Məhkəmə qərarları › İş №e-2-2(113)-2862/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2862/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2862/2025 27.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat münasibətləri, alqı-satqı qaydalarının tətbiqi, əşyaların çeşidi haqqında şərtin pozulmasının nəticələri) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Əyyub oğlunun, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə1 iştirakları ilə İddiaçı X1 Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X3 Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə 49454,94 manat məbləğində pulun və ödənilmiş 217 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan 25 iyul 2023-cü il tarixli xidmətlərin göstərilməsi adlı müqavilayə və qiymət razılaşma protokoluna əsasən cavabdehə 2024-cü ilin iyul və avqust aylarında cəmi dəyəri ƏDV daxil olmaqla 126 555 manat dəyərində 3250 ədəd metal borudan teleskopik dirək (L-3.85M) və dəyəri ƏDV daxil olmaqla 30680 manat olan 2000 kv.m iskələ (ayaqaltı) hazırlanıb cavabdehə təhvil verilmişdir. Cavabdeh qəbul etdiyi malın ümumi dəyərindən ƏDV daxil olmaqla 107 780,06 manat ödənmiş, qalan ƏDV daxil 49454,94 manat pul vəsaiti bu günədək ödənilməmişdir. Tərəfə bununla bağlı pretenziya göndərilmiş, lakin cavabdeh cavab məktubu göndərərək əsassız şəkildə məhsulun guya keyfiyyəti ilə bağlı narazılığı olduğundan məhsulun qiymətini qanunsuz olaraq birtərəfli qaydada azaltmaqla borcu tam ödədiyini iddia etmişdir. Cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi və iddiaçıya olan borcunu qaytarmaması nəticəsində müəssisə xeyli miqdarda maddi itkilərə məruz qalmışdır. Bu itkilər də cavabdeh tərəfindən ödənilməlidir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1, 445.1, 449.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Əyyub oğlu məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, cavabdehin istinad etdiyi 20000 manat məbləğində nağd ödənişi və malların keyfiyyətində qüsurların olmasını sübut etmək vəzifəsini sonuncu daşıyır. Lakin istinad etdiyi hallarla bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.

6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, tərəflər arasındakı razılaşmada orta qalınlığı 3 mm olan teleskopik dirəyin verilməsi nəzərdə tutulsa da, iddiaçı tərəfindən verilmiş yalnız 1000 ədəd məhsul şərtləşdirilmiş qalınlıqda olmuşdur. Cavabdeh iddiaçıdan alıdığı malların üçüncü şəxslərə satışı və icarəsini həyata keçirdiyindən mallardakı qüsurlar sonradan ortaya çıxmışdır.

7. Məhkəmənin suallarına cavab olaraq cavabdeh nümayəndəsi – qanuni təmsilçisi göstərdi ki, mallardakı qüsurlarla bağlı cavabdeh tərəfindən xidmət haqqı azaldılmışdır. Eyni zamanda iddiaçının direktoruna əlbəəl 20000 manat ödəniş edilmişdir. Bu səbəbdən də iddiaçıya hər hansı borc mövcud deyildir.

8. Cavabdehin nümayəndəsi məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Müqavilə üzrə borcun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə cavabdeh arasında 25 iyul 2023-cü il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin sifarişinə əsasən metal borulardan teloskopik dirəklərin və inşaatda istifadə olunan digər metal konstruksiyaların hazırlanması və sair işlərin görülməsini (xidmətlərin göstərilməsini), cavabdeh isə görülmüş işlərin (göstərilmiş xidmətlərin) ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin təhvil-təslim və ödənişlə bağlı şərtlərinə əsasən görüləcək işlər (göstəriləcək xidmətlər) üzrə sifarişçi tərəfindən icraçıya ödənilməli olan xidmət haqqı məbləği konkret görüləcək işlərin həcminə (göstəriləcək xidmətlərə) uyğun tərəflərin arasında imzalanmış qiymətlərin razılaşdırma protokoluna (Əlavə 1) və təhviltəslim aktına əsasən müəyyən olunur və xidmət haqqı bir qayda olaraq işlər görülüb başa çatdırılıb təhvil verildikdən sonra ödənilir, ödənilməli olan xidmət haqqının müəyyən hissəsi və ya tamamı tərəflərin qarşılıqlı razılığı ilə sifarişçi tərəfindən icraçıya avans qaydasında da ödənilə bilər; – Hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 01 noyabr 2024-cü il tarixli təhviltəslim aktına əsasən, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 3550 ədəd teleskopik dirək (L-3.85M) və 2000 kv.m iskələ (ayaqaltı) cavabdeh tərəfindən təhvil alınmışdır; – İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli MT2408 11117426 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 16393,74 manat, xx.xx.2024-cü il tarixli MT2408 11117100 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 19470 manat, xx.xx.2024cü il tarixli MT2409 11811273 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 23636,58 manat, xx.xx.2024-cü il tarixli MT2410 10781288 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 23636,58 manat, xx.xx.2024-cü il tarixli MT2412 10427700 seriya və nömrəli elektron qaimə ƏDV daxil 24674,39 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 107 811,29 manat dəyərində malın verilməsi ilə bağlı tərtib edilərək cavabdehə göndərilmiş, xx.xx.2024-cü il tarixli MT2409 11811273 və xx.xx.2024-cü il tarixli MT2410 10781288 seriya və nömrəli elektron qaimələr cavabdeh tərəfindən, digər elektron qaimələr isə sistem tərəfindən təsdiq edilmişdir. Həmin elektron qaimələrdən iskələnin (ayaqaltının) 1 kv.m-nin qiymətinin ƏDV-siz 13 manat, teleskopik dirəyin (L- 3.85M) 1 ədədinin qiymətinin ƏDV-siz 33 manat razılaşdırıldığı görünür; – Cavabdeh tərəfindən 25 iyul 2023-cü il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 16500 manat, xx.xx.2024-cü il tarixdə 13866,53 manat, xx.xx.2024-cü il tarixdə 20000 manat, xx.xx.2024-cü il tarixdə 20062 manat, xx.xx.2024-cü il tarixdə 20910,5 manat əsas məbləğ üzrə, xx.xx.2024-cü il tarixdə 2924 manat, xx.xx.2024-cü il tarixdə 2505,34 manat, xx.xx.2024-cü il tarixdə 3600 manat ƏDV olmaqla ümumilikdə 100 368,37 manat ödəniş edilmişdir.

13. İddiaçı 25 iyul 2023-cü il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə 49454,94 manat məbləğində pulun tutulmasını tələb edir.

14. Cavabdeh iddiaya etiraz edərək iddiaçı tərəfindən təqdim edilən 1000 ədəd teleskopik dirək istisna olmaqla qalan teleskopik dirəklərin 3 mm ölçüdə olmadığı, bu səbəbdən də cavabdeh tərəfindən qiymətlərin yenidən hesablandığını, eyni zamanda iddiaçının direktoruna əlbəəl 20000 manat ödəniş olunduğunu bildirir.

15. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

16. Əvvəla göstərilməlidir ki, tərəflər arasında nə adlanmasında asılı olmayaraq 25 iyul 2023-cü il tarixli müqavilədən irəli gələn öhdəlik münasibətinin məzmunu ondan ibarət olmuşdur ki, iddiaçı sifarişləri verməyi, cavabdeh isə öz məmulatları əsasında teloskopik dirəklər və inşaatda istifadə olunan digər metal konstruksiyaları hazırlayaraq iddiaçıya təqdim etməyi öhdəsinə götürmüşdür. Başqa sözlə, sifariş verilən əşyalar əvəzedilən daşınar əşya olmaqla ədəd və kv.m ölçü vahidi ilə cavabdehə təqdim edilmişdir.

17. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

18. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, hazırkı mübahisə məhz Mülki Məcəllənin alqı-satqı qaydalarına uyğun olaraq həll edilməlidir.

19. Cavabdehin etirazının birinci dəlili – 20000 manat məbləğində pulun iddiaçının direktoruna əlbəəl ödənilməsinə münasibətdə məhkəmə göstərir ki, Mülki Məcəllənin 433cü maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

20. Hazırda cavabdeh tərəfindən iddiaçının direktoruna 20000 manat məbləğində ödənişin edilməsi ilə bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir. Əksinə, işdəki sübutlar əsasında cavabdeh tərəfindən ƏDV daxil olmaqla 100 368,37 manat ödənişin məhz köçürmə yolu ilə edildiyi öz təsdiqini tapır. Belə olan halda, cavabdehin qeyd edilən etirazı əsassızdır.

21. Cavabdehin etirazının digər əsası cavabdeh tərəfində verilən malların çeşidlə bağlı şərtinin pozulması ilə bağlıdır.

22. Məhkəmə qeyd edir ki, cavabdehin qeyd edilən kateqoriyadan olan etirazları da yalnız izahatına əsaslanır, digər obyektiv sübutlarla təsdiqlənmir.

23. Belə ki, Mülki Məcəllənin 579-cu maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. Əgər alqı-satqı müqaviləsində çeşid və onun müəyyənləşdirilməsi qaydası göstərilməyibsə, lakin öhdəliyin mahiyyətindən alıcıya əşyaların çeşiddə verilməli olduğu irəli gəlirsə, satıcı müqavilənin bağlandığı məqamda alıcının ona məlum olmuş tələbatını əsas götürməklə alıcıya əşyaları çeşiddə verə bilər və ya müqavilənin icrasından imtina edə bilər.

24. Həmin Məcəllənin 580.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

25. Həmin Məcəllənin 580.2-ci maddəsinə əsasən, əgər satıcı alıcıya alqı-satqı müqaviləsinə uyğun çeşiddə əşyalarla yanaşı çeşid haqqında şərti pozmaqla əşyalar verərsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə: 580.2.1. çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etsin, qalan əşyalardan isə imtina etsin; 580.2.2. verilmiş əşyaların hamısından imtina etsin; 580.2.3. çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olunmasını tələb etsin; 580.2.4. verilmiş əşyaların hamısını qəbul etsin.

26. Həmin Məcəllənin 580.3-cü maddəsinə əsasən, alqı-satqı müqaviləsinin şərtinə uyğun gəlməyən çeşiddə əşyalardan imtina edərkən və ya çeşid haqqında şərtə uyğun gəlməyən malların əvəz olunması tələbini irəli sürərkən alıcı həmin malları ödəməkdən imtina edə də bilər, onları ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

27. Həmin Məcəllənin 580.4-cü maddəsinə əsasən, alqı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin.

28. Həmin Məcəllənin 580.5-ci maddəsinə əsasən, əgər alıcı çeşidi alqı-satqı müqaviləsinə uyğun gəlməyən əşyalardan imtina etməzsə, onları satıcı ilə razılaşdırılmış qiymətlə ödəməlidir. Satıcı qiymətin razılaşdırılması üçün ağlabatan müddətdə zəruri tədbirlər görmədikdə, alıcı əşyaları müqavilənin bağlandığı an müqayisəyə gələn şəraitdə oxşar əşyalar üçün adətən alınan qiymətlə ödəyir.

29. Həmin Məcəllənin 595.1-ci maddəsinə əsasən, alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.

30. Göründüyü kimi, əgər satıcı alıcıya alqı-satqı müqaviləsinə uyğun çeşiddə əşyalarla yanaşı çeşid haqqında şərti pozmaqla əşyalar verərsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə: 1) çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etsin, qalan əşyalardan isə imtina etsin; 2) verilmiş əşyaların hamısından imtina etsin; 3) çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olunmasını tələb etsin; 4) verilmiş əşyaların hamısını qəbul etsin. Lakin qeyd edilən qaydanın tətbiq edilməsi üçün alıcının alqı-satqı müqaviləsinin çeşid haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.

31. Hazırkı işin hallarında isə əvvəla əşyaların bəzilərinin çeşidlə bağlı şərtləri pozduğu öz əksini tapmır. Belə ki, cavabdehin bildirdiyinə görə, yalnız 1000 ədəd teleskopik dirəyin ölçüsü düzgün olmuşdur. Halbuki iddiaçı tərəfindən 2135 ədəd teleskopik dirəyin verilməsi ilə bağlı elektron qaimə göndərilmiş, həmin elektron qaimələrə cavabdeh tərəfindən istinad edilərək ödənişlər edilmişdir. Digər tərəfdən, malların sonuncu partiyası xx.xx.2024-cü il tarixdə təhvil verilsə də, cavabdeh tərəfindən ötən müddət ərzində heç bir pretenziya irəli sürülməmiş, əksinə xx.xx.2024-cü il tarixdə təhvil-təslim aktı imzalanmışdır.

32. Bununla yanaşı, cavabdeh iddiaçının malların dəyərinin ödənilməsi tələbinə dair məktubuna verdiyi xx.xx.2025-ci il tarixli 01 nömrəli məktubda malların lazımi keyfiyyətdə olmadığını bildirmiş, məhkəmə icraatında isə əşyaların bir qrupunun çeşidlə bağlı tələblərə cavab vermədiyinə istinad etmişdir.

33. Beləliklə, məhkəmə cavabdehin çeşidlə bağlı etirazlarını da əsaslı hesab etmir.

34. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

35. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

36. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

37. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

38. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

39. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

40. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

41. Məhkəmə 01 noyabr 2024-cü il tarixli təhvil-təslim aktına, əmlakların 1 ədədinin dəyərini təşkil edən məbləğə və ödəniş sənədlərinə əsasən müəyyən edir ki, xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 168917 manat (3550 ədəd teleskopik dirəyin dəyəri: 3550 ədəd *33 manat=117150 manat + 21087 manat ƏDV + 2000 kv.m iskələnin (ayaqaltı) dəyəri: 2000 kv.m*13 manat =26000 manat + 4680 manat ƏDV) dəyərində əmlak hazırlanaraq cavabdehə təhvil verilmiş, cavabdeh ƏDV olmaqla ümumilikdə 100 368,37 manat ödəniş etmişdir.

42. Lakin iddiaçı iddianın faktiki əsası kimi 3250 ədəd teleskopik dirəyin təhvil verildiyini, 107780,06 manat ödənişin edildiyini göstərir. Belə olan halda iddia ilə tələb olunan 46454,94 manat məbləğin (3250 ədəd teleskopik dirəyin dəyəri: 3250 ədəd *33 manat=107250 manat + 19305 manat ƏDV + 2000 kv.m iskələnin (ayaqaltı) dəyəri: 2000 kv.m*13 manat =26000 manat + 4680 manat ƏDV; cəmi əmlakların dəyəri: 157235 manat (107250+19305+26000+4680); cəmi əmlakların dəyəri 157235 manat- ödəniş məbləği 107780,06 manat) əsaslı olduğu müəyyən edilir.

43. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

44. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 25 iyul 2023-cü il tarixli müqavilə üzrə 49454,94 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı X2 ödənilməlidir. b) Məhkəmə xərcləri ilə bağlı

45. İddiaçı 217 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin də cavabdehdən tutulmasını xahiş etmişdir.

46. Məhkəmə mədaxil qəbzinə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 216 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.

47. İş materiallarında olan ödəniş tapşırığı və icra qeydindən görünür ki, 42 nömrəli müqavilə əsasında 300 manat iddiaçı tərəfindən Bakı şəhəri 7 saylı vəkil bürosunun hesabına ödənilmişdir (xx.xx.2025-ci il tarixli ******* nömrəli orderdə göstərilən müqavilə - 42).

48. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

49. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

50. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

51. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 300 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

52. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Beləliklə, yuxarıda göstərilənləri və iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 216 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı X2 ödənilməlidir.

V. Nəticə:

54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə 49454,94 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı X2 ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 216 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı X2, dövlət rüsumunun əvəzi olaraq 22 manat məbləğində pul Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar