Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11635/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, İddiaçı cavabdeh N.Turan MMC-yə qarşı “sökülmüş fərdi yaşayış evinin bərpa edilməsi, maddi və mənəvi ziyan tələbi”nə dair iddia ərizəsinin geri qaytarılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(001)-8028/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh N.Turan MMC-yə qarşı sökülmüş fərdi yaşayış evinin bərpa edilməsi, maddi və mənəvi ziyan tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə istinad edilməklə geri qaytarılmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Həmin qərardaddan İddiaçı vəkili və nümayəndəsi Mənsurova Lalə Nadir qızı tərəfindən verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia ərizəsini Mülki Prosessual Məcəllənin tələblərinin pozulması ilə geri qaytarmışdır. Belə ki, iddiaçının verdiyi etibarnamədə MPM-nin 74-cü maddəsinə uyğun olaraq nümayəndəyə bütün səlahiyyətlər, o cümlədən iddia ərizəsini imzalamaq səlahiyyəti verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bu qərarında məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində onun etibarnamə əsasında nümayəndə L.N.Mənsurova tərəfindən imzalanması qeyd olunsa da, ərizəyə etibarnamənin tam mətni, L.N.Məmmədovanın iddiaçının yaxın qohumu və ya vəkili olmasına dair hər hansı bir sübut əlavə olunmamışdır. Şikayətə əlavə olunan orderdən isə müəyyən edilir ki, İddiaçı vəkili ilə yalnız 12.10.2021-ci il tarixdə hüquqi xidmət göstərilməsi barədə 538 saylı müqavilə bağlamışdır. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan, yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi hazırkı iddia ərizəsinin geri qaytarılmasına dair düzgün nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsini geri qaytaran birinci instansiya məhkəməsi düzgün olaraq işin o halına istinad etmişdir ki, iddia ərizəsi etibarnamə əsasında nümayəndə L.N.Mənsurova tərəfindən imzalansa da, onun iddiaçının yaxın qohumu və ya vəkili olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Məhkəmənin iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qərardadından verilmiş şikayətə əlavə edilmiş orderin surətindən isə məlum olur ki, tərəflər arasında hüquqi xidmət göstərilməsinə dair müqavilə iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra, 12.10.2021-ci il tarixdə bağlanmışdır. Deməli, iddia ərizəsi məhkəməyə təqdim edilən vaxt tərəflər arasında belə müqavilə olmamışdır. Ona görə də, həmin vaxt nümayəndənin iddianı imzalamaq səlahiyyəti olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Göründüyü kimi, qanunun bu müddəası nümayəndə olan bilən şəxsə dair iki tələb müəyyən etmişdir: iddiaçının yaxın qohumu olması, yaxud onun vəkili olması. Hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə təqdim edilən zaman onu imzalamış X1 hüquqi statusu bu tələblərin heç birinə uyğun olmamışdır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi geri qaytarılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri aidiyyat qaydalarının pozulması əsası ilə geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(001)- 8208/2021 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11635/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11635/2021
02.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver