Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2260/2021 20.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının qanuni təmsilçisi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı; 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı və 30 noyabr 2018-ci il tarixli, 1721-FNX- 001 saylı podrat müqavilələri üzrə borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlavə dəyər vergisi ödənildikdən sonra 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə 84.268,47 manat, 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə 203165,57 manat, 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə 176.146,12 manat, cəmi 463.580,16 manat məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 100.000 manat məbləğində borcun, 31.940,67 manat məbləğində faizlərin, vəkilə ödənilmiş 2.500 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış bir sıra müqavilələr üzrə iddiaçı müqavilədə nəzərdə tutulmuş xidmətləri tam şəkildə cavabdehə təhvil versə və bununla bağlı tərəflər arasında müvafiq təhvil-təslim aktları imzalansa da, cavabdeh müqavilə üzrə ödənişlərini tam şəkildə yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında imzalanmış 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsinə əsasən iddiaçı cavabdehə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Cresent Development” tikinti obyektində təsdiq olunmuş layihəyə uyğun su izolyasiya işləri görməyi öhdəsinə götürmüş, cavabdeh isə bunun qarşılığında iddiaçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Lakin işlər təhvil verildikdən sonra cavabdehin iddiaçıya qeyd edilən müqavilə üzrə 84.268,47 manat (ƏDV-siz) borcu yaranmışdır. 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı podrat müqaviləsinə əsasən iddiaçı “Roundabout” tikinti proyekti üzrə təsdiq olunmuş layihəyə uyğun izolyasiya işləri görməyi öhdəsinə götürmüş, cavabdeh isə bunun qarşılığında iddiaçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Lakin işlər təhvil verildikdən sonra cavabdehin iddiaçıya qeyd edilən müqavilə üzrə 203.165,57 manat (ƏDV-siz) borcu yaranmışdır. 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsinə əsasən iddiaçı “Onshore Landscaping” tikinti proyekti üzrə təsdiq olunmuş layihəyə uyğun izolyasiya işləri görməyi öhdəsinə götürmüş, cavabdeh isə bunun qarşılığında iddiaçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Lakin işlər təhvil verildikdən sonra cavabdehin iddiaçıya qeyd edilən müqavilə üzrə 34.182,43 manat (ƏDV-siz) borcu yaranmışdır. 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsinə 2 saylı əlavəyə əsasən iddiaçı “X3” tikinti proyekti üzrə təsdiq olunmuş layihəyə uyğun izolyasiya işləri görməyi öhdəsinə götürmüş, cavabdeh isə bunun qarşılığında iddiaçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Lakin işlər təhvil verildikdən sonra cavabdehin iddiaçıya qeyd edilən müqavilə üzrə əlavə olaraq 141.963,69 manat (ƏDV-siz), cəmi 176146,12 manat (ƏDV-siz) borcu yaranmışdır. Bildirir ki, yuxarıda qeyd edilən müqavilələr üzrə iddiaçı tərəfindən müqavilə öhdəlikləri tam, vaxtında yerinə yetirilmiş, müvafiq qaydada təhvil verilmiş, lakin borcun ödənilməli olması barədə cavabdehə 18 mart 2021-ci il tarixdə elektron vergi kargüzarlıq sistemi vasitəsilə müvafiq pretenziya məktubu göndərilsə də, cavabdeh borcunu ödəməmişdir. İddiaçı hazırki iddia ərizəsinin məhkəməyə verilməsi üçün hüquqi yardıma görə vəkilə 2500 manat və iddia ərizəsinin məhkəməyə verilməsinə görə dövlət rüsumu kimi dövlət büdcəsinə 30 manat məbləğində pul ödəmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 84.268,47 manat, 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə ƏDV xaric 103.165,57 manat, 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə 176.146,12 manat, cəmi 363.580,16 manat məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 100.000 manat məbləğində pul vəsaitinin, 25.050,7 manat məbləğində faizlərin, vəkilə ödənilmiş 2.500 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda iddia ərizəsində göstərilənlərə əlavə olaraq məhkəmə prosesi gedişində cavabdeh tərəfindən 100.000 manat məbləğində ödəniş edildiyini bildirmiş və göstərilənləri nəzərə alaraq iddia ərizəsinin dəqiqləşdirilməsinnə dair ərizədə göstərilən məbləğdə pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının qanuni təmsilçisi məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, dəqiqləşdirilmiş iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: -Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında bağlanmış 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsindən görünür ki, müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı sifarışçinin Bakı şəhəri, Səbail rayonunda yerləşən “Cresent Development” tikinti obyektində təsdiq olunmuş layihəyə uyğun su izolyasiya görməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürümüşdür. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən görülmüş işlərə görə muzdun məbləği bu Müqavilənin tərkib hissəsi olan əlavələrdə müəyyən edilir. Bu məbləğə AR qanunvericiliyi ilə tətbiq edilən bütün vergilər bə digər məcburi ödənişlər, o cümlədən podratçı tərəfindən cəlb edilən işçi heyətinin vergiləri və digər məcburi ödənişləri muzda daxildir və sifarişçi bu ödənişlərə görə heç bir məsuliyyət daşımır. 3.2-ci bəndinə əsasən muzd haqqı görülmüş işlərin həcmi və keyfiyyəti sifarişçinin müvafiq Tikinti Departamenti tərəfindən təhvil-təslim aktı ilə təsdiqləndikdən sonra nağd və ya bank köçürməsi ödəniş yolu ilə ödənilir. Görülmüş işlərin həcmi sifarişçinin ölçmə qaydasına uyğun təyin olunur. 3.3-cü bəndinə əsasən bütün işlər müvafiq sənəd və sertifikatlar podratçı tərəfindən təhvil verildikdən sonra təhvil alınacaq. 3.3.1-ci bəndinə əsasən ümumi məbləğin 50% müqavilə imzalandığı gündən ilkin avans şəklində ödənilməsi, daha sonra 40 %-i işin gedişatı zamanı, 10% iş bitdikdən sonra və təhvil-təslim olduqdan sonra ödənilməsi nəzərdə tutulmuşdur. 5.1-ci bəndinə əsasən müqavilə üzrə işlər tam həcmdə başa çatdırıldıqdan sonra, podratçı ilə sifarişçi arasında təhvil-təslim aktı imzalanır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat Müqaviləsinə 1 №-li Əlavəsinə əsasən tərəflər arasında görüləcək işlərin dəyəri ƏDV daxil cəmi 967.414,59 ABŞ dolları məbləğində təşkil edir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli 1721-FNX-001 saylı podrat müqaviləsindən görünür ki, müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı sifarışçinin Bakı şəhəri, Səbail rayonunda yerləşən “Crescent Development” Landşaft tikinti obyektində təsdiq olunmuş layihəyə uyğun izolyasiya görməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən görülmüş işlərə görə muzdun məbləği bu Müqavilənin tərkib hissəsi olan Əlavələrdə müəyyən edilir. Bu məbləğə AR qanunvericiliyi ilə tətbiq edilən bütün vergilər bə digər məcburi ödənişlər, o cümlədən podratçı tərəfindən cəlb edilən işçi heyətinin vergiləri və digər məcburi ödənişləri muzda daxildir və sifarişçi bu ödənişlərə görə heç bir məsuliyyət daşımır. 3.2-ci bəndinə əsasən muzd haqqı görülmüş işlərin həcmi və keyfiyyəti sifarişçinin müvafiq Tikinti Departamenti tərəfindən təhvil-təslim aktı ilə təsdiqləndikdən sonra nağd və ya bank köçürməsi ödəniş yolu ilə ödənilir. Görülmüş işlərin həcmi faktiki ölçülərə uyğun təyin olunur. 3.3-cü bəndinə əsasən bütün işlər müvafiq sənəd və sertifikatlar podratçı tərəfindən təhvil verildikdən sonra təhvil alınacaq. 5.1-ci bəndinə əsasən müqavilə üzrə işlər tam həcmdə başa çatdırıldıqdan sonra, Podratçı ilə Sifarişçi arasında təhvil-təslim aktı imzalanır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -30 noyabr 2018-ci il tarixli 1721-FNX-001 saylı Podrat Müqaviləsinə 1 №-li Əlavəsinə əsasən tərəflər arasında görüləcək işlərin dəyəri ƏDV daxil cəmi 46.703,87 manat məbləğində təşkil edir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında bağlanmış 09 noyabr 2018-ci il tarixli 1713-FNX-001 saylı işlərin görülməsi barədə müqavilədən görünür ki, həmin müqavilə ilə tərəflər sifarişçinin sifarişi əsasında icraçı tərəfindən izolyasiya işlərinin yerinə yetirilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilə ilə görüləcək işlərin ilkin siyahısı təsdiq edilmiş və dəyəri 923.626,16 manat məbləğində müəyyən edilmişdir. - Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 20 fevral 2018-ci il tarixli, 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə 19.01.2018-20.06.2018-ci il tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə 22.06.2018-ci il tarixli akta əsasən müəyyən edilir ki, podratçı tərəfindən 540.902,75 ABŞ dolları dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 20 fevral 2018-ci il tarixli, 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə 20.06.2018-10.01.2019-cu il tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə 06.02.2019-cu il tarixli akta əsasən müəyyən edilir ki, podratçı tərəfindən 298.710,35 ABŞ dolları dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 20 fevral 2018-ci il tarixli, 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə 10.01.2019-10.11.2019-cu il tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə 26.11.2019-cu il tarixli akta əsasən müəyyən edilir ki, podratçı tərəfindən 28.203,6 ABŞ dolları dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə 20.09.2018- 06.02.2019-cu il tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə 06.02.2019-cu il tarixli akta əsasən müəyyən edilir ki, podratçı tərəfindən 34.182,43 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə 08.04.2019- 25.02.2020-ci il tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə 25.02.2020-ci il tarixli akta əsasən müəyyən edilir ki, podratçı tərəfindən 135.318,10 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 09 noyabr 2018-ci il tarixli, 17**-FC-*** saylı İşlərin görülməsi barədə Müqaviləsi üzrə 06.02.2019- 10.11.2019-cu il tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə 26.11.2019-cu il tarixli akta əsasən müəyyən edilir ki, podratçı tərəfindən 227.508,95 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (podratçı) arasında imzalanmış 09 noyabr 2018-ci il tarixli, 17**-FC-*** saylı işlərin görülməsi barədə Müqaviləsi üzrə 20.09.2018- 06.02.2019-cu il tarixli dövr üzrə yerinə yetirilən işlərin qəbulu barədə 06.02.2019-cu il tarixli akta əsasən müəyyən edilir ki, podratçı tərəfindən 282.893,58 manat dəyərində işlər görülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -Hüquqi yardımın göstərilməsi haqqında 546 saylı müqavilədən görünür ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən İddiaçı MMC-yə göstərilən hüquqi yardım haqqının məbləği 2.490+10 manat müəyyən edilmişdir. -26.04.2021-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Vəkil 2.500 manat məbləğində ödəniş edilmişdir. -09 noyabr 2018-ci il tarixli, 17**-FC-*** saylı işlərin görülməsi barədə müqaviləsi üzrə tərtib edilmiş EBAQ seriyalı, 913924 saylı, 06.10.2020-ci il tarixli elektron qaimə ilə müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 160.402,53, ƏDV daxil 189.274,99 manat məbləğində pul vəsaiti ödənilməlidir. -09 noyabr 2018-ci il tarixli, 17**-FC-*** saylı işlərin görülməsi barədə müqaviləsi üzrə tərtib edilmiş EBAZ seriyalı, 522845 saylı, 01.04.2021-ci il tarixli elektron qaimə ilə müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 72.763,04 manat, ƏDV daxil 85.560,39 manat məbləğində pul vəsaiti ödənilməlidir. -20 fevral 2018-ci il tarixli, 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə EBAZ seriyalı, 522434 saylı, 01.04.2021-ci il tarixli elektron qaiməyə əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 84.268,47, ƏDV daxil 99.436,79 manat məbləğində pul vəsaiti ödənilməlidir. 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə EBAQ seriyalı, 914861 saylı, 06.10.2020-ci il tarixli elektron qaiməyə müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 135.318,10 manat, ƏDV daxil 159.675,36 manat məbləğində pul vəsaiti ödənilməlidir. 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsi üzrə EBAQ seriyalı, 915086 saylı, 06.10.2020-ci il tarixli elektron qaiməyə müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric 34.182,43 manat, ƏDV daxil 40.335,27 manat məbləğində pul vəsaiti ödənilməlidir. -30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqaviləsinə 02 saylı Əlavə üzrə EBAZ seriyalı, 523191 saylı, 01.04.2021-ci il tarixli elektron qaiməyə əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə görülmüş işlərə görə ƏDV xaric, 6645,59 manat, ƏDV daxil 7.841,80 manat t məbləğində pul vəsaiti ödənilməlidir. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 18.03.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh MMC-dən yaranmış borcun 31.03.2021-ci il tarixinədək ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı, 09 noyabr 2018ci il tarixli 17**-FC-*** saylı, 30 noyabr 2018-ci il tarixli, 1721-FNX-001 saylı podrat müqavilələri bağlanmışdır. İddiaçı MMC cavabdeh tərəfindən sifariş edilmiş işləri görərək göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh MMC görülmüş işlərin dəyərini ödəməməklə həmin müqavilələri üzrə öhdəliklərini pozmuşdur. Nəticədə 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 84.268,47 manat, 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə ƏDV xaric 103.165,57 manat, 30 noyabr 2018-ci il tarixli 1721- FNX-001 saylı podrat müqaviləsi üzrə 176.146,12 manat, cəmi 363.580,16 manat məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə iddiaçının podrat müqavilələrinə əsasən gördüyü işlərin dəyərinin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, podrat müqavilələri üzrə cəmi 363.580,16 manat məbləğində borcun tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 3600 manat borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi ilə - illik 6,89% olmaqla hesablanmış 25.050,7 manat məbləğində faizlərin tutulması tələbini də irəli sürmüşdür. Həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, faizlərin tutulması tələbinə dair hissədə iddia əsassız olduğundan rədd edilməlidir. İddia tələbinin əldən çıxmış faydaya görə 100.000 manat məbləğində pulun tutulması hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin tələbin qanuni əsası qismində Mülki Məcəllənin 21-ci maddəsi çıxış edir. Həmin maddəyə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.4-ci maddəsinə görə isə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, hazırkı işdə İddiaçı MMC adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Odur ki, həmin hissədə də iddia rədd edilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 1.500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 20 fevral 2018-ci il tarixli 1708-FNX-001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 84.268,47 manat (səksən dörd min iki yüz altmış səkkiz manat, 47 qəpik), 09 noyabr 2018-ci il tarixli 17**-FC-*** saylı podrat müqaviləsi üzrə ƏDV xaric 103.165,57 manat (yüz üç min yüz altmış beş manat, 57 qəpik), 30 noyabr 2018-ci il tarixli, 1721-FNX- 001 saylı podrat müqaviləsi üzrə ƏDV xaric 176.146,12 manat (yüz yetmiş altı min yüz qırx altı manat, 12 qəpik), cəmi ƏDV xaric 363.580,16 manat (üç yüz altmış üç min beş yüz səksən manat, 16 qəpik) məbləğində əsas borc, vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərclərin əvəzi olaraq 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2260/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2260/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver