Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5743/2024 18.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi Mətləb Hüseynovun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2287/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" QSC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı xx.xx.2023-cü ildə 355,55 manat ödəniş etməklə cavabdehdən Bakı-Kazan gediş və Kazan-Bakı qayıdış bileti almışdır. Həmin biletə görə iddiaçı cavabdehin istifadəsində olan hava gəmisi ilə xx.xx.2023-cü ildə Bakıdan Kazana getməli, xx.xx.2023-cü ildə isə Kazandan Bakıya qayıtmalı idi. İddiaçı Bakıdan Kazana gedən hava gəmisinə gecikmiş, ona görə də tranzit reyslə Yekaterinburqa, oradan isə Kazana getmişdir. xx.xx.2023-cü ildə iddiaçı Bakıya qayıtmaq üçün Kazandakı hava limanına gəldikdə ona qayıdış biletinin ləğv olunduğu bildirilmiş və hava gəmisinə buraxılmamışdır. Ona görə də iddiaçı 155 avro (288,30 manat) ödəniş edərək yenidən bilet almış və Bakıya qayıtmışdır. Birinci instansiya məhkəməsində icraat 2.İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 345,78 manat, mənəvi zərərin əvəzi kimi 500 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 71 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. 3.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 288,30 manat, mənəvi zərərin əvəzi kimi 100 manat, dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 418,30 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 4.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. 5.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Mətləb Hüseynov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 6.İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.Dünya üzrə aviaşirkətlərin əksəriyyətinin hava daşımaları üzrə qaydaları belədir ki, gediş-qayıdış bileti almış sərnişin gediş üçün təyin olunmuş vaxtda hava limanına gəlmədikdə bilet avtomatik olaraq tam ləğv olunur. Yəni gedişə gecikmiş sərnişin başqa nəqliyyat vasitəsi (təyyarə, qatar, avtomobil və s.) ilə təyinat məntəqəsinə çatsa da, geri qayıtmaq üçün həmin biletdən istifadə edə bilmir, çünki onun bileti “no show” statusu almış olur. Bu qaydanı tətbiq etməyən aviaşirkətlər də var, lakin onlar azlıq təşkil edir. Həmin qaydanı tətbiq edən aviaşirkətlər bunu belə əsaslandırırlar ki, bilet bir və ya bir neçə marşrut bölməsindən (seqmentdən) ibarət ola bilər, əgər sərnişin birinci seqmentə gecikirsə və bu barədə daşıyıcını məlumatlandırmırsa, bütün seqmentlər ləğv olunur. Bununla bağlı müxtəlif ölkələrdə sərnişinlər ilə aviaşirkətlərin arasında çoxsaylı məhkəmə mübahisələri olub. Hazırkı işdə də cavabdehin mövqeyi eynidir: “Bakı-Kazan-Bakı” gediş-qayıdış bileti iki seqmentdən ibarət olan vahid bilet sayılıb, sərnişin birinci seqmentə gəlmədiyinə görə bilet tam ləğv olunub. 8.Yuxarıda göstərilən qayda Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 48.6-cı maddəsinə görə, daşıyıcı bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına zidd olmayan hava daşımaları üzrə daxili qaydaları müəyyənləşdirir. Ona görə də daşıyıcının müəyyən etdiyi qaydalar hazırkı mübahisədə tətbiq oluna bilməz. Azərbaycan Respublikası qanunvericiliyinin göstərişi isə aşağıdakı kimidir. 9.“Aviasiya haqqında” Qanunun 48.1-ci maddəsinə görə, hava daşımaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılan sərnişin və ya yük daşıma müqavilələri əsasında həyata keçirilir. Göründüyü kimi, daşıma münasibətləri bilet ilə deyil, müqavilə ilə tənzimlənir. Bilet - müqavilənin bağlandığını təsdiq edən sənəddir. Belə ki, Mülki Məcəllənin 842.2-ci maddəsində qeyd olunub: “Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı ... andan ...bağlanmış sayılır”. Ona görə də hazırkı mübahisə müqaviləyə aid qaydalar əsas götürülməklə həll olunmalıdır. Müqaviləyə aid qaydalar isə aşağıdakı kimidir. 10.Sərnişindaşıma müqaviləsinin predmeti “yola düşmə yeri” və “təyinat yeri” ilə müəyyən olunur. Mülki Məcəllənin 842.1-ci maddəsində qeyd olunub ki, sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. O cümlədən “Aviasiya haqqında” Qanunun 48.2-ci maddəsində qeyd olunub ki, sərnişin daşıması müqaviləsinə görə daşıyıcı sərnişini (sərnişin tərəfindən baqaj daşındığı halda həmçinin baqajını) yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, hər iki qanunda müqavilənin anlayışı müəyyən edilərkən “yola düşmə yeri” və “təyinat yeri” ifadələrindən istifadə olunub. Odur ki, sərnişin daşıma münasibətlərində bağlanılan daşıma müqavilələrinin sayı yola düşmə yeri və təyinat yerinin sayından asılı olaraq müəyyən edilir. Əgər bir yola düşmə yeri və bir təyinat yeri varsa bir daşıma müqaviləsi, iki yolda düşmə yeri və iki təyinat yeri varsa iki daşıma müqaviləsi bağlanmış sayılır və s. Bu qayda “daşıma”nın mahiyyətindən irəli gəlir. Belə ki, “daşıma” deyildikdə bir yerdən (yola düşmə yerindən) başqa yerə (təyinat yerinə) hərəkət nəzərdə tutulur. Əgər sərnişinin yola düşdüyü yerə qaytarılması vahid daşıma kimi qiymətləndirilərsə, bu, daşıma sayılmayacaq. 11.Tərəflərin münasibətlərində iki yola düşmə yeri və iki təyinat yeri müəyyən olunub: xx.xx.2023-cü il üçün Bakı yola düşmə yeri, Kazan təyinat yeri, xx.xx.2023-cü il üçün Kazan yola düşmə yeri, Bakı təyinat yeri hesab olunub. Bu isə onu təsdiq edir ki, tərəflərin arasında iki daşıma müqaviləsi bağlanıb. İddiaçının (sərnişinin) birinci daşıma müqaviləsi üzrə hüququndan istifadə etməməsi (yola düşmək üçün vaxtında hava limanına gəlməməsi) yalnız həmin müqavilənin ləğvinə əsas ola bilər. Bu hal ikinci daşıma müqaviləsinin ləğvinə əsas ola bilməz, çünki ikinci müqavilə ayrıca müqavilədir, sərnişinin birinci daşıma müqaviləsi üzrə hüququndan istifadə etməməsi daşıyıcının mənafeyinə hər hansı formada zərər vurmur. Odur ki, sərnişin ikinci müqavilə üzrə hüququnu həyata keçirmək üçün vaxtında hava limanına gəlibsə, daşıyıcı onu yola düşmə yerindən təyinat yerinə çatdırmağa borcludur. 12.Cavabdeh (daşıyıcı) ikinci daşıma müqaviləsi üzrə iddiaçını (sərnişini) hava gəmisinə buraxmadığına görə iddiaçı yenidən belet almaqla 288,30 manat maddi zərər çəkib. O cümlədən cavabdehin həmin hərəkəti iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olub, nəticədə o, mənəvi sarsıntı keçirib. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi maddi zərərin əvəzi kimi 288,30 manat, mənəvi zərərin əvəzi kimi 100 manat tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 13.Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 2287/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5743/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5743/2024
18.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver