Məhkəmə qərarları › İş №2(103)-1595/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1595/2020

19.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1595/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçı, nümayəndəsi X8, cavabdehlər Cəbrayılov Ehtibar Böyükkişi oğlu, X7, X6 və cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” QSC-yə, Cəbrayılov Ehtibar Böyükkişi oğluna, X5 və X3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4774/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Cəbrayılov Ehtibar Böyükkişi oğlu, X7 və X2 əlavə cavabdehlər kimi cəlb edilməsini, cavabdeh “xxxx” QSC-nin ona qarşı olan və giriş kartının qanunsuz bağlanmasına, xx.xx.2019-cu il tarixli 238 nömrəli əmrdə barəsində yazılanlarda, rəsmi müraciətlərinin cavabsız qalmasında ifadə olunan hərəkətlərin qanunsuz hesab edilməsi, onun şərəf, ləyaqət, işgüzar nüfuzunun alçaldılması və səhhətinin pozulmasına görə “xxxx” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin direktoru Elxan Orucovun, onun müavini Etibar Cəbrayılovun, şəxsi heyət üzrə köməkçi Eytiqam Məmmədovun və Personalla iş üzrə Baş İdarənin kadrlar mütəxəssisi Vidadi Mikayılovun üzr istəməsi, cavabdehin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 238 nömrəli əmrinin mətnində barəsində yazılanların təkzib edilməsi və bunun bütün şəxsi heyətə elan edilməsi və cavabdehdən ona vurulmuş maddi ziyana görə 10.000 manat, mənəvi ziyana görə isə 50.000 manat təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-4774/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-4774/2019 saylı mülki iş üzrə qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-cu ildən xxxx QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsində komputer operatoru vəzifəsində çalışmışdır. 2009-cu ilin mart ayında “Diglas” Ticarət Mərkəzində baş verən yanğından sonra İdarənin növbə rəislərindən İsgəndər İsmayıl qərəzli müsahibə vermişdir. Bu müsahibə İdarənin xidmət rəisi Azad Səmədovu narahat etmiş, narahatlığını idarə rəhbərliyinə bildirmiş və İsgəndər İsmayıllın strateji reyslərdən uzaqlaşdırılmasını məsləhət bilmişdir. Bundan sonra həmin şəxs Azad Səmədova qarşı böhtanlar və şikayətlər yazmağa başlamış və şikayətlərində iddiaçının da adını xüsusilə vurğulamışdır ki, guya iddiaçı istədiyi kimi tabel cədvəllərini yazaraq bir sıra şəxslərin iş və istirahət günlərinə müdaxilə edir. 2019-cu ilin yanvar-mart aylarına dair bütün tabellərə yoxlama keçirilib və orada 1 tabeldə texniki səhv olduğu aşkarlanıb. Bununla da iddiaçıya qarşı davamlı və kütləvi təzyiqlər başlamışdır. Daha sonra İdarənin xx.xx.2019-cu il tarixli 238 nömrəli Əmri qəbul edilmiş və orada iddiaçı barədə tam yalan, iftira və böhtan xarakterli məlumatlar yazılmış və bu Əmr İdarənin bütün şəxsi heyətinin nəzərinə çatdırılmaqla barəsində mənfi təəsürat yaradılmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçı saat 10:30-da beş nəfərdən ibarət komissiyaya çağırılmış və orada ona ciddi psixoloji təzyiqlər edilərək işdən çıxmaq barədə ərizə yazması tələb olunmuş, əks təqdirdə ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə çıxaracaqları ilə hədələmişlər. Həmin gün 14:00-a qədər ona təzyiqlər edilmişdir. Bu təsirlərdən o, huşunu itirmişdir. Həmin vaxt iddiaçı xxxx QSC-nin birinci vitse prezidenti Sabir İlyasovun qəbuluna gedəcəyini bildirmiş, bundan sonra təzyiqlər daha da artmış və onun giriş kartı bağlanmışdır. xx.xx.2019-cu il tarixində iddiaçı qanunsuz olaraq digər zonada saat 20:00-a qədər işdə qalmağa məcbur edilmişdir. Növbəti gün aldığı mənəvi iztirablardan səhhəti pisləşmiş və həkim çağırılmışdır. Xəstəxanada yatdığı müddətdə xxxx-ın birinci vitse prezidenti Sabir İlyasova məktub ünvanlanmış və bütün başına gələnləri və digər qanunsuzluqları qeyd etmişdir. xx.xx.2019cu il tarixində isə iddiaçı İdarənin rəisi Elxan Orucova şəxsən mobil telefondan öz nömrəsi vasitəsilə SMS (yazılı mesaj) yazaraq bütün qanunsuzluqları bildirmişdir. xx.xx.2019-cu il tarixdə giriş kartı hələ hə açılmamışdır. xx.xx.2019-cu il tarixində Həmkarlar İttifaqı Komitəsinin iclası olmuş və iddiaçının ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə çıxarılmağı müzakirə olunmuşdur. Giriş kartı ilk dəfə xx.xx.2019-cu il tarixində açılmışdır. 29-xx xxx 2019-cu il tarixlərində iddiaçı yenə də işə buraxılmamışdır. Həmin gün bir daha xxxx QSCnin prezidenti Cahangir Əsgərova baş verənlər barədə rəsmi məktub yazmışdır. Bütün bu hallara məcmu halda qiymət verərək onun şərəf, ləyaqət və işgüzar nüfuzunun alçaldılması, ona mənəvi zərər vurulması qənaətinə gəlinməli idi. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cəbrayılov Ehtibar Böyükkişi oğlu, X7, X6 və cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, birinci instansiya məhkəməsinin protokolunda yazılanlarla tam razı deyil. Həmçinin ifadəsi tam yazılmamışdır. Belə ki, o, izahatında demişdir ki, tabeli o, İddiaçı diktə etmişdir, o da yazmışdır. Sonra onun yazdığına baxmışdır. İdarədə işə davamiyyət qaydaları konkret heç nə ilə tənzimlənmir, kortəbiidir. O, hal-hazırda orada işləmir. Bu məsələlər hamısı şəxsi qərəzlikdir, ona görə ediblər. Həmkarlar ittifaqının rəisi Mübariz müəllim ona demişdir ki, məsələni araşdıraq, təklif etdi ki, İddiaçı şiddətli töhmət verək, dedim niyə?, demişdir ki, onda ya töhmət verək ya da xəbərdarlıq. Soruşmuşdur ki, o, işdən çıxsa, onu buraxarlar işə? Sonra yazıb məsuliyyəti öz üzərinə götürmüşdür ki, İddiaçı günahı yoxdur. 20 dəqiqə ərzində əmrini vermişlər. O, nə diktə edirdisə, İddiaçı da onu yazırdı, sonra o, qol çəkirdi. Yazmışdır ki, onun günahı yoxdur. Cavabdehlərin şəxsi qərəzlikləri onunla idi. Sual verilsə ki, İddiaçı işə niyə buraxmırlar, deyəcəklər araşdırma aparılırdı. Soruşulsa ki, bəs işdən niyə buraxılmırdı, cavab verə bilməyəcəklər. 30 sentyabrda işdən çıxmışdır. İddiaçı ilə birlikdə 10 il işləmişdir. Həmin müddətdə onun xəstəlik vərəqəsi açdırması olmamışdır. Son 6 ay ərzində 4 dəfə xəstəxanaya düşmüşdür. Həmkarlar iclasının vaxtı yadında deyil. 22 aprel kartının bağlanması, idarədə qalmasında iştirak etmişdir. Həmin gün iddiaçı saat 9-a işləmişə kimi idarədə qalmış, Elxan Orucov tapşırq verəndən sonra buraxmışlar. İddiaçı normal vaxtı saat 6-a kimi qalır işdə. Bu araşdırma zamanı o, izahat verməkdən imtina etməmişdir. Kəmalə xanıma 14 günlük icazə verməyi yalandır. İddiaçı məzuniyyətdə olan vaxt işlə əlaqədar zərurət olduğundan onu işə çağırmışdır. Əvəzində həmin vaxt 1 günlük icazə vermiş, ondan xəbərdar olanda rəhbərlik töhmət vermişdir. İddiaçının 2 sentyabra qədər kartının bağlı olmasına şahiddir. Görürdü çöldə gəzirdi ki, içəri buraxmırlar. Sonuncu dəfə avqustun axırı bulleten gətirmişdi, onu verməyə yuxarı buraxmamışlar. Onun adına çox nalayiq söz deyilirdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı 2009-cu ildən “xxxx” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsində kompüter operatoru vəzifəsində işləmiş, iş yeri üzrə müsbət xarakterizə edilir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edərkən cavabdeh QSC ilə əmək münasibətlərində olmuş, məhkəmə baxışı dövründə o cavabdehə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət edərək onun əmək müqaviləsinə ştat vahidlərinin ixtisar ilə əlaqədar xəbərdarlıq müddəti əvəzinə öz razılığı ilə orta aylıq əmək haqqının 2 misli bir dəfəyə ödənilməklə 2019-cu ilin sentyabr ayının 09-dan xitam verilməsini xahiş etmiş, cavabdehin xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçının əmək müqaviləsi ştatlar ixtisar edildiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2019-cu il tarixindən ləğv edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edir ki, iddiaçının qeyd etdiyi kimi əmək fəaliyyəti dövründə 2019-cu ilin yanvar-mart aylarına dair bütün tabellərə yoxlama keçirilmiş və orada 1 tabeldə texniki səhv olduğu aşkarlanmasına baxmayaraq bu fakt araşdırılmış və araşdırma zamanı xx.xx.2019-cu il tarixli 238 nömrəli əmrdə əksini tapmış halların öz təsdiqini tapması müəyyən edilmiş, cavabdeh tərəfindən işçilərin iş vaxtının qeydiyyatı tabeli və nəzarətin gücləndirilməsi barədə bir sıra tədbirlərin görülməsi zəruri sayılmışdır. Qeyd edilən əmrin məzmunundan aydın görünür ki, cavabdeh tərəfindən əmək fəaliyyəti zamanı müəyyən edilmiş nöqsanlar üzrə araşdırılma aparılması nəticəsində heç kim, o cümlədən iddiaçı intizam tənbehinə məruz qalmamışdır. Beləliklə də, məhkəmə sözügedən əmrdə onun barəsində tam yalan, iftira və böhtan xarakterli məlumatlar yazılması və bu əmrin İdarənin bütün şəxsi heyətinin nəzərinə çatdırılmaqla barəsində mənfi təəssürat yaradılması öz təsdiqini tapmadığı üçün həmin əmrin mətnində barəsində yazılanların təkzib edilməsi və bunun bütün şəxsi heyətə elan edilməsi dair iddia dəlillərini tam əsassız və iddiaçının subyektiv mülahizəsi kimi qiymətləndirir. Cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinin tələblərinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin iddiaçı tərəfindən irəli sürülmüş cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddia qeyd olunan məqsədləri daşımır və mülki qanunvericilikdə belə bir iddianın irəli sürülməsi ümumiyyətlə müəyyən olunmayıb. Belə ki, iddia icraatı qaydasında hansı növ tələblərin irəli sürülməsinin mümkünlüyünü Mülki və Mülki Prosessual Məcəllənin ayrı-ayrı maddələrindən aydın şəkildə müəyyən etmək olur. Məsələn əmlakın alınması, pul vəsaitlərinin tutulması, müqavilənin ləğv və ya etibarsız hesab edilməsi, dəyişdirilməsi, əmlakın bölünməsi, naturada ayrılması, cavabdehi müəyyən hərəkətləri etməyə məcbur etmə, alimentin alınması, zərərin əvəzinin ödənilməsi və s. Göründüyü kimi mülki prosesdə iddia icraatı qaydasında irəli sürülən tələblər xarakter etibarı ilə konkret və dəqiq olur. “Cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə tələb isə qeyrimüəyyən və qeyri-dəqiq olmaqla yanaşı, mülki qanunvericilikdə nəzərdə tutulan heç bir növ iddia tələblərinə aid deyildir. İddiaçının digər iddia tələblərinə (şərəf, ləyaqət və işgüzar nüfuzunun alçaldılması və səhhətinin pozulmasına görə cavabdeh fiziki şəxslərin üzr istəməsi, xx.xx.2019-cu il tarixli 238 nömrəli əmrin mətnində iddiaçı barəsində yazılanların təkzib edilməsi və bunun bütün şəxsi heyətə elan edilməsi, cavabdehlərdən vurulmuş maddi və mənəvi ziyana görə təzminat ödənilməsi) münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin tələblər bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. İddiaçı giriş kartının qanunsuz bağlanması halları, uzun zaman ərzində qanunsuzluqlar, ayrı-seçkilik, təhqir və böhtanlar, şəxsiyyətinin alçaldılması və ləyaqətdən salma kimi əməllərin törədilməsini göstərsə də bu halların baş verməsi və həqiqət olmasına dair məhkəməyə heç bir mötəbər və tutarlı sübut növü təqdim edə bilməmişdir. İddiaçının xx.xx.2019-cu il tarixli 238 nömrəli əmrdə barəsində yazılanlarda, rəsmi müraciətlərinin cavabsız qalmasında ifadə olunan hərəkətlərinə dair dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı belə bir müraciətlərin rəhbərliyə yazılmasına dair əlyazma şəkilində olan ərizələrin surətlərini iş materiallarına əlavə etmək üçün təqdim etsə də, bu ərizələrin cavabdehin rəhbərliyinə çatdırılmasına dair sübutlar təqdim etməmişdir. Həmçinin xx.xx.2019-cu il tarixli əmrdə barəsində yazılanların həqiqətə uyğun olmaması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə qohum olmaq, dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 isə iddiaçının heç bir günahının olmadığını, bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmiş, lakin iş materiallarında olan digər sübutlarla iddiaçı barəsində xx.xx.2019-cu il tarixli əmrdə yazılanların həqiqətə uyğun olmadığı müəyyən edilməmişdir. Mənəvi ziyanın tutulması hissəsi ilə bağlı kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarının nəticə hissəsində qeyd olunur ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarın əsaslandırıcı hissəsində qeyd olunur ki, qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmin halların iddia ərizəsində və izahatında sadaladığı hadisələr fonunda baş verməsini israrla bildirsə də, yuxarıda qeyd edildiyi kimi, iddiaçı əvvəl ona qarşı baş vermiş qanunsuzluq hallarının həqiqətən də olmasını sübut etməli olduğu halda edə bilməmişdir. Bundan başqa iddiaçı ona cavabdehlər tərəfindən hansı formada 10000 manat məbləğində maddi ziyan vurulmasını məhkəmə iclasında sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4774/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar