Məhkəmə qərarları › İş №2(103)-5492/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5492/2024

09.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5492/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qəzalı vəziyyətin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Açar sözlər: məhkəmənin bütün tərkibinə etiraz Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qəzalı vəziyyətin aradan qaldırılması tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin bütün hakimlərinə edilmiş etirazı mülki iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı qəzalı vəziyyətin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Cavabdeh Bakı şəhəri Səbail rayon Məhkəməsinin bütün hakimlərinə etiraz verərək göstərmişdir ki, iddiaçının qanunsuz hərəkətləri günahından Bakı şəhəri Səbail rayon Məhkəməsinin bütün tərkibi müxtəlif işlərə baxmış və ona münasibətdə ədalətsiz, iddiaçıya münasibətdə isə müdafiə mövqeyindən çıxış etmişlər. Odur ki, onun hazırki etirazı bütün Səbail rayon məhkəməsi tərkibinədir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(009)- 1381/2024 nömrəli qərardadına əsasən Cavabdeh tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinin bütün hakimlərinə verilmiş etiraz baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 19.1. Hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: 19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; 19.1.7. onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa; Maddə 21.2. Etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Maddə 21.3. Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır; Maddə 22.2. İşə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. Maddə 22.5. Əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 23.2. Birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

5. MPM-nin 22.5-ci maddəsində etirazın hansı hallarda baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinin əsası kimi qeyd olunmuşdur ki, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir.

6. İş materiallarından görünür ki, iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sədrinin deyil, hakim İlkin Rüstəmlinin icraatında olmuşdur. Belə olduğu halda MPM-nin 23.2-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmənin bütün hakimlərinə ayrıayrılıqda edilmiş etiraz təmin edildiyi halda apellyasiya instansiyası məhkəməsinə göndərilməli idi.

7. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan normaların tələblərinə riayət olunmadan 23 avqust 2024-cü il tarixli, 2(009)-1381/2024 nömrəli qərardadına əsasən Cavabdeh tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinin bütün hakimlərinə verilmiş etiraz baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, etirax baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

9. Göstərilənlərə əsasən və MPM-in 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı Cavabdeh qarşı qəzalı vəziyyətin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin bütün hakimlərinə edilmiş etiraz baxılmadan Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar