Məhkəmə qərarları › İş №2(103)-1414/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1414/2023

21.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1414/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1420/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, İddiaçı 28 aprel 2021-ci il tarixdə cavabdeh "xxxx" MMCdə (klinika) müayinədə olmuş, 19 avqust 2021-ci il tarixdən isə dişlərinin müalicəsinə başlamış, klinikanın həkimi Bəxtiyr Əliyev tərəfindən iki dəfə ağız boşluğunun gigiyenası (hər biri 60 manat qiymətində), 24, 25, 26, 27, 14, 15, 16, 17, 47 və 45 dişlərində kompozit restavrasiya (bir diş ücün qiymət 144 manat), həmçinin 27 və 45-ci dişlərində güdülün (ştiftin) sökülməsi (bir diş üçün qiymət 20 manat) işləri icra edilmişdir. Görülmüş işlərin dəyəri ümümilikdə 1.600 manat təşkil etmiş, iddiaçı tərəfindən 1.436 manat məbləğində cavabdehə ödəniş edilmiş, 164 manat borc qalmışdır. Daha sonra iddiaçı dişlərinin müalicəsini “Real Dentalal” Klinikasında davam etdirmək qərarına gəlmiş, bunun üçün 15 sentyabr 2021-ci il tarixdə iddiaçının həyat yoldaşı iddiaçıya məxsus tibbi sənədləri cavabdeh klinikadan götürmək istəsə də, ona həmin sənədlər verilməmiş və cavabdehin imtinası belə əsaslandırılmışdır ki, həmin sənədlər yalnız iddiaçının özünə və ya etibarnamə əsasında nümayəndəsinə verilə bilər. Hazırda iddiaçı cavabdeh tərəfindən ona ödənilmiş məbləğ müqabilində dişlərinin müalicəsinin həyata keçirilmədiyini, həmçinin ona tibbi sənədlərin verilməməsi səbəbindən sığorta şirkətindən ödənişin geri ala bilmədiyini əsas gətirərək dişlərinin müalicəsi üçün cavabdehə ödənilmiş 1.436 manat məbləğində vəsaitin, ona vurulmuş 4.000 manat məbləğində mənəvi zərərin əvəzinin və 95,5 manat məbləğində məhkəmə xərclərinin əvəzinin ödənilməsini tələb edir, cavabdeh isə iddianı qismən qəbul etdiyini bildərərək cəmi 6 dişdə kompozit restavrasiya işlərinin 50% icra edildiyini, həmin işlərin iddiaçının “Real Dental” Klinikasında müalicəsinin bitməsindən sonra tam olaraq yekunlaşdıra biləcəyini, qalan işlərin isə tam icra edildiyini, iddiaçının borc məbləğini nəzərə alaraq 268 manat məbləğində ödənişin geri qaytarılmasına razı olduğunu bildirir.

2. İş materiallarında olan, "xxxx" MMC tərəfindən tərtib edilmiş 28 aprel 2021-ci il tarixli “Planlama”dan görünür ki, həkim stomatoloqun müayinəsinin qiyməti 30 manat, 24, 25, 26, 27, 14, 15, 16, 47, 45, 34, 35, 36-cı dişlərdə kompozit restavrasiyanın hər diş üçün 144 manat, 48 nömrəli ağıl dişinin çəkilməsi 80 manat, iki dəfə ağız boşluğunun gigiyenasının qiyməti 120 manat, ümumilikdə görüləcək işlərin qiyməti 1.958 manat təşkil edir.

3. İş materiallarında olan, "xxxx" MMC tərəfindən tərtib edilmiş 01 fevral 2022-ci il tarixli “İcra sənədi”ndən görünür ki, İddiaçı 28 aprel 2021-ci il tarixdə həkim stomatoloqun müayinəsində olmuş (xidmətin qiyməti 30 manat); 19 avqust 2021-ci il tarixdə 2 dəfə ağız boşluğunun gigiyenası icra edilmiş (ümumi 120 manat); həmin tarixdə 24 və 25-ci dişlərin kompozit restavtasiyası, 20 avqust 2021-ci il tarixdə 26 və 27-ci dişlərin kompozit restavrasiyası, 27-ci dişdə güdülün (ştiftin) sökülməsi; 21 avqust 2021-ci il tarixdə 16 və 17-ci dişlərin kompozit restavrasiyası; 23 avqust 2021-ci il tarixdə 14 və 15ci dişlərin kompozit restavrasiyası; 26 avqust 2021-ci il tarixdə 47-ci dişin kompozit restavrasiyası; 01 sentyabr 2021-ci il tarixdə 45-ci dişin kompozit restavrasiyası və güdülün (ştiftin) sökülməsi icra edilmişdir. Borcun məbləği 164 manat göstərilmişdir.

4. İş materiallarında olan, "xxxx" MMC tərəfindən tərtib edilmiş 01 fevral 2022-ci il tarixli “İcra sənədi”ndən görünür ki, 19 avqust 2021-ci il tarixdə X2 2 dəfə ağız boşluğunun gigiyenası (ümumi 120 manat); 21 avqust 2021-ci il tarixdə 37 və 44-cü dişlərin kompozit restavrasiyası, 34-cü dişin fissur sealant işləri icra edilmişdir. Borc yoxdur.

5. İş materiallarında olan, "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 29 dekabr 2021ci il tarixli məktubdan görünür ki, sonuncuya natamam icra edilmiş dişlərin ödənişinin 50%nın geri qaytarılması, qalıq borcun məbləği nəzərə alaraq 268 manat məbləğində vəsaitin qaytarılması təklif olunmuşdur.

6. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X9 tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli, 187/KEŞ saylə ekspert rəyindən görünür ki, İddiaçı 24, 25, 26, 27, 14, 15, 16, 17, 47 və 45-ci dişlərində kompozit restovrasiya, həmçinin 27 və 45-ci dişlərdə güdülün (ştiftin) sökülməsi prosedurları icra edilmişdir. Ortopantoqrammaya əsaslanaraq həmin dişlərin kök kanallarında güdülün (ştiftin) yerləşməsinə müvafiq kanalın genişlənməsi izlənilir. Ortopantoqrammada metal ştiftlərin olmaması ştiftlərin sökülmüş olduğunu göstərir. "xxxx" və “Real Dental” Klinikalarında tibbi sənədlər olmadığından kompozit restavrasiya və güdülün (ştiftin) sökülməsi prosedurların hansı səbəbdən icra edilməsi haqqında fikir söylənilməsi mümkün olmadı. Müalicəyə sərf olunacaq vəsaitin təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.

7. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X9 tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli, 413/KEŞ saylı ekspert rəyindən görünür ki, İddiaçı 24, 25, 26, 27, 14, 15, 16, 17, 47 və 45-ci dişlərində kompozit restovrasiya, həmçinin 27 və 45-ci dişlərdə güdülün (ştiftin) sökülməsi prosedurları icra edilmişdir. Ortopantoqrammaya əsaslanaraq həmin dişlərin kök kanallarında güdülün (ştiftin) yerləşməsinə müvafiq kanalın genişlənməsi izlənilir. Ortopantoqrammada metal ştiftlərin olmaması ştiftlərin sökülmüş olduğunu göstərir və bu da bəzi dişlərdə yenidən endodontik müalicəyə səbəb olmuşdur. "xxxx" və “Real Dental” Klinikalarında tibbi sənədlər tərtib edilməli olduğu halda, edilmədiyindən kompozit restavrasiya və güdülün (ştiftin) sökülməsi prosedurların hansı səbəbdən icra edilməsi haqqında dəqiq fikir söylənilməsi mümkün olmadı. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş 1.436 manat maddi zərərin, eləcə də ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 4.000 manat məbləğində pulun, etibarnamənin alınması üçün notariusa rüsum kimi ödədiyi 11,5 manatın, həmçinin dövlət rüsumu kimi ödədiyi 85 manatın, ümumilikdə 5.532,5 manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı dişlərinin müalicəsi ilə bağlı cavabdeh klinikaya ilk olaraq 28 aprel 2021-ci il tarixdə müraciət etmişdir. Bütün görüləcək işlərin qiyməti barədə məlumat almaq məqsədi ilə müayinədən sonra bir “planmala” qrafiki tərtib olunmuşdur. Həmin sənəddə görüləcək işlərin qiyməti 1.958 manat göstərilmişdir. Həmin ay dişlərinin müalicəsinə başlanmasına baxmayaraq müalicə bir neçə ay uzanmış, həmçinin görülən işlərin nəticəsi də olmamışdır. Görüləcək işlər dişlərin bir-bir müalicə edilməsi üçün planlaşdırılmamışdır. Əksinə, müalicənin vaxtı uzadıla-uzadıla eyni anda bir neçə dişin üstü açılır, lakin müalicəsi tamamlanmırdı. 28 avqust 2021-ci il tarixdə növbəti təyin olunmuş gündə klinikaya gəldikə ona öncədən verilən “planmala” siyahısına əlavə olaraq yeni bir siyahı (1.068 manat məbləğində əlavə işlər) təqdim olunmuş və bildirilmişdir ki, Bəxtiyar həkim 20 günlük Türkiyəyə istirahətə gedib və gələn ayın 15-i ölkədə olacaq. Bu cür laqeyd və qeyri-peşəkar yanaşma ilə narazı olduğunu bildirmiş və həyat yoldaşına zəng vurmuşdur. Həyat yoldaşı klinikaya gəldikdə, qalıq borcları varsa ödəyib ambulator kağızı götürmək istəmiş və digər klinikaya müraciət etmək qərarlarını bildirmişdir. Lakin, klinikanın mühasibi Nərmin xanım bildirmişdir ki, görülən işlər barədə sənədi (ambulator kağızı) təqdim etmək yalnız Bəxtiyar həkim ölkəyə qayıtdıqdan sonra mümkün olacaqdır. Beləliklə də, ambulator kağız vaxtında verilmədiyinə görə onlar həmin sənədi geri ödəmək üçün sığorta şirkətinə təqdim edə bilməmişlər, çünki sığorta müqaviləsinin şərtlərinə görə müvafiq sənədlər 1 aydan gec olmayaraq təqdim edilməli idi. Daha əvvəl bu barədə cavabdeh klinikaya bildirsələr də, yalnız Bəxtiyar həkimin ölkəyə qayıtmasından sonra verə biləcəklərini bildirmişdirlər. Klinika ilə aralarında olan mübahisələrə baxmayaraq yoldaşı qalıq məbləği (167) manat ödəmək istədiyini bildirsə də, klinikanın əməkdaşları post terminalın işləmədiyini bildirmişlər. Hər ödəniş zamanı məbləğin yalnız nəğd şəkildə ödənilməsi üçün post terminalın işləmədiyi bildirilmişdir. 15 sentyabr 2021-ci il tarixində o, həm telefon zəngi vasitəsi ilə, həm də “WhatsApp”la cavabdeh klinika ilə əlaqə saxlayaraq həyat yoldaşının gəlib sənədi götürəcəyini və qalıq məbləği də ödəyəcəyini bildirmişdir. Lakin, 15 sentyabr 2021-ci il tarixdə həyat yoldaşı klinikaya getsə də, yenə də ambulator sənədi ona verilməmişdir. Nəticədə dəfələrlə müraciət etmələrinə baxmayaraq onlardan dişlərin müalicəsi başlamadan alınmış 1.436 manat (əslində ödənilən məbləğ daha çox olsa da ödənilən pulların bir hissəsi nəğd qaydada verildiyinə və müvafiq qəbz verilmədiyinə görə, yalnız ödənilən pullara dair olan qəbzləri hesablamaqla 1.436 manat pul ödənildiyini qeyd edir) məbləğində pulla bağlı heç bir məlumat və ya sənəd verilməmişdir. Həmin məbləğ üzrə nəzərdə tutulmuş işlərin heç 30%-i belə başa çatdırılmamışdır. Bundan sonra o, məcbur olub dişlərinin müalicəsi ilə bağlı digər klinikaya - “Real Dental”-a müraciət etmişdir. Nəticədə cavabdehin görməli olduğu işlərin əksəriyyəti “Real Dental” klinikası tərəfindən həyata keçirilmişdir. Belə olan halda aydın olur ki, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəlik yerinə yetirilməmiş, ondan aldığı 1.436 manat məbləğində pul müqabilində cavabdeh tərəfindən demək olar ki, heç bir iş görülməmişdir. Həmçinin, görülən işlərə dair ambulator sənədi cavabdeh onlara təqdim etmədiyinə görə o, ödədiyi pulu sığorta şirkətindən geri almaqdan məhrum olmuşdur. Tərəfindən 28 dekabr 2021-ci il tarixli pretenziya ilə cavabdehə müraciət edilərək, dişlərin müalicəsi üçün ödədiyi 1.436 manat məbləğində pulu 3 gün ərzində ona qaytarılması təklif edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. Cavabdeh tərəfindən müraciətinə tamamilə əsassız cavab verilməklə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehə qeyd etdiyi məbləğdə pul ödəməyinə baxmayaraq cavabdeh tərəfindən verdiyi pulun müqabilində görülməli olan işlər görülməmiş, ona görə də o, həmin işlərin görülməsi üçün “Real Dental” klinikasına müraciət etməklə əlavə vəsait ödəməyə məcbur olmuşdur. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət edərək hesab edir ki, cavabdehə ödədiyi 1.436 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. O, cavabdehə müraciət etməklə, dişlərinin müalicə edilməsinə nail olmaq istəyirdi. Lakin, cavabdeh klinikanın müalicəni əsassız yerə uzatması, bu azmış kimi, görməli olduğu işləri demək olar ki, görməməsi, müvafiq sənədləri ona təqdim etməkdən əsassız yerə imtina etməsi, onu getgələ salması, əsassız yerə ondan aldığı pulu geri qaytarmaması, hüquqlarının müdaliə olunması ilə bağlı məcbur olub məhkəməyə müraciət etməyi və s. hallar onu mənən alçaltmış, özünə etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmış, onun narahatlıq hissi keçirməyinə səbəb olmuşdur. Odur ki, cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində ona həm də mənəvi zərər vurulmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri simvolik olaraq 4.000 manat məbləğində qiymətləndirir. Həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(001)-1420/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 268 (iki yüz altmış səkkiz) manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun 5 (beş) manatının tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işdə olan hər iki klinika tərəfindən təqdim edilmiş sənədlərlə, ekspert rəyləri və məhkəmə iclasında iştirak edən ekspertin bildirdikləri ilə müəyən edilir ki, iddiaçının 24, 25, 26, 27, 14, 15, 16, 17, 47 və 45-ci dişlərində kompozit restovrasiya, həmçinin 27 və 45-ci dişlərdə güdülün (ştiftin) sökülməsi prosedurları icra edilmiş və görülmüş işlərdə qüsurlar olmamışdır. "xxxx" və “Real Dental” kliniklarının gördüyü işlər üst-üstə düşmür. “Real Dental” klinikasında görülən işlər "xxxx" klinikasında görülən işlərin davamı olmuşdur.

12. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona tibbi sənədlərin verilməməsi səbəbindən sığorta şirkətindən ödənişin geri ala bilmədiyini iddia etsə də, qanunverciliyə əsasən cavabdeh həkim sirrini təşkil edən məlumatları iddiaçının özünə vermək vəzifəsini daşıyır.

13. Birinci instansiya məhkəməsi qeyd olunanları əsas götürərək hesab etmişdir ki, iddia tələbi “vurulmuş 1.436 manat maddi zərərin ödənilməsi” hissəsində qismən təmin edilməli, iddiaçının cavabdehə 164 manat məbləğində borcunun qaldığını, 6 diş üzərində 50% işlərin icra edildiyini (144x6=864 manat) nəzərə alaraq cavabdehdən 268 (864/2=432; 432-164=268) manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 752.1 və 762.1-ci maddələrinə, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına və Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri

16. İddiaçı apelyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissələrində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

17. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericilik normalarının tələbləri pozulmuş, iddia tələbi təmin edilmədiyi hissədə qətnamə düzgün əsaslandırılmamış, tərəfindən təqdim edilmiş sübutlara və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, klinika tərəfindən görülən işlər barədə ona heç bir məlumat (nə yazılı nə də şifahi) verilməmişdir. Klinika bu məlumatların ona təqdim olunmasından imtina etdikdən sonra ona bəlli oldu ki, klinikanın haqqı ödənilmiş, amma başa çatmamış işlərin olduğunu anlayaraq müvafiq sənədlərin verilməsindən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə etirazda özü etiraf edir ki, etdiyimiz ödənişlərə görə bütün işlər görülməmişdir. Cavabdeh klinika görülməli olan, lakin faktiki olaraq görülməmiş işlərin bir qismini etiraf etmişdir. Belə ki, cavabdeh klinika tərəfindən 35, 36, 45 və 48-ci dişlərə görə də hər hansı bir iş görülməmişdir. Bu “Real Dent” Klinikası tərəfindən verilmiş sənədlərlə öz təsdiqini tapır. Cavabdehin görmədiyi və ya yarımçıq gördüyü işləri o, məcbur olub başqa klinikada yenidən gördürmüşdür ki, bunun da nəticəsində ona zərər vurulmuşdur. Cavabdeh tərəfindən nə plomblar qoyulmuşdur, nə də diş divarları düzəldilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verilməmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:

19. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

20. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

21. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələblərinin təmin edilməyən hissələrində ləğv edilməsini və iddia tələblərinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirdiyindən, qətnamə mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya pəkməli olduğu xərclər, əmlakından məhrum olrnası və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitındə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır

28. Maddə 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır.

29. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

30. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

33. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

34. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən, vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir.

35. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 16-cı maddəsinə əsasən xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək, həkim sirrinə əməl etmək və s. özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

43. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Birinci instansiya məhkəməsi, iddiaçının 28 aprel 2021-ci il tarixdə cavabdeh klinikada müayinədə olduğunu, 19 avqust 2021-ci il tarixdən isə dişlərinin müalicəsinə başlandiğını, klinikanın həkimi Bəxtiyr Əliyev tərəfindən iki dəfə ağız boşluğunun gigiyenası (hər biri 60 manat qiymətində), 24, 25, 26, 27, 14, 15, 16, 17, 47 və 45 dişlərində kompozit restavrasiya (bir diş ücün qiymət 144 manat), həmçinin 27 və 45-ci dişlərində güdülün (ştiftin) sökülməsi (bir diş üçün qiymət 20 manat) işlərinin icra edildiyini, görülmüş işlərin dəyərinin ümümilikdə 1.600 manat təşkil etdiyini, iddiaçı tərəfindən isə 1.436 manat məbləğində cavabdehə ödəniş edildiyini və 164 manat borcu qaldığını, həmçinin işdə olan hər iki klinika tərəfindən təqdim edilmiş sənədlərlə, ekspert rəyləri və məhkəmə iclasında iştirak edən ekspertin bildirdikləri ilə iddiaçının 24, 25, 26, 27, 14, 15, 16, 17, 47 və 45-ci dişlərində kompozit restovrasiya, həmçinin 27 və 45-ci dişlərdə güdülün (ştiftin) sökülməsi prosedurlarının icra edildiyini və görülmüş işlərdə qüsurların olmadiğinın müəyən edildiyini, "xxxx" və “Real Dental” kliniklarının gördüyü işlərin üst-üstə düşmədiyini və “Real Dental” klinikasında görülən işlərin "xxxx" klinikasında görülən işlərin davamı olduğunu, cavabdehin həkim sirrini təşkil edən məlumatları iddiaçının özünə vermək vəzifəsini daşıdığını nəzərə alıb hesab etmişdir ki, iddia tələbi “vurulmuş 1.436 manat maddi zərərin ödənilməsi” hissəsində qismən təmin edilməli, iddiaçının cavabdehə 164 manat məbləğində borcunun qaldığını, 6 diş üzərində 50% işlərin icra edildiyini (144x6=864 manat) nəzərə alınaraq, cavabdehdən 268 (864/2=432; 432–164=268) manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir.

47. Cavabdeh İddiaçı qətnamədən verdiyi apelyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissələrində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmiş və apelyasiya şikayətini belə əsaslandırmışdir ki, klinika tərəfindən görülən işlər barədə ona heç bir məlumat (nə yazılı nə də şifahi) verilməmiş, bu məlumatların təqdim olunmasından imtina etdikdən sonra ona bəlli olmuşdur ki, klinika haqqı ödənilmiş, amma başa çatmamış işlərin olduğunu anlayaraq müvafiq sənədlərin verilməsindən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə etirazda özü etiraf edir ki, etdiyi ödənişlərə görə bütün işlər görülməmişdir. Cavabdeh klinika görülməli olan, lakin faktiki olaraq görülməmiş işlərin bir qismini etiraf etmişdir. Belə ki, cavabdeh klinika tərəfindən 35, 36, 45 və 48-ci dişlərə görə də hər hansı bir iş görülməmişdir. Cavabdehin görmədiyi və ya yarımçıq gördüyü işləri məcbur olub başqa klinikada yenidən gördürmüşdir ki, bunun da nəticəsində ona zərər vurulmuşdur. Cavabdeh tərəfindən nə plomblar qoyulmuşdur, nə də diş divarları düzəldilmişdir.

48. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, maddi hüquq normalarının tələblərinə uyğun qiymətləndirib hesab edir ki, apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır.

49. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qiymətləndirərək aşağıdakıları qeyd edir.

50. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş ekspert X3 rəylərlə bağlı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ştifttin sökülməsi işləri qismən icla edilmişdir. Belə ki, bəzi dişlərdə ştiftlər sökülüb, bəzilərində isə yox. Cərrahi ağırlaşmalar yoxdur. Cavabdeh tərəfindən görüşmüş işlərdə qüsurlar yoxdur. İş yarımçıq idi, lakin qüsurlu deyildi. Kanal genişlənməsi qüsur deyil, ştift olan yerdə kanal genişlənməsi olması normaldır. Ştiftin sökülməsi endodontik müalicə olunması məsləhətlidir. Lakin oluna da bilər, olunmaya da. "xxxx" və “Real Dental” kliniklarının gördüyü işlər üst-üstə düşmür. “Real Dental” klinikasında görülən işlər "xxxx" klinikasında görülən işlərin davamıdır. Burada yenidən işlər görülməyib, işlər davam etdirilib. Kompozit restavrasiya və kanalın müalicəsi (doldurulması) ayrı-ayrı işlərdir.

51. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona ödənilmiş məbləğ müqabilində dişlərinin müalicəsinin həyata keçirilmədiyini iddia etsə də, işdə olan hər iki klinika tərəfindən təqdim edilmiş sənədlərlə, ekspert rəyləri və məhkəmə iclasında ekspertin bildirdikləri ilə müəyən edilir ki, iddiaçının 24, 25, 26, 27, 14, 15, 16, 17, 47 və 45-ci dişlərində kompozit restovrasiya, həmçinin 27 və 45-ci dişlərdə güdülün (ştiftin) sökülməsi prosedurları icra edilmiş və görülmüş işlərdə qüsurlar olmamışdır. "xxxx" və “Real Dental” kliniklarının gördüyü işlər üst-üstə düşmür. “Real Dental” klinikasında görülən işlər "xxxx" klinikasında görülən işlərin davamı olmuşdur.

52. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin cavabdeh tərəfindən müvafiq sənədlərin verilməsindən imtina edilməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarında olan İddiaçı ilə "xxxx" MMC-nin əməkdaşı arasında “Whatsapp” yazışmalarından görünür ki, 16 avqust 2021-ci il tarixdə İddiaçı Bəxtiyar doktorun müayinəsində olduğunu və müalicə üçün gəlmək istədiyini bildirmiş, 15 sentyabr 2021-ci il tarixdə ********** mobil nömrə ilə əlaqə saxlanılmasını bildirmiş, klinikanın əməkdaşı tərəfindən İddiaçı bildirilmişdir ki, doktorun dediyinə görə yoldaşı gələcəyi təqdirdə notarusdan sənəd gətirməli, çünki sənədlər ancaq onun özünə verilə bilər.

53. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona tibbi sənədlərin verilməməsi səbəbindən sığorta şirkətindən ödənişin geri ala bilmədiyini iddia etsə də, qanunverciliyin yuxarıda istinad olunan müddəalarından göründüyü kimi, cavabdeh həkim sirrini təşkil edən məlumatları yalnız iddiaçının özünə vermək vəzifəsini daşıyır.

54. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı dişlərinin müalicəsinə 19 avqust 2021-ci il tarixdə başlamış və sığorta şərtlərinə əsasən 19 sentyabr 2021-ci il tarixədək, yəni tibbi xidmətlərin göstərildiyi vaxtdan 1 aydan gec olmayan müddətdə ona aid tibbi sənədləri sığortaçıya təqdim edə bilərdi. İddiaçının 15 sentyabr 2021-ci il tarixdən, yəni onun həyat yoldaşına tibbi sənədlərin verilməsindən imtina edildikdən sonra bir neçə gün imkanı olmuşdur ki, ona aid tibbi sənədləri cavabdeh klinikadan götürsün.

55. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən, məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, İddiaçı apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edilməmişdir.

56. Məhkəmə kollegiyası apelyasiya şikayətinin “vurulmuş mənəvi ziyanın kompensasiyası” hissəsi ilə bağlı” dəlillərini qiymətləndirərək aşağıdakıları qeyd edir.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadan gəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

58. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

59. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

60. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

61. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

62. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.

63. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

64. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

65. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

66. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Lakin, İddiaçı cavabdeh tərəfindən ona maddi və mənəvi ziyanın vurulmasını təsdiq edən mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə, nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir.

67. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir..

68. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Lakin, iş materiallarından göründüyü kimi, İddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir.

69. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.

70. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

71. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

72. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1420/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar