Məhkəmə qərarları › İş №2(103)-5647/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5647/2025

14.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5647/2025 14.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, iddiaçıya məxsus “MacBook Air M2” markalı cihaz diaqnostikadan keçirilmiş, cihazda müştəri tərəfindən yaranmış hər hansı zədə və ya qüsur aşkar olunmamış, batareyanın şişdiyi, yenisi ilə əvəz edilməli olduğu, batareyanın sifariş edildiyi və dəyərinin 350 manat təşkil etdiyi, iddiaçı tərəfindən nağd şəkildə 100 manat depozit qoyulduğu qeyd edilmişdir.

2. xx.xx.2024-cü il tarixli təhvil aktından görünür ki, iddiaçı özünə məxsus “MacBook Air M2” markalı cihazın monitorunda (ekranında) cızıq olduğundan onu qəbul etməkdən imtina etmiş, 100 manat depoziti geri almışdır.

3. xx.xx.2024-cü il tarixli 7004 saylı satış çekindən görünür ki, iddiaçı tərəfindən cihaz üçün yeni batareyanın alınmasına görə 350 manat ödəniş edilmişdir.

4. 03.12.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli elektron məktublardan görünür ki, İddiaçı Cavabdeh MMC-yə rəsmi şəkildə müraciət edərək, hazırki iş üzrə iddia ərizəsində qeyd olunan məsələni cavabdehin rəhbərliyinin nəzərinə çatdırmış, əmlakının (mübahisə predmeti olan cihazın) müvafiq günlərdə hansı şəraitdə saxlanılması və təmir edilməsinin görüntülərinin təqdim olunmasını, daha sonra birinci müraciətinə cavab almadıqdan sonra, kompüterinin ekranının dəyişdirilməsi üçün lazım olan 1.500 manatın kompensasiya edilməsini; ekran dəyişildikdən sonra cihazın real qiymətinin ucuzlaşdığını nəzərə alaraq 300 manatın kompensasiya edilməsini; əlavə xərclər üçün çəkilmiş 100 manat məbləğin ödənilməsini; araşdırmanın nəticələri və atılacaq addımlar barədə ona yazılı şəkildə məlumat verilməsini xahiş etmişdir.

5. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli MB18/0385 saylı qiymətləndirmə rəyindən görünür ki, iddiaçıya məxsus “MacBook Air M2 (2022)” markalı (Seriya № JTJW2C6XRP) cihazının vizual baxış zamanı ekranında uzun, nazik və düz bir cızıq olduğu müəyyən edilmişdir. Bu cızıq ekranın şüşə/qoruyucu qatında yaranmışdır. Ekranın təmiri ilə bağlı xərclərin orta bazar qiyməti toplanmış rəsmi və qeyri-rəsmi mənbələrdən əldə edilmiş məlumatlara əsasən rəsmi apple servislərində 500-600 USD, yəni 850-1.020 manat arası təşkil edir. İddiaçıya məxsus “MacBook Air M2” (2022) (Seriya № JTJW2C6XRP) cihazında aşkar edilən zədələrin yaranma səbəbləri və aşkar edilən zədələrin yaranma tarixini müəyyən etmək üçün müvafiq cihaz və laboratoloji avadanlıq olmadığından aşkar etmək mümkün deyil. Vizual baxış nəticəsində bu tip cızıq zədələrin yaranma səbəbi klaviatura və ekran arasında sıx təmasdan, təmizləyərkən sərt material istifadəsindən, zərbədən və ya başqa əşyanın ekrana toxunmasından qaynaqlandığını demək olar. İddiaçıya məxsus “MacBook Air M2” (2022) (Seriya № JTJW2C6XRP) cihazında aşkar edilən zədələr nəticəsində əmlak (istifadə müddəti nəzərə alınmaqla) öz dəyərini 20% qədər, yəni 480 manat itirmişdir. Aparılmış qiymətləndirmənin dəyəri 300 manat təşkil etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MMC-yə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təmir zamanı əmlakına dəymiş 1.500 manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsi, məhkəmənin gedişində işə baxılması ilə əlaqədar yaranacaq bütün məsrəflərin cavabdehdən tutulması, dəymiş zərərin bir faizi məbləğində dəbbə pulunun ödənilməsi, vurulmuş mənəvi zərər üçün 500 manat, vurulmuş maddi zərər üçün (parking, telefon, nəqliyyata və s. çəkilmiş xərclər) 50 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, almış olduğu hüquqi yardım üçün 300 manat məbləğinin ona ödənilməsi, cavabdehin bir istehlakçı kimi ona yaşatdığı gərəksiz stress və gərginlik hallarına görə ondan rəsmi şəkildə və ya mağaza müdiri vasitəsiylə üzr istənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, təmir zamanı əmlakına dəymiş 1.500 manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsini, ekran dəyişildikdən sonra cihazın real qiymətinin ucuzlaşdığını nəzərə alaraq 400 manat kompensasiya və məhkəmənin gedişində işə baxılması ilə əlaqədar yaranacaq bütün məsrəflərin cavabdehdən tutulmasını, dəymiş zərərin bir faizi məbləğində dəbbə pulunun ödənilməsinin, vurulmuş mənəvi zərər üçün 500 manat, vurulmuş maddi zərər üçün (parking, telefon, nəqliyyata və s. çəkilmiş xərclər) 50 manat məbləğində pulun ona ödənilməsini, almış olduğu hüquqi yardım üçün 300 manat məbləğinin Cavabdeh MMCdən tutularaq ona ödənilməsini cavabdehin bir istehlakçı kimi ona yaşatdığı gərəksiz stress və gərginlik hallarına görə isə ondan rəsmi şəkildə və ya mağaza müdiri vasitəsilə üzr istənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu Zərifə Əliyeva küçəsi 111-də yerləşən Cavabdeh MMC-yə məxsus, «iSupport» servis mərkəzinə ona aid MacBook Air M2 (2022) (Seriya № JTJW2C6XRP) cihazının 350 manat müqabilində razılığa əsasən batareyasının dəyişdirilməsi üçün təhvil vermişdir. Hesab № ********* təhvil-təslim aktından da göründüyü kimi cihaz təhvil verilən zaman müştəri tərəfindən heç bir zədə və qüsur aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixdə tərəfindən cihaz geri təhvil alındığı zaman ekranında zədə (dərin cızıq) aşkarlanmış, dərhal servisin meneceri Tofiq bəyə bildirilmişdir. Tofiq bəy araşdırma aparılıb məlumat veriləcəyini bildirmişdir. Cihazının hansı şəraitdə saxlanıldığını və təmir olunduğunu tələb etsə də, buna şərait yaradılmamışdır. Bir həftə gözləyib servisdən heç bir məlumat gəlmədiyini görüb xx.xx.2024-cü il tarixdə servis mərkəzinə getmişdir. Tofiq bəy görüntülərin olduğunu, lakin rəhbərlik tərəfindən izlənilməyə icazə verilmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə məcbur qalıb, çarəsiz vəziyyətdə cihazı servisdən götürmüşdür. Onu da bildirmək istəyir ki, cihazın diaqnostikasından sonra, servis işçiləri batareyanın 3 həftəyə sifariş olunub gələcəyini bildirdikləri üçün cihaz xx.xx.2024-cü il tarixdə müvəqqəti istifadəyə götürülüb, batareya gəldikdən sonra yəni, xx.xx.2024-cü il tarixdə geri təhvil verilmişdir. Lakin ona məlum olmayan hansı səbəbdənsə servisin Əli adlı əməkdaşı cihazın vintlərinin bağlanmadığı, vintlər onda olduğu üçün cihaz istifadəyə yararlı olmamışdır. Həmin müddət aralığında cihaz istifadə olunmamışdır. Cihazının servisdə göstərilən xidmət zamanı zədə aldığını hesab edir. Əmlakına təxmini 1.500 manat dəyərində ziyan dəymişdir (Servis əməkdaşları onun cihazı üçün ekranın qiymətinin 1.500 manat olduğunu bildirmişlər). Cihazının batareyasının yenisi ilə əvəz olunması barədə heç bir sənəd, qutu, sifariş sənədi təqdim edilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 195 Çağrı Mərkəzinə məsələ ilə bağlı müraciət olunmasına baxmayaraq indiyə kimi heç bir nəticə yoxdur. Şirkətin rəsmi internet səhifəsindən əldə etdiyi Elektron ünvan 1 və Elektron ünvan 2 email ünvanlarına dəfələrlə zərərlə bağlı müraciət məktubu göndərməsinə baxmayaraq, müraciətləri cavablandırılmamışdır. Rəhbərlik tərəfindən heç bir araşdırma aparılmamış, tədbir görülməmiş, bununla bağlı ona heç bir məlumat verilməmişdir. Qanun çərçivəsində, hüquqi yollarla bütün mümkün vasitələrdən istifadə etsə də, məsələni heç bir şəkildə hüquqlarını pozmadan həll etmək istəməmişlər. Beləliklə ona xidmət göstərilən zaman əmlakına ziyan vuraraq istehlakçı kimi hüquqlarını pozmuşlar və bundan sonra da, pozulmuş hüquqlarının bərpası üçün dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir köməklik göstərməmişlər. Ancaq, buna baxmayaraq, baş vermiş hadisənin hüquqi tənzimlənməsi milli və beynəlxalq qanunvericilikdə kifayət qədər öz əksini tapmışdır.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 iyul 2025-ci il tarixli, e-2(006)-1801/2025 nömrəli qətnaməsi ilə (hakim V.Musayeva) iddia tələbi qismən təmin edilmiş, İddiaçı əmlakına dəymiş zərərə görə 850 (səkkiz yüz əlli) manat, əşyanın dəyərinin azalmasına görə 480 (dörd yüz səksən) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat olmaqla, cəmi 1.530 (bir min beş yüz otuz) manat maddi ziyan Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat xərc Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1., 21.2., 1096.1., 1096.2., 1097.1., 1115, 1128.1 və 1132-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, iddianın rədd edilməsi haqqında yeni qətnamə olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə real zərərin nədən ibarət olmasını müəyyən edə bilməmişdir. Məhkəmə tərəfindən eyni əmlaka dəymiş zərərə görə həm təmir xərclərinin, həm də əşyanın dəyərinin azalmasına görə kompensasiya məbləğinin birlikdə cavabdehin üzərinə qoyulması qanunvericilikdə nəzərdə tutulmuş kompensasiya prinsipinə və real zərər anlayışına ziddir və mahiyyət etibarilə iki qat məsuliyyət tətbiqi kimi qiymətləndirilməlidir. "xxxx" MMC Qiymətləndirmə şirkətinin qiymətləndirmə hesabatında qeyd olunub ki, cihazda olan cızıq cihazın istifadəsinə mane olmur. Bundan sonra qiymətləndirici cihazda olan cızığı nəzərə alaraq onun bazar dəyərinin aşağı düşməsinin pulla ifadəsini müəyyən edir. Yəni, cihaz ya təmir olunmalıdır (ekranın dəyişdirilməsi) - bu halda real zərər ekranın əvəz edilməsi ilə bağlı olan xərcdən ibarətdir və ya cihazdan istifadə davam etdirilir. Bu halda real zərər cihazın dəyərinin aşağı düşməsindən ibartətdir. Bir hal digər halı istisna etdiyi üçün, hər iki məbləğin iddiaçıdan tələb edilməsi o nəticəyə gətirib çıxaracaq ki, ona real zərərdən daha böyük kompensasiya edilir. İddiaçı və cavabdeh arasında cihazın təmir ilə bağlı mülki münasibət yaranmışdır. Onlar arasında olan Mülki Məcəlləsinin öhdəliklərin icrasına və əqdlərə dair ümumi müddəalar və podrat müqaviləsinə dair müddəalar şamil olunur. Birinci instansiya məhkəməsi heç bir əsas olmadan deliktlərə aid hüquqi normaları tətbiq edib. Bu normalar müqavilə münasibətlərindən kənar yaranmış öhdəlikləri tənzimləyir. Bu işdə deliktlərə aid müddəaların tətbiqi üçün heç bir hüquqi əsas mövcud deyil. Sözügedən maddənin tələblərinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Lakin, məhkəmənin qətnaməsində iddia tələbləri yalnız qismən təmin olunmasına baxmayaraq, iş üzrə aparılmış qiymətləndirmə xərclərinin tam məbləği – 300 (üç yüz) manat – cavabdehin üzərinə qoyulmuşdur. "Macbook Air M2" cihazının rəsmi satış şəbəkəsində qiyməti aşağı düşüb. Buna dair rəsmi satıcının internet sahifəsindən çıxarış məhkəməyə təqdim olunur. Qiymətin düşməsi qiymətləndirmə hesabatında əks olunan hesablamalara birbaşa təsir edir. Belə ki, yeni satış qiymətinin əsas götürsək cihazın dəyərdən düşməsi 480 manat deyil 379,8 manat məbləğinə bərabərdir. Məhkəmə heç bir sübut olmadan müəyyən etmişdir ki, cihazda olan cızığın səbəbkarı cavabdehdir. Halbuki, iddiaçının bu iddiası tamamilə əsassızdır və heç bir sübutla dəstəklənmir. Cihaz xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər iddiaçıda olmuşdur və həmin zədənin bu müddət ərzində də yaranmış olduğu ehtimal edilir. Birinci instansiya məhkəməsi bununla bağlı bildirmişdir ki, cihaz xx.xx.2024-cü il tarixində yenidən təhvil alınarkən cihaza baxış keçirilməməsi və üzərində hər hansı nöqsanla bağlı qeydiyyat aparılmaması zədənin məhz cavabdeh tərəfindən vurulduğunu təsdiq edir. Halbuki, məhkəmənin bu mövqeyi ilə razı deyilik. Cihaz ikinci dəfə təqdim edilərkən yenidən yoxlanışın həyata keçirilməməsi zədənin cavabdeh tərəfindən vurulduğunu sübut etmir. Belə ki, cihaz xx.xx.2024-cü il tarixində servisə təqdim edilərkən, servis əməkdaşları tərəfindən onun sadəcə arxa qapağı açılmış və batereya yerləşdirilmişdir. Bu zaman servis əməkdaşları cihazı işə salmamış, onun monitorunda hər hansı bir iş aparmamışdır. Bu onu deməyə əsas verir ki, cihazın məhz servisdə olarkən zədə aldığını demək tamamən əsassızdır və heç bir sübutla dəstəklənmir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsasıkimi istinad etdiyi halları sübut etməlidir. Əgər bu işdə delikt hüququn tətbiq edilməsi əsaslı sayılarsa onu da qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 1132-ci maddəsinin tələblərinə əsasən, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Yəni, iddiaçı zədənin məhz cavabdeh tərəfindən vurulduğunu sübut etməyə borcludur. Halbuki, iddiaçı tərəfindən təqdim edilmiş dəlillər bu faktı təsdiq etmir. Bundan başqa, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı üzrə iddiaçıya məxsus cihaza dəymiş zərərin müəyyən edilməsi "xxxx" MMC Qiymətləndirmə Şirkətinə tapşırılmışdır. Qiymətləndirmə şirkəti tərtib etdiyi MB 18/0386 nömrəli, xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatında həmin zədənin yaranma səbəbini və tarixini müəyyən etməyin mümkün olmadığını qeyd etmişdir. Bu isə onu göstərir ki, cihazda aşkar edilən zədənin məhz cavabdehin təqsiri nəticəsində əmələ gəldiyi zədənin qiymətləndirilməsi zamanı da sübut edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13.Apellyasiya şikayətinə qarşı iddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə etiraz ərizəsi ünvanlayaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

15. Cavabdehin nümayəndəsi və vəkili şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

17. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

20. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

21. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

22. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

23. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

24. Maddə 771. Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

30. Maddə 385.1.1. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

31. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Hazırkı işdə iddia qismən təmin olunduğundan və qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası, sədrlik edənin işin hallarına dair məruzəsini dinlədikdən, işdə iştirak edən şəxslərin izahatlarını nəzərə aldıqdan, apellyasiya şikayətində irəli sürülmüş dəlilləri və təqdim edilmiş sübutları iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv şəkildə araşdırdıqdan sonra belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən qanunauyğun hesab edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.

35. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus “MacBook Air M2” markalı elektron cihaz xx.xx.2024-cü il tarixdə diaqnostika və təmir məqsədi ilə Cavabdeh MMC-yə təqdim edilmiş, cavabdeh müəssisə tərəfindən aparılan ilkin texniki baxış zamanı cihazın batareyasının dəyişdirilməsinə ehtiyac olduğu müəyyən edilmiş və cihaz qəbul olunarkən onun üzərində müştəri tərəfindən yaranmış hər hansı xarici zədə, mexaniki təsir izləri və ya funksional qüsur aşkar edilməmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə cihaz iddiaçıya geri təqdim olunarkən monitor ekranında cızıq aşkar edildiyi üçün iddiaçı cihazı qəbul etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, bu cızıq məhz cavabdeh tərəfindən göstərilən xidmət zamanı yaranmış və beləliklə onun əmlakına zərər vurulmuşdur. Bu səbəbdən iddiaçı Cavabdeh MMC-yə qarşı məhkəməyə müraciət etmiş, “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbi ilə iddia qaldırmışdır.

36. Birinci instansiya məhkəməsi isə mübahisə üzrə hüquqi münasibətləri qiymətləndirərkən tərəflər arasında mövcud olan müqavilə öhdəliklərindən irəli gələn məsələləri araşdırmamış, bunun əvəzinə mövcud zərərin məhz müqavilə münasibətlərindən kənar delikt öhdəlikləri çərçivəsində yarandığı qənaətinə gəlmişdir. Bu hüquqi yanaşmaya istinad edən məhkəmə, zərərin cavabdehin təqsirindən əmələ gəldiyini bildirərək iddia tələbini qismən təmin etmiş, iddiaçının əmlakına dəymiş zərərə görə 850 (səkkiz yüz əlli) manat, əşyanın dəyərinin azalmasına görə 480 (dörd yüz səksən) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat olmaqla, cəmi 1.530 (bir min beş yüz otuz) manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsinə dair qərar qəbul etmişdir.

37. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi münasibətlərin mahiyyətini delikt öhdəlikləri prizmasında qiymətləndirməklə mövcud mübahisəyə yanlış hüquqi qiymət vermişdir. İlk növbədə iş materiallarından görünür ki, iddiaçı özünə məxsus cihazı cavabdeh servisə təmir məqsədi ilə təqdim etmiş, cavabdeh isə cihazı qəbul edib ona xidmət göstərməyi öz üzərinə götürmüşdür. Nəticədə, tərəflərin hüquq və vəzifə öhdəliklərini müəyyən edən qarşılıqlı razılaşma mövcud olduğundan, onlar arasında Mülki Məcəllənin 389.1-ci maddəsində təsbit edilmiş müqavilə münasibətləri yaranmışdır.

38. Bu xüsusda nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 324.2-ci maddəsinə uyğun olaraq müqavilələr əqdlərin bir növüdür (ikitərəfli və ya çoxtərəfli əqd). Həmin Məcəllənin 329.2–329.3-cü maddələrində isə əqdlərin yazılı və ya şifahi şəkildə bağlana biləcəyi, şifahi bağlanmış əqdin şəxsin iradəsinin onun faktiki davranışından məlum olduğu andan etibarən hüquqi nəticələr doğurduğu təsbit edilmişdir. İşin faktiki halları, yəni cihazın təhvil alınması, batareyanın dəyişdirilməsi və təmir xidmətinin göstərilməsi də tərəflərin məhz şifahi müqavilə bağladıqlarını açıq şəkildə sübut edir. İddiaçının cavabdehə xidmətə görə ödəniş etməsi də müqavilə öhdəliyinin iqtisadi məzmununu tamamlayır.

39. Tərəflər arasında bağlanmış şifahi müqavilə (əqd) isə hüquqi mahiyyətinə görə podrat müqaviləsidir. Belə ki, iddiaçı özünə məxsus cihazın təmir olunması (batareyanın dəyişdirilməsi) üçün onu cavabdeh servisə təqdim etmiş, cavabdeh isə cihaz üzərində konkret işlərin görülməsini öhdəsinə götürmüşdür. Bu münasibətlər Mülki Məcəllənin 752ci maddəsində nəzərdə tutulmuş podrat müqaviləsinin bütün hüquqi meyarlarına cavab verir.

40. Həmçinin qeyd olunmalıdır ki, Mülki Məcəllənin 389.3-cü maddəsinə əsasən, bu Məcəllədə ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

41. Yuxarıda göstərilən müddəaların və mübahisə üzrə faktiki halların ümumi şəkildə təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, tərəflər arasında yaranmış münasibətlər öz hüquqi mahiyyəti etibarilə müqavilə öhdəliyidir və bu öhdəlik podrat müqaviləsinin tələblərinə əsaslanır. Bu halda, tərəflərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, habelə zərərin ödənilməsi məsələsinin həlli üçün deliktlə bağlı yox, məhz müqavilə (podrat) münasibətlərini tənzim edən, eləcə də öhdəliyin icrası ilə bağlı olan maddi hüquq normaları tətbiq edilməlidir.

42. Belə ki, podratçının sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıması Mülki Məcəllənin 771-ci maddəsində qeyd edilmişdir.

43. Nəticə etibarilə, birinci instansiya məhkəməsi mübahisənin həllində hüququn tətbiq edilməsində səhv buraxmış, qanunvericiliyin lazımi müdəalarını tətbiq etməmişdir.

44. Qeyd olunanlardan başqa, birinci instansiya məhkəməsi çıxardığı qətnamə ilə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini də açıq şəkildə pozmuş, iddiaçının irəli sürdüyü iddia hüdudlarından kənara çıxmışdır. Belə ki, iddiaçı ona məxsus cihazın dəyərinin azalması ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə 400 (dörd yüz) manat məbləğində kompensasiya tələb etməsinə baxmayaraq, məhkəmə iş üzrə alınmış qiymətləndirmə rəyinə əsaslanaraq cavabdehdən 480 (dörd yüz səksən) manat məbləğində kompensasiyanın tutulmasını qərara almışdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində qeyd olunur ki, hakim yalnız işdə iştirak edən şəxslərin irəli sürdüyü iddia tələbləri çərçivəsində qətnamə çıxara bilər və yalnız qanunda nəzərdə tutulmuş müstəsna hallarda iddia hüdudlarından kənara çıxa bilər. İşin faktiki halları isə göstərir ki, mövcud mübahisədə belə istisna şərtlər mövcud olmayıb və birinci instansiya məhkəməsinin bu hissədə qərarı hüquqi baxımdan tamamilə əsassızdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, həm maddi, həm də prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 386-cı və 387.1-ci maddələrinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

46. Yuxarıda göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi həm maddi hüquq normalarını səhv tətbiq etmiş, həm də prosessual normaları pozmuşdur. Bütün bu hallar birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını zəruri edir.

47. Yeni qəbul ediləcək qətnamədə isə iddia tələbi qismən təmin olunmalı, iddiaçının əmlakına dəymiş ziyana görə 850 (səkkiz yüz əlli manat), əşyanın dəyərinin azalmasına görə 400 (dörd yüz) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat olmaqla, cəmi 1.450 (bir min dörd yüz əlli) manat maddi ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

48. Belə ki, cihazın cavabdehə təhvil verilməsi və geri qaytarılması prosesləri üzrə tərtib edilmiş sənədlərin və tərəflərin davranışının təhlili cavabdehin təqsirini birbaşa təsdiqləyən halları ortaya qoyur. İddiaçı cihazı ilkin təqdim etdiyi zaman cavabdeh tərəfindən tərtib edilən aktda hər hansı nöqsanın olmadığı qeyd edilmiş, sonrakı tarixlərdə (xx.xx.2024 və xx.xx.2024) cihaz iddiaçıya və cavabdehə təqdim olunarkən heç bir baxış və qeydiyyat aparılmamış, bu isə xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən cihazın nöqsansız qəbul edildiyini faktiki olaraq göstərmişdir. Cihaz xx.xx.2024-cü il tarixdən müvəqqəti istifadəyə götürülmüş və xx.xx.2024-cü ilədək monitorunda heç bir qüsur müşahidə edilməmişdir. Əgər həmin dövrdə cihazda cızıq mövcud olsaydı, cavabdeh onu ya təmirə qəbul etməkdən imtina edər, ya da bu barədə qeyd-şərt əlavə edərdi. Bu faktlar birlikdə cavabdehin cihazı nöqsansız qəbul etdiyini, iddiaçının isə xx.xx.2024-cü il tarixdə aşkar etdiyi qüsurun məhz cavabdehin təmir müddətində yaranmış olması ehtimalını təsdiq edir. Bu nəticəni dəyişdirə biləcək hər hansı sübut isə cavabdeh tərəfindən təqdim olunmamışdır.

49. Həmçinin, məhkəmə kollegiyası, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli MB18/0385 nömrəli rəyinə əsasən müəyyən etmişdir ki, iddiaçıya məxsus “MacBook Air M2 (2022)” cihazının təmiri üçün orta bazar qiymətləri rəsmi Apple servislərində 500–600 ABŞ dolları, yəni 850–1.020 manat təşkil etmişdir. Həmçinin rəydə cihazın dəyərin təxminən 20% azalaraq 480 manatlıq itkiyə səbəb olduğunu bildirilmişdir.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cihazın təmirinə dair kompensasiya məhz hesablama rəyində qeyd olunan aralığın minimum həddi — 850 manat məbləğində müəyyən edilməlidir. Çünki bu məbləğ həm zədənin xarakteri və təmiri üçün rəsmi qiymət aralığı ilə uzlaşır, həm də cavabdehlə iddiaçı arasında balanslı, ölçülü və ədalətli hüquqi həll təqdim edir.

51. Beləliklə, məhkəmə kollegiyası istinad olunan bütün sübut və faktları ümumiləşdirərək belə nəticəyə gəlir ki, 850 manatlıq təmir xərci və əşyanın dəyərinin azalmasına görə 400 manatlıq kompensasiya məbləğinin birlikdə tutulması maddi və prosessual hüquq normalarının düzgün tətbiqinə tam uyğun olmaqla, müqavilə öhdəliklərinin vicdanlı icrasını təmin edir, tərəflər arasında yaranmış zərərin real və obyektiv əvəzini əks etdirir və ədalətin bərqərar olunması baxımından ən uyğun həll variantı kimi çıxış edir.

52. Bununla yanaşı, iddiaçının öz əmlakını peşəkar xidmət göstərən şəxsə etibar etməsi, lakin təmir prosesində əmlaka əlavə zərər vurulması və bu zərərin aradan qaldırılmaması onun daxili psixoloji durumuna mənfi təsir göstərmiş, narahatlıq və gərginlik formalaşdırmışdır. Bu hallar mənəvi zərərin mövcudluğunu təsdiq edən kifayət qədər əsaslar yaradır. Bununla belə, tələb edilən 500 manat məbləği zərərin xarakterinə nisbətən həddən artıq olmuşdur. Bu səbəbdən mənəvi zərərin əvəzinin 200 (iki yüz) manat məbləğində müəyyən edilməsi kollegiya tərəfindən düzgün və proporsional qiymətləndirmə kimi qəbul edilir.

53. Bundan başqa, kollegiya qeyd edir ki, apellyatorun dəlillərinin yalnız bir qismi əvvəlki qətnamənin ləğvi üçün hüquqi əhəmiyyət kəsb etsə də, digərləri əsassızdır. Belə ki, cavabdeh cihazdakı zədənin onun nəzarətində olduğu müddətdə yaranmamasını iddia etsə də, iş materialları əksini göstərir. İddiaçı tərəfindən “MacBook Air M2” cihazı batareyanın dəyişdirilməsi üçün cavabdehə təqdim edilərkən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qəbul aktında ekran zədəsi qeyd olunmamış, cihaz geri qaytarıldıqdan sonra isə iddiaçı tərəfindən ekranında cızıq aşkar edilmişdir. Bu hal cavabdehin ilk dəlilinin əsassızlığını sübut edir.

54. Cavabdehin digər dəlili ekspert rəyində zədənin dəqiq yaranma tarixinin müəyyən edilməməsi ilə bağlıdır. Lakin hüquqi qiymətləndirmədə zərərin yaranma vaxtı ekspert rəyinin ehtimal xarakterli məlumatları ilə deyil, iş üzrə mövcud rəsmi sənədlərlə, xüsusən də təhvil-təslim aktları ilə müəyyən olunur. Cihaz cavabdehə nöqsansız təhvil verilmiş, lakin cavabdeh tərəfindən geri təhvil alındıqda ekran zədəsi artıq mövcud olmuşdur. Cavabdeh bu zədənin onun məsuliyyət dövründə yaranmadığını təsdiqləyən heç bir sübut təqdim etməmişdir. Beləliklə, bu dəlil də məntiqi və hüquqi əsasdan məhrumdur.

55. Cavabdehin sonuncu dəlili mənəvi zərərin sübut olunmaması ilə bağlıdır. Halbuki “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 12-ci maddəsi istehlakçının hüquqları pozulduqda mənəvi zərərin günahkar şəxs tərəfindən ödənilməsini birbaşa nəzərdə tutur və ziyanın məbləğinin məhkəmə tərəfindən müəyyən edilməsini qanunla təsbit edir. İddiaçının əmlakına əlavə zərər vurulması, etimad etdiyi xidmətdən mənfi nəticə əldə etməsi, vaxt və əsəb sərf etməsi, eləcə də istehlakçı etimadının pozulması mənəvi zərərin mövcudluğunu təsdiqləyən kifayət qədər əsaslar yaradır.

56. Beləliklə, sözügedən dəlillər iddia tələbinin tamamilə rədd edilməsi üçün əsas təşkil etmir.

57. Prosessual xərclərlə bağlı isə qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.

58. MPM-in 119.1 və 124.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda birinci istansiya məhkəməsi yaranmış məhkəmə xərclərini Cavabdeh MMC-yə aid etməkdə haqlı olmuşdur.

59. Bunlarla yanaşı, məhkəmə kollegiyası izah edir ki, hazırkı iddianın qiyməti beş min manatdan azdır. MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Odur ki, iddianın qiyməti beş min manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz. 60.Odur ki, Mülki Prosessual Məcəllənin 372, 382, 384.0.2, 385.1.3, 389, 392, 393, 402 və 404- 406-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(006)-1801/2025 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. İddiaçı əmlakına dəymiş ziyana görə 850 (səkkiz yüz əlli manat), əşyanın dəyərinin azalmasına görə tələb olunan məbləğ 400 (dörd yüz) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat olmaqla, cəmi 1.450 (bir min dörd yüz əlli) manat maddi ziyan Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat xərc Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar