Məhkəmə qərarları › İş №e-2(001)-6395/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(001)-6395/2022

02.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6395/2022 02.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Xuseynova(Xüseynova) Xasiyə Xeyrulovnaya qarşı “alğı-satqı müqaviləsinin etibarlı hesab edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Mürsəl oğlu ilə cavabdeh Xuseynova(Xüseynova) Xasiyə Xeyrulovna arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, döngə 1, 24 saylı fərdi yaşayış evinin B tikilisinə dair xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmış(etibarlı) hesab edilməsi, həmin əmlak üzərində İddiaçı Mürsəl oğlunun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, döngə 1, 24 saylı fərdi yaşayış evinin B tikilisini 2004-cü ildə Cavabdeh almışdır. 2003-cü ilin sonunda onunla B tikilisinin alğı-satqısı barədə razılaşmış, bunun üçün notarius tərəfindən tələb olunan sənədləri də əldə etmişdir. Belə ki, cavabdehin kupçası, həmin dövrdə mövcud olmuş X11 Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən forma 1 arayış, cavabdehin subaylıq barədə ərizəsi, İcra nümayəndəliyindən arayış və digər sənədlər hazır olmuşdur. Bircə eyni ünvanda A tikilsinin sahibi X13 oğlunun razılıq ərizəsi çatışmamışdır. Notarius həmin ərizəni də tələb etmiş, Fəxrəddin Mustafayev isə ölkədən kənarda olmuşdur. Bir müddət gözləsələr də, gəlib çıxmamışdır. Onlar da məcbur olub müvəqqəti olaraq cavabdehin ona evə dair etibarnamə verməsi yolunu seçmişlər. xx.xx.2004-cü il tarixdə cavabdeh ona notariusda ev üzərində bütün hüquqlara dair etibarnamə vermişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən etibarnamənin maksimum müddəti 3 il ola bilərdi. Cavabdeh ilə A tikilisinin sahibi gəlib çıxdıqdan sonra alğı-satqı müqaviləsi bağlamaq barədə razılaşmışdıq. A tikilisinin sahibindən 2006-cı ildə razılıq ərizəsi almışlar. Lakin həmin vaxt Cavabdeh çıxıb getmiş və bir daha onu tapa bilməmişdir. Ona görə də alğı-satqını rəsmiləşdirə bilməmişlər. O vaxtdan ev onun istifadə və sahibliyindədir. Ailəsi ilə birlikdə orada yaşayır. Evin faktiki mülkiyyətçisi özüdür. Evə sahibliklə bağlı indiyədək heç kəs ona irad və etiraz bildirməmişdir. O öz tərəfindən bütün hərəkətləri etsə də, cavabdeh gəlib çıxmadığı üçün alğı-satqı müqaviləsini rəsmiləşdirə bilməmişdir. Artıq 18 ildir ki, cavabdehi gözləyir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, evə dair qeydiyyat vərəqəsinin arxasında cavabdehin mənzili satmasına dair yazılı qaydada iradə ifadəsi də mövcuddur.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, 2003-cü ildə alqı-satqıya dair bütün sənədlər toplanmışdır. Lakin notariat ofisi alqı-satqını rəsmiləşdirməyib, çünki eyni ünvanda A tikilisi də yerləşir və həmin tikilinin sahibi Fəxrəddin Mustafayev xaricdə olduğu üçün onun razılığının alınması mümkün olmamışdır. Ona görə də alqı-satqı baş tutmamışdır. İddiaçı da Cavabdeh 3 illik etibarnamə almışdır. 2006-cı ildə Fəxrəddindən razılıq ərizəsi alınsa da, bu dəfə də Xasiyə ölkə xaricində olmuşdur. Bundan sonra Xasiyəni tapıb alqı-satqı müqaviləsini rəsmiləşdirmək mümkün olmamışdır. Etibarnamənin müddəti də bitmişdir. İddiaçı və ailəsi 2003-cü ildən orada yaşayır. Bunu şahidlər də təsdiq edə bilərlər.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, Nurqələm onun qonşusudur. Özü həmin ünvanda 1993-cü ildən yaşayır. Onun evi ilə Nurqələmin evi arasında 100 metr məsafə var. Xasiyəyə öz aralarında Asya deyə müraciət edirdilər. Həmin ərəfədə Xasiyə xəstə olduğundan, bir müddət xəstəxanada qalmış, oradan çıxdıqdan sonra isə həmin ünvandan köçmüşdür. Təqribən isə 1997-ci ildən Xasiyə oradan köçmüşdür. Nurqələmin evi Xasiyədən nə vaxt, hansı qiymətə alması barədə məlumatı yoxdur. Amma Nurqələm evi Asyadan alıb, yəni evi Nurqələmə Xasiyə satıb. Xasiyə köçəndən sonra isə ondan xəbəri olmayıb.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, 1980-cı ildən həmin ərazidə yaşayır. Xasiyəni sonuncu dəfə 19 il bundan əvvəl görmüşdür. Xasiyəni tanımışdır. Hətta Xasiyə evi satmaq istədiyini ona demiş, daha sonra evi Nurqələmə satsa da, hansı qiymətə satdığını deməmişdir. Xasiyənin Şamil adlı bir oğlu olmuşdur. Lakin uzun müddətdir ki, onun oğlunu da görmür. Həmin vaxtdan evdə Nurqələm yaşayır. Xasiyyə ilə isə görüşüb-danışmamışdır.

8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

10. İddiaçının nümayəndəsi, vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6395/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

11. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti X11 Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən FM seriyalı, 001221 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, döngə 1 ünvanındakı 6 otaqlı, 110,8 kv.m yaşayış sahəsi, 266,1 kv.m ümumi sahəsi olan 24 saylı fərdi yaşayış evinin B tikilisinə Cavabdeh, A tikilisinə X3 xüsusi mülkiyyət hüququ 12 may 1999-cu il tarixində 42 saylı reyestr kitabında 6374-cü səhifəsində qeydiyyata alınmışdır.

12. Qeydiyyat vəsiqəsinin arxasında X.X.Xasıyeva və İddiaçı arasında bağlandığı iddia edilən xx.xx.2004-cü il tarixli müqavilə başlıqlı mətndən görünür ki, Cavabdeh Xeyrulla qızı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, döngə 1, 24 saylı mənzilin B hissəsini İddiaçı Mürsəl oğluna 10500 dollara satdığını göstərir.

13. ƏN seriyalı, 007344 saylı, xx.xx.2004-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanda fərdi yaşayış evinin B hissəsini satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulun almağı, bu barədə müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə xx.xx.2007-ci il müddətinədək verilmişdr.

14. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə Nümayəndəsi tərəfindən Notariat kontoruna təqdim edilmək üçün verilən xx.xx.2003-cü ilə aid arayışdan görünür ki, mənzilin icarədarı Cavabdehdır və ailəsi 1 nəfərdən ibarətdir.

15. Bakı şəhəri 27 saylı notariat kontoruna X7 tərəfindən verilən ərizəni surətindən görünür ki, sonuncu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin B hissəsinə İddiaçı kupça (çıxarış) almasına etiraz etməmişdir.

16. Cavabdeh tərəfindən xx.xx.2004-cü il tarixində Bakı şəhər İİ Dövlət Notariat kontoruna yazılan ərizənin surətindən görünür ki, sonuncu hazırda subay olduğunu, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin B hissəsini alarkən də subay olduğunu ərizəsi ilə təsdiq etmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti tərəfindən Vəkillər Kollegiyasının “Femida” Vəkil Bürosuna ünvanlanan xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, 1937-ci il təvəllüdlü Cavabdeh barədə Əhalinin Dövlət Reyestrinin X1 sistemində hər hansı məlumat aşkar edilməmişdir.

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən “Femida” Vəkil Bürosuna ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubunun surətindən görünür ki, ünvan 1 fərdi yaşayış evi Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 11 nömrəli sərəncamına, Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 58 nömrəl sərəncamına, 84 nömrəli, xx.xx.1998-ci il tarixli Forma 2 arayışına, 9 nömrəli, xx.xx.1998-ci il tarixli arayışa əsasən xx.xx.1998-ci il tarixində X9 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 27 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.1999-cu il tarixli, 3MA1-88 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin "B" tikilisi Cavabdeh Xeyrulla qızının, "A" tikilisi X3 adlarına xx.xx.1999-cu il tarixində qeydiyyatdan keçmişdir. Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli, 2V-265 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən fərdi yaşayış evinin X5 məxsus olan "A" tikilisinin 2/3 hissəsi X6, 1/3 hissəsi X2 mülkiyyətindədir. Hazırda ünvan 1 fərdi yaşayış evinin "B" tikilisi X4, "A" tikilisindən 1/3 hissə X2, "A" tikilisindən 2/3 hissə X6 mülkiyyətlərindədir.

19. Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən “Femida” Vəkil Bürosuna ünvanlanan məktubdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin “B” tikilisinə məxsus ev kitabında pasport qeydiyyatında X16, Cavabdeh Xeyrullayevna, X15 adlı şəxslərdir.

20. "xxxx" MMC tərəfindən verilən xx.xx.2011-ci il tarixli 620360 nömrəli ödəniş qəbzindən görünür ki, “Səmədov”a məxsus **********4000B qeydiyyat nömrəsi üzrə “işıq” üçün 10,00 manat ödəniş edilmişdir.

21. "xxxx" ASC tərəfindən verilən xx.xx.2013-cü il tarixli ödəniş qəbzindən görünür ki, “İddiaçı”a məxsus **********4000B qeydiyyat nömrəsi üzrə 20,00 manat ödəniş edilmişdir.

22. 31.07.2012-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin “B” tikilisinə verilən elektrik enerjisi üçün 10 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

23. FM seriyalı, 001221 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 fərdi yaşayış evi ərazisində “A” və "B" adlı tikililər mövcuddur ki, “A” tikilisi X5, “B” tikilisi isə Cavabdeh məxsus olmuşdur.

24. Tərəflər 2004-cü ildə Cavabdeh məxsus “B” tikilisinin cavabdeh tərəfindən satın alınması üçün aralarında alğı-satqı müqaviləsinin bağlanmasına cəhd göstərmiş, hətta bu barədə notarial qaydada sənədlər (iş materiallarında sadalanan) toplanmışdır. Lakin fərdi yaşayış evinin satılması üçün X3 razılıq ərizəsi olmadığından tərəflər arzuladıqları hüquqi nəticəyə nail olmamışlar.

25. xx.xx.2004-cü il tarixində Cavabdeh İddiaçı ünvan 1 fərdi yaşayış evi ərazisində yerləşən “B” tikilisini satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulun almağı, bu barədə müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və diər hərəkətləri etməyi etibar etmişdir. Lakin etibarnamə 3 il müddətinə verilmiş və müddəti xx.xx.2007-ci il tarixində bitmişdir.

26. Daha sonra X7 27 nömrəli dövlət notariat kontorunda ünvan 1 fərdi yaşayış evi ərazisində yerləşən “B” tikilisinin İddiaçı satılmasına etiraz etmədiyi barədə ərizə versə də, Cavabdeh olduğu yerin məlum olmaması və onunla əlaqə saxlanılmasının mümkün olmaması səbəbindən fərdi yaşayış evinin alğı-satqısı üçün yenə də, rəsmi müqavilənin bağlanması mümkün olmamışdır.

27. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktuba əsasən hazırda ünvan 1 fərdi yaşayış evinin "B" tikilisi X4 mülkiyyətindədir.

28. İddiaçı isə məhkəməyə müraciət edərək, 2004-cü ildən mübahisəli ünvanda ailəsi ilə birlikdə yaşadığını, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, döngə 1, 24 saylı fərdi yaşayış evinin B tikilisinə dair xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmış(etibarlı) hesab edilməsi, həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edir.

29. Məhkəmə iclasında dindirilən şahidlər ifadələri ilə İddiaçı mənzili Cavabdeh alması faktını və iddiaçının cavabdehdən sonra həmin mənzildə yaşaması faktını təsdiq edilər. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

30. Məhkəmə əvvəla qeyd edilməsini zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. Mübahisənin iddiaçı tərəfindən bildirilən faktiki əsaslarından müəyyən edilir ki, iddia tələbinin qanuni əsasını 24 iyun 2005-ci il tarixli qanunla qüvvədən düşmüş Mülki Məcəllənin 335-ci maddəsi təşkil edir.

32. Belə ki, maddənin əvvəlki redaksiyasında deyilirdi ki, əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Əqdin notariat qaydasında təsdiqlənməsindən əsassız boyun qaçıran tərəf əqdin bağlanmasının ləngidilməsi nəticəsində dəyən zərərin əvəzini digər tərəfə ödəməlidir.

33. Qeyd edilən normanın məzmunundan görünür ki, işin faktiki halları normanın dispozitiv şərtləri ilə üst-üstə düşür. Belə ki, tərəflər arasında hüquq münasibətləri 2004-cü ildə yaranmışdır, daşınmaz əmlakın alqı-satqısı barədə müqavilə həmin dövrdə də notarial qaydada bağlanmalı idi, müqavilənin tərəfləri əşyanın alıcıya verilməsi, əşyanın dəyərinin satıcıya ödənilməsi barədə şərtləri icra etmişdir. Buna baxmayaraq cavabdeh etibarnamə verməklə və mənzili satdığını yazılı qaydada bildirməklə satıcı olaraq vəzifəsinin bitməsini güman etmiş və əqdin notariat qaydasında təsdiqlənməsindən faktiki olaraq yayınmışdır. Halbuki həm şahid ifadələrindən, həm məhkəmə iclasında tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, mübahisənin obyekti olan mənzil 2004-cü ildən etibarən iddiaçının istifadə və sahibliyindədir, cavabdehin bu fakta dair 18 il ərzində hər hansı etirazı olmamışdır və həmin müddət ərzində cavabdehi görməmişlər.

34. Bununla bağlı Konstitusiya Məhkəməsinin 22 mart 2006-cı il tarixli Plenum qərarında qeyd edilmişdir ki, MM-in 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM-in 647.1ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir.

35. Bundan başqa eyni hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında da sərgilənmiş və əlavə olaraq göstərilmişdir ki, Ümumiyyətlə qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir.

36. Eyni hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun 08 iyun 2007-ci il tarixli qərarında da öz əksini tapmışdır. Bundan əlavə göstərilmişdir ki, müqavilənin MMnin 335.2-ci maddəsinə əsasən bağlanmış hesab edilməsi yalnız qanunvericilikdə belə müqavilələrin bağlanması və səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq edilməsi üçün müəyyənləşdirilmiş qaydaları və tələbləri ciddi nəzərə almaqla həyata keçirilə bilər. Əks halda bu, sözügedən əqdlərin qanunun tələblərindən yan keçməklə rəsmiləşdirilməsinə və nəticədə mülki dövriyyə iştirakçılarının hüquq və qanuni mənafelərinin pozulması riskinin artmasına gətirib çıxara bilər. MM-in tərəflər arasında hüquq münasibətləri yaranarkən qüvvədə olmuş redaksiyası nəzərdə tuturdu ki, əqdin etibarlı olması üçün bu Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir (maddə 329.1); əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur və bu cür əqd əhəmiyyətsiz sayılır (maddə 335.1); bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (maddə 337.1); bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (maddə 394); daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır, daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir (maddə 647.1 və 647.2). Göründüyü kimi, qanunvericilik daşınmaz əmlakın alğı-satqısına dair əqdlərin bağlanması üçün ilk növbədə, həmin əmlaka mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və belə müqavilələrin notariat qaydasında təsdiqlənməsi kimi birmənalı göstərişlər nəzərdə tutmuşdur. Bu göstərişlər mülki qanunvericiliyin əsas vəzifələrindən olan mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə xidmət edir.

37. Nəticədə müəyyən edilir ki, Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti X11 Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsində 42 saylı reyestr kitabında xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmış və bu barədə 001221 nömrəli Qeydiyyat Vəsiqəsi verilmiş Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu döngə 1 küçəsində ümumi sahəsi 266.1 kv.m olan torpaq sahəsində yerləşən 24 saylı fərdi yaşayış evinin “B” tikilisi cavabdeh Xuseynova(Xüseynova) Xasiyə Xeyrulovnaya məxsus olmuşdur. Həmin fərdi yaşayış evi mülkiyyətçi tərəfindən xx.xx.2004-cü il tarixdə 10500 abş dollarına İddiaçı satılmışdır. Bu barədə yazılı qaydada müqavilə bağlanmış, lakin həmin müqavilə notarial qaydada təsdiq edilməmişdir. Mülkiyyətçi bunun əvəzinə alıcıda inam yaratmaq üçün eyni tarixdə etibarnamə vermiş, sonradan alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq edilməsindən yayınmışdır. Hal-hazıradək fərdi yaşayış evi iddiaçının sahibliyində və istifadəsindədir və cavabdehin, yəni satıcının yerini müəyyən etmək mümkün olmamışdır.

38. Beləliklə göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddiaçının tələbi 24 iyun 2005-ci il tarixli qanunla qüvvədən düşmüş Mülki Məcəllənin 335-ci maddəsinin tələbinə uyğun olaraq əsaslıdır və təmin edilməlidir. Tətbiq edilən prosessual normalar:

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

42. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

43. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

44. 218.3-cü maddəsinə əssən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

45. 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.

46. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Nəticə:

47. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 fərdi yaşayış evinin “B” tikilisinə dair İddiaçı ilə cavabdeh Xuseynova(Xüseynova) Xasiyə Xeyrulovna arasında xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsi bağlanmış(etibarlı) hesab edilməli və həmin əmlak üzərində İddiaçı mülkiyyət hüququ tanınmalıdır.

48. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. ünvan 1 fərdi yaşayış evinin “B” tikilisinə dair İddiaçı ilə cavabdeh Xuseynova(Xüseynova) Xasiyə Xeyrulovna arasında xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsi bağlanmış(etibarlı) hesab edilsin və həmin əmlak üzərində İddiaçı mülkiyyət hüququ tanınsın. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar