Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1115/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəxsi toxunulmazlıq hüququnun müdafiəsi, mənəvi zərərin kompensasiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli 2026-cı il ## ###### tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər çoxmənzilli yaşayış binasının eyni girişində eyni mərtəbəsində qonşu olmaqla, ünvan 1 ünvanında yerləşən *** saylı mənzil iddiaçının, *** saylı mənzil isə cavabdeh cavabdeh1 mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, konstitusion hüquqlarının cavabdehlər tərəfindən pozulmasının qadağan edilməsi, bu hüquqlarının pozulması nəticəsində ona dəymiş 3000 manat maddi və 5000 manat mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh iki aya yaxındır ki, onun mənzilinə olan giriş-çıxışların, onun mənzilə daxil olmağının və çıxmağının, eləcə də mənzilinə gələn qonaqların və ailə üzvlərinin hərəkətlərinin izlənilməsi məqsədilə dəhlizə iki video-müşahidə kamerası quraşdırmışdır. Bunlardan biri təhlükəsizlik məqsədi ilə bütün dəhlizin müşahidəsini həyata keçirir, digəri isə məhz onun mənzilə giriş-çıxışın izlənilməsi üçün qoyulmuşdur. Cavabdeh onun razılığı və ya hər hansı hüquqi əsas olmadan, şəxsi həyatının toxunulmazlığı hüququnu pozaraq, onun yaşayışını və gündəlik fəaliyyətlərini gizli şəkildə izləyir, əldə etdiyi məlumatları müxtəlif orqanlara ötürərək onun şəxsi məlumatlarını qanunsuz şəkildə üçüncü şəxslərlə paylaşır. Cavabdeh tərəfindən mənzilinin giriş-çıxışına qanunsuz olaraq videomüşahidə kamerası quraşdırılması onun və ailə üzvlərinin şəxsi həyatına müdaxilə edərək, daimi stress və mənəvi sarsıntıya səbəb olmuşdur. Şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması halında mənəvi ziyanın mövcudluğu açıq-aşkardır və belə hallarda əlavə sübutetmə öhdəliyi daşımır. Çünki hər hansı şəxsin yaşadığı mənzilin izlənilməsi, təbii olaraq, psixoloji gərginlik və mənəvi narahatlıq doğurur. Həmçinin hazırda hüquqlarının müdafiəsi məqsədilə hüquqi yardım almağa məcburdur. Eyni zamanda, hüquqlarının qorunması ilə bağlı məhkəməyə və digər müvafiq qurumlara müraciət etmək onun vaxtını alır, əmək fəaliyyətinə mane olur və nəticədə ona maddi ziyan dəyir.
4. Cavabdeh cavabdeh2 iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmiş, etirazını onunla əsaslandırmışdır ki, onlara məxsus mənzilin giriş hissəsində müşahidə kameraları təhlükəsizlik məqsədi ilə quraşdırılmışdır. Eyni zamanda iddiaçı tərəfindən də özünə məxsus mənzilin giriş hissəsinə video-müşahidə kamerası quraşdırılmışdır (bununla bağlı fotoşəkillər məhkəməyə təqdim edilmişdir). İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən fotoşəkillərdən də görünür ki, video-müşahidə kamerası iddiaçının mənzilinin girişinin yuxarı hissəsində quraşdırılmış, mənzilin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə mənzilin yerləşdiyi mərtəbənin girişinə, dəhlizə yönəlmişdir. Bununla belə, iddiaçı qeyd edir ki, mənzilinə gələn qonaqların və ailə üzvlərinin hərəkətlərinin izlənilməsi məqsədilə mənzilinin giriş hissəsinə cavabdehlər tərəfindən video-müşahidə kamerası quraşdırılmışdır. İddiaçı işin faktiki hallarını təhrif edərək kameraların onun mənzilini izləmək məqsədli quraşdırıldığını iddia edir. Buna baxmayaraq iddiaçı tərəfindən təqdim edilmiş materiallarda kameranın əhatə dairəsinin birbaşa iddiaçının mənzilinə yönəlmədiyi açıq-aşkar görsənir. Əgər iddiaçının qeyd etdiyi kimi mənzilin girişinə video-müşahidə kamerasının quraşdırılması qanunazidd olsaydı, iddaçı da mənzilinə video-müşahidə kamerası quraşdırmamalı idi. Qanunvericilikdə mənzillərin girişinə təhlükəsizlik kameralarının quraşdırılması ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməmişdir. Maddi hüquq normalarında qonşunun mülkiyyətinə təsirlərin mümkün dərəcəsi müəyyənləşdirilir. Birincisi, həmin təsirlər qonşuya öz sahəsindən istifadə etməyə maneçilik törətməməlidir, ikincisi, həmin təsirlər nəticəsində qonşunun hüququ əhəmiyyətsiz dərəcədə pozulmalıdır. Cavabdehlər tərəfindən onlara məxsus mənzillə bağlı təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə kameraların quraşdırılması qonşuya öz sahəsindən istifadə etməyə maneçilik törətmir, qonşunun hüququ əhəmiyyətli dərəcədə pozulmur. Binanın dəhlizi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Cavabdehlərin mənzilin yerləşdiyi mərtəbəni izləməsi iddiaçının şəxsi və ailə həyatına, həmçinin mənzil toxunulmazlığına müdaxilə kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçıya məxsus mənzil kommersiya məqsədli, qeyri-yaşayış sahəsi olaraq istifadə edilir. İddiaçı qeyd edilən faktı gizlədərək özünün və ailə üzvlərinin həyatına müdaxilə edildiyini qeyd edir. Sözügedən mənzilin qeyri-yaşayış sahəsi olaraq istifadəsi faktı Bakı Apellyasiya Məhkəməsinin qərardadı, Nəsimi Rayon İcra Hakimiyyətinin aktı ilə təsdiq edilmişdir. Belə ki, Nəsimi Rayon İcra Hakimiyyəti mənzilə baxış keçirərək mənzildə kommersiya fəaliyyətinin keçirilməsinə dair ##.##.2024-ci il tarixli akt tərtib ediblər. Həmçinin bununla bağlı bina sakinlərinin yazılı kollektiv etiraz ərizələri mövcuddur. Əlavə olaraq hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında birgə iddiaçılar cavabdeh1 və cavabdeh2 “ünvan 1 ünvanında yerləşən *** nömrəli mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinin dayandırılması vəzifəsinin cavabdeh İddiaçı üzərinə qoyulması, maddi və mənəvi zərər tələbinə dair *(***)- ****/**** saylı mülki iş hazırda davam edir. İddia ərizəsi ilə yanaşı tərəflərindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin **(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin olunması, iddiaçıya məxsus mənzildən qeyri-yaşayış məqsədilə istifadə edilməsi (mənzildə kommersiya və digər bu kimi fəaliyyətin həyata keçirilməsi) cavabdeh İddiaçı və digər şəxslərə qadağan olunması qərara alınmışdır. Həmin qərardadın 11-ci bəndində qeyd edilir ki, “Cavabdehə aid mənzil binanın 13-cü mərtəbəsində yerləşir, onun altında yerləşən sahələrin yaşayış sahələri olmadığını təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. Ona görə də ilkin sübutlar belə qənaətə gəlməyə əsas yerir ki, cavabdehə aid mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsi qanunsuzdur. Cavabdehə aid mənzilin qanuni əsas olmadan qeyri-yaşayış sahəsi (ofis) kimi istifadə edilməsi qonşu mənzildə yaşayan iddiaçıların hüquqlarının pozulmasına səbəb olur. Belə ki, cavabdehə aid mənzilə hər gün gəlib-gedən və orada çalışan şəxslərin yaratdığı səsküy və digər bu kimi hallar iddiaçı tərəfə öz mülkiyyətindən (mənzildən) dinc istifadə etməyə maneə yaradır”. Bu qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilmişdir. İcra məmurları mənzilə baxış keçirmiş, mənzilin kommersiya məqsədli ofis olaraq istifadəsini videokamera ilə qeydə almışdır. Mənzildən ofis avadanlıqları, stolları və sair götürülmüş, otaqlardan biri möhürlənmişdir (sözügedən video-görüntülər məhkəməyə təqdim ediləcəkdir). İddiaçı 5000 manat mənəvi və 3000 manat maddi ziyanın necə yarandığını əsaslandırmamış, bununla bağlı məhkəməyə sübutlar təqdim edilməmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e*(***)-****/**** nömrəli 2025-ci il 1 sentyabr tarixli qətnaməsi ilə (hakim Ə.Heydərova) iddia tələbi rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlərin tərəfindən mənzillərinə video-müşahidə kameraları quraşdırılması nəticəsində ona 3000 manat maddi ziyan dəydiyini bildirsə də, təqdim edilmiş sübutlar və faktiki hallar bu iddianı təsdiqləmir.
7. Belə ki, məhkəməyə təqdim edilmiş fotoşəkillər və izahatlardan görünür ki, cavabdehlər tərəfindən quraşdırılmış kameralar əsasən ümumi dəhliz və mənzillərin giriş hissələrinə yönəldilmişdir. Kameraların əhatə dairəsi birbaşa iddiaçının mənzilinə yönəlməyib və onun mülkiyyətindən istifadə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmır. Bununla yanaşı, cavabdehlərin mənzilində aparılan müşahidələr və müvafiq tədbirlər, əsas məqsəd olaraq, şəxsi və ya kommersiya təhlükəsizliyinin təmin edilməsinə yönəldilmişdir.
8. İddiaçı tərəfindən maddi ziyanın yaranması ilə bağlı heç bir konkret fakt və ya sübut təqdim edilməyib. O, yalnız hüquqlarının pozulduğunu və bu pozuntunun nəticəsində maddi ziyan dəyəcəyini iddia etmişdir. Lakin təqdim olunmuş sübutlar əsasında belə qənaətə gəlmək olar ki, cavabdehlərin fəaliyyəti iddiaçının mənzilində və mülkiyyətində real maddi ziyan yaratmayıb. İddiaçının maddi ziyanla bağlı iddiaları yalnız subyektiv qiymətləndirməyə əsaslanır və konkret maliyyə itkiləri ilə təsdiqlənmir.
9. Həmçinin, iş materiallarından aydın olur ki, cavabdehlər tərəfindən mənzilə yönəldilmiş tədbirlər qonşuların mülkiyyətinə hədsiz təsir yaratmır. Kameraların quraşdırılması nəticəsində iddiaçının maliyyə vəziyyətinə, mülkiyyət hüquqlarına və ya biznes fəaliyyətinə konkret, ölçülə bilən və sübuta əsaslanan zərər dəymədiyi açıqdır. Bu baxımdan, iddiaçının maddi ziyanla bağlı tələbini təsdiqləyəcək heç bir obyektiv sübut iş üzrə mövcud deyil.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il # ###### tarixli qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), V.Sadıqov və R.Səmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdehlər tərəfindən quraşdırılmış kamera (dəhlizin tinində quraşdırılmış kamera) *** saylı mənzilinin əhatəsinə (yalnız giriş qapısına) fokuslanmaq görüntü bucağının dəyişdirilməsi, həmin kamera ilə üzbəüz quraşdırılmış kameranın isə sökülməsi, cavabdehlərdən müştərək qaydada 500 manat mənəvi ziyanın iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə hazırlıq iclası keçirildikdən sonra məhkəmə baxışı təyin edilmişdir. Lakin həmin ərəfədə, yəni məhkəmə baxışından öncə iddiaçı tərəf iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməklə, cavabdeh tərəfindən quraşdırılmış kameraların cavabdehin hesabına sökülməsini, konstitusion hüquqlarının cavabdeh tərəfindən pozulmasının cavabdehlərə qadağan edilməsi və bu hüquqlarının pozulması nəticəsində ona dəymiş 3000 manat maddi və 5000 manat mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə məhkəmə tərəfindən geri qaytarılmadığından qəbul edilmiş sayılmalı və həmin tələb həcmində işə baxılmalıdır. Lakin birinci instansiya məhkəməsi həmin ərizəyə qiymət verməyərək prosessual hüquq normalarının tələblərini pozmuşdur. Göstərilən prosesual pozuntulara görə qətnamə ləğv edilməli, qeyd edilən ərizə icraata götürülərək iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
14. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən tərəflərin mənzillərinin qapıları yerləşdiyi ümumi dəhlizə iki kamera qoyulmuşdur. Şərti olaraq 1-ci kamera dəhlizin tinində cavabdehə məxsus mənzilin qapısının yuxarısında, 2-ci kamera isə 1ci kamera ilə üzbəüz divarda quraşdırılmışdır. Kollegiyanın mövqeyinə görə, kameralar cavabdehlər tərəfindən öz mənzilinin təhlükəsizliyi nöqteyi-nəzərdən quraşdırılsa da, bu kameraların görüntü bucaqları bütün dəhlizə və tərəflərin mənzillərinin giriş hissələrinə yönəlmişdir. İddiaçının razılığı və ya hər hansı hüquqi əsası olmadan cavabdehlər tərəfindən kameralar quraşdırılmaqla faktiki olaraq kameraların iş prinsipinə əsasən, bu kameralar həm də iddiaçının mənzilinin qapısını da çəkir ki, bu da iddiaçı tərəfin mövqeyinə əsasən onun şəxsi həyatının toxunulmazlığı hüququnun pozulmasına, onun yaşayışını və gündəlik fəaliyyətin izlənilməsi ilə nəticələnmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, çoxmənzilli binaların dəhlizləri ümumi istifadədə olan sahələr hesab olunsa da, hazırda kameralar tərəfindən iddiaçının mənzilinin qapısı açılıb-bağlanarkən mənzilin içərisinin görünməsi və ya onun giriş-çıxışının birbaşa çəkilməsi işin mübahisəsiz halıdır ki, bu da şəxsi həyata müdaxilə sayılır. Göründüyü kimi, cavabdehlər tərəfindən quraşdırılmış kameralar birbaşa iddiaçının mənzilinə yönəlməklə onun mülkiyyətindən istifadə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla şəxsi həyatın gizliliyinə müdaxilə edilmişdir. Belə olan halda, iddiaçı həmin kameraların cavabdehlərin hesabına sökülməsini tələb etməkdə haqlı olsa da, iddia tələbi qismən həmin hissədə təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdehlər tərəfindən quraşdırılmış kameralar ilk növbədə öz mənzilinin təhlükəsizliyi ilə bağlı olsa da, onun quraşdırılması zamanı iddiaçının şəxsi həyat toxunmazılığı hüququnun pozulmasına yol verilmişdir. Lakin cavabdehlərin də qeyd edilən hüququnun olması baxımından yalnız öz mənzilinin giriş qapısının görüntüsünü əks etdirə bilən (çəkən) kamerası saxlanılmalıdır. Başqa sözlə, dəhlizin tinində quraşdırılmış kamera yalnız cavabdehlərin mənzilinin əhatəsinə fokuslanmalı, onunla üzbəüz quraşdırılmış kamera isə sökülməlidir.
16. Kollegiya hesab etmişdir ki, cavabdehlərin iddiaçıya məxsus evin girişini izləyəcək həddə kamera yerləşdirməsi nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Bununla bağlı iddiaçıya ödəniləcək mənəvi təzminatın həcminin cavabdehlərin uzun müddətdir ki, iddiaçıya məxsus mənzilin giriş-çıxışının görüləcəyi məsafədə kamera yerləşdirməklə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alınmaqla 500 manat müəyyən edilməsi məqsədəmüvafiqdir.
17. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 32-ci maddəsinin İ-III hissələrinə, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci, “Fərdi məlumatlar haqqında” Qanunun 1, 2.1, 7.1, 7.2, 7.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli, Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 2025-ci il ## ###### tarixli qərarlarına və MPM-in 4.1, 14.2, 53, 77.1, 80, 88, 107,119.1, 190, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh cavabdeh1 (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti Mülki Məcəllənin 21, 152.1, 152.5, 170.2, 171.1-ci, Mənzil Məcəlləsinin 35.1, 35.2-ci və MPM-in 9.1, 88, 217.1, 217.3, 418.1-ci maddələrinə istinadla əsasən iddia ərizəsinə qarşı etirazla eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək iddiaçının şəxsi toxunulmazlıq hüququnun pozulması, cavabdeh tərəfindən öz mənzilinin üzərinə quraşdırılmış video-müşahidə kameralarının iddiaçının şəxsi həyatına müdaxilə təşkil etməsi qənaətinə gəlmişdir. “Şəxsi həyat” termininə qanunvericilikdə anlayış verilməsə də, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarında “şəxsi həyat” terminin əhatə dairəsi belə izah edilir: “Şəxsi həyatın olduqca geniş çeşidli məsələləri əhatə etdiyi nəzərə alınaraq, bu anlayışın əhatə dairəsinə aid olan məsələləri müəyyən təsnifatın olması məqsədi ilə qruplaşdıraraq üç geniş kateqoriyaya bölmək olar (bəzən onlar üst-üstə düşə bilər): i) şəxsin fiziki, psixoloji və ya mənəvi toxunulmazlığı; ii) şəxsi həyatın gizli qalmalı olan aspektləri (privatlıq) və iii) şəxsin identikliyi.
20. İş materiallarından və preyudisial qüvvəyə malik məhkəmə qərarlarından (Bakı Apellyasiya Məhkəməsinin **(***)-**/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı, Ali Məhkəmənin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı) iddiaçıya məxsus mənzildən qeyri-yaşayış təyinatlı istifadə olunması, kommersiya hüquqi şəxsin ofisi olaraq fəaliyyət göstərməsi təsdiq edilir ki, belə olan halda həmin mənzildə şəxsi və ailə həyatının mövcudluğundan söhbət gedə bilməz.
21. Bununla belə, cavabdehlər tərəfindən onlara məxsus mənzilin giriş hissəsində müşahidə kameraları təhlükəsizlik məqsədi ilə quraşdırılmışdır. İddiaçı işin faktiki hallarını təhrif edərək kameraların onun mənzilini izləmək məqsədli quraşdırıldığını iddia edir, məhkəmə isə iddiaçının aspektindən yanaşaraq iş üzrə təqdim edilmiş sübutları nəzərə almadan kameralarının iddiaçının şəxsi həyatına müdaxilə təşkil etdiyi qənaətinə gəlmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlarda kameranın əhatə dairəsinin birbaşa iddiaçının mənzilinə yönəlmədiyi açıq-aşkar görünür. Əgər iddiaçının qeyd etdiyi kimi mənzilin girişinə video-müşahidə kamerasının quraşdırılması qanunazidd olsaydı, iddiaçı da bu halda mənzilinə video-müşahidə kamerası quraşdırmamalı idi. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində mənzillərin girişinə təhlükəsizlik kameralarının quraşdırılması ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Eyni zamanda cavabdehlər tərəfindən onlara məxsus mənzillə bağlı təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə kameraların quraşdırılması qonşuya öz sahəsindən istifadə etməyə maneçilik törətmir, qonşunun hüququ əhəmiyyətli dərəcədə pozulmur. Binanın dəhlizi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Cavabdehlərin mənzilin yerləşdiyi mərtəbəni izləməsi iddiaçının şəxsi və ailə həyatına, həmçinin mənzil toxunulmazlığına müdaxilə kimi qiymətləndirilə bilməz.
22. Bundan başqa, apellyasiya məhkəməsi qeyd edir ki, mənzilin qapısı açılıb bağlanarkən mənzilin içərisinin görünməsi işin mübahisəsiz halıdır. Lakin məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də göründüyü kimi *** nömrəli mənzilin giriş soldan sağa istiqamətdə açılır. Belə ki, mənzillərin qarşılıqlı yerləşməsini, qapıların açılmağı bucağını və kameranın yerləşmə mövqeyini nəzərə aldıqda, məlum olur ki, texniki baxımdan *** nömrəli mənzilin üzərində quraşdırılmış video-müşahidə kamerasının *** nömrəli mənzilin içərisini izləməsi mümkün deyil. Belə ki, *** nömrəli mənzilin üzərində quraşdırılmış kameranın baxış bucağı yalnız ümumi istifadə sahəsini - dəhlizi və öz mənzilinin giriş hissəsini əhatə edə bilər, bu baxımdan məhkəmənin mövqeyi heç bir sübuta əsaslanmır. Video-müşahidə kameralarından məhkəməyə təqdim edilmiş çıxarışlarda belə məlumatların toplanması kimi hallar da görünmür. Ümumiyyətlə, həmin görüntülərdə şəxsi həyatla bağlı hər hansı məlumat əks olunmur.
23. Apellyasiya məhkəməsi qətnaməsində “əhəmiyyətli məhdudlaşdırma”nın faktik olaraq hansı formada təzahür etdiyini də əsaslandırmamışdır. Cavabdehlər tərəfindən mənzillərində kameraların yerləşdirilməsində əsas məqsəd mənzillərinin qarşısında saxladıqları əşyaların təhlükəsizliyinin təmin edilməsi olmuşdur. Belə ki, öncədən mənzilin önündə cavabdehlərə məxsus velosiped və ayaqqabıların oğurlanması halı baş verdiyindən və həmin mərtəbədə gün ərzində onlarla insan gəlib getdiyindən cavabdehlər şəxsi əşyalarının mühafizəsi baxımında müşahidə kameraları quraşdırmaq məcburiyyətində qalıblar. Müşahidə kameralarının baxış bucağı mərtəbəyə daxil olan şəxslərin müəyyənləşdirilməsi üçün mərtəbənin giriş hissəsini və mənzilin önünü göstərəcək şəkildə tənzimlənmişdir. Qeyd edilənlərdən və fotoşəkillərdən məlum olur ki, quraşdırılmış kameralar iddiaçıların şəxsi və ailə həyatını izləmək məqsədi daşımır, cavabdehin öz mənzilinin üzərinə mənzilinin girişini izləmək üçün kamera quraşdırılması şəxsi və ailə həyatının toxunulmazlığının pozulması kimi qiymətləndirilə bilməz.
24. Digər bir pozuntu ondan ibarətdir ki, iddia tələbinin həcminin artırılması barədə ərizə ##.##.2025-ci il tarixində təqdim edilmiş, həmin müddət işin məhkəmədə baxılması yekunlaşmış, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə ##.##.2025ci il tarixə məhkəmə baxışı təyin edilmişdir. İddiaçı iddia tələbinin artırılması üçün əsasların məhkəmə baxışında əmələ gəldiyini və ya işin hazırlıq mərhələsində ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən həmin tarixdə iddia tələbinin həcminin artırılmasına yol verilə bilməz, bu baxımdan birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Həmçinin iddia tələbləri mahiyyət etibarilə eynidir, belə ki, iddiaçının konstitusion hüquqlarının cavabdeh tərəfindən pozulmasının cavabdehlərə qadağan edilməsi tələbi özlüyündə kameraların sökülməsini də ehtiva edir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 32. İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Maddə 1. Bu Qanunun əsas məqsədi fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin qanunvericilik əsaslarını və ümumi prinsiplərini, həmin sahədə dövlət tənzimləməsinin qayda və tələblərini, fərdi məlumatların informasiya ehtiyatlarında formalaşdırılması, informasiya sistemlərinin yaradılması, informasiyanın verilməsi və ötürülməsi qaydalarını, bu prosesdə iştirak edən şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətinin əsaslarını müəyyən etməkdən, əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını, o cümlədən şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu müdafiə etməkdən ibarətdir.
33. Maddə 2.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. fərdi məlumatlar-şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat; 2.1.12. fərdi məlumatların yayılması-fərdi məlumatların media, habelə informasiya sistemləri ilə açıqlanması və ya fərdi məlumatlarla şəxslərin hər hansı digər üsulla tanış olmasına imkan yaradılması.
34. Maddə 7.1. Subyekt aşağıdakı hüquqlara malikdir: 7.1.6. özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək.
35. Maddə 7.2. Fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi xarakter daşıdığı hallar istisna olmaqla, subyekt onun barəsində olan məlumatların toplanılmasına və işlənilməsinə etiraz etmək hüququna malikdir. Subyektin etirazı mülkiyyətçiyə və ya operatora yazılı surətdə təqdim olunmalıdır. Subyektin etirazının əsaslandırılması tələb olunmur. Mülkiyyətçi və ya operator həmin etirazı aldıqda göstərilən fərdi məlumatların toplanılmasını və işlənilməsini dərhal dayandırmalıdır.
36. Maddə 7.4. Subyekt onun barəsində fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, habelə bu Qanunun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqlarının pozulduğu hallarda müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət etmək, habelə ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli qərarı
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. 68-ci maddəsinin III hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 2025-ci il ## ###### tarixli qərarı
38. Bənd 2.4.1. Şəxsi toxunulmazlıq hüququ təməl şəxsiyyət hüquqlardan biri kimi Konstitusiyanın 32-ci və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddələrində geniş şəkildə açıqlanmaqla, hər bir şəxsin şəxsi və ailə həyatının toxunulmazlığını qoruma altına alır.
39. Bənd 2.4.2. Konstitusion mənada şəxsi toxunulmazlıq şəxsi və ailə həyatının məxfiliyinin qorunmasını (ad, səs, təsvir, şəxsi, ailə və yazışma sirrinin qorunması, unudulmaq hüququ və s.) nəzərdə tutmaqla, hər bir şəxsin şəxsi və ailə həyatına hörmət edilməsinə, onun cəmiyyətdə özünü rahat və təhlükəsiz hiss etməsinə xidmət edir.
40. Bənd 2.4.3. Şəxsi və ailə həyatına hörmət hüququ - şəxsi və ailə həyatının sirrini saxlamaq, şəxsi və ailə həyatına hüquqazidd müdaxilədən, yəni öz razılığı olmadan şəxsi həyatı haqqında məlumatın toplanılmasından, saxlanılmasından, istifadəsindən və yayılmasından, habelə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, xəbəri olmadan və ya etirazına baxmadan izlənilməkdən, video və ya foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalmaqdan müdafiə olunmaq, o cümlədən yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini qorumaq hüquqlarını əhatə edir.
41. Bənd 2.4.4. Şəxsi və ailə həyatına hüquqazidd müdaxilədən müdafiə olunmaq hüququ yuxarıda qeyd edilənlərlə yanaşı, şəxsin avtomobilinə, xidməti otağına və ləvazimatlarına, ona məxsus ev heyvanlarına və bitkilərinə, habelə şəxsi xüsusiyyətə malik digər əşyalarına da şamil edilir. Məsələn, işçiyə ayrılmış xidməti otağa, rəflərinə, iş masasına, kompüterinə, şəxsin çantasına, cibinə onun razılığı, habelə müvafiq qanuni əsas olmadan daxil olma şəxsi toxunulmazlıq hüququna hüquqazidd müdaxilə hesab olunur.
42. Bənd 2.4.5. Şəxsi həyata dair məlumatlara hər bir şəxsin fərdi məlumatları, o cümlədən tibbi məlumatları, maliyyə və əmlak vəziyyəti ilə bağlı məlumatlar, şəxsi yazışmaları, keçmişi ilə bağlı və digər şəxsi sirr təşkil edən məlumatları aiddir.
43. Bənd 2.4.6. Fərdi məlumat dedikdə, şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat başa düşülür. Bu məlumatlara ad, səs, təsvir, ünvan, ailə vəziyyəti, boy, yaş, cins və bu kimi digər əlamətləri əks etdirən eyniləşdirmə məlumatları aiddir. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanılması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
44. Bənd 2.4.24. İnsanın ad, səs və təsvir kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.
45. Bənd 2.4.27. Fiziki şəxsin təsviri şəxsin kimliyini birbaşa müəyyənləşdirməyə imkan verən istənilən görüntüsü, habelə görüntüsünün əks olunduğu istənilən daşıyıcını əhatə edir (məsələn, fotoşəkil, videoyazı, incəsənət əsəri, video oyun fiquru, karikatura, kukla və s.). Təsvirin yayılması onun hər hansı informasiya ehtiyatında, o cümlədən media və internet şəbəkəsində açıqlanması (yerləşdirilməsi) və ya hər hansı digər üsulla müvafiq təsvirlə şəxslərin tanış olmasına imkanın yaradılması, habelə hər hansı şəxs tərəfindən yayılmış təsvirin üzərində məqsədindən və formasından asılı olmayaraq, aparılan bütün növ əməliyyatları ehtiva edir.
46. Bənd 2.4.28. Müasir dövrdə texnologiyanın sürətli inkişafı fonunda insan təsvirinin və səsinin ələ keçirilməsi, ötürülməsi və ya istifadəsi olduqca asanlaşdığından, bununla bağlı şəxslərin hüquqlarının mühafizəsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və ya foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz, habelə təsvir və səsindən istifadə oluna bilməz. Məsələn, şəxsin, o cümlədən tanınmış və ya publik şəxsin küçədə və ya restoranda razılığı alınmadan və ya digər qanuni əsaslar olmadan şəxsi danışıqlarının yazılması, evinə, xidməti və ya mehmanxana otağına, restoranların fərdi otaqlarına, avtomobilinə xəbəri olmadan quraşdırılmış cihaz vasitəsi ilə səs və görüntüsünün yazılması, yaxud görüntülərinin icazəsiz əldə edilməsi və (və ya) yayılması qanunla nəzərdə tutulmuş hallar istisna olunmaqla qadağandır.
47. Bənd 2.4.29. Şəxsin təsvirinin qorunması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi ilə də qorunma altına alınmışdır. Belə ki, bu hüquq əsasən şəxsin təsvirindən istifadəyə nəzarət hüququnu, o cümlədən təsvirin yayılmasını qadağan etmək imkanını nəzərdə tutur. Şəxsin təsvirindən istifadəyə nəzarət hüququnun müdafiəsi dövlətin Konvensiya ilə müəyyən edilmiş pozitiv öhdəliyini təşkil edir.
48. Bənd 2.4.30. İctimaiyyət üçün açıq yerlərdə (küçələrdə, restoranların, şadlıq saraylarının, klinikaların, otellərin, konfrans zallarının və digər iaşə obyektlərinin giriş, foye, dəhliz, ümumi zal və digər açıq zonaları, ictimai nəqliyyat vasitələri və s.) təhlükəsizliyin təmin olunması məqsədi ilə xüsusi texniki vasitələrlə audio-video çəkilişlərinin aparılması müəyyən şərtlər daxilində yolveriləndir. Belə ki, bu məqsədlə kameraların quraşdırıldığı açıq məkanlardan (küçə və s.) fərqli olaraq, qapalı məkanlarda çəkilişin aparılmasına dair xəbərdaredici məlumatların yerləşdirilməsi tələb olunur. Bu halda hər kəsin görə biləcəyi yerdə və anlaşılan məzmunda çəkilişin aparılmasına dair məlumatın vurulması həmin yerlərə daxil olan şəxslərin çəkilişə razılığının əldə edilməsini ehtiva etmiş olur. Bu görüntülərin və səs yazılarının həmin şəxslərin razılığı olmadan yayılmasına isə yalnız dövlət və ictimai maraqların təmin olunması məqsədilə yol verilir.
49. Bənd 2.4.31. Açıq və qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə (yığıncaqlar, qurultaylar, konfranslar, konsertlər, tamaşalar, idman yarışları, toy və yas mərasimləri və s.) digər qanunla qadağan olunmayan məqsədlərlə çəkilişlərin aparılmasına, habelə yayılmasına şəxslərin razılığı tələb olunmur. Lakin kütləvi tədbirlərdə konkret şəxsin onun üçün açıq-aydın arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin əsas obyekt kimi yayılması, habelə şərəf və ləyaqətini alçaldan tərzdə, yəni istehzalı, zarafat və ya lağ konteksində sosial şəbəkələr və ya digər vasitələrlə tirajlanması şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab ediləcəkdir.
50. Bənd 2.4.32. Şəxsin küçədə və ya restoranda razılığı alınmadan və ya digər qanuni əsaslar olmadan yaxın təsvirinin müxtəlif vasitələrlə (mobil telefonla və s.) çəkilməsi qadağandır. Bundan fərqli olaraq, tanınmış şəxslər (müğənni, musiqiçi, şair, yazıçı, aktyor, idmançı və s.) və publik şəxslərə münasibətdə onların yaxın təsvirinin çəkilməsinə ictimaiyyət üçün açıq olmayan yerlər (evində, xidməti və ya mehmanxana otağında, restoranların fərdi otaqlarında və s.) istisna olmaqla, razılığın alınması tələb olunmur. 4.24. Şəxsiyyət hüquqlarına müdaxilənin hüquqazidliyi yoxlanılarkən onun hüquqaziddliyini aradan qaldıran halların mövcudluğu da aydınlaşdırılmalıdır. Belə hallara zərərçəkən şəxsin razılığının olması, üstün xüsusi və ya ictimai mənafeyə və ya qanuna əsaslanması aiddir. Belə ki, bir sıra hallarda şəxsiyyət hüquqlarına müdaxilə şəxsin özünün razılığı ilə baş verir (məsələn, üzərində tibbi müayinə keçirilməklə onun bədən toxunulmazlığına müdaxilənin edilməsi). Bununla yanaşı, nəzərə alınmalıdır ki, şəxsiyyət hüquqlarına müdaxilə edəcək bəzi növ davranışlara razılığın verilməsi hüquqi cəhətdən mümkün deyildir (məsələn, şəxsin həyatına son qoyulması). Bu baxımdan razılığın keçərli olması üçün şəxsin iradəsi açıq şəkildə ifadə edilməli, zədələnməmiş olmalı, qanuna və ya əxlaqa zidd olmamalıdır. Üstün xüsusi mənafeyə əsaslanma onu ehtiva edir ki, müdaxilə onun yönəldiyi şəxsiyyət hüququ ilə müqayisədə daha üstün və əhəmiyyətli xüsusi hüququn qorunması zərurəti ilə törədilmişdir. Müdaxilənin əsaslandığı xüsusi mənafe həm hüquqlarına müdaxilə edilən şəxsə, həm müdaxilə edən şəxsə, həm də üçüncü şəxsə aid ola bilər (məsələn, şəxsin razılığı olmadan onun bədən toxunulmazlığı hüququna müdaxilə həmin şəxsin və ya üçüncü şəxsin həyatının xilas edilməsi zərurəti ilə edildikdə). Üstün ictimai mənafeyə əsaslanma halında isə müdaxilə konkret şəxslərin mənafeyinin qorunması üçün deyil, dövlətin və ya cəmiyyətin üstün maraqlarının qorunması zərurəti ilə edilir (məsələn, yoluxucu xəstəliyin insanlar arasında yayılmasının qarşısının alınması məqsədi ilə yoluxmuş şəxsə münasibətdə karantin tədbirini tətbiq etməklə onun sərbəst hərəkət etmək azadlığının məhdudlaşdırılması). Qanuna əsaslanma isə onun nəzərdə tutur ki, müəyyən hallarda şəxsiyyət hüquqlarının müdaxiləsinə qanunla yol verilir (məsələn, Mülki Məcəllənin 563- 565ci maddələrində
51. təsbit edilən zəruri müdafiə, son zərurət və özünəyardım).
52. Bənd 5.1. Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır.
53. Bənd 5.2 Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyrimüəyyənlik və s.).
54. Bənd 5.3. Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir.
55. Bənd 5.4. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.
56. Bənd 5.5. Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
65. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
66. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
67. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin predmeti cavabdehin öz mənzilinin təhlükəsizliyini təmin etmək məqsədilə müşahidə kamerası quraşdırmaq hüququnun həyata keçirilməsi zamanı digər şəxslərin konstitusion hüquqlarına müdaxilənin yolverilən hədlərinin müəyyən edilməsi ilə bağlıdır.
71. Konstitusiyanın 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır, şəxsi və ailə həyatına qanunsuz müdaxilə qadağandır, habelə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə, video və foto çəkilişinə məruz qoyula bilməz. Bu konstitusion təminat şəxsin yalnız mənzilinin daxilinə deyil, onun şəxsi həyatının tərkib hissəsi olan yaşayış məkanına giriş-çıxışına və həmin məkanla bağlı məlumatların toplanılmasına da şamil olunur.
72. Ali Məhkəmənin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 2025-ci il ## ###### tarixli qərarında izah edilmişdir ki, şəxsi toxunulmazlıq hüququ təməl şəxsiyyət hüquqlarından biri olmaqla Konstitusiyanın 32-ci və Avropa Konvensiyasının 8-ci maddələri ilə qorunur və hər bir şəxsin şəxsi və ailə həyatına hörmət edilməsinə, o cümlədən təsvirinin qorunmasına, onun özünü cəmiyyətdə rahat və təhlükəsiz hiss etməsinə xidmət edir.
73. Həmin Qərarın şəxsi toxunulmazlıq və təsvirin müdafiəsi hüququ ilə bağlı bəndlərinin məzmunundan göründüyü kimi, şəxsi həyat anlayışı yalnız şəxsin mənzilinin daxilində baş verən hadisələrlə məhdudlaşmır. Şəxsin yaşayış yerinə giriş və çıxışı, onunla əlaqə saxlayan şəxslər və barəsində müəyyən təsəvvür formalaşdırmağa imkan verən digər məlumatlar da şəxsi həyatın müdafiə olunan elementləri hesab olunur. Buna görə də konkret şəxs barədə belə məlumatların davamlı şəkildə toplanmasına, təsvirinin sistemli şəkildə qeydə alınmasına imkan verən müşahidə şəxsi həyata, o cümlədən təsvirin müdafiəsi hüququna müdaxilə kimi qiymətləndirilə bilər (bax §38-50).
74. Çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dəhlizində və ya mənzillərin giriş hissəsində bütün qonşuların razılığı ilə müşahidə kamerası quraşdırıla bilər. Lakin belə razılıq olmadıqda təhlükəsizlik məqsədilə quraşdırılan kamera yalnız onu quraşdıran şəxsin mənzilinin giriş hissəsinin müşahidəsi üçün zəruri olan görüntü bucağı ilə məhdudlaşmalıdır. Kameranın görüntü dairəsi ümumi istifadədə olan sahəni və (və ya) digər qonşuların mənzillərinin girişini və həmin mənzillərə giriş-çıxışı da əhatə edərsə, bu artıq həmin şəxslərin Konstitusiya ilə qorunan şəxsiyyət hüquqlarına müdaxilə hesab olunur.
75. İş üzrə müəyyən edilmiş hallardan görünür ki, cavabdeh tərəfindən quraşdırılmış kameraların görüntü bucağı yalnız cavabdehin mənzilinin girişini deyil, həm ümumi istifadədə olan dəhlizi, həm də iddiaçının mənzilinin giriş qapısını və həmin mənzilə giriş-çıxışı əhatə edir. Belə müşahidə nəticəsində iddiaçının mənzilə nə vaxt daxil olması və ya çıxması, mənzilə kimlərin gəlib-getməsi, gündəlik həyat ritmi və onun şəxsi həyatına dair digər məlumatların, habelə təsvirinin müntəzəm şəkildə qeydə alınması imkanı yaranmışdır ki, bu da həmin şəxsin Konstitusiyanın 32-ci maddəsi ilə qorunan şəxsi həyat sferasına yönəlmiş müdaxilə xarakteri daşıyır.
76. Bu baxımdan, çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dəhlizində və ya mənzilin giriş hissəsində digər qonşuların mənzillərini də əhatə edən müşahidə kamerasının quraşdırılması yalnız həmin şəxslərin razılığı olduqda yolverilən hesab edilə bilər. Belə razılıq olmadıqda isə təhlükəsizlik məqsədi ilə quraşdırılan kamera yalnız onu quraşdıran şəxsin mənzilinin giriş hissəsinin müşahidəsi üçün zəruri olan görüntü bucağı ilə məhdudlaşdırılmalıdır.
77. Kassasiya şikayətində iddiaçının mənzilindən yaşayış məqsədi ilə deyil, digər məqsədlərlə istifadə edildiyinə istinad edilərək şəxsi həyata müdaxilənin mövcud olmadığı göstərilmişdir. Kollegiya həmin dəlili əsaslı hesab etmir. Belə ki, mülkiyyətçinin mənzildən hansı məqsədlə istifadə etməsi onun Konstitusiyanın 32-ci maddəsi ilə təmin edilmiş hüquqlarını aradan qaldırmır. Şəxsi həyat hüququ yalnız ailə və məişət münasibətlərini deyil, şəxsin özünün müəyyən etdiyi şəxsi məkan və həmin məkana aid məlumatlar üzərində nəzarət imkanını da ehtiva edir.
78. Kollegiya həmçinin nəzərə alır ki, cavabdehin öz mülkiyyətinin və əmlakının təhlükəsizliyini təmin etmək hüququ qanunla qorunan hüquqdur. Lakin hər bir subyektiv hüququn həyata keçirilməsi digər şəxslərin hüquq və azadlıqlarına hörmət prinsipi çərçivəsində baş verməlidir. Buna görə də təhlükəsizlik məqsədilə müşahidə kamerasının quraşdırılması mümkün olsa da, onun görüntü bucağı zərurət həddini aşaraq digər şəxslərin razılığı olmadan onların mənzillərinin girişini, giriş-çıxışını və təsvirini davamlı şəkildə qeydə almağa imkan verirsə, belə istifadə artıq digər şəxslərin şəxsiyyət hüquqlarına müdaxilə hesab olunur.
79. Apellyasiya instansiyası məhkəməsi məhz bu tarazlığı nəzərə alaraq cavabdehin təhlükəsizlik məqsədilə müşahidə kamerasından istifadə etmək hüququnu tam məhdudlaşdırmamış, yalnız qapısının üstündə quraşdırılmış kameranın görüntü bucağının öz mənzilinin giriş hissəsi ilə məhdudlaşdırılmasını və ümumi istifadədə olan dəhlizdə quraşdırılmış digər kameranın isə sökülməsini qət etmişdir. Belə müdaxilə tərəflərin hüquqları arasında ədalətli balansın təmin edilməsinə yönəlmiş, zəruri və proporsional tədbir hesab olunur.
80. Şəxsi həyata qanunsuz müdaxilənin müəyyən edilməsi ilə əlaqədar olaraq iddiaçının mənəvi zərərə məruz qalması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də əsaslıdır. Şəxsin öz yaşayış yerinə giriş-çıxışının uzun müddət digər şəxs tərəfindən müşahidə olunması və təsvirinin müntəzəm qeydə alınması onda daimi izlənildiyi hissini yaratmaqla psixoloji narahatlıq və mənəvi sarsıntılara səbəb olur. Belə hallarda mənəvi zərərin mövcudluğu müdaxilənin xarakterindən irəli gəlir və ayrıca sübut olunması tələb olunmur. Belə ki, Plenum qərarının 9.1.2. və 9.1.3-cü bəndlərində qeyd olunmuşdur ki, mənəvi zərərin kompensasiyası tələbləri üzrə şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə əksi sübuta yetirilməyincə mənəvi zərərin mövcudluğu prezumpsiyasını yaradır. Yəni mənəvi zərərin kompensasiyası tələbləri üzrə şəxsiyyət hüquqlarına birbaşa hüquqazidd müdaxilə halında bu əməlin mövcudluğunun sübuta yetirilməsi həmin şəxsi mənəvi zərərə məruz qalması üzrə sübutetmə yükündən azad edir. Əksini iddia edən bunu sübut etməlidir, lakin cavabdeh tərəfindən belə sübutlar təqdim edilməmişdir.
81. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi təzminatın məbləği də işin konkret halları, müdaxilənin xarakteri və davametmə müddəti nəzərə alınmaqla ədalətli hesab olunur.
82. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə müəyyən edilmiş faktiki hallar əsasında düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas vermədiyindən qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.