Məhkəmə qərarları › İş №e-2(011)-3795/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3795/2024

07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3795/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə (bundan sonra - Klinika) və Cavabdeh1 qarşı “sağlamlığına vurulmuş zərərə görə maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı qarın boşluğunda yaranmış ağrılar səbəbindən xx.xx.2024-cü il tarixdə Klinikaya müraciət etmiş, Cavabdeh1 tərəfindən onun “Üst Abdomen MRT” müayinəsi aparılmışdır. Müayinənin nəticəsi belə olmuşdur: “Qaraciyərin kraniukaudal uzunluğu 162 mm olmaqla, ölçüləri az dərəcədə artmışdır. Hepatosteatoza bağlı öaenximasında diffuz siqnal dəyişikliyi təyin olunur. Konturları düzgündür. Parenximası homogendir. Portal və hepatik venalar açıqdır. Öd kisəsi ölçüləri artmış olub, divar qalınlığı normaldır. Boyun hissəsində king qqeyd olunur. Kisə mənfəzində daş vəya solid törəmə mövcud deyil. Xoledox diametri 7-8 mm olub, mənfəzində daş təyin olunmur. Solda intrahepatik öd yolları minimal genişdir. Mədəaltı vəzi ölçüləri normal, siqnal dağımı homogendir. Pankreatik kanal genişlənməyib. Dalaq ölçüləri artmışdır (130 mm). parenximasının siqnal intensivliyi təbiidir. Hə iki böyrək üstü vəzdə patoloji dəyişiklik mövcud deyil. Böyrəkləin ölçüləri və parenxima qalınlığı normaldır. Hər iki böyrəyin siqnal intensivliyi homogendir. KL sistemi hər iki tərəfdə norm genşlikdədir. mədə və görüntü sahəsinə daxil olan intestinal strukturda patoloji dəyişiklik izlənmədi. Qaraciəy hilus və preaortik səviyyədə tək-tək subsn/mm-ik reaktiv limfa düyünləri təyin olunur. Qarın boşluğunda patoloji limfa düyünü və ya sərbəst maye mövcud deyil. Abdominal aota və vena kava nferior normaldır. Müayinə sahəsinə daxil olan sümük toxumaların struturası və kortikal tamlığı dəyişməyib”.

2. İddiaçıda qeyd edilən ağrılar daha kəskin davam etdiyindən o, xx.xx.2024-cü il tarixdə Azərbaycan Tibb Universitetinin X1 müraciət etmiş, onun üzərində Ultrasəs müayinəsi aparılmış, müayinənin nəticəsi belə olmuşdur: “Qara ciyər – ölçüləri: kənarları aydın, hamar. Parenximanın strukturu mülayim steatoz. Arxitektonikası pozulmayıb. Ocaqlı dəyişiklik qeyd olunmur. Ciyərdaxili qan damarları aydın qeyd olunur. Vena portae genişlənməyib. Ciyərdaxili öd axarları mülayim genişləniblər. Öd kisəsi – ölçüsü 110x40 mm (Norm 90x30 mm), kisı boynu qarmaqvari formadadır. Divarları sərtləşib. Möhtəviyyatı konsentrasiyalıdır. Xoledov 12 mm-ə qədər genişlənib və distal hissədə 7 mm ölçüdə konkrement qeyd olunur. Mədəaltı vəzi – ölçüləri böyümətib. Kənarları hamar. Sərtliyi orta, strukturunda ocaq qeyd olunur. Virsunq axarı genişlənməyib”.

3. Sonuncu müayinədən sonra iddiaçı yenidən xx.xx.2024-cü il tarixdə Klinikaya müraciət etmiş, ona Xoledoxolitiaz. Biliar pankeatit. Mexaniki sarılıq diaqnozu təyin edilmiş və xx.xx.2024-cü il tarixdə üzərində “ERXOQ EOST xoledoxdan daş ekstraksiya əməliyyatı” icra edilmişdir. İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Klinikada saxlanılmış, xx.xx.2024-cü il tarixdə kafi vəziyyətdə evə yazılmış, bu zaman onun vəziyyəti qənaətbəxş olmuşdur.

4. İddiaçı tərəfindən Klinikaya xx.xx.2024-cü il tarixdə 480 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat və 334 manat, xx.xx.2024-cü il tarixdə isə 130 manat (cəmi, 2094 manat) ödəniş etmişdir.

5. Cavabdeh1 Klinikanın işçisidir və orada şüa diaqnostikası həkimi vəzifəsində işləyir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

6. İddia ərizəsinin dəlilləri:

7. İddiaçı cavabdehlər tərəfindən məruz qaldığı maddi zərərə görə 2455 manat, mənəvi zərərin əvəzi kimi 7500 manat və iş üzrə ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi, cavabdehlərin əməllərinə cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixində qarın boşluğunda kəskin ağrılarla Klinikaya gətirilmiş və həmin tarixdə həkim radioloq Cavabdeh1 rəhbərliyi altında ÜST Abdomen MRT edilmişdir. Lakin onda heç bir ciddi dəyişiklik aşkar edilmədiyi qeyd edilərək evə buraxılmışdır. xx.xx.2024-xx.xx.2024-cü il tarixədək 8 gün kəskin, küt ağrılarla keçirmişdir. Şiddətli ağrıların davam etdiyindən 6 saylı Məlikov adına Xəstəxanaya yaxınlaşmış, həkim onun xarici görünüşündə olan sarılığa əsasən dərhal xx.xx.2024-cü il tarixdə Azərbaycan Tibbi Universiteti X1 Ulturasəs Müayəinəsinə göndərmiş, orada öd kisəsində distal hissədə 7mm ölçüdə konkrement olması qeyd edilmişdir. Vəziyyətinin ağır olmasını nəzərə alan qohumları onu dərhal Klinikaya yerləşdirmişlər, orada çox saylı müayinələr edilmiş, epikrizində Xoledoxolitiaz, Biliar pankreatit və mexanikib sarılıq kliniki diaqnozu qoyulmuş və dərhal əməliiyat alınmışdır. Həkimlərin səyi nəticəsində uzun müddətli intensiv müalicədən sonra ölümdən xilas olunmuşdur. Epikrizdən göründüyü kimi Klinikanın həkim radioloqu Cavabdeh1 ona xx.xx.2024-cü il tarixində səhv diaqnoz qoyduğundan vəziyyəti kəskin pisələşmiş, 8 gün kəskin ağırlara tab gətirmək məcburiyyətində qalmış, 20 kilodan çox çəki atmış, ailəsi və özü mənəvi və böyük məbləğdə maddi ziyan görmüş və sonunda ölümdən xilas olmuşdur. İlkin müalicəsi üçün çəkdiyi xərclərin ümumi dəyəri 2455 manat təşkil edir. Hal-hazırda onun daxili orqanlarında bəzilərinin fəaliyyəti Klinikanın həkim Cavabdeh1 tərəfindən səhv diaqnoz qoyulduğundan əməliyyatdan sonra belə, kəskin pankreatit (mədəaltı vəzi iltihabı) sancıları ilə evə buraxılması mümkünsüz olmuşdur. Buda bir başa səhv diaqnozun və gecikdirilmiş müalicənin nəticəsidir. İndi normal həyata dönə bilmir, normal iş fəaliyyəti ilə məşğul ola bilmir. Bu isə ailəyə maddi və mənəvi yöndən xeyli zərər vurub. Hal-hazırda ambulator qaydada nəzarət altındadır. Himayəsində 2 azyaşlı övladı, xərçəng xəstəsi anası vardır və ailənin yeganə işləyən fərdidir.

Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:

9. Cavabdehlər məhkəməyə təqdim etdikləri yazılı etirazlarında qeyd etmişlər ki, Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının MRT-maqnit rezonans tomoqrafiya sahəsi üzrə üst abdomen-qarın boşluğunun MRT müayinəsi aprılmışdır. Müayinədə qaraciyərdaxili öd yollarında (sol payda) genişlənmə, öd kisəsinin ölçülərinin artması qeyd olunub və öd kisəsinin boyun hissəsində kinq olması söylənilib. Xoledox diametri 7-8 mm olub (normalda 7 mm-dən kiçik olmalıdır), mənfəzində daş təyin olunmur. İddia ərizəsində qeyd olunanların əksi olaraq, Aydın həkim terapevt, yəni, müalicə həkimi vəzifəsini və funksiyasını icra etmir. İddiaçıya müayinə, müalicəni və onunla bağlı müvafiq tibbi prosedurların icra edilməsini onun müalicə həkimi müvafiq tibbi sənədlər əsasında icra etməli və qərar verməlidir. Öd kisəsi kontraktiv (yığılmış) olduğu, boynunda King olduğu, ağrı səbəbindən müayinə zamanı pasient nəfəsini optimal tuta bilmədiyi halda, müayinə sırasında yaranan artefaktlara bağlı MRT müayinəsinin dəyərləndinİməsində məhdudiyyətlər yarana bilər və alternativ müayinə vasitələrinə (USM-ultrasəs və ya ERXPendoskopik rutrograd xoiangiopankreatoqrafiya) müaraciət oluna bilər. Bu kimi tibbi prosedurların xəstə üzərində icra edilməsinə həkim radioloq yox, xəstənin müalicə həkimiterapevt qərar verir və məsuliyyət daşıyır. Öd kisəsində mövcud olan daşların təyini daşların yerləşmə yerinə görə və müayinə zamanı pasientin nəfəsini optimal tutması və artefaktlların olmaması hallarında MRT müayinəsi zamanı görünə bilər. Bəzi hallarda əgər xəstənin öd yolları patalogiyasına aid klinika varsa və bu hal MRT müayinəsi zamanı aşkar olunmazsa xəstənin müalicə həkiminin təyinatı əsasında alternativ müayinələr kimi USM və ya ERXP müayinəsindən keçməsi və ya digər əlavə müynələrin icrası vəzifəsini xəstədən həkim radioloq yox, müalicə həkimi tələb edə bilər, məcburi göstərişlər vermək mıalicə həkiminin birbaşa vəzifəsidir. xx.xx.2024-cü il tarixdə Klinikada iddiaçda Xoledoxolitiaz (öd axarında daş) diaqnozu ilə xoledoxdan daş ekstraksiyası əməliyyatı icra edilmişdir. Tibb müəssisəsində ona yüksək keyfiyyətli tibb xidmətlər göstərilmişdir, hətta əməliyyatdan sonra bir neçə gün stasionar şəraitdə qalmış, göstərlən tibbi xidmətlərdən və personalın ona münsaibətindən hər hansı bir narazılıq və şikayət bildirməmişdir. Əməliyyatdan sonrakı zamanda Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının tam qarın boşluğunun nativ KT-kompyutcr tomoqrafıyası icra edilmiş, mədəaltı vəzidə kəskin pankreatit diaqnozu aşkar olunmuş, bu barədə xəstəyə və onu əməliyyat edən həkim cərraha məlumat verilmişdir və rəyin surəti iddiaçıya məxsus xəstəxanada olan tibbi sənədlər siyahısına daxil edilmişdir. Klinika tərəfindən iddiaçıya yüksək keyfiyyətli tibbi xidmətlər, cərrahi əməliyyat və müalicə xidmətləri göstərilmişdir. İddiaçının mənəvi sarsıntı keçirməsi cavabdehlərin düzgün tibbi xidmətlər göstərməməsi ilə bağlı deyil, iddiaçının özünün düzgün tibbi xidmətlər növünü seçməməsi ilə bağlıdır. Əgər Klinikada ona düzgün tibbi xidmət göstərməyibsə, MRT müayinəsi səhv aparılıbsa, düzgün diaqnoz qoyulmayıbsa niyə 8 gün sonra, xx.xx.2024-cü il tarixdə iddiaçı öd daşının çıxarılması əməliyyatını Klinikada etmişdir..

Məhkəmə iclasında verilən izahatlar:

10. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, bildirdi ki, o, fevral ayının 8-i kəskin ağrılarla Klinikaya getmiş və Aydın həkim ona MRT müayinənin ən dəqiq müayinə olduğunu bildirmişdir. MRT müayinəsinin nəticəsi çıxdıqdan sonra ona heç bir daşın aşkarlanmadığı bildirilmiş, lakin bir həftə ərzində onda kəskin ağrılar davam etmişdir. X3 Korposunda həkimə müraciət etmiş, ultrasəs müayinə zamanı həkim ona bildirmişdir ki, bu daşı MRT müayinəsi zamanı görməmək mümkün deyil və məcburi cərrahi müdaxilə olunmalıdır. Bunda sonra, o, yenidən Klinikaya yaxınlaşmış, orada cərrahi müdaxilə edilmişdir. Müəyyən olunmuşdur ki, öd kisəsində daş mövcud olub, ancaq vaxtında müdaxilə və müalicə edilmədiyinə görə səhhətində olan problem ağırlaşmış, öd ifraz etmədiyinə görə onda sarılıq başlamışdır. Nəticədə iki ay o əmək qabiliyyətini itirmişdir. O, MRT müayinəsinin CD daşıyıcıda əks olunmuş görüntülərini digər ixtisaslaşdırılmış klinikalarda həkimlərə də göstərən zaman görüntülərin keyfiyyətinin yaxşı olmadığını bildirmişlər.

11. Cavabdeh1 məhkəmə baxışı yazılı etirazından əlavə bildirdi ki, iddiaçı fevral ayında hər hansı bir sahə həkiminin göstərişi olmadan MRT müayinəsindən keçmək istədiyini bildirmiş, müayinə zamanı öd kisəsində daş görməmişdir. O, MRT müayinələri aparıldıqdan sonra görüntülər əsasında rəy verir. Görüntüləri dəyərləndirən zaman görüntülərin 20-30% hissəsi aydın olmadığı təqdirdə rəyi verməkdən imtina edir. Öd kisəsində mövcud olan daşın “MRT” müayinəsi zamanı görülməməsinin bir neçə səbəbi ola bilər. O, radioloqdur, müayinə aparıldıqdan sonra başqa bir müayinədən keçilməsini tövsiyyə etmək və ya hər hansı bir diaqnoz qoymaq onun səlahiyyətlərinə aid deyil. Müayinə zamanı qaraciyər daxili öd yollarında genişlənmə olmasını müəyyən etmiş və bunu da müayinənin nəticəsində qeyd etmişdir. Öd kisəsində daş aşkar olduğu təqdirdə hər bir halda həmin daş yalnız cərahhi müdaxilə nəticəsində bədəndən kənarlaşdırıla bilər. Həmin daşın vaxtında müalicə edilməsi yolu ilə bədəndən kənarlaşdırılması mümkün deyil. Öd kisəsində mövcud olan daşın MRT müayinəsi zamanı deyil, ultrasəs müayinə zamanı aşkar edilməsinə səbəb odur ki, ultrasəs müayinəsi zamanı xəstə bir neçə pozisiyada olduğundan ətraflı şəkildə daxili orqanlara baxılır. Ancaq MRT müayinəsi zamanı xəstə sabit şəkildə dayanır. MRT müayinəsi sərt cisimlərə qarşı daha həssasdır, ancaq daşların da müxtəlif növləri var, daşlar yumuşaq və ya sərt quruluşda ola bilər. MRT müayinəsinin məqsədi öd kisəsinin yollarının, kanalın müşahidəsidir. Müayinə zamanı nə öd kisəsində, nə də kənarda daş aşkar olunmamışdır. Ehtimal olunur ki, öd kisəsi ilə öd kisəsindən çıxan kanalı birləşdirən öd kisəsi boynu adlandırılan hissədə yumuşaq tərkibli bikorbonat quruluşda daş mövcud olmuşdur. Ona görə də, həmin daş MRT müayinəsi zamanı görülməmişdir, buna səbəb həm kinq, həm də ona qonşuluqda yerləşən onikibarmaq bağırsaqlarda olan havadır. Həmçinin, MRT müayinəsi bərk cisimlərə qarşı həssasdır, yumuşaq quruluşda olan daşlar MRT müayinəsi zamanı müəyyən olunmaya bilər. Sonradan həmin daş öd kisəsi boynundan kanala düşmüş və cərrahi müdaxilə edilərək götürülmüşdür. Öd kisəsinin kanalında daşın bir həftə qalması xəstədə sarılığın yaranmasına, kəskin ağrıların baş verməsinə, həzmdə problemlərin yaranmasına və bədənin tempraturasının yüksəlməsinə səbəb ola bilər.

12. Digər cavabdeh Klinikanın nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclasılarında iddianı qəbul etmədiyini bildirmiş, sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

13. Məhkəmə iclasında fikri dinlənilmiş AR ƏN-nin eksperti X4 izahatında bildirdi ki, üst abdonominal müayinə zamanı çəkilmiş görüntülər bu sahədə kifayət qədər biliyi olan radioloq mütəxəssis tərəfindən izlənilərək araşdırılmışdır. Həmin mütəxəssis rəyinə istinadən qeyd edilmişdir ki, həmin görüntülərdə 7 mm ölçüdə olan hər hansı bir cisim aşkar olunmayıb. 7 mm ölçüdə daşın görülməməsi müxtəlif səbəblərdən - onun tərkibindən, xüsusiyyətlərindən, yerləşdiyi nahiyədən asılı ola bilər. Ultrasəs müayinəsində xəstə müxtəlif pozisiyalarda dayandığından daşın müəyyən edilməsi mümkündür, ancaq MRT müayinəsində xəstə sabit şəkildə dayandığından ultrasəs müayinə cihazlarından fərqli olaraq müayinə zamanı daş görülməyə bilər. Öd kisəsində daş aşkar edildiyi təqdirdə onu yalnız cərrahu müdaxilə nəticəsində aradan qaldırmaq mümkündür. CD daşıyıcıda əks olunmuş görüntülərdə hər hansı bir anlaşılmazlıq müəyyən olunmamış, görüntülər əsasında rəy vermək mümkün olmuşdur.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

20. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

21. Maddə 1-1.1. Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi (1.0.10. sığorta hadisəsi – bu Qanuna əsasən sığorta ödənişinin ödənilməsi üçün əsas olan hadisə və ya yaranan hal (o cümlədən profilaktik tədbirlər)) baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir.

22. Maddə 1-1.3. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi (1.0.1. xidmətlər zərfi – icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusu) çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir.

23. Maddə 15-2.1. Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

24. Maddə 5-12.1. Tibbi xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilir. Maddə 15-20.1. Bu Qanunun məqsədləri üçün subroqasiya hüququ sığortaolunan üçün sığorta ödənişi həyata keçirilmiş olduğu təqdirdə, sığortaolunana dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişin həyata keçirilməsini təşkil etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) istifadə etmək hüququdur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

İşə baxan məhkəmənin mövqeyi:

28. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

29. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı və qanuni əsasının düzgün müəyyən edilməsi üçün cavabdehin təqsirliliyi, iddiaçıya və maddi mənəvi zərərin dəyməsinin müəyyən edilməsi vacibdir.

30. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt əsas götürülür. Yalnız üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti də istisna edilir.

31. İddiaçı ona dəymiş maddi zərəri xx.xx.2024-cü il tarixdə Klinikaya müraciət edərkən Cavabdeh1 tərəfindən öd kisəsində olan daşın vaxtında aşkar olunmaması (səhv diaqnozun qoyulması) nəticəsində cərrahi əməliyyata məruz qalması və bunun davamı olaraq onda mexaniki sarılığın yaranması ilə əsaslandırır. Məhkəmə hesab edir ki, əvvəlcə, iddiaçıda yaranmış öd daşı xəstəliyinin cərrahi yolla aradan qaldırılmasına cavabdehlərin təqsirli hərəkətlərinin səbəb olması ilə bağlı hallar araşdırılması zəruridir.

32. Bir çox nəzəri tibbi mənbələrdə öd daşı xəstəliyinin yaranması ödün maye konsistensiyasının bərk hala keçməsi, habelə öd kisəsində olan maddələr (xolesterin və bir çox duzlar, yaxud bilrubin) arasında tarazlığın pozulması ilə inkişaf edən həmin maddələrin bərkiməsi nəticəsində yarandığı bildirilir. Tibbi mənbələrdə öd kisəsi xəstəliyinin qeyd edilən formada başa çatması halında onun hər hansı tibbi müalicə yolu ilə deyil, yalnız cərrahi müdaxilə ilə daşların öd kisəsindən çıxarılması (təmizlənməsi), bəzi hallarda isə ödün özünün bədəndən çıxarılaraq xaric edilməsi yolu ilə həyata keçirilməsi tövsiyə edilir. (N.Y.Bayramov, R.A.Məmmədov, K.D.Aslanova “Öd yollarının cərrahi xəstəlikləri”, Ü.Məmmədov, R.Ağayev və s.). Eləcə də, iş üzrə məhkəmə iclasında dindirilmiş ekspert də (məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası ilə bağlı rəy vermişdir) iddiaçıda mövcud simptomlarla müşayiət edilən öd daşı xəstəliyinin yalnız cərrahi yolla aradan qaldırılmasının mümkün olduğunu bildirmişdir.

33. Şərh edilənlərdən də göründüyü kimi, Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı müayinə edilərkən öd kisəsində daşın müəyyən edildiyi halda belə, onun xəstəliyinin aradan qaldırılması üçün cərrahi müdaxilə mütləq həyata keçirilməli idi. Bu halda, məhkəmə hesab edir ki, iddiaçının cərrahi əməliyyat yolu xəstəliyinin aradan qaldırılması üçün xərc çəkməsinə cavabdehlərin hər hansı bir təqsirli hərəkətləri səbəb olmamışdır.

34. İddiaçıda səhv diaqnoz nəticəsində vaxtında cərrahi əməliyyatın olmaması səbəbindən mexaniki sarılığın yaranması ilə bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə AR SN-nin “Məhkəmə Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2024-cü il tarixli rəyində (5-ci sual üzrə) qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya aparılmış MRT müayinəsinin nəticəsində onda öd kisəsində (distal hissədə) 7 mm ölçüdə konkrement (daş) aşkar olunmamışdır. Həmin konkrement kalsinasiya (dəyişməmiş, yetişməmiş, göy) olunmadığından MRT müayinəsi zamanı müəyyən edilməmişdir. Konkrement müəyyən edilib cərrahiyyə əməliyyatı vaxtında icra olunduğu halda xəstədə “Xoledexolitiaz . Billar pankreatit. Mexaniki sarılıq” yaranmazdı.

35. Ekspertin gəldiyi nəticədən də görünür ki, iddiaçıda əməliyyatdan sonra “Xoledexolitiaz . Billar pankreatit. Mexaniki sarılıq” əlamətlərinin yaranmasına səbəb MRT müayinəsi nəticəsində onun öd kisəsində (distal hissədə) 7 mm ölçüdə konkrementin (daşın) vaxtında aşkar olunmaması ilə bağlı olmuşdur. Lakin, iddiaçı buna görə hər hansı müayinə və müalicə olunmasına görə nə qədər xərc çəkməsi barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı 2455 manat maddi zərəri isə iddia ərizəsində də qeyd etdiyi kimi, ilkin müalicəsi üçün (ilkin və sonrakı müayinələr və cərrahi əməliyyata görə) çəkdiyi xərclərlə bağlı tələb etmişdir.

36. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı sağlamlığının bərpa edilməsi üçün cavabdehdən maddi zərərə görə hazırkı əsasla pul tələb etməkdə haqlı deyil. Belə ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa (28 dekabr 2018-ci il tarixli, 1441-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş və həmin qanunla əvvəlki qanuna icbari tibbi sığorta münasibətlərini tənzimləyən yeni fəsil və yeni müddəalar əlavə edilmişdir) əsasən icbari tibbi sığortanın əsas prinsipləri əhalinin tibbi xidmət almaq hüququna, habelə tibbi xidmətlərin əlçatanlığına və keyfiyyətinin artırılmasına dövlət tərəfindən təminat verilməsi, sığortalıların icbari tibbi sığorta münasibətlərində həmrəylik prinsipinə əsaslanaraq iştirakının təmin edilməsi, sığorta hadisəsi baş verdikdə, sığortaolunana xidmətlər zərfi çərçivəsində icbari tibbi sığortanın maliyyə mənbələri hesabına tibbi xidmətlərin göstərilməsi və s.-də ibarətdir (“Tibbi sığorta haqqında” AR Qanunun 15-1-ci maddəsi).

37. Həmçinin, “Tibbi sığorta haqqında” AR Qanunun göstərilən müddəlarından görünür ki, icbari tibbi sığortanın əsas məqsədi əhalinin sağlamlığının qorunması üçün onların tibbi xidmətlərdən daha tez və səmərəli şəkildə istifadəsinin təmin edilməsinə yönəlmişdir. Lakin Qanun bunun üçün də müəyyən şərtlər irəli sürür: Əvvəla, qanunla müəyyən edilmiş şəxslərin icbari qaydada tibbi sığortadan yararlanması üçün sığorta hadisəsi baş verməlidir. Qanunun mənasına görə sığorta hadisəsi sığorta ödənişinin verilməsinə səbəb olan hadisə və ya yaranan haldır, o cümlədən profilaktik tədbirlərdir. Sığorta ödənişi isə sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər zərfinə və tariflərə .... uyğun olaraq bu Qanunla nəzərdə tutulmuş qaydada tibb müəssisəsinə və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxsə ödənilən maliyyə vəsaitidir (Qanunun 1.0.8-ci maddəsi). Qeyd edilən müddəalardan gəlinən nəticə ondan ibarətdir ki, qanunla dairəsi müəyyənləşdirilmiş sığortaolunanların (Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) səhhətində müalicə, müayinə və əməliyyata zərurətin yaranması, yaxud belə zərurət yaranmasa da, şəxsin profilaktik məqsədlə tibbi xidmətlərdən istifadə etmək istəməsi, icbari tibi sığorta münasibətləri anlamında, sığorta hadisəsinin baş verməsi hesab edilir.

38. Sığortaolunanların icbari tibbi sığortadan yararlana bilməsi üçün ikinci zəruri şərt isə göstəriləcək tibbi xidmətlərin xidmətlər zərfinə daxil olması məsələsidir. Qanunun verdiyi anlayışa görə xidmətlər zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. Göründüyü kimi, icbari tibbi sığorta üzrə sığortaolunanlara bütün tibbi xidmətlər deyil, yalnız xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin göstərilməsi qanunla tənzimlənir. Halbuki, işdən görünür ki, iddiaçının icbari tibbi sığortadan yararlanması üçün sığorta hadisəsi baş vermiş və o, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumata əsasən "xxxx" ASC-də işləməklə sığortaolunan hesab edilir.

39. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçı icbari tibbi sığorta çərçivəsində sağlamlığını bərpa etməyə qanuni əsasları olduğu halda, dəyən zərərin əvəzini iddiaçıdan tələb etməkdə o halda haqlı olardı ki, ona təyin edilmiş diaqnoz üzrə üzərində aparılmış tibbi əməliyyat icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil olmasın. İddiaçı isə təyin edilmiş son diaqnoz üzrə sağlamlığının bərpa olunması üçün aparılmış cərrahi əməliyyatın icbari tibbi sığorta hesabına həyata keçirilməməsi ilə bağlı heç bir sübut təqdim etməmiş, əməliyyat olunması üçün Klinikanı isə öz təşəbbüsü ilə seçmişdir.

40. Bundan başqa, iş materialları əsasında o da müəyyən edilir ki, iddiaçı tərəfindən Klinikaya ödənilmiş 480 manat pul xx.xx.2024-cü il tarixdə, yəni mübahisəli vəziyyətin baş verməsindən (xx.xx.2024-cü il) xeyli əvvəlki vaxtda ödənilmişdir.

41. İddiaçının mənəvi zərərin ödənilməsi tələbinə gəldikdə isə, məhkəmə hesab edir ki, tələb bu hissədə qismən (mənəvi zərərin pulla ifadə edilməsinə münasibətdə) əsaslıdır.

42. İşin mübahisəsiz halıdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Klinikaya səhhətində olan ağrılarla müraciət edərkən Cavabdeh1 tərəfindən aparılmış MRT müayinəsi zamanı onun öd kisəsində daş aşkar edilməmiş, ağrıları davamlı olduğundan xx.xx.2024-cü il tarixdə Azərbaycan Tibb Universitetinin X1 müraciət etmiş, onun üzərində Ultrasəs (USM) müayinəsi aparılmış, bu zaman öd kisəsində - distal hissədə 7 mm ölçüdə konkrement (daş) olduğu müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə Cavabdeh1 iddiaçının öd kisəsində daşın aşkar olunmamasında birbaşa təqsirli olmasa da, onun əməlində obyektiv məsuliyyətin əlamətləri mövcuddur.

43. Cavabdeh1 əməlində niyə və hansı səbəbdən obyektiv məsuliyyətin mövcudluğunu qeyd etməzdən əvvəl məhkəmə hesab edir ki, öncə obyektiv məsuliyyətin anlayışı verilərək mahiyyəti aydınlaşdırılmalıdır. Obyektiv məsuliyyət dedikdə, məsuliyyətin elə bir növü nəzərdə tutulur ki, şəxsin hüquq pozuntusu hesab olunan əməlin törədilməsində təqsiri olmasa da, onun tərəfindən törədilmiş əməl başqa şəxsin sağlamlığına, əmlakına və ya qanunla qorunan mənafelərinə ziyan vurur. Şəxsin təqsirinin olmaması dedikdə, o nəzərdə tutulur ki, şəxs əməlinin hüquqa zidd nəticəyə səbəb olacağını əvvəlcədən diqqət göstərərək görə biləcəyi halda bunu etmir və ya həmin əməlin nəticəsində ziyanın vurmasının qarşısını almaq üçün kifayət qədər tədbirlər görmür, nəticədə hüquq pozuntusu ilə nəticələnən hərəkət və ya hərəkətsizlik etmiş olur. Ziyan vurulmuş şəxsin pozulmuş hüquqlarının kompensasiya edilməsi, cəmiyyətdə ədalətin bərqarar edilməsi məqsədilə və pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi prinsipi rəhbər tutularaq hüquqda obyektiv məsuliyyət (obyektiv təqsir) anlayışına yer verilmişdir.

44. Hazırki mübahisəyə gəldikdə, yuxarıda da istinad edilən nəzəri tibbi mənbələrdə öddə daşın müəyyən edilməsinin 3 üsulu göstərilir. Bunlardan birincisi, USM müayinəsidir ki, bu müayinə zamanı öddə daşın aşkar edilməsi bəzi hallarda tam nəticəyə verməyə bilər. Şübhə olduğu halda, müayinənin MRT cihazı vasitəsi ilə həyata keçirilməsi ilə bağlı tibbi mənbələdə bir çox tövsiyələr mövcuddur. Öd daşının müəyyən edilməsinin üçüncü üsulu isə KT müayinəsidir ki, bu zaman xəstəliyin aşkara çıxarılması nisbəti digər cihazlarla müqayisədə daha üstün hesab edilir. Tibbi mənbələrdə də MRT cihazı ilə müayinənin aparılması zamanı xəstəliyin aşkara çıxarılmasında müəyyən şübhələrin olması halında KT vasitəsilə müayinənin aparılması tövsiyə edilmişdir.

45. Lakin təqdim edilmiş ekspert rəyindən də görünür ki, xx.xx.2024-cü il tarixdə USM müayinəsi zamanı iddiaçının öd kisəsində (distal hissədə) aşkar olunmuş daşın xx.xx.2024-cü il tarixdən keçən 8 gün ərzində (xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək) 7 mm ölçüdə yaranması mümkün deyil. Bu isə o anlama gəlir ki, hələ xx.xx.2024-cü il tarixdə iddiaçının öd kisəsində daş mövcud olmuş, lakin onun MRT müayinəsi nəticəsində aşkar olunmamışdır. Cavabdeh1 məhkəmə iclasında bununla bağlı izahatında bildirmişdir ki, müayinə zamanı daş nə öd kisəsində, nə də kanalda aşkar olunmamış, ehtimal olunur ki, öd kisəsi ilə öd kisəsindən çıxan kanalı birləşdirən öd kisəsi boynu adlandırılan hissədə yumuşaq tərkibli bikorbonat quruluşda daş mövcud olmuş, həmin daş “MRT” müayinəsi zamanı görülməmişdir. Buna isə həm kinq (ödün qatılaşması), həm də onikibarmaq bağırsaqda havanın olması səbəb olmuşdur.

46. Göründüyü kimi, Cavabdeh1 özü də iddiaçının öd kisəsində daşın olmasını ehtimal etmiş, lakin bu şübhənin yoxlanması üçün iddiaçıya KT müayinəsindən keçməyə zərurət görməmişdir, baxmayaraq ki, iddiaçı qabırğa altında olan sancılar səbindən Klinikaya müayinə olunmaq üçün müraciət etmişdir. Bu halda, Cavabdeh1 iddiaçıda olan ağrıların (sancının) yaranmasına səbəb olan əlamətlərin aşkara çıxarılması üçün bütün mümkün vasitələrdən istifadə etməyə borclu idi. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, Cavabdeh1 həkim-mütəxəssisdir, işdən görünür ki, o radiologiya sahəsində çox saylı seminarlarda iştirak etmiş və yüksək ixtisaslı mütəxəssis kimi müxtəlif vaxtlarda sertifikatlar almışdır.

47. Beləliklə, işin şərh edilən hallarından da görünür ki, iddiaçının öd kisəsində xx.xx.2024-cü il tarixdə daşın aşkar edilməməsi nəticəsində o, bədənində olan ağrılarla xx.xx.2024-cü ilədək (əməliyyat olunduğu günədək) yaşamağa məcbur olmuş, bu isə həmin müddət ərzində iddiaçının iztirab çəkməsi ilə nəticələnməyə bilməzdi.

48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

49. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

50. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.

51. Əvvəldə də şərh edildiyi kimi, Cavabdeh1un təqsiri nəticəsində iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ağrılarla yaşamış, heç şübhəsiz bu ağrılar onda xoşbəxtlik hissinin azalmasına, stress və iztirab keçirməsinə, daha da ağırlaşma fonunda cərrahi əməliyyatın çətin keçəcəyi ilə bağlı qorxu hissinin yaşamasına səbəb olmuşdur.

52. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir.

53. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.

54. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyil, çünki mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkmiş şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və yadigər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

55. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının sağlamlığına xəsarət yetirilməsi nəticəsində onun iztirab, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 2000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

56. Məhkəmə qənaətinə görə, iddia tələbində mənəvi zərərin hər iki cavabdehdən müştərək qaydada tutulmasını tələb edilsə də, onun hazırki iddiasına cavab verməli olan şəxs tibb müəssisəsidir. Yuxarıda qeyd olunmuş Mülki Məcəllənin 1112-ci maddəsinin adı “tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi” kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, müayinə tibb müəssisəində həyata keçirildiyindən, eləcə də, MM-nin 1099.1ci maddəsində hüquqi şəxsin öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıması müəyyən olunduğundan iddiaçıya dəymiş mənəvi zərərin əvəzi də tibb müəssisəsindən tutulmalıdır.

57. Nəzərə alınmalıdır ki, Cavabdeh1 tibbi müayinəni müstəqil deyil, tibb müəssisinin nəzdində göstərib. Bu zaman tibb müəssisəsi tibbi yardım göstərən subyekt kimi çıxış edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, tibb müəssisəsi o zaman məsuliyyətdən azad olunardı ki, məhz xəstə ilə Cavabdeh1 arasında tibbi xidmətin göstərilməsinə dair müqavilə olsun və ya Cavabdeh1 Klinikada yalnız müvafiq tibbi xidmət göstərdiyi otağı icarəyə götürərək, oradakı texniki avadanlıqlardan istifadə etmiş olsun. Qeyd edilən halları təsdiq edən sübutlar isə iş materiallarında mövcud deyil.

58. Məhkəmə iddia tələbinin cavabdehlərin əməllərinə cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsi hissəsinə münasibətdə qeyd edir ki, birincisi, hər hansı fiziki və ya hüquqi şəxs barəsində xüsusi qərardadın qəbul edilməsi ilə bağlı məhkəmə tərəfindən qətnamə deyil, xüsusi qərardad qəbul edilməlidir. İkincisi, məhkəmə tərəfindən fiziki və ya hüquqi şəxs barəsində xüsusi qərardad şəxsin əməlində cinayət tərkibi yaradan əlamətlər aşkar edildikdə qəbul edilərək, bu barədə müvafiq prokurorluq orqanlarına məlumat verilir. Lakin, işin məhkəmə araşdırması zamanı cavabdehlərin əməllərində cinayət tərkibi yaradan hər hansı cinayət əlamətlərinin olması aşkar edilməmişdir.

59. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Mənəvi zərərə görə 2000 manat pul və 24 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 96 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar