Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11131/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 29.09.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı Səbail Rayon Məhkəməsinin bütün tərkibinə və məhkəmə sədrinə etiraz təqdim edərək, hazırki mülki işə Bakı şəhəri Səbail rayon məhkəməsində baxılmasına etiraz etdiyini bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbayıl rayon məhkəməsində baxılmasına 29.06.2018-ci il tarixdə iddiaçının “alğı-satqı müqaviləsinin ləğvi” tələbinə dair Səbail rayon məkəməsi tərəfindən saxta qərar çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 29.10.2018ci il tarixdə həmin qətnamə ləğv edilmiş və Ali Məhkəmə 29.04.2019-cu ildə apellyasiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov yaxın qohumudur, lakin o həmin qətnamənin qəbul edilməsi zamanı buna münasibət bildirməmişdir. Bu səbəbdən də bu iş üzrə də düzgün qərar qəbul edilməsini gözləmir. Ona görə də işə Bakı şəhər Səbail Rayon Məhkəməsinin bütün tərkibi tərəfindən baxılmasına etiraz edir. Məhkəmə kollegiyası işin materiallarını və etirazın dəlillərini qarşılıqlı surətdə təhlil edərək hesab edir ki, İddiaçı tərəfindən Bakı şəhər Səbail Rayon Məhkəməsinin bütün tərkibinə və məhkəmə sədrinə verilmiş etiraz baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 19.1-ci maddəsinə əsasən, hakim, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxılmasına yol verilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Məcəllənin 22.5-cü maddəsinə əsasən, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi hakimə (məhkəmə sədrinə) etiraz edilməsinin əsaslarını və prosessual qaydalarını müəyyənləşdirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf etirazının əsası kimi göstərdiyi dəlillərə dair hər hansı sübut təqdim etməmiş və etiraz yalnız onun şəxsi mülahizələrinə əsaslanmışdır. Halbuki, yuxarıda qeyd olunduğu kimi mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz məhkəmə tərkibi tərəfindən baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən, məhkəm kollegiyası hesab edir ki, İddiaçı tərəfindən məhkəmə tərkibinə verilmiş etiraz baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 21, 22, 365 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən Bakı şəhər Səbail Rayon Məhkəməsinin sədrinə və bütün məhkəmə tərkibinə verilmiş etiraz baxılmamış saxlanılsın. Mülki iş baxılması üçün Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-11131/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11131/2021
05.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver