Məhkəmə qərarları › İş №e-2-2(113)-1778/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1778/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1778/2021 02.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 24000,00 manat əsas borc, 589,58 manat məbləğində faizlər və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə vəsatət göndərərək iddiaçı tərəfindən mübahisənin məhkəmədənkar həlli (pretenziya) qaydasına əməl olunmadığını, iddiaçı tərəfindən mübahisənin həlli məqsədilə ilk öncə Auditorlar Palatasına, Palatada mübahisə həll edilə bilmədikdə isə məhkəməyə müraciət edilməli olduğunu, bununla da iddiaçı tərəfindən “Auditor Xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilmədiyini göstərib hazırkı ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndələri ayrı-ayrılıqda vəsatəti müdafiə edib onun məzmununa uyğun izahat verərək vəsatətin təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili vəsatətə etiraz edib vəsatətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı mübahisə iddiaçının auditor fəaliyyətindən irəli gəlmir, tərəflər arasında müqavilə mühasibat xidmətləri və vergi məsləhətlərinin göstərilməsi məqsədilə bağlanılmışdır. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, daxil olmuş vəsatəti materiallarla əlaqəli şəkildə araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə vəsatət təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh MMC arasından bağlanmış mühasibat xidmətləri və vergi məsləhətlərinin göstərilməsi haqqında 07/2019 saylı, 29 noyabr 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı Azərbaycanda Auditorlar Palatası tərəfindən 07 noyabr 2012-ci il tarixdə verilmiş 072746/AT/096 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin mövzusu vergi, statistik və digər hesabatların tam uçot üçün verilməsi nəzərə alınmaqla müştərinin maliyyə-təsərrüfat fəaliyyətinin uçotu funkdiyalarının Auditora təhvil verilməsidir. Müqavilənin 1.4-cü bəndinə əsasən mühasibat xidmətləri Beynəlxalq Audit və X2 (İAASB) tərəfindən təsdiq edilmiş X1 (“İSA”) uyğun olaraq həyata keçirilməlidir. Həmçinin, müqavilənin 7-ci bəndindən aydın olur ki, tərəflər arasında yarana biləcək bütün mübahisələr və fikir ayrılıqları danışıqlar yolu ilə həll ediləcəkdir. “Auditor Xidməti haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilir ki, həmin Qanun Azərbaycan Respublikasında auditor xidmətinin təşkilini, onun həyata keçirilməsinin hüquqi əsaslarını, auditorların funksiyalarını, hüquqlarını və vəzifələrini müəyyən edir, mülkiyyətçinin əmlak hüquqlarını müdafiə edən müstəqil maliyyə nəzarəti-sisteminin yaradılmasını nəzərdə tutur. Adıçəkilən Qanunun: 2-ci maddəsinə əsasən audit—əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. 3-cü maddəsinə əsasən təsərrüfat subyektlərində müqavilə əsasında maliyyətəsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyətəsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. 5-ci maddəsinə əsasən auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərmək hüququnu əldə etmiş və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir. 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. 19-cu maddəsinə əsasən auditorla (auditor təşkilatı ilə) onların sifarişçiləri arasında meydana çıxan əmlak xarakterli bütün mübahisələr Auditorlar Palatasında həll edilə bilmədikdə məhkəmə tərəfindən həll olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.3-cü bəndinə əasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, ərizə baxılmamış saxlanılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC-yə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar