Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-99/2023 22.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC -yə qarşı tərəflər arasında bağlanımış xx.xx.2021 -ci il tarixdə aramızda bağlanmış 0010 nömrəli podrat müqaviləsinin ləğv edilməsi, təmir işlərinin aparılmasına görə ödənilmiş 12.500 (on iki min beş yüz) manat, cavabdehin qüsurlu təmirinin (elektrik xətlərinin sökülərək yenidən çəkilməsi) aradan qaldırılması üçün 5000 (beş min) manat, mənəvi ziyana gerə 2.500 (iki min beş yüz) manat ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində pulun və 150 (yüz əlli) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslanıdırlmışdır ki, təmir işlərinin aparılması ilə məşğul olan Cavabdeh MMC ilə xx.xx.2021-ci il tarixdə 0010 nömrəli podrat müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 70 m2 olan iddiaçıya məxsus mənzil təmir edilməli idi. Müqavilənin 4.l-ci bəndinə görə xidmətin dəyəri 17.500 (on yeddi min beş yüz) manat müəyyən edilmişdir. Müqavilədə təmirin hansı tarixədək başa çatdırılacağı öz əksini tapmasa da, 18 ay keçməsinə baxmayaraq cavabdeh tərəfindən ev təmir edilməmişdir. 18 ay müddətində evin təmir edilməməsi ona həm maddi, həm də mənəvi olaraq ziyan vurmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzlərindən də göründüyü kimi tərəfimdən 12.500 manat məbləğində pul cavabdehə ödənilmişdir. Cavabdeh tərəfindən mənzilə yalnız elektrik xətti çəkilmiş və divarlar suvanmışdır. Lakin elektrik xətti razılaşmamıza uyğun olmayaraq aşağıdan çəkilmişdir. Halbuki cavabdehlə aramızda olan razılaşmaya əsasən, elektrik xətti yuxarıdan çəkilməli idi. Elektrik xətlərinin aşağıdan çəkilməsi belə onların qeyri-peşəkar olduqlarını təsdiqləyir. Hazırda həmin elektrik xətlərinin sökülməsi zərurəti yaranmışdır. Elektrik xətlərinin sökülməsi və yenidən çəkilməsi müəyyən xərc tələb edir. Bunu müəyyənləşdirmək üçün məhkəmə tərəfindən mühəndis-tikinti-texniki ekspertizası qərardad qəbul edilməlidir. Elektrik xətlərinin yenidən çəkilməsi üçün nəzərdə tutulmuş pul vəsaiti hesablanan zaman təkrar tənıir zamanı meydana çıxacaq əlavə işlər və yaranacaq nəqliyyat daşınması xərcləri nəzərə alınmalıdır. Eyni zamanda baş verənlər nəticəsində iddiaçıya çox ciddi maddi və mənəvi ziyan dəymiş, çəkdiyi iztirablar nəticəsində sağlamlığımda ciddi problemlər yaranmışdır. Buna görə də, əlavə olaraq cavabdehdən 2.500 manat məbləğində pul iddiaçıdan xeyrimə tutulmalıdır. İddiaçı tərəfindən “Evimiz olsun’“ MMC-yə müqavilənin ləğvi və 20.000 manat məbləğində pulun ödənilməsi, əks təqdirdə tərəfimdən məhkəməyə müraciət ediləcəyinə dair məlumat verilsə də, bu günədək cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İddia ərizəsinə əlavə edilmiş müqavilədən, ödəniş qəbzlərindən, fotoşəkillərdən göründüyü kimi cabadeh tərəfindən mənə bu günədək real olaraq 20.000 manat məbləğində ziyan vurulmuşdur. Qeyd olunanlardan da göründüyü kimi cavabdeh tərəfindən müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlik pozulmuş, həmçinin lazımınca yerinə yetirilməmişdir. Nəticə olaraq iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Buna görə də, cavabdehlə xx.xx.2021 -ci il tarixdə aramızda bağlanmış 0010 nömrəli podrat müqaviləsinin ləğvi, təmir işlərinin aparılmasına görə ödənilmiş 12.500 manat, mənəvi ziyana görə 2.500 manat, cavabdehin qüsurlu təmirinin (elektrik xətlərinin sökülərək yenidən çəkilməsi) aradan qaldırılması üçün 5000 (beş min) manat, ümumilikdə 20.000 manat məbləğində pulun və 150 manat məbləğində dövlət rüsumunun “Evimiz olsun" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. ddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli 0010 nömrəli “Təmir Xidmətlərinin göstərilməsinə dair” müqavilənin surətindən görünür ki, “Cavabdeh MMC ilə İddiaçı aşağıda göstərilən qaydada razılaşmışdırlar: - Sifarişçi tapşırır,İcraçı isə hazırk müqavilədə göstərilmiş şərtlərlə ünvan 2 ünvanında 2 otaqlı ümumi sahəsi 70 kv.m olan mənzilin tam təmirinin öhdəliyini üzərinə götürür. - Sifarişçi bu müqavilənin icrası ilə əlaqədar zəruri olan bütün sənədləri əgər mövcuddursa dizayn layihəsini və məlumatları icraçıya verməyi icraçının işini bu müqavilənin şərtlərinə uyğun olan nəticələrini qəbul etməyi icraçının haqqını bu müqavilənin 4.1 bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür; - Sifarişçi işin vaxtında əla keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüququna malikirdir. - Sifarişçi iş bittikdə 1.1 bəndində nəzərdə tutulmuş təhvil-təslim aktına əsasən görülən işi təslim almalıdır - İcraçı öhdəlikləri hazırkı müqavilənin 1.1 bəndində göstərilmiş işləri Sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməsini: bu tapşırığın icrası ilə əlaqədar olarağ digər şəxslərin müstəsna hüquqlarını pozmamağı öz üzərinə götürür. - İcraçının hüquqları:zərurət olduğu hallarda tapşırığının icrasına Sifarişçinin razılığını aldığı təqdirdə üçüncü şəxsləri cəlb etməyi; gördüyü işlərin haqqının ödənilməsini tələb etmək hüququna malikdir. - Sifarişçi hazırkı müqavilənin 1.1 bəndində göstərilmiş işlər üçün İcraçıya smeta dəyərinə uyğun olaraq hər bir iş vahidi müəyyənləşdirməklə görülmüş işin həcmi və bu iş həcminin əsası olan Təhvil-Təslim Aktına uyğun olaraq hesablanmaqla 17500 AZN valyutasında ödəniş edir. - Ödəniş formasr.İşlər görüldüyü müddətdə hissə-hissə , yerinə yetirildikdə nağd və ya bank köçürülməsi yolu ilə hesab təqdim edildikdən sonra 5(beş) bank günü ərzində həyata keçirilir. - İlkin olaraq Sifarişçi ümumi məbləğin 50% -ni ödəyir, yerdə qalan məbləğ üç hissəyə bölünərək hissə-hissə ödənməlidir. Mülki iş materiallarında olan, Cavabdeh MMC tərəfindən təqdim edilmiş kassa mədaxil orderlərindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə 12500 manat məbləğində ödəniş etmişdir. Mülki iş materiallarında olan İddiaçı “Cavabdeh MMC-yə ünvanlandığı pretenziya məktubunun surətindən görünür ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixli. 0010 saylı müqaviləni ləğv edilməsi təmir işlərinin aparılmasına görə ödənilmiş 12.500 (on iki min beş yüz) manat, cavabdehin qüsurlu təmirinin (elektrik xətlərinin sökülərək yenidən çəkilməsi) aradan qaldırılması üçün 5000 (beş min) manat, mənəvi ziyana gerə 2.500 (iki min beş yüz) manat ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində pulun xx.xx.2022-ci il tarixədək geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 1xx.xx.2022-cü il tarixli, 10/5678 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən hündürmətəbəli yaşayış kompleksində yerləşən 3 otaqlı mənzil üzrə yerinı yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 2906 manat məbləğində olduu müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən hündürmətəbəli yaşayış kompleksində yerləşən 3 otaqlı mənzildə təmir, tikinti və quraşdırma işləri tam başa çatmadığından, həmin mənzildə aparılmış təmir, tikinti və quraşdırma işlərində, eyni zamanda elektrik xətlərinin çəkilməsində qüsurların olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddianın tərəflər arasında bağlanımış xx.xx.2021 -ci il tarixdə aramızda bağlanmış 0010 nömrəli podrat müqaviləsinin ləğv edilməsi, təmir işlərinin aparılmasına görə ödənilmiş 12.500 (on iki min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdeh “Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759-cu maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər Sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli 0010 nömrəli “Təmir Xidmətlərinin göstərilməsinə dair” müqavilə imzalanmışdır. Müqaviləyə əsasən podratçı “Cavabdeh MMC iddiaçıya məxsus mənzildə təmir işlərini görməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə 12500 manat məbləğində pul ödənilmiş, lakin cavabdeh həmin pulları aldığı halda, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, yalnız müəyyən bir qismini icra etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə yuxarıda istinad edilən qanunun normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya məxsus mənzildə təmir işlərini müqavilə üzrə nəzərdə tutulan qaydada icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, tərəflər arasında imzalanmış podrat müqaviləsi ləğv edilməlidir. Digər tərəfdən İddiaçı məxsus mənzildə cəmi 2906 manat dəyərində işlərin görüldüyünü nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, 9594 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddianın cavabdehin qüsurlu təmirinin (elektrik xətlərinin sökülərək yenidən çəkilməsi) aradan qaldırılması üçün 5000 (beş min) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki iş üzrə təyin edilmiş ekspertiza rəyindən də göründüyü kimi, ünvan 1 ünvanında yerləşən hündürmətəbəli yaşayış kompleksində yerləşən 3 otaqlı mənzildə təmir, tikinti və quraşdırma işləri tam başa çatmadığından, həmin mənzildə aparılmış təmir, tikinti və quraşdırma işlərində, eyni zamanda elektrik xətlərinin çəkilməsində qüsurların olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən sübutlar isə qeyd edilən halı təsdiq etməyə kifayət etmir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinadə edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddianın İddiaçı vurulmuş mənəvi ziyana görə 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yuxarıda qeyd edilən podrat müqaviləsinin pozulması nəticəsində iddiaçı X1 mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı keçirtdiyi stress vəziyyəti ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 2500 manat məbləğində deyil, iddiaçının keçirtdiyi stress, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 1000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0010 saylı müqavilə ləğv edilsin. Cavabdeh MMC-dən 9594 (doqquz min beş yüz doxsan dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC-dən mənəvi ziyana görə 1000 (min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumuna görə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-99/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-99/2023
22.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver