Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1631/2023 11.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2, "xxxx" MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nə qarşı əmlakın cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin e- 2(027)-487/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2019-cu il tarixli akta əsasən, aşağıda göstərilən avadanlıqlar İddiaçı tərəfindən dəyərləri ödənilərək şirkət balansına keçirilmişdir. Qarşılıqlı alqı- satqı olmadığı müddətcə adı keçən avadanlıqlar İddiaçı aiddir. İşləmə prinsipləri qarşılıqlı razılaşdırılmış qaydada tam ortaq olaraq çalışdırılacaqdır. Tədbiq edilmiş işləmə maliyyətindən əldə olunan qazanc şirkət və İddiaçı arasında iki hissəyə bölünəcəkdir. Çap xidmətinin dəyəri 1 list 70/100 ölçülü üçün - 0,06 azn, kəsim xidmətinin dəyəri 1 list 70/100 (400 qrama qədər) ölçü üçün 0,02 azn. Kəsim xidməti 2mm lik mukavva karton 70/100 ölçüdə - 0, 07 azn. Bir ədəd 4 rəng Roland çap avadanlığı 59000 ABŞ dolları, bir ədəd 70/100 BOBST Vupa kəsim avadanlığı 44000 ABŞ dolları, ümumi dəyəri 103000 (yüz üç min) ABŞ dolları olan avadanlıqların nəqliyyat xərcləri, gömrük rüsumları və quraşdırma xərcləri AKQQF-ə (Azərbaycan katron qutu və qablaşdırma fabriki) aiddir.
2. 20.10.2019-cu il tarixli 001 nömrəli qaiməyə əsasən, kəsim üçün AKQQF (Azərbaycan katron qutu və qablaşdırma fabriki)-nə 2974 manat məbləğində pul verilmişdir.
3. 29.01.2021-ci il tarixli təhvil-təslim aktına əsasən, AKQQF (Azərbaycan katron qutu və qablaşdırma fabriki) və İddiaçı Elbəli oğlu arasında əldə olunan razılaşmaya əsasən çap və kəsim fəaliyyətindən əldə olunan aylıq maddi qazancın təhvil verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixə hesablanmış qazanc 8480 AZN təşkil edir.
4. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən, AKQQF (Azərbaycan katron qutu və qablaşdırma fabriki) və İddiaçı Elbəli oğlu arasında əldə olunan razılaşmaya əsasən çap və kəsim fəaliyyətindən əldə olunan aylıq maddi qazancın təhvil verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixə hesablanmış qazanc 7116 AZN təşkil edir.
5. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən, AKQQF (Azərbaycan katron qutu və qablaşdırma fabriki) və İddiaçı Elbəli oğlu arasında əldə olunan razılaşmaya əsasən 60000 AZN vəsaitin dövriyyə fəaliyyətindən əldə olunan aylıq maddi qazancın təhvil verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixə hesablanmış qazanc 6600 AZN təşkil edir.
6. Cavabdeh2 tərəfindən Nərimanov rayon Polis İdarəsində verilmiş xx.xx.2021-ci il tarixli iltizama əsasən, İddiaçı 175100 manat pulu hər ayın 30-na kimi 2022-ci il iyun ayının 30-dək tam ödəyəcəyini öhdəsinə götürür. İlkin olaraq 20000 manat məbləğində pulu 2021-ci ilin dekabr ayının 28-nə kimi ödəyəcəkdir.
7. 29.01.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktları və hesabat dəftərlərinə əsasən, AKQQF (Azərbaycan katron qutu və qablaşdırma fabriki)-nin fəaliyyətindən əldə olunan aylıq gəlirin yarısı İddiaçı ödənilmişdir.
8. 17.05.2023-cü il tarixli arayışa əsasən, AKQQF (Azərbaycan katron qutu və qablaşdırma fabriki)-nə Roland 600 və Vupa aqreqatları vardır. İddiaçının ondan tələb etdiyi aqreqatlar digər aqreqatlar ilə birlikdə işləyir, məhsul istehsal edir. Həmin aqreqatlar fabrikdən götürülərsə, fabrikin fəaliyyəti dayanacaq, məhsul istehsal edə bilməyəcəkdir. Həmin aqreqatların fəaliyyəti dayandırılmadan götürülməsi mümkün deyildir. Bundan başqa, iddiaçı tərəfindən alınan 175000 AZN həcmində məbləğin 120000 geri qaytarılmışdır.
9. Qeydiyyat cədvəlinə əsasən, Cavabdeh2 İddiaçı xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2020-ci il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 3000 manat, xx.xx.2020-ci il tarixdə 3200 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2020-ci il tarixdə 7000 manat, xx.xx.2020-ci il tarixdə 6000 manat, xx.xx.2020-ci il tarixdə 9000 manat (6000 diamed, 3000 çap), 2020-ci ilin sentyabr ayında 4832 manat (çap), 3000 manat (diamed), 2020-ci ilin oktyabr ayı üçün 3000 manat (diamed), 1500 manat (çap kəsim), 3800 manat (çap kəsim), 2020-ci ilin noyabr aylı üçün 8840 manat məbəğində ödəniş etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2 16 sentyabr 2019-cu il tarixli aktda göstərilən, dəyəri 59000 ABŞ dolları olan bir ədəd 4 rəng Roland çap avadanlığı, dəyəri 44000 ABŞ dolları olan bir ədəd 70/100 BOBTS Vupa kəsim avadanlığının və məhkəmə üçün ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə 2019-cu ildə Türkiyə Respublikasına səyahət edərkən tanış olmuşdur. Türkiyə Respublikasında olarkən ailə üzvləri arasında yaxın münasibət yaranmışdır. Cavabdeh ona "xxxx" MMC-nin direktoru olduğunu bildirmiş və iş təklif etmişdir. Belə ki, fabrikin gəlirli fəaliyyət göstərə bilməsi üçün maliyyə vəsaiti və avadanlıqlar lazım imiş. Bu sahədə istifadə edilən yüksək gəlir gətirəcək bahalı avadanlıqlar olduğunu, lakin onları almağa vəsaiti olmadığını bildirmiş, ona fabrikin fəaliyyət göstərə bilməsi üçün onu maliyyələşdirməsini, beləcə fabrikin gəlirlərinə şərik olacağını bildirmişdir. Cavabdeh ona lazım olan avadanlıqla alınarsa, həmin avadanlıqla ayda 30000 manat gəlir gətirəcək ki, onun da yarısı olan 15000 manat hər ay ona veriləcəyini bildirmişdir. O, razılaşmış və fabriki maliyyələşdirməyə başlamışdır. Ona fabrikin onun maliyyələşdirilməsindən faydalandığı müddətdə, habelə aldığı avandanlıqla onun istifadəsində olduğu müddətdə onun gəlirinin yarısına şərik olacağı, gəlirin yarısının ona veriləcəyi bildirilmişdir. Bu şərt direktorun imzaladığı və fabrikin möhürü ilə təsdiqlənmiş xx.xx.2019-cu il tarixli aktda da öz təsdiqini tapmışdır. Beləliklə o dəyəri 103000 ABŞ dolları olan avadanlıqları (bir ədəd 4 rəng Roland çap avadanlığı – 59000 ABŞ dəyərində və bir ədəd 70/100 BOBTS Vupa kəsim avadanlığı -44000 ABŞ dolları dəyərində) alıb fabrikin istifadəsinə vermişdir. Habelə xammalın alınması və fabrikin maliyyələşdirilməsi üçün müxtəlif vaxtlarda cavadbeh Cavabdeh2 cəmi manatla ifadədə (pulun bir hissəsini ABŞ dolları ilə vermişdir) 175100 manat pul vəsaiti vermişdir. Cavabdeh onu şərik etsə də, onun bildirdiyi gəlir vəd etdiyi gəlirdən az idi. Məsələn 2019cu ilin oktyabr ayında bir aylıq gəlirin yarısı olaraq 2974 manat vermişdir. O, cavabdehin gəlirlərini ondan gizlətdiyini şübhələnməyə başlamışdır. Bununla bağlı narazılıqları ifadə edəndən sonra cavabdeh 2021-ci ilin yanvar ayı üçün ona bir aylıq gəlir olaraq 7116 manat pul vermişdir. O, fabrikin mühasibatlıq sənədləri ilə maraqlanmağa cəhd etmiş, bundan sonra cavabdeh tamamilə ondan yayınmağa başlamışdır. Onu fabrikə buraxmamış və telefon zənglərinə cavab verməmişlər. Məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Bundan sonra cavabdeh ondan aldığı pul vəsaitinin təsdiqi olaraq xx.xx.2021-ci il tarixdə borcun etirafı haqqında iltizam imzalayıb ona vermiş və pulu 2022-ci ilin iyun ayının sonunadək ödəyəcəyini vəd etmişdir. Lakin vədinə əməl etməmişdir. Belə ki, cavabdeh bu vaxtadək həmin puldan sadəcə 120000 manat qaytarıb, 55100 manat qalmaqdadır. Habelə ona məxsus avadanlıqlar fabrikin istifadəsindədir və ondan gəlir götürülür. Ona məxsus avadanlıqların aylıq ən aşağı gəliri 6000 manat, yuxarı gəliri 14000 manat olmuşdur.
12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizsəində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd edilənlərin əksinə olaraq iddiaçı ilə cavabdeh 2019-cu ilin avqust ayında Türkiyə Cumhuriyyətinə gedəndə təyyarədə tanış olmuşlar. Türkiyədə olduqları müddətdə iddiaçı ilə təsadüfən qaldıqları otelin eyni olmasına görə aralarında münasibətlər yaranmışdır. İddiaçı ondan nə iş gördüyünü soruşmuş, iddiaçıya karton fabrikinin olduğunu, gördüyü işlə bağlı danışmışdır. İddiaçı ona işi böyütməyi, əlavə avadanlıqların alınması üçün pul verməyə hazır olduğunu bildirmişdir. Elə həmin vaxt yeni tanış olduğu bir şəxsə bu cür təklif verilməsinin qeyri-adi olduğunu və bu təklifdə başqa bir məqsəd gizləndiyindən şübhələnmişdir. Lakin iddiaçı o dərəcədə özünü səmimi göstərmişdir ki, iddiaçıdan şübhələnməyinə belə utanmışdır. Lakin iddiaçının təklifini düşünəcəyini bildirmişdir. Azərbaycan Respublikasına qayıtdıqdan bir müddət sonra iddiaçı onun fabrikinə gələrək avadanlıqlar üçün 103000 (yüz üç min) ABŞ dolları, Azərbaycan pulu ilə təxminən 175100 (yüz yetmiş beş min yüz) Azərbaycan manatı məbləğində pulu ona vermişdir. İddiaçının ona etdiyi bu təklifi onu tora salmaq olduğunu sonralar-aldanandan sonra bilmişdir. O, avadanlıq alınması üçün Türkiyə Cümhuriyyətinə getmiş və bir həftə axtarışlardan sonra avadanlıqları tapmış, həmin avadanlıqları gətirərək zavodda quraşdırmışdır. Həmin avadanlıqların gətirilməsi, gömrükdən keçirilməsi, burada quraşdırılması xərclərini özü çəkmişdir. Avadanlıqlar quraşdırıldıqdan sonra oktyabr ayından avadanlıqlarla məhsullar istehsal edilməyə başlanmışdır. Avadanlıqların xərcləri, xammalın alınması isə onun öhdəsində idi. İşə başladıqları müddətdən sonra həmin avadanlıqlardan əldə etdiyi gəlirdən xərclər çıxıldıqdan sonra təmiz gəlirin yarısını iddiaçıya vermişdir. Bir müddət işlədikdən sonra iddiaçının qazancla bağlı mübahisə yaratmaq istəyini görüb pulu kart vasitəsilə göndərmişdir. Göndərdiyi pulların çeklərini də məhkəməyə təqdim etmişdir. Lakin get-gedə iddiaçının təqsiri üzündən aralarında mübahisə böyümüşdür. Nəhayət aralarındakı mübahisəyə görə polis şöbəsinə getmişlər. Bundan sonra aralarında heç bir ortaqlıq qala bilməzdi. İddiaçıya fabrikə verdiyi avadanlıqlara görə 103000 (yüz üç min) ABŞ dolları, Azərbaycan pulu ilə təxminən 175100 (yüz yetmiş beş min yüz) Azərbaycan manatı məbləğində pulun ilkin olaraq 20000 (iyirmi min) manatını dərhal, daha sonra isə 100000 (yüz min) manatını qaytarmışdır. İddiaçının iddia ərizəsində qeyd etdikləri tamamilə yalan və əsassızdır. Ona görə ki, ortaqlığı o yox, iddiaçı təklif etmişdir. Bundan başqa, iddiaçı ona avadanlıqların pulu kimi verdiyi 103000 (yüz üç min) ABŞ dolları, Azərbaycan pulu ilə təxminən 175100 (yüz yetmiş beş min yüz) Azərbaycan manatı məbləğində puldan başqa heç bir manat məbləğində pul verməmişdir. Ona verdiyi avadanlıqlara görə akt tərtib etdirən, qazanca şərik olmaqla bağlı akt tərtib etdirən iddiaçı nəyə görə ona verdiyini iddia etdiyi 175100 manat məbləğində pula görə heç bir sənəd imzalatmamışdır? İddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.2021-ci il tarixli iltizam isə aralarındakı mübahisə ilə bağlı Nərimanov rayon Polis İdarəsində avadanlıqlara görə verdiyi iltizamdır. Bunu iş materialları ilə də müəyyən etmək olar. İddiaçı nəinki ona xammal üçün və fabrikin maliyyəşdirilməsi üçün pul verib, əksinə onu tora salıb əlavə avadanlıq aldırdıqdan sonra külli miqdarda ziyana düşmüşdür. Bundan başqa, iddia ərizəsində qeyd edilənlərin əksinə olaraq fabrikdə təkcə iddiaçının verdiyi pulla aldığı avandanlıqlar olmamış, başqa avandanlıqlar da olmuşdur, hansı ki, o iddiaçı ilə tanış olmamışdan qabaq həmin avadanlıqlarla gəlir əldə edirdi. İddia ərizəsində göstərilənlərin əksinə olaraq həmin avadanlıqlardan 6000-14000 arası gəlir əldə etməmişlər. Nə əldə etmişlər onun yarısını iddiaçıya vermişdir. Bundan əlavə, iddiaçıya ona verdiyi avadanlıqlara görə cəmi 50000 manata yaxın pul qalmışdır. İddiaçının ondan avadanlıqları tələb etməsi qanunsuzdur. Həmin avadanlıqların pulu verilmişdir, həmçinin avadanlıqlar ona ziyan vurulmadan götürülə bilməz. Həmin avadanlıqlar götürülərsə fabrikin fəaliyyəti dayanacaqdır. Hansı ki, fabrikdə onlarla adam işləyir, ailələrinə qazanc aparırlar. Qalan 50 min manatı ödəməyə hazırdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
14. Quba Rayon Məhkəməsinin e-2(027)-487/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının göstərdiklərindən fərqli olaraq cavabdeh birgə fəaliyyət göstərdiyi müddətcə ididaçıya qazancının yarısını ödəmişdir, cavabdeh həmin əşyalara görə iddiaçıya pul ödəmişdir. Belə ki, əmlakın dəyərinin 2/3 iddaçıya ödənilmiş, iddiaçı qeyd edilən pulu qəbul etmişdir. Cavabdehi qeyd edilən əmlakların qanunsuz sahibi kimi qəbul etmək olmaz. Həmçinin həmin əmlakların xaricdən gətirilməsi və quraşdırılması xərcini də cavabdeh çəkib. Əmlakın cavabdehdə qalması, başqa sözlə, cavabdehin həmin əmlakı özündə saxlaması və ona sahiblik etməsi qanunsuz deyildir. Sadəcə tərəflər arasında əmlakın dəyəri ilə bağlı mübahisə mövcuddur ki, o da hazırki iddanın predmeti deyildir.
16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, Mülki Məcəllənin 5.3,16.1, 157.2, 157.8, 164.2, 560.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. - dəyəri 103000 ABŞ dolları olan avadanlıqları alıb cavabdehin fabrikinin istifadəsinə vermiş, habelə xammalın alınması və fabrikin maliyyələşdirilməsi üçün müxtəlif vaxtlarda Cavabdeh2 cəmi manatla ifadədə (pulun bir hissəsini ABŞ dolları ilə vermişdir) 175100 manat pul vəsaiti vermişdir; - işin mübahisəsiz halıdır ki, dəyəri ödənilənədək avadanlıqlar iddiaçının mülkiyyətindədir və dəyəri öhdəlik götürülən müddətədək ödənilməmişdir. - cavabdeh avadanlıqların dəyərini öhdəlik götürdüyü müddətədək ödəməmişdir. - işin mübahisəsiz halları ondan ibarətdir ki, avadanlıqlar iddiaçının mülkiyyətindədir, dəyəri ödənilənədək onun mülkiyyətində qalır və dəyəri ödənilməmişdir. Məhkəmə isə qətnamədə bu nəticəyə gəlmişdir ki, iddiaçı avadanlıqları tələb edə bilməz, onun dəyərini tələb edə bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
21. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 24. İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçi-hakimi, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İddiaçının apellyasiya şikayətinin bir dəlili ondan ibarət olmuşdur ki, dəyəri ödənilənədək avadanlıqlar iddiaçının mülkiyyətindədir və dəyəri öhdəlik götürülən müddətədək ödənilməmişdir, cavabdeh avadanlıqların dəyərini öhdəlik götürdüyü müddətədək ödəməmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsassız esab edir. Belə ki, iddia ərizəsinin məzmunundan, tərəflərin izahatlarından müəyyən olunur ki, avadanlıqların iddiaçı tərəfindən cavabdehə verilməsində məqsəd hər iki tərəfin birgə qazanc əldə etmək, gəlir götürmək niyyətləri olmuşdur. xx.xx.2019-cu il tarixli aktın məzmunundan görünür ki, qarşılıqlı alqı satqı olmadığı müddətcə adı keçən avadanlıqlar İddiaçı aiddir. Həmin aktla qazancın hər iki tərəf arasında bərabər bölünməsi müəyyən olunmuşdur. Daha sonra iddiaçı ona verilən qazanc məbləği ilə razılaşmamış, iddiaçının hüquq mühafizə orqanlarına müraciət etməsi ilə bağlı cavabdeh avadanlığın dəyərinin iddiaçıya qaytarılacağı barədə iltizam imzalamışdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, avadanlığın dəyərindən 120 min manat cavabdeh tərəfindən ödənilmiş, hazırki vaxta olan borc məbləği təqribən 50 000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili cavabdeh tərəfindən avadanlıqların dəyərindən qalan 55000 manatı ödəməyə hazır olduğunu bildirmişdir. İddiaçı isə hazırki iddia ilə cavabdeh tərəfindən avadanlıq üçün ödənilmiş məbləğ və ödənilməli olan qalıq borc məbləğini cavabdehin ona verməyə hazır olduğunu nəzərə almadan həmin avadanlıqların cavabdehlərdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası avadanlıqların dəyəri ödənilmədiyindən onların cavabdehdən alınmalı olması barədə iddiaçının apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, aktın özündə də göstərildiyi kimi, qarşılıqlı alqı satqı olmadığı müddətcə avadanlıqlar İddiaçı aiddir. Halbuki sonradan cavabdeh onların dəyərini ödəyəcəyi barədə iltizam götürmüş, həmin əşyalara görə iddiaçıya pul ödəmişdir. Belə ki əmlakın dəyərinin 2/3-si iddaçıya ödənilmiş, iddiaçı qeyd edilən pulu qəbul etmişdir. Göründüyü kimi cavabdehi qeyd edilən əmlakların qanunsuz sahibi kimi qəbul etmək olmaz. Həmçinin həmin əmlakların xaricdən gətirilməsi və quraşdırılması xərcini də cavabdeh özü çəkmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının avadanlıqlar üçün qalıq borc məbləğini cavabdehdən tələb etmək hüququ mövcuddur ki, ayrıca iddia ilə məhkəməyə müraciət etməklə həmin məbləği cavabdehdən tələb edə bilər.
29. İddiaçı apellyasiya şikayətində 103000 ABŞ dolları dəyərində avadanlıqlardan başqa, xammalın alınması və fabrikin maliyyələşdirilməsi üçün müxtəlif vaxtlarda Cavabdeh2 cəmi 175100 manat pul vəsaiti verdiyini bildirsə də, iş materialları ilə bu hal öz təsdiqini tapmamışdır. Halbuki iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.
30. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
31. Beləliklə, məhkəmə kollegiyası iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddianın əsaslılığı ilə bağlı iddiaçı tərəfindən heç bir mötəbər sübut, dəlil təqdim edilmədiyinə görə iddia əsassızdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin e-2(027)-487/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.