Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11402/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(005)- 4300/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 35640 manat əsas məbləğ, həmin məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 1125 (illik 6.25 faizlə) manatdan, iki il üçün 2250 (iki min iki yüz əlli) manat faiz məbləği, mənəvi ziyan hesabına 100000 (bir yüz min) manat və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 137920 (bir yüz otuz yeddi min doqquz yüz iyirmi) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin tədbiri barədə ərizə təqdim edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti, məhəllə 3078a, ev 65, 3 nömrəli mənzilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim K.Əmirxanova, iş № 2(005)-4300/21) ərizə təmin edilmiş, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti, məhəllə 3078a, ev 65, mənzil 3 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmuşdur. Cavabdeh Ağacəfər oğlu şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayəti Cavabdeh adından etibarnamə əsasında Vəkil2 imzalamışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qeyri-mümkün sayılmalı və mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya şikayətini etibarnamə əsasında nümayəndə Vəkil2 imzalamışdır. İş materialından məlum olur ki, Cavabdeh tərəfindən Vəkil2 verilən etibarnamə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin konsulu tərəfindən qeydiyyata alınmış və Səfirliyin möhürü ilə təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin etibarnamə qüvvədə olan mülki və prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığına görə Vəkil2 şikayəti imzalamaq səlahiyyətinə malik şəxs kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, konsulun etibarnamə üzərində apardığı təsdiq qeydində etibarnamənin deyil, imzanın həqiqiliyinin təsdiq olunduğu göstərilmişdir. Etibarnamə və sənəddəki imzanın həqiqiliyinin təsdiqi isə “Notariat haqqında” Qanunda ayrı-ayrı notariat əməliyyatı kimi təsnif edilmişdir. Digər tərəfdən, konsul həmin təsdiq qeydində Cavabdeh imzasının həqiqiliyini təsdiq etdiyini göstərsə də, etibarnamədə hər hansı imza yoxdur, yəni Cavabdeh etibarnaməni imzalamamışdır. Bundan əlavə etibarnamədə onun verilmə tarixi, təsdiq edilmə tarixi göstərilməmiş, etibarnamənin 07.11.2022-ci ilədək qüvvədə olmasına dair qeyddə isə sonradan düzəliş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 363.1-ci maddəsinin tələbinə görə bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 15-ci bəndinə əsasən votariat hərəkətləri notariat ofisində, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və Azərbaycan Respublikasının konsulluqları yerləşən binada aparılmalıdır. Həmin Qaydaların 75-ci bəndin məzmununa görə etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o, verildiyi gündən bir il ərzində qüvvəsini saxlayır. Verildiyi tarix göstərilməyən etibarnamə etibarsızdır. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Etibarnamənin mətnində onun tərtib edildiyi (imzalandığı) yer və vaxt, etibarnamə verən və etibarnamə verilən şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsin tam adı) və yaşayış yeri (hüququ şəxsin olduğu yer), lazımi hallarda isə vəzifəsi, şəxsiyyət vəsiqəsi üzrə digər məlumatlar (seriyası, nömrəsi, hansı orqan tərəfindən və nə vaxt verilməsi, eləcə də şəxsin doğum tarixi, fərdi identifikasiya nömrəsi), Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlaka sərəncam verilməsinə (özgəninkiləşdirilməsi, ipoteka və renta ilə yüklü edilməsi) dair etibarnamələrdə isə həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqlara dair elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilmiş məlumatlar (qeydiyyat tarixi, reyestr nömrəsi və s.) göstərilməlidir. Həmin məlumatları informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, notarius daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına dair sənədləri tələb edərək müvafiq məlumatları etibarnamədə qeyd edir. Vəkillərin adına etibarnamələrdə vəkillərin iş yeri (hüquq məsləhətxanası) göstərilir. Həmin qaydaların 18-ci bəndinə görə notarius əqdlərin iştirakçılarının, şahidlərin (vəsiyyətnamənin təsdiqi zamanı) və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyini (videoyazı, “Elektron ədliyyə köşkü”, “Mobil notariat qovluğu” proqram təminatı vasitəsilə aparılan notariat hərəkətləri istisna olmaqla) yoxlayır. Bu zaman əqd iştirakçıları, şahidlər və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslər özlərinin yazı xətti ilə soyadını, adını, atasının adını yazdıqdan və imza etdikdən sonra həmin sənədlər notariat qaydasında təsdiq olunur. Göründüyü kimi, hazırkı etibarnamə qanunla müəyyən edilmiş qaydada təsdiq edilməmişdir. Belə olan halda, Vəkil2 hazırkı şikayəti imzalamaq səlahiyyətinə malik şəxs kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, şikayət qeyrimümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(005)- 4300/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-11402/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11402/2021
03.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver