Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4321/2022 13.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “payların naturada bölünməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “payların naturada bölünməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilə olan paylarının naturada ayrılması, payın naturada ayrılması mümkün olmadıqda isə cavabdehlərin razılığı alınmaqla hər birinə 20 min manat kompensasiya verilməklə, onların Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 27 ünvanda yerləşən 24 saylı mənzilə mülkiyyət hüququna xitam verilməsi, cavabdehlərin buna razılığı olmazsa, tərəflərin ümumi mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 27 ünvanda yerləşən 24 saylı mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 27 ünvanda yerləşən 24 saylı mənzil tərəflərin mərhum atalarının mülkiyyətində olmuş, atalarının vəfatından sonra iddiaçı qanun üzrə vərəsəlik hüququ əsasında həmin mənzilin 1/3 hissəsinə mülkiyyət hüququ əldə etmişdir. Ondan başqa digər iki vərəsə də vardır. Həmin vərəsələr hazırki iş üzrə cavabdehlərdir. Qeyd olunanlar ilə bağlı tərəflərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla çıxarış verilmişdir. Mübahisəli mənzil 4 otaqdan ibarətdir. Həmin mənzil ilə əlaqədar olaraq tərəflərin payları müəyyən edilsə də natura şəklində bölünmədiyi üçün aralarında mübahisələr mövcuddur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək işə onların iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Mülkiyyətçisi olduğu əmlakın satılmasına etiraz edir. O, hal-hazırda mübahisələndirilən evdə yaşayır, başqa yaşayış yeri yoxdur. Eləcə də bildirdi ki, 20 min manat kompensasiya qarşılığında payını satmağa razı deyil. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olamdan baxılmasını mümkün hesab etdi. Cavabdeh2 28 iyun 2022-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək İddiaçı iddia tələbinin ünvan 2 ünvanındakı mənzilin satılaraq iddiaçının payı çərçivəsində təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 27 saylı evin, 24 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə 1/3 hissədə İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 adına Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 27 saylı evin, 24 saylı mənzili üzərində 1/3 hissədə payları qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, mübahisəli ev İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olmaqla, daşınmaz əmlak üzərində tərəflərin hüquqları dövlət reyestrindən qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 213.1 və 213.2-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 08 sentyabr 2022-ci il tarixli 10/4646 nömrəli məhkəmə tikinti-texniki ekspertizanın rəyindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 27 ünvanda yerləşən İddiaçı birgə paylı mülkiyyətdə olan 24 saylı mənzildə payının tənasübsüz zərər vurmadan naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edərək qeyd edir ki, göründüyü kimi mübahisə predmeti olan mənzilin naturada bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı payın naturada ayrılması mümkün olmadıqda cavabdehlərə kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsini tələb etmişdir. Məhkəmə bu hissədə iddia tələbinə münasibətdə aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnun müdafiə edilməsini dövlətin ali məqsədlərindən biri hesab edərək, onun effektiv həyata keçirilməsinə təminat verir. Azərbaycan Respublikasında mülkiyyət, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, həmçinin xüsusi mülkiyyət hüququ qanunla müdafiə edilir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Mülki Məcəllənin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Mülki Məcəlləsinin 220.1-220.6-cı maddələrində qeyd olunmuşdur ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Şərh olunan hüquq normalarının məzmunundan göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçi tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Məhkəmə araşdırması zamanı cavabdehlərdən Cavabdeh1 kompensasiya ödənilməsinə razılığı olmadığını bildirdi, digər cavabdeh İddiaçı məhkəmə iclaslarına gəlməmiş, nə də razılığının olması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə işin qeyd olunan hallarına şərh olunan hüquq normalarına istinadən qiymət verərək hesab edir ki, cavabdehlərə kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi barədə iddiaçının tələbi Mülki Məcəllənin 220.4-cü maddəsinin göstərişlərinə uyğun olmadığından təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, hüquq normalarının məzmunundan göründüyü kimi mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsi qoyula bilər. Lakin bu halda qanunverici payın cüzi olması ilə bağlı tələbi irəli sürmüşdür. Araşdırılan mübahisə üzrə paylı mülkiyyətin mülkiyyətçilərinin hər biri 1/3 hissədə paya malikdirlər. Yəni göründüyü kimi burada cüzi paydan söhbət getmir, hər bir mülkiyyətçi bərabər paya malikdirlər. Şərh olunan bu hal Mülki Məcəllənin 220.4-cü maddəsinin müddəalarının tətbiq edilməsini istisna edir. Məhkəmə iddia tələbinin əmlakın açıq hərracdan satılması hissəsini də hazırki halda əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbacan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Müəyyən edildi ki, mübahisə predmeti olan evin mülkiyyətçilərin payına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Eləcə də göründüyü kimi ayrılan mülkiyyətçi (iddiaçı) öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malik olduğu halda bu hüquqdan istifadə etmədən və qanundan irəli gələn tələblərə əməl etmədən birbaşa əmlakın hərracdan satılmasını tələb edir. Halbuki, qanunvericilyin tələblərinə əsasən digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, ayrılan mülkiyyətçi (araşdırılan mübahisə üzrə iddiaçı) əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxılmasını məhkəmədən tələb edə bilərdi. Məhkəmə hesab edir ki, iddiaçı qanunla nəzərdə tutulmuş qaydaların ardıcıllığına əməl etməmişdir. Mülki Məcəllənin 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Məhkəmənin qənaətincə iddiaçı qanunvericiliyin tələblərlərinə əməl etmədən paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını iddia etməklə eyni zamanda ümumi paylı mülkiyyətin digər mülkiyyətçilərinin satılan payı satın almaqda üstünlük hüquqlarını pozmuşdur (MM 218.1m). Beləliklə, işin sadalanan faktiki hallarına hüquq normalarına əsasən qiymət verərək məhkəmə bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının əvəzi olaraq 100 manat iddiaçıdan tutularaq Dövlət xəzinədarlığı Agentliyinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “payların naturada bölünməsi və s.” barədə iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 100 (bir yüz) manat İddiaçı alınaraq Dövlət xəzinədarlığı Agentliyinə (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-4321/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4321/2022
13.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver