Məhkəmə qərarları › İş №e-2(001)-5253/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5253/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5253/2025 11.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh Şərur MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Şərur MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə (açar sözlər: müqavilə öhdəlikləri, müqavilə şərtlərinin pozulması, maddi ziyan, sübutetmə) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, İlk iddia üzrə cavabdeh qarçılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə4 və Nümayəndə3 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh Şərur MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Şərur MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh Şərur MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə aralarında bağlanmış Mənzil tikintisi haqqında 12 sentyabr 2022-ci il tarixli, 136 saylı müqavilə üzrə ödənilməli olan məbləğlərin qəbul edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi, Mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqı tam ödənildikdən sonra maliyyə arayışının ona verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, ödədiyi 100 manat dövlət rüsumunun və hüquqi xidmətə görə ödədiyi 520 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Qarşılıqlı iddia üzrə iddiaçı Şərur MTK qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli 136 nömrəli müqavilənin ləğv edilməsi və mənzilin ümumi dəyərinin 20%-i məbləğində 21476 manat dəbbə pulu məbləğinin və 19200 manat kirayə haqqı məbləğinin və 213 manat dövlət rüsumu məbləğinin tutulub kooperativə ödənilməsi və həmin mənzildən cavabdeh və digər şəxslərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İlk iddia tələbini onunla əsaslandırmışdır ki, müqavilənin 1.1-ci bəndinə əsasən, Kooperativ Bakı şəhəri,Yasamal rayonu,Yeni Yasamal y/m Kənar Dairəvi yol ünvanında inşa edilmiş yaşayış kompleksində giriş 6, mərtəbə 15, ümumi sahəsi 76.7 kv.m. olan 136 saylı mənzili payçıya təhvil verməyi, payçı isə bunun qarşılığında Kooperativə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə ödənilməli olan 31000 (otuz bir min) manat məbləğ cavabdehə nağd olaraq ödənilmiş, məbləğin qalan hissəsi isə hissə-hissə xx.xx.2025-ci il tarixinə qədər ödənilməlidir. Cavabdehə hissə-hissə ödənilməli olan məbləğlər cavabdehin tələb etdiyi kimi ödənilsə də, 2025-ci ilin may ayı üçün ödənişlə bağlı Kooperativə yaxınlaşmış, lakin ödəniş qəbul edilməmişdir. Kooperativin əməkdaşı ödənişin qəbul edilməməsini yalnız İsfəndiyar müəllimin dediyi təqdirdə qəbul edəcəyini bildirmişdir. Bundan sonra binada yaşayan qonşularla əlaqə saxlamış və bu hadisənin bütün sakinlərin başına gəldiyi ona məlum olmuşdur. Beləliklə, bilərəkdən ödəniş qəbul edilmir və sonradan isə bunu gecikmə kimi qeyd edib, artıq məbləğ tələb olunur. Bunu da qeyd edir ki, qanunsuz hərəkətlə üzləşdiyini və bilərəkdən ona qarşı qeyd olunan hüquqazidd hərəkətlərin edildiyini bilib, hətta yerdə qalan məbləği tam ödəmək istədiyini bildirsə də, yenə də həmin məbləğ qəbul olunmamışdır. Bundan sonra cavabdehə pretenziya verərək, aylıq ödənilməli olan məbləğin ödənilməsi üçün MTK-nın bank hesabının təqdim edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən məbləğ qəbul edilməmiş və əlavə olaraq 25000 manat pul ödəməli olduğunu ona şifahi olaraq bildirilmişdir. Mənzil tərəfindən tam təmir olunmuş və orada yaşayır. Müqavilə müddətinin bitməsinə isə bir neçə ay qalmışdır. Məhz buna görə də, MTK-nın işçiləri rəhbərlərinin göstərişi ilə gələcəkdə daha artıq məbləğ tələb etməkdən ötrü bilərəkdən ondan aylıq ödənişləri qəbul etmirlər ki, bunu müqavilə öhdəliklərinin pozulması kimi qəbul etsinlər. Həmçinin, cavabdeh tərəfindən bu hərəkətlər əksər sakinlərə qarşı edilmiş, hazırda da həmin mübahisələrə müxtəlif instansiyalarda baxılmaqdadır və bəzi mübahisələr üzrə isə qanuni qüvvəsini almış məhkəmə qərarları vardır.

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə bağlanmış xx.xx.2022-ci il tarixli 136 nömrəli müqavilə üzrə ödənilməli məbləğlərin qəbul edilməsi, ümumi yığıncağın qərarının və pay haqqının tam ödənilməsi barədə maliyyə arayışının verilməsi barədə qətnamə qəbul edilməsi barədə iddiaçı məhkəməyə müraciət etmişdir. Bildiririk ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Kənar Dairəvi yol ünvanında Cavabdeh MTK-nın vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 6- cı giriş, 15-ci mərtəbədə olan 136 saylı mənzilinə dair İddiaçı arasında xx.xx.2022-ci il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilə bağlamışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin dəyəri olaraq payçı tərəfindən müqavilə bağlanan gün 31.000 manat ilk ödəniş edilmişdir. Qalan 76.380 manat borcun isə 36 ay müddətinə aylıq 2221,3 manat olmaqla ödənilməsi razılaşdırılmışdır. Lakin götürülmüş öhdəlik payçı tərəfindən tam yerinə yetirilməmiş və müqavilə ilə müəyyən edilmiş aylıq ödənişlər tam ödənilməyərək öhdəliyin icrası gecikdirilmişdir. Bununla bağlı xx.xx.2025-ci il tarixli 364 nömrəli pretenziya məktubu ilə xəbərdarlıq edilmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 9.1-ci bəndinə əsasən “Payçı” tərəfindən müqavilə şərtləri pozularsa kooperativ tərəfindən müqavilə bir tərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. Göründüyü kimi müqavilə üzrə üzərinə düşən öhdəliklər payçı tərəfindən yerinə yetirilməməklə müqavilə əhəmiyyətli dərəcədə pozulmuş nəticədə Kooperativ müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Lakin iddiaçı hazırki qrafik üzrə də ödənişləri müntəzəm olaraq qeyri stabil icra etmişdir. Müqavilə üzrə öhdəlik kobud şəkildə pozulduğundan sonda müqavilədən irəli gələn tədbirlər həyata keçirilərək müqavilənin ləğv edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci bəndində Kooperativ tərəfindən birtərəfli qaydada pozulacağı (ləğv ediləcəyi) və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” çıxıldıqdan sonra vəsaitin qaytarlacağı və mənzilin başqa şəxsə satılacağı əks edilmişdir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən müqavilə birtərəfli qaydada pozulduqda mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı tutulur və mənzil boşaldılır. Göründüyü kimi cavabdeh öhdəliyini yerinə yetirmədiyindən dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə kooperativ haqlı olmuşdur.

II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə1 ilk iddia tələbini müdafiə edərək qarşılıqlı iddia tələbinə etiraz etdi və bildirdi ki, cavabdeh tərəfin qarşılıqlı iddia ərizəsi qanunsuz və əsassızdır. Məhkəmədən ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin, qeyd etdi ki, sonuncu məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən 99.700 (doxsan doqquz min yeddi yüz) manat məbləğində pul vəsaitinin MTK-ya ödənilməsini qəbul etəsə də, aylıq ödənişlərin gecikdirilməsini əsaslandırmaqdan ötrü bir neçə anlaşılmayan arqumentlər gətirərək, mübahisə yaranan vaxtdadək, yəni 2025-ci ilin may ayı daxil olmaqla iddiaçının 12 000 manat gecikməsi olmasını qeyd etdi. Müqavilə üzrə MTK-ya ödənilməli olan məbləğ 110964.02 manat təşkil edir, iddiaçı tərəfindən MTK-ya xx.xx.2025-ci il tarixdə sonuncu ödəniş edilmiş və həmin tarixdə cavabdehə ümumilikdə 99700 manat ödəniş olur və sonuncu ödəniş ediləndə müqavilə müddətinin bitməsinə 4 ay qalır. Həmin mənzilin dəyəri olan 110964.02 manatdan ödənilmiş 99700 manat çıxıldıqda - 11264.02 manat qalır, yəni iddiaçının MTK-ya müqavilə müddəti bitənədək ümumilikdə 11264.02 manat borcu qalır və aylıq ödənilməli olan məbləğin 2221.30 manat olmasını və qalan 4 ayı nəzərə alınsa həmin məbləğ 8885.2 manat təşkil edir. Həmçinin müqavilə müddəti bitənədək ödənilməli olan 11264.02 manat puldan 8885.2 manat çıxıldıqda, iddiaçının gecikdirdiyi və yaxud da vaxtında ödəmədiyi məbləğ 2378.82 manat təşkil edir. Yəni, müqavilə bağlanan andan mübahisə yaranan anadək iddiaçının gecikdirdiyi məbləğ cəmi 2378.82 manat (iki min üç yüz yetmiş səkkiz manat 82 qəp) təşkil edir. Bu isə müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması kimi qəbul edilə bilməz. İddiaçı tərəfindən iyun ayında isə ödəniş etməyə cəhd edilsə də, ödəniş qəbul edilməmişdir. Ümumiyyətlə tərəflər arasında müqavilə bağlanmışdır. İlkin olaraq iddiaçı tərəfindən müəyyən məbləğdə ilkin ödəniş edilir və qalan məbləğlər isə aylar üzrə ödəməyə davam etdirlir. Müqavilənin müddəti isə sentyabr ayında başa çatmışdır. May ayından gələndən sonra həmin pul vəsaitlər qəbul edilmir. Ümumi olaraq MTK-larda müqavilər bağlanır. Ödənişlər bank hesabına ödənilir və ƏDV məbləği alıcıya ödənilir. Lakin Şərur MTK-i tərəfindən daxili kredit müqaviləsi bağlanır, ödənişlər yalnız nağd şəkildə qəbul edilir. Lakin kreditin müddətinə az qalmış, belə mane yaradılır və ödənişlər qəbul edilmir, nəticədə yalnız İsfəndiyar müəllim dediyi təqdirdə ödəniş ondan qəbul ediləcəyi tələbi irəli sürülür. Bundan sonra hüquqularını müdafiə etdiyi şəxs binada yaşayan qonşularla əlaqə saxlayır və məsələnin səbəbləri məlum olur. Nəzərə alınmalıdır ki, may ayından sonra ödəmələrə məhdudiyyət qoyulmuşdur, əgər may ayından sonraki aylarda ödəməyə icazə verildiyi halda hal-hazırda iddiaçının heç bir borcu qalmamalı idi, yəni nə nağd ödəniş qəbul etmədiyini və bank rekvizitlərini təqdim etmədiyindən 11263 manat borclu qalıb. Bundan başqa artıq müqavilənin müddəti bitmişdir. Cavabdeh tərəfindən edilmiş hərəkətlər nəticəsində fiziki olaraq vətəndaşın ödəniş edilməməsinə maneə yaradılmışdır. Hesab edir ki, ilk iddia tələbi əsaslıdır və belə olan halda qarşılıqlı iddia tələbinin əsaslılığı aradan qalxır. Məhkəmədən ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə3 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin qeyd etdi ki, 20 may 2025-ci il tarixdə 1500 manat ödəniş olunmuşdur. Qrafikdə ödənilməli ona məbləğlərlə qarşı tərəfin ödədiyi ödəmələr arasında kəsirlər olmuşdur. Həmin ödənişlərlə bağlı hansı müddətə və nə qədər gecikmələrin olması hesablanması ilə bağlı mütəxəssis rəyi lazımdır. Belə ki, ilk iddia üzrə iddiaçı tərəfindən hər ay ödənişlər olsa da, qrafik üzrə aylıq ödənilməsi tələb edilən məbləğ tam ödənilməmiş, kəsrlə ödənilmişdir. Bununla da nəticədə gecikdirilmiş kifayət qədər böyük məbləğ var. 2022-ci ildən başlayaraq 36 ay müddətində gecikmələrlə ödənişlər edilmiş, 16 iyul 2025-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. 2022-ci ildən gecikmələrin ödənilməsi ilə bağlı əvvəllər hərəkətsizlik olsa da, 16 iyul 2025-ci ildə müraciət etmişlər. Qarşı tərəfin rekvizitlərin tələb edilməsi ilə bağlı bildirmişlər ki, müqqavilənin müvafiq bəndində göstərilir ki, 10 gündən artıq ödənişlərinin gecikdirilyi halda 2% həcmində dəbbə pulu tətbiq olunur. Bu barədə müqavilə tərəfinə şifahi qaydada məlumat verilmişdir. Buna baxmayaraq davamlı olaraq ödənişləri qəbul etmişlər. Tərəflər arasında olan müqaviləyə əsasən müəyyən qrafik əsasında, müəyyən vaxt ərzində, müəyyən məbləğdə ödənişlərin edilməsi nəzərdə tutlmuşdur. Lakin hər ay ödənişlər kəsirlə ödənilmişdir. Müqavilə şərtlərini pozduğuna görə həmin gecikmələrin dəbbə pulunu tələb etmək hüquqları vardır. Müqavilə üzrə öhdəlik kobud şəkildə pozulduğundan sonda müqavilədən irəli gələn tədbirlər həyata keçirilərək müqavilənin ləğv edilməsi zərurəti yaranmışdır. Yəni may ayında 1 dəfə ödəniş olunmuşdur. Bu da müavilə şərtlərində pozmuşdur. Müqavilə üzrə şərtlər may ayında və may ayınadək gecikməsi olmuşdur. Müqavilə şərtinin pozulması davamlı olaraq iki ay ödəniş etmədikdə deyil, ümumi müqavilə üzrə gecikmələr nəzərdə tutulmuşdur. Yəni şəxs may ayında olan 1500 manat ödənişi şəxsin əvvəlki ayda olan kəsirlərinə bölünür. Aprel ayında olan ödənişlə bağlı kəsirinin olması ilə bağlı rəsmi bildiriş tərəfindən verilməmişdir. Onlar yalnız müqavilədə göstərmişlər ki, hər ay 2221 manat ödənilməldir. Gecikmələrlə bağlı vətəndaşa məlumat vermək məcuburiyyətləri yoxdur. Müqavilənin 4.5 bəndinə qeyd etdikləri kimi, onlar vətəndaş tərəfindən hər ay ödənilən məbləğləri müqavilə şərti üzrə ödənilməli olan məbləğlərdən çıxıb yerdən qalan məbləği hesablayıb və aylara bölünüb neçə ay gecikməsi olduğunu bildirirlər. İlk iddia tələbi üzrə iddiaçı qrafiq üzrə ödənişlər etsə də, öhdəliyi tam icra etməmiş, ilkin ödənişi çıxmaqla 70000 manat məbləğində ödənişlər edilmişdir. 2022-ci il sentyabr ayında 2025-ci il sentyabr ayına qədər 79963 manat ödənişin qarşılığında cəmi 11263 manat kəsirlə ödəniş etmişdir. Bu isə ümumilikdə 5 ay müddətində ödənişlərin olmadığına əsas verir. Bu da müqavilə müvafiq bəndinə əsasən əgər payçı tərəfindən 10 gün ərzində gecikdiyi halda 2% cərimə tutulacağını, 2 aydan artıq olarsa müqavilə üzrə bütün hüquqlar kooperativə keçirilməsi qeyd olunur, yəni tərəflər arasındaki müqavilə xitam verilir. Sahib Elləzova pretenziya göndərildiyindən artıq iddiaçı müqavilə üzrə öhdəliklərini 4 ay idi ki yerinə yetirmirdi. Məhkəmədən ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarçılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə4 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin qeyd etdi ki, 11263 manat may ayınadək kəsir olmuşdur. İlkin ödənişləri çıxanda 68700 manat ödəniş etmişdir. Lakin 79956 manat ödənməli olsa da, 02 iyul 2025-ci il tarixdə vətəndaşı müraciəti ilə əlaqədar bu günə kimi rekvizitlə ödəniş etməmişdir. Müqavilə şərtlərində belə nağd ödənişlər olması qeyd olunmuşdur. 16 iyul 2025-ci il tarixdə ilk iddia tələbi üzrə iddiaçıya pretenziya məktubu göndəriləndə artıq 2 ay müddətinə ödənişlərdə gecikmə olmuşdur. Bu gecikmələri hesablayan başqa şöbə hesablayır daha sonra onlara bildirilir. İddiaçı sonuncu dəfə may ayında 1500 manat ödəniş etmiş, digər aylarda da kəsirlə ödəniş etmişdir. Məhkəmədən ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İİİ. İşin faktiki halları:

İş materiallarına əlavə olunmuş:

- Cavabdeh MTk ilə İddiaçı arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli, 136 saylı “koorperativ mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, Kooperativ Bakı şəh, Yasamal ray, Yeni Yasamal y/m, Kənar Dairəvi yol ünvanında inşa edilmiş yaşayış kompleksində giriş 6, mərtəbə 15, ümumi tikinti sahəsi 76.7 kv.m. olan 1 otaqdan ibarət 136 saylı mənzili Payçı İddiaçı təhvil verməyi, payçı isə bunun qarşılığında Kooperativə razılaşdırılmış pu vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndində qeyd edilir ki, müqavilədə göstərilən qiymətin 31000 (otuz min) manatı Payçının şəxsi vəsaiti hesabına ilkin ödəniş kimi edildi, qalan məbləğ isə müqaviləyə əlavə edilmiş cədvəl üzrə (ilkin faiz ödənilmək şərti ilə) öhdəlik üçün nəzərdə tutulmuş müddətdə ödənilməlidir; 2.3. Müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında Payçı müqavilənin 2.1. maddəsində razılaşdırılmış məbləğin 20 %-i həcmində Kooperativə dəbbə pulu (cərimə, penya) ödəyəcək; Mənzilin müqavilədə qeyd edilən ümumi dəyərinin 20%-i həcmində 2.4. Mənzil geri qaytarıldıqda, imtina edildiyi halda, aylıq 800 (Səkkiz yüz manat) kooperativ tərəfindən Payçıdan kirayə haqqı kimi tutulacaq və mənzil 3-cü şəxsə satılaraq qalan məbləğ Payçıya qaytarılır. 2.5. Payçı müqaviləyə əsasən aylıq ödənişi gecikdirdikdə və gecikmə 2 aydan çox olarsa, gecikmiş hər günə görə gecikən məbləğin 2%-i dəyərində cərimələnəcəkdir. Gecikmə 2 ay çəkərsə bənd 4.5 qüvvəyə minir. 2.5.1. 2 (iki) aydan çox gecikməyə görə müqavilənin bəndlərinə görə cərimələnərək müqaviləyə təktərəfli xitam veriləcək; - xx.xx.2023-cü il tarixdə Cavabdeh MTK tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı ondan ötrü ki, həqiqətən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, 9 B ünvanında inşa edilmiş yaşayış kompleksinin 6-cı giriş, 15-ci mərtəbəsində olan, 1 otaqlı, 136 saylı mənzil ona məxsusdur və həmin mənzildə yaşayır. - İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, 2025-ci ilin may ayı üçün ödənilməli olan məbləğin ödənilməsi ilə bağlı Kooperativə yaxınlaşmış lakin ödəniş qəbul edilməyərək yalnız İsfəndiyar müəllim dediyi təqdirdə ödənişin qəbul ediləcəyi bildirilmişdir. Bunu da «qeyd edim ki, qanunsuzluqla üzləşdiyi və bilərəkdən ona qarşı qeyd olunan hərəkətlərin edildiyini hiss edib, hətta yerdə qalan məbləğin tam ödəmək istəyir, əks təqdirdə, bununla bağlı müvafiq orqanlara və ya məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmişdir. -Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla MTK-nı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etdiyindən, müqavilənin 5.5-ci bəndinə əsasən mənzili 10 gün müddətində yeni qiyməti ilə alması payçı X1 təklif edilmiş, əks təqdirdə müqavilənin MTK tərəfindən birtərəfli qaydada pozulacağı (ləğv ediləcəyi) və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra vəsaitin qaytarılacağı və mənzilin başqa şəxsə satılacağı barədə xəbərdar edilmişdir; -Şərur MTK-i tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli kassa mədaxil qəbzindən və sistemdən çıxarışdan görünür ki, İddiaçı tərəfindən müqavilə üzrə dəyəri 110.64.02 manat olan mənzilə görə cari aya kimi 95.600 manat ödəniş edilmişdir. Həmçinin sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə 1500 manat olmuşdur.

İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:

Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 16.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 446.1. Kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Maddə 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Maddə 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının (ləğv edilməsinin) ümumi əsasları Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Buna əsasən, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədəməhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir (MM-in 421.2-ci maddəsi). - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda; Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X2 Məhkəməsi tərəfindən ifadə edilmişdir. Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Məhkəmənin 9 Mart 1999-cu il tarixli qərarında Romanalman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada həyata keçirilən səlahiyyətlərə qoyulmuş məhdudiyyətin ölçüsü olan hüquqdan sui-istifadənin qadağan olunmasının ümumi prinsipi mütənasiblik (tarazlıq) prinsipi ilə oxşar cəhətlərə malikdir İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə 136 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən satıcı Cavabdeh MTK Bakı şəhəri, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, 9 B ünvanında inşa edilmiş yaşayış kompleksinin 6-cı giriş, 15-ci mərtəbəsində olan, 1 otaqlı, 136 saylı mənzili payçı İddiaçı verməyi, Sahib Əzimov isə ilkin 31.000 (yetmiş iki min) manat və 76.380 (yetmiş altı min üç yüz səksən) manat 36 ay, aylıq 2.221 (iki min iki yüz iyirmi bir) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Payçı 2025-ci ilin may ayınadək aylıq ödənişlərini qeyri-sabit məbləğdə və bir sıra hallarda müəyyən kəsirlə icra etmiş, ötən 3 ilə yaxın müddətdə bu hal tərəflər arasında mübahisə doğurmamışdır. Bununla belə MTK, həmin ilin may ayında payçı İddiaçı həyata keçirmək istədiyi ödənişi qəbul etməkdən imtina etmişdir. Bundan sonra payçı İddiaçı əskik ödənilmiş ödəniş məbləğinə dair rəsmi arayışın və həmin məbləğin ödənilməsi üçün MTK-nın bank hesabının ona verilməsi xahişini özündə əks etdirən xx.xx.2025-ci il tarixdə pretenziya məktubu ilə Cavabdeh MTKya müraciət etmiş, MTK isə onun həmin xahişini təmin etməmiş (əskik ödənişin məbləğinə dair arayışı və ödənişin icra edilməsi üçün bank hesabına dair məlumatları təqdim etməmiş), əksinə payçıya xx.xx.2025-ci il tarixli pretenziya ünvanlayaraq mənzili müqavilənin 5.5-ci bəndinə əsasən 10 gün müddətində yeni qiyməti ilə alması təklif edilmiş, əks təqdirdə müqavilənin birtərəfli qaydada pozulacağı (ləğv ediləcəyi) və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra qalan vəsaitin qaytarılacağı və mənzilin başqa şəxsə satılacağı barədə onu (payçını) xəbərdar etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə hazırkı mülki iş üzrə məhkəmə icraatının başlanmasına əsas olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə xx.xx.2022-ci il tarixdə 136 nömrəli müqavilənin MTK tərəfindən təktərəfli qaydada ləğv edilməsinin düzgün olub-olmamasına hüquqi qiymət verilməlidir. Belə ki, həmin xüsusatın aydınlaşdırılması ilkin iddianın əsaslı və ya əsassız olduğunu müəyyən etməyə imkan verəcəkdir. Digər tərəfdən qarşılıqlı iddiada göstərilən tələblərin irəli sürülməsi məhz müqavilənin MTK tərəfindən bir tərəfli qaydada pozulması şərti ilə mümkündür (müqavilənin 5.5-ci bəndinə əsasən). Hazırkı işdə payçı müqaviləni əhəmiyyətli dərəcədə pozması halı müəyyən edilmir. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi, payçı 2025-ci ilin may ayınadək aylıq ödənişlərini qeyri-sabit məbləğdə və bir sıra hallarda müəyyən kəsirlə olsa belə, aybaay icra etmiş, Cavabdeh MTK isə həmin ödənişləri qəbul etmiş, qeyd edilən hala dair payçıya hər hansısa irad bildirməsi və ya ödənişlərin natamam icra etdiyi məqamda payçıdan cərimə tələb etməsi müəyyən edilmir. Beləliklə, ötən 3 ilə yaxın müddətdə bu hal tərəflər arasında mübahisə doğurmamış və tərəflər arasında münasibətlər uzun müddət qeyd olunan aspektdə davam etmişdir. Cavabdeh MTK yalnız 2025-ci ilin may ayında qabaqcadan hər hansı xəbərdarlıq etmədən payçının həyata keçirmək istədiyi ödənişi qəbul etməkdən imtina etmişdir. Tərəflər arasında bağlanmış müqavilədə onun birtərəfli iradə ifadəsi ilə ləğvini nəzərdə tutan bənd mövcuddur. Belə ki, müqavilənin 5.2-ci bəndinə əsasən, payçı müqavilənin 3.2-ci bəndində qeyd olunan ödənişi 10 gündən artıq gecikdirdikdə, mənzilin ümumi dəyərinin 2% məbləğində cərimə tətbiq olunur, 2 ay gecikdirdikdə, "xxxx" xəbərdarlıq edilmədən MTK tərəfindən müqavilə birtərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. İlk növbədə qeyd olunmalıdır ki, istehlakçı ilə bağlanmış müqavilənin həmin şərti Mülki Məcəllənin 420.2-ci maddəsinin tələblərinə uyğun olaraq etibarsızdır. Belə ki, həmin maddəyə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Müqavilənin həmin şərti etibarlı şərt kimi qəbul edilsə belə, yuxarıda qeyd edildiyi kimi, ötən 3 ilə yaxın müddətdə MTK-nın həmin hala dair payçıya hər hansısa irad bildirməsi, ödənişlərin natamam icra etdiyi ilə əlaqədar payçıdan cərimə tələb etməsi və ya müqaviləni birtərəfli olaraq pozması müəyyən olunmur. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 529-cu maddəsi öhdəliyin icrasının qəbulu qaydalarını müəyyən edir. Məcəllənin 529.2, 529.4 və 529.5-ci maddələrinə uyğun olaraq, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. İşin halından da görünür ki, hazırki işdə kreditor hər hansı bir etiraz irəli sürmədən əvvəlki dövrlər üzrə öhdəliyin icrasını qəbul etmişdir. Sonradan isə həmin ödənişlərin lazımi qaydada həyata keçirlmədiyinə istinad edərək sonrakı ödənişlərin qəbulundan imtina etmişdir. Bununla da Mülki Məcəllənin qeyd olunan tələblərini pozmuşdur. Bununla da Cavabdeh MTK-nın göstərilən hərəkətləri digər tərəfin güvəndiyi əvvəlki rəftara zidd olmuşdur. Eyni zamanda adı çəkilən kooperativin payçıdan ödəniş qəbul etməməsi Mülki Məcəllənin 446.1-ci maddəsində nəzərdə tutulan kreditorun icranı gecikdirməsi halına uyğun gəlir. Göstərilənlərə əsasən, xüsusilə Cavabdeh MTK-nın xx.xx.2022-ci il tarixli 136 saylı müqaviləni payçı pretenziya məktubu göndərdikdən sonra ləğv etməsini ağlabatan mühakimə əsasında nəzərdən keçirərək məhkəmə belə hesab edir ki, Cavabdeh MTK mülki qanunvericiliyin "xxxx"na dair tələbini pozmuşdur və buna görə də o (MTK), müqavilədə nəzərdə tutulsa belə, müqaviləni birtərəfli qaydada aradan qaldırılmağa (ləğv etməyə) haqlı olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Bir şəxsin öz üzərinə düşən vəzifəni kobudcasına pozduğu halda hüququnu həyata keçirməsi və ya öz davranışı ilə qarşı tərəfdə qorunmağa layiq və əsaslı bir güvən oyandırdıqdan sonra bu davranışa və oyandırdığı güvənə zidd davranması hüquqdan suiistifadə sayılır və qanunla qorunmur. Yəni, sui-istifadə edilən hüquqa söykənən tələblər müdafiə oluna bilməz. Dolayısı ilə, hər hansı iddia irəli sürülərkən bu, hüquqdan suiistifadə təşkil edirsə həmin tələb nəzərə alınmır. Məhkəmə yuxarıda şərh edilənlərə əsasən qeyd edir ki, iddiaçının iddia tələbi mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqı tam ödənildikdən sonra maliyyə arayışının ona verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması hissəsində tam əsaslıdır. Belə ki, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı pay haqqının tam ödənilməsi şərtilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur (Mülki Məcəllə m. 139-1.1.6; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu m. 8.0.6.). Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri şərt pay haqqının tam ödənilməsidir. Hazırki işdən ilkin iddiaçının müqavilə üzrə mənzilin dəyərini tam ödəmiş olduğu müəyyən edilmir. O, mənzilin dəyərini tam ödədikdən sonra Cavabdeh MTK-dan maliyyə arayışının (pay haqqının tam ödənilməsi haqqında sənədin) verilməsini tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddianın “Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə müqavilə öhdəliklərini yerinə yetirmək vəzifəsinin qoyularaq, aylıq ödənilməli olan məbləğin qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsi də əsaslıdır. Belə ki, qeyd olunduğu kimi, MTK-nın payçı İddiaçı ödənişlərini qəbul etməməsi Mülki Məcəllənin kreditorun icranı gecikdirməsini nəzərdə tutan 446.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Həmin maddəyə əsasən, kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə görə isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Qarşılıqlı iddia ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qarşılıqlı iddia ərizəsindən göründüyü kimi, qarşılıqlı iddia “pul” tələbindən ibarətdir. Qarşılıqlı iddiaçı tələb edir ki, İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli 136 nömrəli müqavilənin ləğv edilməsi və mənzilin ümumi dəyərinin 20%-i məbləğində 21476 manat dəbbə pulu məbləğinin və 19200 manat kirayə haqqı məbləğinin və 213 manat dövlət rüsumu məbləğinin tutulub kooperativə ödənilməsi və həmin mənzildən cavabdeh və digər şəxslərin çıxarılmasına dair qarşılıqlı iddianı əsassız hesab edərək, prosessual qənaət prinsipi baxımından bununla bağlı əlavə əsaslandırmaya ehtiyac olmadığını vurğulayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilk iddia təmin edilməli, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış mənzil tikintisi haqqında 12 sentyabr 2022-ci il tarixli, 136 saylı müqavilə üzrə ödənilməli olan məbləğlərin qəbul edilməsi vəzifəsi Cavabdehnə həvalə edilməli, mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqı tam ödənildikdən sonra maliyyə arayışının İddiaçı verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulmalı, qarşılıqlı iddia üzrə iddiaçı Şərur MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” barədə qarşılıqlı iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. **********03 saylı qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 520 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. Nəticə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İlk iddia tələbi təmin edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış Mənzil tikintisi haqqında 12 sentyabr 2022-ci il tarixli, 136 saylı müqavilə üzrə ödənilməli olan məbləğlərin qəbul edilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqı tam ödənildikdən sonra maliyyə arayışının İddiaçı verilməsi öhdəliyini Cavabdeh MTK-nın üzərinə qoyulsun. Hüquqi yardımın göstərilməsi üçün ödənilmiş pulun 520 (beş yüz iyirmi) manat və 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi ilk iddia üzrə cavabdeh Şərur MTK-dan tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Şərur MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar