunan 1550 manat məbləğ iş üzrə görülmüş işin həcmi ilə mütənasib deyildir və tam məbləğdə tutulması cavabdehin hüquqlarının pozulmasına səbəb ola bilər. Bu səbəbdən məhkəmə hüquqi yardım xərclərinin ağlabatan həddini 500 manat məbləğində müəyyən edilməlidir. Qətnamədən narazı qalan cavabdeh “xxxx” MMC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində iddiaçının daxili orqanlarındakı ağrılar, baş ağrıları və MRT-dəki dəyişikliklərin əməliyyatla səbəbli əlaqədə olmadığını özü təsbit etmişdir. Lakin məhkəmə təhlil aparmadan, hansı hüquqi və ya tibbi meyarla "mənəvi sarsıntı" yarandığını əsaslandırmadan formal olaraq 5.000 manat təzminat müəyyən etmişdir. 15.10.25-ci il tarixli, ***/KEŞ saylı Məhkəmə-Tibbi Ekspertizası rəyi ilə təsdiq olunub ki, iddiaçının subyektiv şikayətləri və baş ağrıları nevroloji/patoloji xarakter daşıyır, icra olunan rinoplastika ilə bağlı deyil. 08.04.25 ***-KEŞ saylı rəydə iddiaçıda sağlamlığa zərər vurulmasını təsdiqləyən heç bir obyektiv morfoloji əlamət tapılmamışdır. Sağlamlığa xələl gəlmədiyi və iddia edilən ağırlaşmalar arasında səbəbli əlaqə olmadığı halda, yalnız pasiyentin subyektiv psixoloji narazılığı səbəbi ilə mənəvi zərər kəsilməsi qanunun normalarını təhrif edir. Məhkəmə işdə olan ekspertiza rəylərini nəzərə almışdır. 27.##.## ****/KEŞ saylı rəydə təkrar əməliyyat risklərinin olduğu qeyd edilsə də, gələcək fəsadların qeyri-müəyyən olduğu vurğulanmışdır. Məhkəmə sübut olunmamış ehtimaları iddiaçının xeyrinə şərh edərək obyektivlik prinsipini pozmuşdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsi məhkəməyə sübutlara aidiyyəti, mötəbərliyi və kifayətliliyi baxımından birgə və hərtərəfli qiymət vermək öhdəliyi qoyur. Ekspert rəylərində iddiaçının iddialarını təsdiqləyən vahid tibbi əsas olmadığı halda, məhkəmənin "estetik narazılıq" amilini mənəvi zərərin kəsilməsi üçün kifayət sayması Mülki Prosessual Məcəllənin 88-ci maddənin birbaşa pozuntusudur. 5.000 manat mənəvi zərər məbləği iddiaçının səhhətində daimi əlillik və ya ciddi şikəstlik yaranmadığı halda işin faktiki hallarına tamamilə uyğunsuz və şişirdilmişdir, mütənasiblik prinsipinə ziddir. Mənəvi zərərin məbləği vurulmuş zərərin dərəcəsinə mütənasib olmalıdır. İddiaçının 48.000 manat olan maddi zərər (əməliyyat və təkrar müalicə xərcləri) tələbi baxılmamış saxlanıldığı üçün ortada subyektiv inciklikdən başqa rəsmi sübut olunmuş maddi və ya fiziki zərər yoxdur. Belə bir şəraitdə iddiaçıya 5.000 manat müəyyən edilməsi mənəvi zərər institutunun iddiaçı tərəfindən əsassız varlanma vasitəsinə çevrilməsinə şərait yaradır. Konstitusiya Məhkəməsi açıq şəkildə müəyyən edir ki, həkimlər xüsusi risk qrupuna aid peşə sahibidir. Onlar yalnız təqsirli şəkildə vurulan zərərə görə məsuliyyət daşıyırlar. Bütün prosedurlar tibbi standartlara uyğun aparılıbsa, əvvəlcədən gözlənilməyən və ya qarşısı alına bilməyən arzuolunmaz nəticə ortaya çıxdıqda həkimin və ya tibb müəssisəsinin hüquqi məsuliyyəti istisna edilir. İşdə olan ***-KEŞ saylı rəy iddiaçının sağlamlığına zərər vurulmadığını, ***/KEŞ saylı rəy isə fəsadlarla əməliyyat arasında səbəbli əlaqənin olmadığını təsdiq edir. Müdaxilə tibbi standartlar daxilində olduğuna görə Konstitusiya Məhkəməsinin bu şərhinə əsasən cavabdehin məsuliyyəti tamamilə istisna olunur. Məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən sırf güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər. İddiaçının keçirdiyi narazılıq sırf subyektiv estetik hiss və ya emosional narahatlıqdır. İş materiallarında iddiaçının tibbi mənada ağır mənəvi sarsıntı keçirdiyini təkzibedilməz şəkildə təsdiqləyən heç bir psixoloji/psixiatrik diaqnoz və ya obyektiv sənəd yoxdur. Qərarda xüsusi vurğulanır ki, mənəvi zərərin ödənilməsi üçün hüquqazidd hərəkət (təqsir) ilə dəymiş sarsıntı arasında birbaşa səbəbli əlaqə və hüquqazidd əməlin mövcudluğu sübut olunmalıdır. 940/KEŞ rəyi ilə səbəbli əlaqə təkzib edildiyindən, delikt tərkibinin əsas elementi yoxdur və Mülki Məcəllənin 23-cü maddəsi bu halda təzminat kəsilməsinə imkan vermir. Mənəvi zərərin həcmi (məbləği) məhkəmə tərəfindən mütənasiblik və ədalətlilik meyarları baxımından qiymətləndirilməli, cavabdehin maddi durumu və işin faktiki ağırlıq dərəcəsi nəzərə alınmalıdır. Sağlamlığa xələl gəlmədiyi, maddi zərər iddiaları baxılmamış saxlanıldığı halda 5.000 AZN məbləğində mənəvi zərər kəsilməsi Konstitusiya Məhkəməsinin tələb etdiyi mütənasiblik və ədalətlilik prinsipinə tamamilə ziddir. Konstitusiya Məhkəməsi məhkəmələrin üzərinə emosional narahatlıqla ağır mənəvi sarsıntını fərqləndirmək öhdəliyi qoymuşdur. İşdə olan 197-KEŞ və ***/KEŞ saylı ekspertiza rəyləri ilə cavabdehin təqsiri və səbəbli əlaqə təkzib edildiyi halda, birinci instansiya məhkəməsinin Konstitusiya Məhkəməsinin Plenumunun bu məcburi nəticələrini nəzərə almadan təzminat kəsməsi maddi hüquq normalarının kəskin pozulmasıdır. Məhkəmə "xxxx" MMC-ni işçisi (həkim Yaqub Əsədi) tərəfindən törədilmiş iddia olunan deliktə görə cavabdeh qismində cəlb edib məsuliyyətə cəlb etsə də, həkimin fəaliyyətində konkret hansı hərəkətin hüquqazidd olmasını və bu hərəkətin hansı dərəcədə klinikaya aid edilməsini (vəzifə təlimatının pozulması ilə nəticə arasındakı bağı) Mülki Qanunvericiliyin delikt şərtlərinə tam uyğun əsaslandırmamışdır. Mülki məsuliyyətin yaranması üçün 4 şərtin eyni anda mövcudluğu mutləqdir: Hüquqa zidd hərəkət/hərəkətsizlik; Zərər; Əməl ilə zərər arasında birbaşa səbəbli əlaqə; Təqsir. Məhkəmə qətnamədə cavabdehin üzərinə delikt məsuliyyəti qoyarkən səbəbli əlaqə elementini nəzərə almamışdır. İşdə olan ***/KEŞ nömrəli ekspert rəyində açıq şəkildə göstərilmişdir ki, iddiaçının baş ağrıları subyektivdir və cərrahiyyə əməliyyatı ilə birbaşa səbəbli əlaqəsi müəyyən edilməmişdir. Beyin MRT sindəki dəyişikliklərlə əməliyyat arasında da səbəbli əlaqə yoxdur. Səbəbli əlaqəsi sübut olunmayan fəsadlara görə cavabdehin delikt məsuliyyətinə cəlb edilməsi Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsində söhbət bilavasitə "sağlamlığa vurulmuş zərər"dən gedir. Lakin işdə olan ***-KEŞ nömrəli ekspert rəyində rəsmi olaraq qeyd edilmişdir ki, “İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onda sağlamlığa zərərvurmanın qiymətləndirilməsində kriteriya kimi qiymətləndirilə biləcək hər hansı obyektiv morfoloji əlamət müəyyən edilmədi”. Sağlamlığa zərərvurma faktı tibbi və hüquqi meyarlar üzrə müəyyən edilmədiyi halda, məhkəmənin tibbi xidməti tam delikt qaydalarına tabe tutaraq cavabdehə məsuliyyət yükləməsi Mülki Məcəllənin 1112-ci maddəsinin hüquqi mahiyyətinə uyğun gəlmir. İşdə olan ***/KEŞ nömrəli ekspert rəyində iddiaçının beyin MRT-sindəki dəyişikliklərin keçirilmiş əməliyyatla səbəbli əlaqədə olmadığı, baş ağrılarının subyektiv xarakter daşıdığı, ***-KEŞ nömrəli rəydə isə sağlamlığa zərərvurmanın obyektiv kriteriyasının müəyyən edilmədiyi göstərilmişdir. Məhkəmə bir tərəfdən bu rəyləri qəbul edərək zərər və səbəbli əlaqənin olmadığını faktiki olaraq təsdiqləmiş, digər tərəfdən isə hansı hüquqi mexanizmə və hansı subyektiv mülahizəyə əsaslanaraq cavabdehdən 5.000 manat mənəvi zərər tutulması qənaətinə gəldiyini hüquqi baxımdan əsaslandırmamışdır. Nəticədə məhkəmə iş üzrə mövcud olan sübutlara və iddialara Mülki Prosessual Məcəllənin 218.1 və 220.4-cü maddələrinin tələb etdiyi qaydada hərtərəfli və tam hüquqi qiymət verməmiş, sübutları rədd və ya qəbul etmə gərəkliliyini əsaslandırmamışdır. Bu isə iş üçün əhəmiyyətli olan halların tam aydınlaşdırılmaması kimi qiymətləndirilməli və qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün birbaşa əsas yaratmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır, çünki məhkəmə iş üzrə sübutlara hərtərəfli qiymət verməmiş və işin real hallarını aydınlaşdırmamışdır. İddiaçının iddiaları iki əsas ekspertiza rəyi ilə tam təkzib olunur: ***/KEŞ saylı rəy əməliyyatla iddia edilən fəsadlar arasında səbəbli əlaqəni istisna edir, ***-KEŞ saylı rəy isə sağlamlığa xələl gəlmədiyini təsdiqləyir. Sağlamlığa dəyən zərər və hüquqazidd əməllə fəsadlar arasında səbəbli əlaqə sübuta yetirilmədiyi halda, məhkəmə mənəvi sarsıntının hansı meyarlarla yaranmasını araşdırmamış və 5.000 manat mənəvi zərər təzminatını heç bir obyektiv tibbi və ya hüquqi faktla əsaslandırmadan müəyyən etmişdir . Birinci instansiya məhkəməsi mənəvi zərərin tutulması haqqında nəticəyə gələrkən mülki məsuliyyətin əsasını təşkil edən üç ana elementi sübut olunmamış hesab etməli idi, lakin əksinə davranmışdır. İddiaçının mənəvi/psixoloji sarsıntı keçirməsi barədə işdə heç bir tibbi və ya psixoloji sübut yoxdur; cavabdehin həkim xətasına yol verməsi və hüquqazidd əməli ***-KEŞ saylı rəylə təkzib olunur (sağlamlığa zərər vurulmayıb); iddia edilən ağırlaşmalarla əməliyyat arasında səbəbli əlaqənin olmadığı ***/KEŞ saylı rəylə subut olunub. Belə olan halda, məhkəmə iş üçün əhəmiyyət kəsb edən heç bir faktiki hal sübuta yetirilmədiyi halda, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinin tələblərini pozaraq sübutsuz iddialar əsasında 5.000 manat təzminat müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin halarına tamamilə uyğun gəlmir. Məhkəmə öz qətnaməsində bir tərəfdən ***/KEŞ saylı rəyə istinadən əməliyyatla iddia edilən fəsadlar arasında səbəbli əlaqənin olmadığını təsbit etmiş, digər tərəfdən isə bu nəticəyə zidd olaraq cavabdehdən mənəvi zərər tutulması barədə məntiqsiz və ziddiyyətli nəticəyə gəlmişdir. İş materialarında sağlamlığa zərər vurulması faktı (197-KEŞ rəyi) təkzib edildiyi halda, məhkəmənin gəldiyi nəticələr işdə olan obyektiv sübutlara deyil, iddiaçının subyektiv iddialarına söykənir . Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam rədd edilməsi xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilmişdir. Həmçinin qətnamə iddianın təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu:

10. Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır.

57. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarı:

Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli qərarı:

4.67. İstinad edilən Qanunun məzmunu baxımından dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərmək, tibbi müdaxilənin tibbi əsaslara uyğun tərzdə, ixtisaslı və yetərli təcrübəyə malik həkim tərəfindən həyata keçirilməsini təmin etmək vəzifəsi ilə yanaşı, pasiyent hüquqlarının təmin olunmamasına görə də məsuliyyət daşıyırlar. 4.70. Mülki Məcəllənin 1112-ci maddəsində şəxsin sağlamlığına vurulmuş zərərə görə yalnız tibb müəssisəsinin məsuliyyəti müəyyən edilsə də, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən personalın da bu pozuntulara görə təqsirli olduğu hallarda məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd olunanlar, habelə tibb müəssisələrinin, eyni zamanda personalla işçi-işəgötürən münasibətlərində olması nəzərə alınaraq, tibbi xidmətlə bağlı vurulmuş zərərin kompensasiyasına dair iddialara Mülki Məcəllənin 1099-cu maddəsinin də tələbləri gözlənilməklə baxılmalıdır. 4.73. Keyfiyyətsiz tibbi yardıma görə sağlamlığa vurulmuş zərərlə bağlı mənəvi təzminatın ödənilməsi barədə iddia tələbləri araşdırılarkən məhkəmələr aşağıdakı xüsusi bilik tələb edən halları müəyyən etməlidirlər: xəstəyə tibbi yardım göstərilərkən ona düzgün diaqnozun qoyulması, vaxtında və keyfiyyətli bütün zəruri və mümkün olan tədbirlərin görülməsi, müayinə və müalicənin tibbi yardımın göstərilməsi qaydalarına cavab verməsi, tibbi yardımın standartlara və klinik protokollara uyğun olması, tibbi yardımın qüsurlu olub olmaması, qüsurların xəstəliyin davamiyyətinə təsiri (sağlamlığın pisləşməsinə səbəb olması, ağır nəticələrə səbəb olması) və bunun səbəbi kimi onun tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxarması. 4.76. Nəticəsinə təminat verilən tibbi fəaliyyətin müqavilə şərtlərinə cavab verməməsindən (məsələn, burnun estetik əməliyyatında gözlənilən nəticənin əldə olunmaması) doğan mənəvi zərər tələbləri isə yalnız şəxsin özü tərəfindən irəli sürülə bilər. 5.1.Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. 5.2.Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri müəyyənlik və s.). 5.3.Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. 5.4.Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. 7.1.Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. 7.3. Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. 7.4. Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz. 7.6. Mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin artıb-azalması da mümkündür. Belə ki, hadisədən dərhal sonra təzminat tələb edən şəxslə əhəmiyyətli müddətin keçməsindən sonra tələb irəli sürən şəxs arasında zərərin təsiri ilə bağlı qiymətləndirmə aparılmalıdır. 7.15. Zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların ağırlığına məhkəmə tərəfindən işin diqqətəlayiq bütün faktiki hallarına görə qiymət verilməlidir. Bu hallara sarsıntı və (və ya) iztirabların dərəcəsi və xarakterinə təsir edən istənilən hallar aid edilir. Mənəvi zərərin kompensasiyası üsulu və təzminatın həcmi müəyyən edilərkən məhkəmələr tərəfindən xüsusi ilə zərərçəkmişin pozulmuş şəxsiyyət hüquqlarının növü; belə hüquqların məhdudlaşdırılmasının xarakteri, dərəcəsi və zərər vurma üsulu (intensivliyi, mənfi təsirin miqyası və müddəti) nəzərə alınmaqla qiymətləndirilməlidir. Məsələn, iztirab xarakteri daşıyan üsulla sağlamlığa zərər vurulması, uşaqlarının yanında valideynlərin şərəf və ləyaqətinin alçaldılması. 7.16. Həmçinin zərərçəkmişə yetirilmiş mənəvi sarsıntı və (və ya) iztirabların nəticələri, bundan əlavə, sağlamlığa vurulan zərərin dərəcəsi, sağlamlığın pozulmasının və əmək qabiliyyətinin itirilməsinin müddəti, zərərçəkmişin ambulator və ya stasionar müalicəyə ehtiyacı, əvvəlki həyat tərzinin davam etmək imkanının olub-olmaması aydınlaşdırılmalıdır. Mənəvi təzminatın həcmi müəyyən edilərkən məhkəmə zərərvuran tərəfindən zərərçəkmişin bir və ya bir neçə şəxsiyyət hüququnun pozulması hallarının baş verməsini də araşdırmalıdır.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin ##.##.2025-ci il tarixli ***-KEŞ nömrəli ekspert rəyindən görünür ki, 1. İddiaçı adına "xxxx” MMC Klinikasında tərtib edilmiş xəstəlik tarixindən görünür ki, o, ##.##.2023-cü il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona "Burun çəpəri əyriliyi" diaqnozu düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq həmin tarixdə onun üzərində "Revizion septoplastika" cərahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı ##.##.2024-cü il tarixdə "Burun korreksiyası" diaqnozu ilə təkrar "xxxx” MMC Klinikasına daxil olmuş və həmin tarixdə "Burunun arxa nahiyəsinin korreksiyası və burunun ön dəliklərinin bərabərləşdirilməsi" əməliyyatı icra olunmuşdur. 2. İddiaçı mütəxəssis müayinəsi zamanı onda aparılmış əməliyyatlardan sonra burunda bulyoz tip qalınlaşmanın olduğu müəyyən edilmişdir ki, bu da əməliyyatın qüsurlu texniki icrası ilə əlaqədar olmuşdur. Bununla bağlı onun estetik olaraq "Revizion" əməliyyata ehtiyacı vardır. İddiaçı icra edilmiş qüsurlu cərrahiyyə əməliyyatı ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan Səhiyyə Nazirliyinin ##.##.2012-ci il tarixli ** saylı əmri ilə təsdiq edilmiş "Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları"nın 24.1-ci bəndinin ("ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə") tələbləri pozulmuşdur. Buna məsul şəxs LOR-həkimi Yaqub Əsədidir. 3. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onda sağlamlığa zərərvurmanın qiymətləndirilməsində kriteriya kimi qiymətləndirilə biləcək hər hansı obyektiv morfoloji əlamət müəyyən edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin ##.##.2025-ci il tarixli ***/KEŞ nömrəli rəyindən görünür ki, 1. İddiaçı üzərində ##.##.2023-cü il tarixdə "xxxx” Klinikasında "Revizion septoplastika" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişi zamanı qabırğa qrefti götürülmüş və transfer edilmişdir. Qabırğa qrefti ilə bağlı hər hansı bir estetik əməliyyata ehtiyac duyulmur, xaricdən isə dəri nahiyyəsində əgər çapıq toxuması kobud formalaşarsa onda çapıq üzərində estetik əməliyyat aparıla bilər. 2. İddiaçı ##.##.2024-cü il tarixdə X4 beyin MRT müayinəsindən keçmiş və onda beyin yarımkürələrində subaraxnodial şırımların həcminin qeyri-kobud artması, alın nahiyələrində subkortikal lokalizasiyalı tək-tək xırda mm-lik qliotik ocaqların olduğu müəyyən edilmişdir. Bunun da aparılmış "Revizion septoplastika" cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. 3. İddiaçı burunun yuxarı nahiyəsində əllə müşahidə olunan batığın olması keçirilmiş olduğu əməliyyatın qüsurlu icrası ilə əlaqədar olması istisna edilmir. 4. İddiaçı əməliyyatdan sonra qeyd etdiyi baş ağrıları subyektiv xarakter daşıyır. Keçirilmiş əməliyyatla bağlı bir başa səbəbli əlaqəsinin olub-olmaması haqqında fikir söylənilməsi mümkün deyildir. 5. İddiaçı adına tərtib edilmiş stasionar xəstənin tibbi kartasında olan qeydiyyatlar səhiyyə sistemində qüvvədə olan təlimata uyğun olmuşdur. Praktik tibbi fəaliyyətlə məşğul olmaq üçün Səhiyyə Naziriliyi tərəfindən müvafiq şəhadətnaməsi olan LOR-həkimi tərəfindən "Rinoseptoplastika" cərrahiyyə əməliyyatı icra oluna bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin ##.##.2026-cı il tarixli ****/KEŞ nömrəli rəyindən görünür ki, 1. İddiaçı üzərində ##.##.2023-cü il tarixdə "xxxx” Klinikasında "Revizion septoplastika" cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişi zamanı qabırğa qrefti götürülmüş və transfer edilmişdir. Qabırğa qrefti ilə bağlı hər hansı bir estetik əməliyyata ehtiyac duyulmur, xaricdən isə dəri nahiyyəsində əgər çapıq toxuması kobud formalaşarsa onda çapıq üzərində estetik əməliyyat aparıla bilər. Çıxarılmış qreft nahiyəsində hər hansı bir patologiya aşkar olunmadı. 2. İddiaçı üzərində təkrar estetik əməliyyat aparıla bilər, lakin təkrar əməliyyatların riskləri mövcuddur. Bunlara qan dövranının pozulması, çapıq toxumasının artması, burun tənəffüsünün pisləşməsi, qığırdaq çatışmazlığı, estetik problemlər, sinir zədələnməsi, sağalmanın uzun çəkməsi və s. ola bilər. Aparılacaq əməliyyatın nəticəsi və hər hansı bir ağırlaşmaların baş verməsi haqqında əvvəlcədən fikir söylənilməsi mümkün deyil. Cavabdeh apellyasiya şikayətində, əsasən, iş üzrə alınmış 197/KEŞ və ***/KEŞ saylı məhkəmə-tibbi ekspertiza rəylərinə istinad edərək iddiaçının sağlamlığına zərər vurulmasının və əməliyyatla sonradan yaranmış fəsadlar arasında səbəbli əlaqənin müəyyən edilmədiyini, buna görə də cavabdehin mülki məsuliyyətinin yaranmadığını, habelə mənəvi zərərin yalnız subyektiv narazılıqdan ibarət olduğunu iddia edir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətində ekspert rəylərinin nəticələri düzgün qiymətləndirilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, ***/KEŞ saylı ekspert rəyində iddiaçı İddiaçı üzərində aparılmış əməliyyatlardan sonra burunda bulyoz tip qalınlaşmanın müəyyən edildiyi, bunun əməliyyatın qüsurlu texniki icrası ilə əlaqədar olduğu və iddiaçının estetik baxımdan revizion əməliyyata ehtiyacının yarandığı göstərilmişdir. Eyni rəydə qüsurlu cərrahi əməliyyatla əlaqədar səhiyyə sistemində qüvvədə olan normativ tələblərin pozulduğu və buna məsul şəxsin LOR-həkimi Yaqub Əsədi olduğu müəyyən edilmişdir. Deməli, cavabdehin “ekspertiza həkim xətasını və hüquqazidd əməli təkzib edir” barədə dəlili iş materiallarının məzmununa uyğun deyildir. Əksinə, ***/KEŞ saylı rəy tibbi müdaxilənin qüsurlu texniki icrasını və həmin qüsurun konkret həkimin fəaliyyəti ilə əlaqəsini müəyyən edən sübutlardan biridir. Ekspert rəyində iddiaçının sağlamlığına zərər vurmanın qiymətləndirilməsi üçün kriteriya kimi qəbul edilə biləcək obyektiv morfoloji əlamətin müəyyən edilməməsi barədə nəticə isə həmin rəyin digər nəticələrini aradan qaldırmır. Burada “sağlamlığa zərər vurma” ilə “qüsurlu tibbi xidmət nəticəsində şəxsiyyət hüquqlarının pozulması və mənəvi zərərin yaranması” eyni hüquqi kateqoriyalar deyildir. Mülki Məcəllənin 1112-ci maddəsində tibb müəssisəsində müalicə zamanı, o cümlədən cərrahiyyə əməliyyatı nəticəsində şəxsin sağlamlığına vurulmuş zərərin ümumi əsaslarla ödənilməsi nəzərdə tutulsa da, hazırkı mübahisədə iddiaçının tələbinin təmin edilmiş hissəsi yalnız sağlamlığa vurulmuş zərərin kompensasiyası ilə məhdudlaşmır. Birinci instansiya məhkəməsi iddiaçının xarici görünüşünün qüsurlu hala düşməsi, tibbi müdaxilənin qüsurlu icra olunması, əldə edilməsi gözlənilən estetik nəticənin təmin edilməməsi və revizion əməliyyata ehtiyac yaranması ilə əlaqədar mənəvi zərərin mövcudluğunu müəyyən etmişdir. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli Qərarının 4.73-cü bəndindən də görünür ki, keyfiyyətsiz tibbi yardıma görə mənəvi təzminat tələblərinə baxılarkən tibbi yardımın standartlara və klinik protokollara uyğunluğu, tibbi yardımın qüsurlu olub-olmaması, qüsurların xəstəliyin davamiyyətinə və sağlamlığın pisləşməsinə təsiri və digər xüsusi bilik tələb edən hallar müəyyən edilməlidir. Hazırkı işdə isə həmin xüsusi bilik tələb edən məsələlər üzrə ekspertizalак keçirilmiş və ***/KEŞ saylı rəydən əlavə, təyin edilərək keçirilmiş digər rəylərlə də tibbi müdaxilənin qüsurlu texniki icrası müəyyən edilmişdir. Bundan əlavə, həmin Qərarın 4.76-cı bəndinə əsasən, nəticəsinə təminat verilən tibbi fəaliyyətin müqavilə şərtlərinə cavab verməməsindən, o cümlədən burnun estetik əməliyyatında gözlənilən nəticənin əldə olunmamasından doğan mənəvi zərər tələbləri də mümkündür. Bu baxımdan, cavabdehin “iddiaçının narazılığı yalnız subyektiv estetik hissdən ibarətdir” barədə dəlili də əsaslı sayıla bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçı estetik nəticənin əldə edilməsi məqsədilə tibbi müdaxiləyə məruz qalmış, lakin ekspertiza ilə müəyyən edilmiş qüsurlu texniki icra nəticəsində burnunda bulyoz tip qalınlaşma yaranmış və revizion əməliyyata ehtiyac meydana çıxmışdır. Şəxsin tibbi müdaxiləyə öz xarici görünüşündən narazı olduğu üçün müraciət etməsi tibbi xidmətin qüsurlu göstərilməsi nəticəsində həmin xarici görünüşdə əlavə qüsurun yaranmasının onun şəxsiyyət hüquqlarına və psixoloji vəziyyətinə təsir göstərməsini istisna etmir. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2002-ci il tarixli qərarında da mənəvi zərərin şəxsi qeyri-əmlak hüquqlarının pozulmasının müstəqil nəticəsi olduğu, onun əmlak zərəri ilə birlikdə və ya əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilə biləcəyi göstərilmişdir. Eyni zamanda, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Qərarın 5.1 və 5.2-ci bəndlərinə əsasən mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və ya iztirabdır, mənəvi sarsıntı isə şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində yaranan neqativ emosional vəziyyətdir. Belə sarsıntının mövcudluğunun mütləq qaydada psixoloq və ya psixiatr tərəfindən diaqnozla təsdiq edilməsi barədə qanunvericilikdə tələb müəyyən edilməmişdir. Bu baxımdan, apellyasiya şikayətində iddiaçının mənəvi zərər çəkdiyini təsdiq edən psixoloji və ya psixiatrik diaqnozun olmamasına istinad edilməsi də əsassızdır. Mənəvi zərərin mövcudluğu işin konkret hallarının, pozulmuş hüququn xarakterinin, pozuntunun nəticələrinin və zərərçəkmiş şəxsin keçirdiyi sarsıntının bütün sübutların məcmusu üzrə qiymətləndirilməsi əsasında müəyyən edilir. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, cavabdehin ***/KEŞ saylı ekspert rəyinə istinad etməsi də birinci instansiya məhkəməsinin nəticəsinin ləğvi üçün əsas yaratmır. Həmin rəydə iddiaçının beyin MRT-sində aşkar edilmiş dəyişikliklərin keçirilmiş əməliyyatla səbəbli əlaqəsinin olmadığı, baş ağrılarının subyektiv xarakter daşıdığı və əməliyyatla birbaşa səbəbli əlaqəsinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Lakin həmin rəy eyni zamanda iddiaçının burnunun yuxarı nahiyəsində əllə müşahidə olunan batığın keçirilmiş əməliyyatın qüsurlu icrası ilə əlaqədar olmasını istisna etməmişdir. Odur ki, birinci instansiya məhkəməsi də məhz bu halları nəzərə alaraq iddiaçının bütün fiziki şikayətlərinin və MRT nəticələrinin cavabdehin fəaliyyəti ilə səbəbli əlaqədə olduğunu qəbul etməmiş, həmin halları mənəvi təzminatın məbləğinin müəyyən edilməsində əsas götürməmişdir. Bu isə apellyasiya şikayətində göstərildiyi kimi məhkəmənin ekspert rəylərini nəzərə almaması deyil, əksinə, ekspert rəylərindəki nəticələri düzgün fərqləndirməsi deməkdir. ****/KEŞ saylı ekspert rəyində də iddiaçı üzərində təkrar estetik əməliyyatın aparılmasının mümkün olduğu, lakin belə əməliyyatların müxtəlif risklərinin mövcudluğu və gələcək nəticənin əvvəlcədən müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Bu rəy gələcək əməliyyatın nəticəsinin təminatlı olmasını təsdiq etməsə də, hazırkı mübahisənin həlli üçün əsas olan faktı iddiaçıda təkrar estetik müdaxiləyə ehtiyacın mövcudluğunu aradan qaldırmır. Beləliklə, ekspert rəylərinin məcmu qiymətləndirilməsi nəticəsində müəyyən olunur ki, iddiaçının əməliyyat nəticəsində bütün səhhət şikayətlərinin yaranması təsdiq edilməsə də, burunda əməliyyatın qüsurlu texniki icrası ilə əlaqəli dəyişiklik mövcuddur və həmin dəyişiklik estetik revizion əməliyyata ehtiyac yaratmışdır. Cavabdehin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulmuş deliktin zəruri elementlərinin mövcud olmaması barədə dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, iş üzrə hüquqa zidd davranışın mövcudluğu ekspert rəyləri ilə təsdiq edilmişdir. Belə ki, həmin rəydə əməliyyatın qüsurlu texniki icrası və səhiyyə sistemində qüvvədə olan normativ tələblərin pozulması müəyyən edilmişdir. Zərərin nəticəsi kimi isə iddiaçının xarici görünüşündə qüsurun yaranması və revizion estetik əməliyyata ehtiyacın meydana çıxması müəyyən edilmişdir. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Hazırkı işdə tibbi müdaxiləni “xxxx” MMC-nin tibb müəssisəsində həmin müəssisədə fəaliyyət göstərən həkim həyata keçirmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi bu halı izahatında təsdiq etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, ***/KEŞ saylı ekspert rəyi ilə qüsurlu icraya görə məsul şəxs kimi məhz həmin həkim müəyyən edilmişdir. Buna görə tibbi xidmətin göstərilməsi zamanı işçinin yol verdiyi qüsurlu hərəkətin hüquqi nəticələrinə görə tibb müəssisəsinin məsuliyyətinin yaranması Mülki Məcəllənin 1099.1-ci maddəsi baxımından əsaslıdır. Apellyasiya şikayətində cavabdeh ***/KEŞ saylı rəydə rinoseptoplastika əməliyyatının müvafiq şəhadətnaməsi olan LOR-həkimi tərəfindən icra oluna bilməsinə istinad etsə də, bu hal konkret əməliyyatın qüsursuz və tibbi standartlara uyğun icra edildiyini təsdiq etmir. Əksinə, əməliyyatın qüsurlu texniki icrası barədə nəticə rəylər ilə müəyyən edilmişdir. Buna görə əməliyyatı ümumiyyətlə LOR-həkiminin icra edə bilməsi barədə ümumi məlumat konkret əməliyyatın keyfiyyətli icra edilməməsi faktını aradan qaldırmır. Bundan başqa, cavabdehin “maddi zərər tələbi baxılmamış saxlanıldığı halda mənəvi zərərin tutulması mümkün deyil” barədə dəlili də əsassızdır. Yuxarıda qeyd olunduğu kimi, mənəvi zərərin kompensasiyası üçün mütləq qaydada maddi zərərinin mövcudluğu tələb edilmir. Mənəvi zərər müstəqil hüquqi nəticə kimi kompensasiya oluna bilər. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi 5.000 manat məbləğində mənəvi təzminat müəyyən edərkən işin bütün faktiki hallarını nəzərə almışdır ki, bu baxımdan cavabdehin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının istinad etdiyi bütün fiziki və psixoloji fəsadların əməliyyatla səbəbli əlaqədə olduğunu qəbul etməmiş, MRT nəticələrini və baş ağrılarını əməliyyatın nəticəsi kimi qiymətləndirməmiş, sağlamlığa zərərin tibbi meyarlar üzrə müəyyən edilmədiyini nəzərə almış və məhz bu səbəbdən iddiaçının tələb etdiyi 10.000 manatın tam məbləğdə tutulmasını məqsədəuyğun hesab etməmişdir. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli Qərarının 7.1, 7.3, 7.4, 7.15 və 7.16-cı bəndlərinin tələblərinə uyğun olaraq mənəvi təzminatın məbləği müəyyən edilərkən pozulmuş şəxsiyyət hüququnun növü, hüquqazidd əməlin xarakteri və ağırlıq dərəcəsi, pozuntunun nəticələri, mənfi təsirin müddəti və miqyası, zərərçəkmiş şəxsin keçirdiyi sarsıntının xarakteri, habelə sağlamlıq vəziyyəti və digər faktiki hallar nəzərə alınmalıdır. Hazırkı işdə iddiaçının estetik tibbi müdaxilə nəticəsində gözlədiyi nəticəni əldə etmədiyi, əksinə, ekspertiza ilə təsdiqlənmiş əlavə estetik qüsurun yarandığı və bunun aradan qaldırılması üçün revizion əməliyyata ehtiyac olduğu müəyyən edilmişdir. Bu hallar iddiaçının şəxsiyyət hüquqlarına müdaxilənin xarakterini, mənfi nəticənin intensivliyini və davamlılığını qiymətləndirmək üçün kifayətdir. Birinci instansiya məhkəməsi də məhz bu halları nəzərə alaraq 10.000 manat tələb olunan mənəvi təzminatı tam təmin etməmiş, 5.000 manat məbləğində təzminatı ədalətli, ağlabatan və mütənasib kompensasiya kimi müəyyən etmişdir. Apellyasiya şikayətində həmin məbləğin niyə konkret olaraq qeyri-mütənasib olması barədə işin faktiki hallarından irəli gələn əsaslı arqument göstərilməmişdir. “xxxx” arqumenti isə təkbaşına mənəvi zərərin mövcudluğunu istisna etmədiyindən, 5.000 manat məbləğində təzminatın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi göstərlən nəticəyə gələrkən iddiaçının üzərində xeyli müddət bundan əvvəl aparılmış uğursuz cərrahiyə əməliyyatının nəticəsində sağlamlığında yaranmış fəsadlarla mövcud vəziyyətin hazırki vaxta davam etməsini də nəzərə almışdır. Məhkəmə Kollegiyası həmçinin nəzərə alır ki, mənəvi zərərin pul ifadəsində dəqiq riyazi ölçülməsi mümkün deyildir. Buna görə də məhkəmə tərəfindən müəyyən edilən məbləğ işin konkret hallarına əsaslanan mülahizə əsasında, ədalətlilik və mütənasiblik meyarları nəzərə alınmaqla düzgün müəyyən edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iş materiallarına əsasən cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyanın vurulması ilə mənəvi ziyanın vurulması arasında səbəli əlaqə mövcuddur. Belə olan halda kollegiya cavabdehdən iddiaçının xeyrinə 5.000 manat mənəvi ziyanın tutulmasını ağlabatan və ədalətli hesab edir. Beləliklə, birinci instansiya məhkəməsinin 5.000 manat məbləğində təzminat müəyyən etməsi iş materiallarında təsdiqini tapmış hallarla uyğunluq təşkil edir. Cavabdehin Mülki Prosessual Məcəllənin 88-ci, 77-ci, 217-ci, 218.1-ci və 220.4-cü maddələrinin pozulması barədə dəlilləri də əsassızdır. Birinci instansiya məhkəməsi iş üzrə mövcud olan ekspert rəylərini, tərəflərin izahatlarını və digər sübutları birlikdə qiymətləndirmiş, iddiaçının bütün iddialarını əməliyyatın nəticəsi kimi qəbul etməmiş, yalnız sübutlarla təsdiq olunan halları mənəvi zərərin müəyyən edilməsində nəzərə almışdır. Qətnamədə hansı halların qəbul edildiyi, hansı halların isə səbəbli əlaqə baxımından təsdiqlənmədiyi aydın şəkildə göstərilmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin nəticələri ilə işin müəyyən edilmiş halları arasında ziddiyyət mövcud deyildir. Əksinə, qətnamənin əsaslandırılmasından görünür ki, məhkəmə ekspert rəylərində göstərilən bir-birindən fərqli nəticələri ayırd etmiş və yalnız əməliyyatın qüsurlu icrası ilə əlaqəsi təsdiqlənən halları hüquqi qiymətləndirməyə cəlb etmişdir. Hüquqi yardım xərclərinə münasibətdə isə Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə konkret halları və göstərilmiş hüquqi yardımın həcmini nəzərə almaqla digər tərəfdən ağlabatan məbləğdə xərclərin tutulmasını qərara ala bilər. Birinci instansiya məhkəməsi işin mürəkkəbliyini, məhkəmə iclaslarının sayını, prosessual sənədlərin həcmini və göstərilmiş hüquqi yardımın faktiki məzmununu qiymətləndirərək 1.550 manat tələb olunan hüquqi yardım xərcindən 500 manatın tutulmasını məqsədəuyğun hesab etmişdir. Bu məbləğin müəyyən edilməsinin cavabdehin hüquqlarını pozduğunu göstərən əsaslı dəlil apellyasiya şikayətində irəli sürülməmişdir. Beləliklə, apellyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə qanunsuz və əsassız olduğunu təsdiq etmir. Əksinə, iş materialları ilə müəyyən olunur ki, tibbi müdaxilənin qüsurlu texniki icrası ekspertiza ilə təsdiq edilmiş, həmin qüsurun konkret həkimin fəaliyyəti ilə əlaqəsi müəyyən olunmuş, nəticədə iddiaçının xarici görünüşündə əlavə qüsur yaranmış və revizion estetik əməliyyata ehtiyac meydana çıxmışdır. Bu hallar iddiaçının şəxsiyyət hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı keçirməsini qəbul etmək üçün kifayət edir. Odur ki, apellyasiya şikayətinin “mənəvi zərər yalnız subyektiv estetik narazılıqdan ibarətdir”, “sağlamlığa zərər müəyyən edilmədiyindən mənəvi təzminat tutula bilməz”, “səbəbli əlaqə tamamilə istisna edilmişdir” və “delikt tərkibinin elementləri mövcud deyildir” barədə dəlilləri iş materialları ilə təsdiq olunmur və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas yaratmır. Nəticə etibarilə, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə müəyyən edilmiş faktiki hallara və tətbiq edilməli maddi və prosessual hüquq normalarına düzgün hüquqi qiymət vermiş və iddianı yuxarıda göstərilən qaydada qismən təmin etməklə əsaslı nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissəsində iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar