Məhkəmə qərarları › İş №e-2-2(113)-1238/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1238/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1238/2022 14.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı X2 və X1 Mühendislik Sanayi Ticaret AŞ-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X2 və X1 Mühendislik Sanayi Ticaret AŞ-nin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 1.278.696,88 ABŞ dolları əsas borcun, həmin borca görə hesablanmış 511478, 75 ABŞ dolları məbləğində faiz borcunun, ödənilmiş 400 manat ilkin mediasiya xərcinin və ödənilmiş 1911,65 manat məbləğində dövlət rüsumunun, cəmi 1790175,63 ABŞ dollarının və 2311,65 manat məbləğində pulun birdəfəlik tutularaq iddiaçının cari bank hesabına köçürülməklə, geri qaytarılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 1.278.696,88 ABŞ dolları əsas borcun, həmin borca görə hesablanmış 511478, 75 ABŞ dolları məbləğində faiz borcunun, ödənilmiş 400 manat ilkin mediasiya xərcinin və ödənilmiş 1911,65 manat məbləğində dövlət rüsumunun, cəmi 1790175,63 ABŞ dollarının və 2311,65 manat məbləğində pulun birdəfəlik tutularaq iddiaçının cari bank hesabına köçürülməklə, geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 30.12.2012ci ildə “İçməli su və çirkli su avadanlıqlarının təmin olunması və tətbiqi, içməli su və çirkli su ilə bağlı texniki məsələlərdə həyata keçiriləcək istehsal, uyğunluğa nəzarət, konsultasiya xidmətləri və Azərbaycanda keçiriləcək texniki təlim proqramları ilə əlaqədar texniki məsələlərdə konsultasiya xidmətləri” haqqında müqavilə imzalanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3-cü maddəsinə əsasən, Sifarişçinin Türkiyə və digər ölkələrdən içməli su və çirkli sular təmin etdiyi avadınlıqların İcraçı tərəfindən 3-cü partiya üzrə Sifarişçi tərəfindən hazırlanan texniki şərtlər və ya Avropa Birliyi standartlarına və ya digər beynəlxalq standartlara uyğunluğuna nəzarət, məsələ ilə bağlı müvafiq test və təcrübələrin aparılması və ya işin 3-cü şəxslər tərəfindən həyata keçirilməsi, istehsalçıların lazımi tələblərin ödənilməsi tutumuna nəzarət, istehsal və yüklənilməsi zamanı zavoda nəzarətin həyata keçirilməsi, yeni texnologiyaların paylanılması, su, qaz və neft ilə bağlı müvafiq infrastruktur işlərinin icrası, layihələrdə istifadə olunacaq avadanlıqlara nəzarət, laboratoriya xidmətlərinin göstərilməsi, Azərbaycanda yeni labortoriyanın təsisi məsələsində konsultasiya xidmətlərinin göstərilməsi ilə bağlı hər növ texniki təlim, məhsul və işçi heyəti sənədləşdirmə işləri və tərəflərin qarşılıqlı razılığı ilə digər məsələləri ehtiva edir. Müqavilənin 8-ci maddəsinə əsasən, müqavilədə qeyd edilən iş və xidmətlər üçün vahid xidmət ödənişləri Əlavə 1-də qeyd edilən cədvələ uyğun qaydada olacaqdır. Qeyd edilən Əlavə 1 cavabdeh tərəfindən də təsdiq edilmişdir. Əlavə 1-də göstəriləcək xidmətlərin dəyəri cədvəl formasında qeyd edilir. İddiaçı müqavilə üzrə öhdəliklərini, cavabdeh tərəfindən verilən sifarişləri tam icra etsə də, müqavilə üzrə göstərilən xidmətlərlə bağlı cavabdeh tərəfindən icraçıya xidmət haqqının müəyyən hissəsi ödənilsə də, iddiaçı göstərilmiş xidmətin tam qarşılığını ala bilməmişdir. Belə ki, cavabdehin iddiaçıya olan bu günə borcu 1.278.696,88 ABŞ dolları təşkil edir və borc bu günə kimi ödənilməmişdir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə xəbərdarlıqlar edilmiş, cavabdeh tərəflə işgüzar görüşlər keçirilmiş, həmçinin pretenziya məktubları da göndərilmiş, lakin cavabdeh onlardan asılı olmayan səbəblərə görə ödənişin gecikdiyini və tez bir zamanda borcu ödəyəcəklərini söz versələr də, borc bu günə kimi ödənilməmiş qalmaqdadır. Göstərilən xidmətlər üzrə 3403377,46 ABŞ dolları məbləğində hesabfakturalar göndərilmiş, onda 2124680.58 ABŞ dollar ödənilmiş, 1278696,88 ABŞ dolları cavabdeh tərəfindən hələ də ödənilməmişdir. İddiaçı tərəflər arasında olan işgüzar münasibətləri, iki qardaş dövlət arasında olan səmimi əlaqələri, göstərilən xidmətin dövlət əhəmiyyətli olmasını nəzərə alaraq, müqavilədə də razılaşdıqları kimi mübahisəni dəfələrlə öz aralarında həll etməyə çalışsa da təəssüf ki, cavabdeh tərəfindən heç bir əməli addım atılmamışdır. Pretenziya məktublarından sonra, mübahisənin tərəflər arasında məhkəmədən kənar həll edilməsi üçün işin mediasiyada həll edilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə təklif verilsə də, həmin məktuba da cavabdeh heç bir cavab verməmişdir. İddiaçı mediasiyanın keçirilməsi barədə mediatora müraciət etmiş və X3 tərəfindən ilkin mediasiya üçün görüş təyin edilərək hər iki tərəfə dəvət məktubu göndərilsə də, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, izahatında bildirdi ki, cavabdehin borcunun olduğunu müəyyən edə bilməmişlər. İddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmışdır, lakin xidmətlərin göstərildiyini təsdiq edən heç bir sənəd qarşı tərəf təqdim etməmişdir. Həmçinin qarşılıqlı üzləşmə aktı da iş materiallarına əlavə edilməmişdir. Belə olan halda cavabdeh borcunun olub-olmadığını müəyyən etmək mümkün deyildir. Cavabdehin heç bir borcu yoxdur. Hesab edir ki, təqdim olunmuş sənədlər əsasında borcun müəyyən olunması təsdiq olunmur. Həmçinin iddia müddətinin keçməsi ilə bağlı ərizə məhkəməyə təqdim etmişdir. Hesab edir ki, iddia əsassızdır. Sonda cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 30.12.2012-ci il tarixli “İçməli su və çirkli su avadanlıqlarının təmin olunması və tətbiqi, içməli su və çirkli su ilə bağlı texniki məsələlərdə həyata keçiriləcək istehsal, uyğunluğa nəzarət, konsultasiya xidmətləri və Azərbaycanda keçiriləcək texniki təlim proqramları ilə əlaqədar texniki məsələlərdə konsultasiya xidmətləri” müqaviləsindən görünür ki, bu müqavilə tərəflər arasında sifarişçinin Türkiyə və digər ölkələrdən içməli su və çirkli sular təmin etdiyi avadınlıqların İcraçı tərəfindən 3-cü partiya üzrə Sifarişçi tərəfindən hazırlanan texniki şərtlər və/və ya Avropa Birliyi standartlarına və/və ya digər beynəlxalq standartlara uyğunluğuna nəzarət, məsələ ilə bağlı müvafiq test və təcrübələrin aparılması və/və ya işin 3-cü şəxslər tərəfindən həyata keçirilməsi, istehsalçıların lazımi tələblərin ödənilməsi tutumuna nəzarət, istehsal və yüklənilməsi zamanı zavoda nəzarətin həyata keçirilməsi, yeni texnologiyaların paylanılması, su, qaz və neft ilə bağlı müvafiq infrastruktur işlərinin icrası, layihələrdə istifadə olunacaq avadanlıqlara nəzarət, laboratoriya xidmətlərinin göstərilməsi, Azərbaycanda yeni labortoriyanın təsisi məsələsində konsultasiya xidmətlərinin göstərilməsi ilə bağlı hər növ texniki təlim, məhsul və işçi heyəti sənədləşdirmə işləri və tərəflərin qarşılıqlı razılığı ilə digər məsələləri ehtiva edir. Maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 3.403.377,46 ABŞ Dolları təşkil etmiş, cavabdeh tərəfindən 2.124.680,58 ABŞ Dolları ödənilmiş, cavabdehin iddiaçıya 1.278.696,88 ABŞ Dolları borcu qalmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir”. Bundan başqa, həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli və Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarında göstərmişdir, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 30.12.2012-ci il tarixli “İçməli su və çirkli su avadanlıqlarının təmin olunması və tətbiqi, içməli su və çirkli su ilə bağlı texniki məsələlərdə həyata keçiriləcək istehsal, uyğunluğa nəzarət, konsultasiya xidmətləri və Azərbaycanda keçiriləcək texniki təlim proqramları ilə əlaqədar texniki məsələlərdə konsultasiya xidmətləri” müqaviləsi bağlanmış və bu müqavilə tərəflər arasında sifarişçinin Türkiyə və digər ölkələrdən içməli su və çirkli sular təmin etdiyi avadınlıqların İcraçı tərəfindən 3-cü partiya üzrə Sifarişçi tərəfindən hazırlanan texniki şərtlər və/və ya Avropa Birliyi standartlarına və/və ya digər beynəlxalq standartlara uyğunluğuna nəzarət, məsələ ilə bağlı müvafiq test və təcrübələrin aparılması və/və ya işin 3-cü şəxslər tərəfindən həyata keçirilməsi, istehsalçıların lazımi tələblərin ödənilməsi tutumuna nəzarət, istehsal və yüklənilməsi zamanı zavoda nəzarətin həyata keçirilməsi, yeni texnologiyaların paylanılması, su, qaz və neft ilə bağlı müvafiq infrastruktur işlərinin icrası, layihələrdə istifadə olunacaq avadanlıqlara nəzarət, laboratoriya xidmətlərinin göstərilməsi, Azərbaycanda yeni labortoriyanın təsisi məsələsində konsultasiya xidmətlərinin göstərilməsi ilə bağlı hər növ texniki təlim, məhsul və işçi heyəti sənədləşdirmə işləri və tərəflərin qarşılıqlı razılığı ilə digər məsələləri ehtiva etmişdir. Müqavilənin 7.2-ci bəndinə əsasən müqavilənin müddəti 2 il, 30.12.2014-cü il tarixədək müəyyən edilmişdir. İddiaçı tərəfindən öhdəliyinin icrasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən, yəni xidmətlərin göstərilməsinə dair (təhvil-təslim aktları və s.) hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında məzmun etibarı ilə podrat müqaviləsi bağlanmış və hazırki mübahisə həmin müqavilə tələbinin yerinə yetirilməsi ilə bağlı olmasını nəzərə aldıqda, müqavilə tələbi üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə iddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün ilk növbədə iddia müddətinin axımının başlanma anı araşdırılmalıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri 30.12.2012-30.12.2014-cü illərdə olmuşdur ki, iddia müddətinin axımı 30.12.2014-cü il tarixdən başlanmışdır. Eyni zamanda maliyyə arayışında iddiaçı tərəfindən cavabdehə son qaimə 26.04.2014-cü il tarixdə təqdim olunması göstərilmişdir. İddiaçı tərəfindən 30.12.2014-cü il tarixdən sonra cavabdehin borcu etiraf etməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə 09.02.2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə aldıqda, tərəflər arasında bağlanmış 30.12.2012-30.12.2014-cü illəri əhatə edən müqavilə üzrə iddia müddəti keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1.maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2 maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəmə tərəfindən qəbul olunmalı və iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 və X1 Mühendislik Sanayi Ticaret AŞ-nin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 1.278.696,88 ABŞ dolları əsas borcun, həmin borca görə hesablanmış 511478, 75 ABŞ dolları məbləğində faiz borcunun, ödənilmiş 400 manat ilkin mediasiya xərcinin və ödənilmiş 1911,65 manat məbləğində dövlət rüsumunun, cəmi 1790175,63 ABŞ dollarının və 2311,65 manat məbləğində pulun birdəfəlik tutularaq iddiaçının cari bank hesabına köçürülməklə, geri qaytarılması barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı X2 və X1 Mühendislik Sanayi Ticaret AŞ-yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar