Məhkəmə qərarları › İş №2(106)-340/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-340/2024

21.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-340/2024 21.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(017)-1733/2023 saylı qətnaməsindən (hakim R.Nuriyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, 5000 manat maddi, 3000 manat mənəvi ziyanın və ödənilmiş 115 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ağcabədi rayonunun Yuxarı Avşar kəndində yaşayır. Ağcabədi rayonunun Yuxarı Avşar kəndində ona və ailə üzvlərinə məxsus 4.79 ha torpaq sahəsi vardır. 1998-ci ildən həmin torpaq sahəsində buğda və digər bitkilər əkir. 2022-ci ildən həmin torpaq sahəsinə su verilmir. Bununla bağlı dəfələrlə Ağcabədi rayon, Avşar kəndi X1 icraçı direktoru olan Cavabdeh müraciət etsə də, cavabdeh ona su verilməyəcəyini bildirmişdir. Həmin torpaq sahəsindən hər il 20-25 ton buğda götürsə də, su verilmədiyi üçün hazırda məhsul götürə bilmir. Torpaq sahəsinə buğda əkməsinə baxmayaraq 2022-ci ilin may ayından həmin sahəyə su verilmədiyindən, məhsul əldə edə bilməmişdir. Ondan əvvəlki və sonrakı sahələrin sahibləri öz yerlərini suvararaq gəlir əldə etmişlər. Lakin, cavabdeh ona su vermədiyi üçün o, torpaq sahəsini suvara bilməmişdir. Ondan əvvəlki və sonrakı sahələrin sahibləri öz yerlərini suvararkən o, öz yerinə su açmamışdır. Bunun da səbəbkarı cavabdeh olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, İddiaçı göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, o, əvvəllər Ağcabədi rayon, Avşar kəndi X1 icraçı direktoru vəzifəsində işləmiş və xeyli vaxtdır ki, işdən çıxmışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən su kanalında su qıtlığı ilə əlaqədar uzun illər su olmamışdır. Həmçinin hər hansı bir sahəyə su verilməsi də onun səlahiyyətində olmamışdır. İddiaçı izahatında ondan əvvəlki və sonrakı sahələrin sahiblərinin öz yerlərini suvarmasını göstərir, yəni həmin vaxt iddiaçı da öz torpaq sahəsini suvara bilərdi. Həmin sahələrə eyni su kanalından su gedir. İddiaçı topraq sahəsinə gedən su kanalının qarşısını bağlamamış, iddiaçının torpaq sahəsini suvara bilməməsində onun heç bir təqsiri olmamışdır. Ağcabədi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(017)-1733/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsalandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(017)-1733/2023 saylı qətnaməsindən narazıdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində göstərilir ki, guya öz sahəsini suvara bilərdi və suvarmamışdır. Bunda cavabdehin heç bir təqsiri yoxdur. Hakim qərəzli və birtərəfli mövqedən çıxış etmiş, məhkəməyə sübut kimi təqdim etdiyi iki ədəd müxtəlif vaxtlarda mütəxəssislərin tərtib etdiyi aktı görməzdən gəlmiş, cavabdehin sahədə çəkiliş aparan jurnalist və onu təhqir etməsini “sən ölsən də su görməyəcəksən” video disk görüntüsünü gizləmişdir. Tutarlı dəlil və sübutlar təqdim etməsinə baxmayaraq, hakim Mülki Məcəllənin 21-ci və 23-cü maddələrinin müddəalarını kobud şəkildə pozmuş, qanunun aliliyinə xələl gətirə biləcək qətnamə qəbul etmişdir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, Ağcabədi rayon Avşar kənd X1 üzvü olubolmaması barədə məlumatsızdır, suvarma suyunun ona verilməməsi ilə bağlı birliyin nəzdində olan mübahisələrin həlli üzrə komissiyaya müraciət etməmiş, lakin dəfələrlə Ağcabədi rayon X1 rəhbərinin qəbulunda olmuş və şikayət etmişdir. Məhkəmədə cavabdeh apellyasiya şikaəytinin əsassız olduğunu bildirib, təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın tam təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri əsasında tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan JN-505, KOD 60800018 saylı 18 avqust 1998-ci il tarixli Dövlət aktının surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə İddiaçı Hacağa oğlu və ailə üzvlərinin mülkiyyətinə Ağcabədi rayonu Avşar kəndi ərazisindən cizgidə göstərilən sərhəd daxilində 4.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş X6 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Azamin Abdullayevin, Ağcabədi rayon İcra Hakimiyyətinin Aşvar kənd inzibati ərazi bairəsi üzrə nümayəndəsi N.Mirzəyevin, Avşar kənd sakinləri İddiaçı, Rizvan Mehdiyevin iştirakları ilə tərtib olunaraq X6 İnkişaf Mərkəzinin möhürü ilə təsdiq olunmuş 09 mart 2023-cü il və 05 aprel 2023-cü il tarixli aktlardan görünür ki, Avşar kənd sakinləri İddiaçı, Rizvan Mehdiyevin mülkiyyətlərində olan 4.79 ha və 1.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə baxış keçirilmiş, torpaq sahələrində noyabr ayının axırı, dekabr ayının əvvəllərində buğda əkilməsi, lakin baxış keçirilən tarixədək suvarma aparılmadığı müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1 - X3 (Birlik) - istifadəsinə verilən meliorasiya və irriqasiya sistemlərini idarə etmək və xidmət göstərdiyi ərazidə əkinləri suvarma suyu ilə təmin etmək məqsədi ilə kənd təsərrüfatı istehsalçıları tərəfindən bu Qanuna uyğun yaradılan və fəaliyyət göstərən qeyri-kommersiya qurumunun xüsusi formasıdır; Maddə 13 - Birliyin xidmət göstərdiyi ərazidə yerləşən torpaqların istifadəçiləri istisna olmaqla, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinin və uzunmüddətli sazişlərə uyğun olaraq Birliklərin suvarma suyu ilə təchiz edilməsi Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aiddir; Maddə 30-1 - Birliyin məqsədi və vəzifələri; X1 məqsədi xidmət göstərdiyi ərazidə istifadəsində olan meliorasiya və irriqasiya sistemlərini idarə etmək və torpaq istifadəçilərini mütəşəkkil, səmərəli və ədalətli olaraq su ilə təmin etməkdir, Birliyin xidmət göstərdiyi ərazi onun istifadəsində olan meliorasiya və irriqasiya sistemindən suvarıla bilən müəyyən torpaq sahələrini əhatə edir, Birlik bu Qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun olaraq qeyri-kommersiya qurumunun xüsusi formasında yaradılır və fəaliyyət göstərir, Birlik öz fəaliyyəti nəticəsində əldə etdiyi mənfəəti üzvləri arasında bölüşdürmədən istifadəsində olan meliorasiya və irriqasiya sistemlərinin saxlanmasına və inkişafına yönəldir və bu məqsədlə fond yaradır, Birliyin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır; istifadəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismarı və ümumi yığıncağın təsdiq etdiyi plana əsasən üzvlərinin arasında suvarma suyunun paylanması, xidmət göstərdiyi ərazidə torpaq sahiblərini suvarma suyu ilə təmin etmək üçün uzunmüddətli sazişə və illik müqavilələrə əsasən su təchizatı müəssisəsindən suyun satın alınması, istifadəsində olan meliorasiya və irriqasiya sistemlərinin bərpası, istismarı, onlarda tikinti-təmir işlərinin aparılması, hidrotexniki avadanlığın alınması, saxlanması və istismarı, üzvlərin sifarişinə əsasən meliorasiya xidmətlərinin göstərilməsi, xidmət göstərdiyi ərazidə suların mühafizəsinin, onların çirklənməkdən, zibillənməkdən və tükənməkdən qorunmasının təmin edilməsi, nizamnamə məqsədlərinə uyğun digər vəzifələr, Birlik xidmət göstərdiyi ərazidə üzvü olmayan torpaq sahiblərini illik müqavilələrə əsasən suvarma suyu ilə təchiz edə bilər. Maddə 30-6 - Birliyin orqanları aşağıdakılardır: ümumi yığıncaq, idarə heyəti, təftiş komissiyası, mübahisələrin həlli üzrə komissiya. Maddə 30-7- Ümumi yığıncaq Birliyin ali idarəetmə orqanıdır. Növbəti ümumi yığıncaq ildə bir dəfədən az olmayaraq idarə heyəti tərəfindən çağırılır. Növbədənkənar ümumi yığıncaq isə idarə heyəti tərəfindən onun öz təşəbbüsü ilə və ya Birlik üzvlərinin azı 20 faizinin tələbi ilə çağırılır. Maddə 30-11- Mübahisələrin həlli üzrə komissiya beş nəfərdən ibarət olmaqla ümumi yığıncaq tərəfindən Birlik üzvlərindən seçilir. Bu komissiya suyun paylanmasına dair mübahisələrə baxır. Birliyin üzvlərinin və onun xidmət göstərdiyi ərazidə yerləşən torpaqların digər sahiblərinin yazılı şikayətlərinə komissiyanın iclasında mübahisə edən tərəflərin iştirakı ilə 10 gün müddətində baxılmalıdır. Mübahisələrin həlli üzrə komissiya şikayətin təmin edilməsi və ya şikayətin əsassız olduğunu müəyyən etdiyi halda onun rədd edilməsi haqqında qərar qəbul edir. Komissiyanın qərarının yerinə yetirilməməsinə görə aşağıdakı məcburiyyət tədbirləri tətbiq edilə bilər: Birlik tərəfindən göstərilən xidmətlərin dayandırılması, üzvlükdən xaric edilməsi, nizamnamə ilə nəzərdə tutulmuş qaydada digər sanksiyaların tətbiq edilməsi. Mübahisələrin həlli üzrə komissiyanın qərarından ümumi yığıncağa və məhkəməyə şikayət edilə bilər. Kollegiya hesab edir ki, iddiaçının suyun paylanması ilə bağlı yaranan mübahisə ilə bağlı birliyin orqanı olan mübahisələrin həlli üzrə komissiyaya müraciət etməməsi, onu daha etibarlı hesab etdiyi müdafiə vasitəsi olan məhkəmə müdafiəsi hüququndan məhrum etmir. İddiaçının tələbi iş üzrə cavabdeh qisində cəlb etdiyi Ağcabədi rayon Avşar kənd X1 sədri seçilmiş Cavabdeh qarşı yönəlməklə, sonununcunun vəzifəli şəxs olaraq suyun qeyri-bərabər paylanmasında ona qarşı yol vermiş olduğu təqsirli hərəkətləri nəticəsində maddi və mənəvi zərərə məruz qalması ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə ; Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır, Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun, Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının - işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur, İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin - işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır, Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır, Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən olunan hallarına əsasən iddiaçının tələbi iş üzrə cavabdeh qisində cəlb etdiyi Ağcabədi rayon Avşar kənd X1 sədri seçilmiş Cavabdeh qarşı yönəlməklə, sonununcunun vəzifəli şəxs olaraq suyun qeyri-bərabər paylanmasında ona qarşı yol vermiş olduğu təqsirli hərəkətləri nəticəsində maddi və mənəvi zərərə məruz qalması ilə bağlı olmuşdur. İşçi (birliyin sədri seçilmiş şəxs) tərəfindən vurulmuş zərər bilavasitə birliyin fəaliyyət dairəsinə aiddir və onun xidməti vəzifələrinin icrası ilə əlaqədar yol vermiş olduğu təqsirli hərəkətləri nəticəsində hüquq pozuntusunun yarandığı sübuta yetirilərsə, həmin pozuntuya görə məsuliyyət mülki qanunvericiliyin yuxarıda şərh olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda şərh olunan qərarında formalaşan hüquqi mövqe baxımından bütövlükdə düşəcək birliyin üzərinə. Təsadüfi deyildir ki, birliyin nəzdəndə mübahisələrin həlli üzrə komissiyanın fəaliyyət göstərməsi də qanunvericilikdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda tələbin ona cavab verməli olan şəxsə qarşı yönəlməməsi əsası ilə apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(017)-1733/2023 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar