Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4018/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehdən görülməmiş işə görə artıq ödənilmiş 3350 manat və 54 manat dövlət rüsumu, ümumilikdə 3404 manat pul tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, cavabdehlə 30 avqust 2023-cü il tarixində Bakı şəhərində podrat müqaviləsi imzalanmışdır. Müqavilənin 2.1 bəndinə əsasən, müqavilə üzrə görüləcək işlərin dəyəri 19000 min manat təşkil etmişdir. Görüləcək işlər dedikdə, faktiki görülmüş işlər, Podratçının həmin işlərin görülməsi və hazırlanması üçün həyata keçirdiyi tədbirlər nəzərdə tutulur. Müqavilənin 3.1 bəndində göstərilir, müqavilə üzrə nəzərdə tutulan işlərin görülmə müddəti 95 gün (iş günü) təşkil edir. Lakin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfdən yerinə yetirilməmişdir. Müqavilə müddətindən 110 gün iş günü keçməsinə baxmayaraq, iş bu günə kimi tamamlanmamışdir. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, cavabdehə 17.000 manat nağd şəkildə ödəniş etmişdir. Lakin ödədiyi pulun miqdarında işlər görülməmişdir. Dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq, işlər bu günə kimi tamamlanmır. Həmin müqavilənin 5.6 maddəsinə əsasən Sifarişçi tərəfindən Müqaviləyə bilavasitə Podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, Podratçı yalnız yerinə yetirilmiş işlərin haqqını tələb edə bilər. İddiaçı cavabdehə 17.000 manat müəyyən vaxtlarda nağd şəkildə ödəmişdir. Lakin bu pulun miqdarında yuxarıda qeyd etdiyi kimi iş görülməmişdir. Cavabdehin özünün hesablamalarına əsasən 5350 manatlıq görülməmiş iş qalmışdır. İddiaçı isə cavabdehə iş tamamlandıqdan sonra 2000 manat ödəyəcəyim ödənilməmiş məbləğ qalmışdır. Həmin məbləği cavabdehin 5350 manat, iddiaçı olan borcundan çıxaraq, 3350 manat qaytaracağı məbləğ qalmışdır. 30 avqust 2023-cü il tarixli Podrat müqaviləsinə xitam verməklə, göstərilən məbləği 5 iş günü müddətinə iddiaçı qaytarmağı barədə 22 yanvar 2023-cü il tarixində pretenziya yazaraq, cavabdehdən tələb etmişdir. Lakin, cavabdeh aldığı artıq pulu bu günə kimi qaytarmamışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilsin. İşin faktiki halları: İddiaçı cavabdeh "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixində “Podrat müqaviləsi” imzalanmışdır. Müqaviləyə əsasən tərəflər aşağıda göstərilən şərtlər barəsində razılığa gəlmişdirlər: - Podratşı müqavilədə müəyyənləşdirilmiş şərtlər əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində qeyd olunan təmir-tikinti işlərini Sifarişçinin mülkiyyətində olan "xxxx" MTK-da yerləşən 12-ci mərtəbə, blok C, mənzil 180-də yerinə yetirməyi, Sifarişçi isə görülmüş və hazırlanmış işlərə görə bu Müqavilə ilə razılaşdırılmış muzdu vaxtında ödəməyi öz öhdəsinə götürür. Müqavilə üzrə göstərilən işlərin təsviri, dəyəri və digər vacib şərtləri Müqavilənin Əlavəsində öz əksini tapır; - Bu Müqavilə üzrə görüləcək işlərin dəyəri 19000 manat təşkil edir; - Podratçının işə başlaması üçün sifarişçi müqavilənin 2.1-ci bəndində göstərilən məbləğdən 5700 manatını müqavilə bağlandıqdan sonra 3 gün müddətində ödəməyi öhdəsinə götürür. Həmin məbləğ ödənilənədək Sifarişçi podratçıdan işə başlamağı tələb edə bilməz. Qalan məbləğ açıq qrafik üzrə ödəniləcək; - Hər mərhələ üzrlə işlər görülərkən tərəflər arasında təhvil-təslim aktı imzalanacaq və növbəti mərhələyə başlanılacaq; - Müqavilə üzrə nəzərdə tutulan işlərin görülmə müddəti 95 gün (iş günü) təşkil edir; - əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işlərin haqqını tələb edə bilər. Müqavilənin son səhifəsinin arxa vərəqində Nümayəndə tərəfindən imza etməklə və "xxxx" MMC-nin möhürü vurulmaqla 5700 manat ödənişin edilyini təsdiq edilmişdir. Həmin vərəqin aşağı hissəsində “xx.xx.2023-cü il tarixində 5700 manat, ümumilikdə 11400 manat aldım”, “xx.xx.2023-cü il tarixində 5600 aldım, qalıq məbləğ 2000” qeyd edilmiş, və imza atılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Maddə 759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehə 17.000 manat müəyyən vaxtlarda nağd şəkildə ödədiyini, lakin bu pulun miqdarında yuxarıda qeyd etdiyi kimi iş görülmədiyini, cavabdehin 5350 manatlıq görülməmiş işlərinin qaldığını iddia etsə də, məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Whatsup” Mobil tətbiqində aparılan danışıqların foto şəkilləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.2-ci maddəsinin tələblərinə cavab vermədiyinə görə, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul oluna bilməz. Digər tərəfdən iddiaçı tərəfindən məhkəməyə təmir olunan mənzilinin video görüntüləri təqdim edilmişdir ki, həmin görüntülərdən mənzildə aparılan təmir işlərinin həcmini və dəyərini müəyyən etmək mümkün deyil. Məhkəmə tərəfindən mənzildə aparılmış təmir işlərinin və istifadə edilmiş təmir materiallarının həcminin və dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir, lakin tərəflər, tədqiqat obyektinə baxışda iştirak etmədiyinə görə baxışın keçirilməsi mümkün olmamış, ekspertizanın keçirilməsindən imtina edilmişdir. Sonrakı məhkəmə iclasında iddiaçının nümayəndəsi mənzilin təmirinin digər ustalar tərəfindən tamamlandığını məhkəməyə bildirmiş, lakin bununla da bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə araşdırması zamanı sözügedən mənzildə cavabdeh "xxxx" MMC tərəfindən hansı həcmdə təmir işlərinin görüldüyü, istifadə edilmiş materialların və təmir işlərinin dəyərini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddiaya qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edildiyinə görə, dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehdən görülməmiş işə görə artıq ödənilmiş 3350 manat və 54 manat dövlət rüsumu, ümumilikdə 3404 manat pul tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4018/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4018/2024
11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver