Məhkəmə qərarları › İş №2(060)-8595/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8595/2021

09.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8595/2021 09.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona 14080 (on dörd min səksən) manatın və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona Rusiya Federasiyasına məxsus olan xx.xx.1989-cu il istehsalı olan jiquli 21010 markalı, ** DO *** dövlət nömrə nişanı olan avtomobili etibarnamə ilə iddiaçıya 2700 (iki min yeddi yüz) manata satmışdır. Maşın köhnə və yararsız olduğu üçün 780 manat maşına iddiaçı tərəfindən xərc çəkilmişdir. Hüququi xidmət üçün 500 manat xərc çəkmişdir. 2020-ci ilin dekabr ayından maşını almışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh iddiaçıdan aldığı pulu maşının sahibinə ödəmədiyi üçün maşına həbs qoyularaq iddiaçıdan almışdır. Hazırda cavabdehə müraciət etməsinə baxmayaraq maşına görə aldığı pulu iddiaçıya qaytarmamışdır. Şabran rayonundan Sumqayıt şəhərinə uzun müddət gəlib getdiyinə görə 500 manatdan artıq xərc çəkmişdir. 14.06.2021-ci il tarixdə bilavasitə cavabdehin iştirakı ilə arayış tərtib edilmiş, iddiaçı həmin arayışa imza edərək razılaşmışdır ki, 2800 (iki min səkkiz yüz) manat pulu 06.07.2021-ci il tarixdən hər ay 220 manat borcdan ödəməyə başlayacaq və iş barəsində çəkilən xərcləri ödəmək üçün də şifahi razılığa gəlmişlər. Qeyd edilənlərlə əlaqədar cavabdehə 5000 (beş min) manat maddi ziyan dəymişdir. Bununla yanaşı cavabdeh borcu ödəməkdən imtina edir, onun şərəf və ləyaqətini təhqir etmişdir. İddiaçı keçirdiyi psixoloji sarsıntıya görə 3000 manat məbləğində ona mənəvi ziyan dəymişdir. Ümumilikdə 12080 manat mənəvi ziyan dəymişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Bununla yanaşı bildirdi ki, cavabdeh iddianı qismən etiraf edir, oda iddiaçı olaraq cavabdehin maddi vəziyyətini nəzərə alaraq etiraf edilən məbləğə narazı deyil. Məhkəmə iclasında cavabdeh izahat verərək iddia tələbini qismən qəbul etdi. İddia ərizəsində qeyd edilən məbləğlə razı olmadığını bildirdi. iddiaçı maşın üçün ona 2700 manat ödəmiş, bununla yanaşı 500 manat hüquqi xidmət və 780 maşının nasaz vəziyyətdə olması üçün xərc çəkmişdir. Odur ki, iddianın 4500 manat hissəsini qəbul etdi və iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: -14.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh iddiaçıya olan borcunu 06 iyul 2021-ci il tarixdən başlayaraq hər ay 220 manat olmaqla ödəməyi üzərinə götürmüşdür. - 09.12.2021-ci il tarixli cavabdeh Abdullayev Süleyman Müseyib oğlunun ərizəsindən görünür ki, o, iddianı qismən, yəni 4500 manat məbləğini qəbul etdiyini etiraf etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən - Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı, iddiaçının həmin etirafla razı olması məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə hesab edir ki, dəymiş zərərin əvəzi kimi 4500 manat pulun ödənilməsinə dair öhdəlik cavabdeh tərəfindən qəbul edilir, iddiaçıda bu mələğdən narazı deyil, na görə də iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş zərərin əvəzi kimi 4500 manat tutularaq İddiaçı oğluna verilməlidir . Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi 500 manat məbləğindən artıq məbləğdə təmin olunduğundan bu tələb də təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4500 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar