Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6109/2025 19.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 və Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Bakı şəhəri 43 saylı notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-3194/2025 nömrəli qətnaməsindən Cavabdeh1 ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Borcverən Cavabdeh1 ASC ilə borcalan "xxxx" MMC-nin arasında xx.xx.2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit xətt müqaviləsi bağlanıb. Müqaviləyə görə, bank bu müqavilənin şərlətinə uyğun olaraq borcalana kredit xətti açır, kredit məbləği 1.000.000 manat, kreditin müddəti 12 ay, kreditin illik faiz dərəcəsi 15 faiz, dəbbə pulu illik 30 faiz təşkil edir. 2.Həmin kredit müqaviləsi üzrə üç şəxsdən - "xxxx" MMC, İddiaçı və X1 vaxtında ödənilməmiş 1.067.016,19 manat borcun, 42.082,72 manat penyanın və dövlət rüsumunun əvəzi kimi 25 manatın Cavabdeh1 ASC-nin xeyrinə tutulması barədə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2024-cü tarixli 8İ-306 reyestr nömrəli icra qeydi verilib. 3.Məhkəməyə təqdim edilmiş, İddiaçı ilə Cavabdeh1 ASC-nin arasında bağlanmış xx.xx.2022-ci il tarixli 113-MFZ-358/3 nömrəli zaminlik müqaviləsinə görə, iddiaçı həmin kreditə görə zamindir Birinci instansiyası məhkəməsində icraat 4.İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, icra qeydi iddiaçıya aid hissədə ləğv edilsin və iddiaçı ilə Cavabdeh1 ASC-nin arasında bağlanmış zaminlik müqaviləsi etibarsız hesab olunsun. 5.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, zaminlik müqaviləsi etibarsız hesab edilsin və icra qeydi iddiaçıdan pul tutulmasına aid hissədə ləğv edilsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 7.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. 8.Digər cavabdeh - Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.İşdə iki tələb – zaminlik müqaviləsi və icra qeydinə dair tələblər olduğuna görə, məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. Zaminlik müqaviləsi barədə 10.Birinci instansiya məhkəməsi düzgün olaraq zaminlik müqaviləsinin etibarsız hesab edilməsini qət edib. 11.Zaminlik müqaviləsindəki imza iddiaçıya məxsus deyil. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1006 nömrəli ekspert rəyinə görə, zaminlik müqaviləsində imza İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunub (iş v. 106). Müqayisə üçün qeyd olunmalıdır ki, başqa iş üzrə verilmiş ekspert rəyindən görünür ki, İddiaçı adından digər bankın xeyrinə bağlanmış zaminlik müqaviləsindəki imzanın da İddiaçı məxsus olmadığı müəyyən edilib (iş v. 25). 12.Bundan başqa, zaminlik müqaviləsində imza icra edildikdən sonra imzanı icra edən şəxsin əl yazısı ilə öz soyad və adını yazması mümkün olub, lakin yazılmayıb. İmzadan sonrakı soyad və ad yazısı mübahisəli vəziyyətlərdə qrafik material sayılır, ekspertə imzanın müvafiq şəxsə məxsus olub-olmadığını obyektiv müəyyənləşdirməyə imkan verir. Sənəd rəsmiləşdirməsi ilə məşğul olan bütün şəxslər, o cümlədən bank əməkdaşları bu qaydanı bilir, habelə məhkəmə ekspertləri mütəmadi olaraq imzadan sonra onu icra edən şəxsin özü tərəfindən soyad və adın yazılmasını tövsiyə edirlər. Böyük məbləğdə pula dair sənədlər tərtib edilərkən bu qaydaya əməl edilməsi xüsusilə zəruri olsa da, 1.000.000 manata pula dair zaminlik müqaviləsi bağlanarkən bank tərəfindən həmin qaydaya əməl edilməsi təmin edilməyib. Məhkəmə təcrübəsindən bəllidir ki, adətən imzanın saxtalaşdırılması zamanı saxtalığın gizlədilməsi məqsədilə imzadan sonra bilərəkdən soyad və ad yazılmır. 13.Bununla yanaşı, əgər zaminlik müqaviləsinin imzalandığı gün iddiaçı bankın binasına gəlibsə, bank bunu təsdiq etmək üçün bankın binasının daxilində və girişində olan müşahidə kameralarının qeydə aldığı görüntüləri məhkəməyə təqdim edə bilərdi, lakin təqdim etməyib. 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 471-ci maddəsinə görə, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. xx.xx.2022-ci il tarixli 113-MFZ-358/3 nömrəli zaminlik müqaviləsi iddiaçı tərəfindən imzalanmadığına görə, etibarsızdır. İcra qeydi barədə 15.Birinci instansiya məhkəməsi düzgün olaraq icra qeydinin iddiaçıya aid hissədə ləğv edilməsini qət edib. 16.İcra qeydinə dair mübahisələr öz əsasına görə iki yerə bölünür. Birinci mübahisənin əsasını icra qeydinin verilməsi prosedurunun pozulması təşkil edir. İkinci mübahisənin əsasını icra qeydinin verilməsinə əsas olmuş maddi-hüquqi tələb (onun yaranma əsası, məbləği və s.) təşkil edir. Müvafiq şəxs icra qeydinin verilməsinə əsas olmuş maddi-hüquqi tələbi mülki məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 8-ci hissəsində göstərilib: “İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər”. Hazırkı işdə iddiaçı zaminlik müqaviləsində imzanın ona məxsus olmadığına istinad etməklə icra qeydi aparılmış maddi-hüquqi tələbi mübahisələndirir. 17.Zaminlik müqaviləsi etibarsız olduğuna görə, icra qeydi iddiaçıya aid hissədə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Odur ki, etibarsız zaminlik müqaviləsi hüquqi nəticə - zaminin məsuliyyətini yaratmır. İcra qeydi isə zaminin məsuliyyətinə əsaslanır. 18.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-3194/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6109/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6109/2025
19.12.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver