Məhkəmə qərarları › İş №e-2-2(113)-3271/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3271/2024

02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3271/2024 02.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, öhdəliklərin lazımınca icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, XM-15/11/23 saylı xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən ödənilməmiş 93978 manat və dövlət rüsumuna görə ödənilmiş 371,93 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 94349,93 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023cü il tarixli, XM-15/11/23 saylı xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin tələblərinə əsasən sifarişçi icraçıya dəmir qəlib və betonlama xidmətləri göstərməyi, sifarişçi isə icraçıya müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətdə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirilərək xidmətlər icra edilsə də, sifarişçi tərəf öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. Belə ki, ikitərəfli təsdiq edilmiş aktlara, təqdim edilmiş elektron qaiməfakturalara, eləcə də son xidmətlərin cavabdeh tərəfindən aktı təsdiq edilməsindən imtina edilmiş hissəsinə əsasən ümumilikdə 93978 manat borc mövcuddur. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, elektron vergi sistemi və elektron məhkəmə informasiya sistemi vasitəsilə pretenziya məktubları ünvanlanaraq müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmiş, lakin cavabdeh hazırkı tarixədək ödənişləri etməkdən yayınmışdır.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, xx.xx.2023-cü il tarixli, XM-15/11/23 saylı xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən ödənilməmiş 89589,32 manat məbləğində, eləcə də dövlət rüsumuna görə ödənilmiş 358 manat və vəkilə hüquqi yardıma görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 90247,32 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 752.1, 756.1-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya dair mülahizə (etiraz) təqdim edilmişdir. Mülahizə onunla əsaslandırılmışdır ki, iş üçün kifayət qədər əhəmiyyətli olan sübutların məcmusundan görünür ki, iddia təmin edilə bilməz. Belə ki, İddiaçı ilə “X6-Tikinti” MMC ilə aralarında müqavilənin olması inkar olunası deyildir. Qəbul edilməyən məqam isə iddaçı tərəfindən tələb edilən əsassız məbləğdir. Cavabdeh MMC-nin Şirvan şəhərində tikiləcək yüksək mərtəbəli yaşayış binasında dəmir qəlib və betonlama işləri üzrə 15 noyabr 2023cü il tarixli iddaçı İddiaçı ilə yanaşı X3 ilə 16 dekabr 2023-cü il tarixli xidmət müqavilələri olmuşdur. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, XM- 15/11/23 saylı xidmətlərin göstərilməsi haqqında müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət akt ilə müəyyənləşir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 01də qiymət razılaşma protokolunda qeyd edilir. 01 saylı müqaviləyə əlavədən görünür ki, dəmir qəlib işlərinin 1kv 12 manat müəyyən edilmişdir. 03 aprel 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı Cavabdeh MMC-yə işləri yerinə yetirmədiyi (yarımçıq) üçün 15611 manat dəyərində zərər vurmuş, həmin aktı imzalamaqdan boyun qaçırmaqla yanaşı ümumilikdə 10000 manata yaxın vəsaiti isə artıqlaması ilə almışdır. İdda ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünən odur ki, iddaçı iddiasına əsas ola biləcək heç bir sənəd məhkəməyə təqdim etməmiş, yalnız Cavabdeh MMC-yə göndərilmiş (akta istinad olunmayan) qaimələrlə iddiasını əsaslandırmışdır. Lakin belə olan halda tərəflərin xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtləri pozulmuşdur. Əgər həqiqətən iddiaçı iddia tələbində haqlıdırsa, nə üçün əsas gətirməklə hazırda istəmiş olduğu vəsaitin təsdiqinə dair xx.xx.2023-cü il tarixli, XM-15/11/23 saylı xidmətlərin göstərilməsi haqqında müqavilənin 1.2-ci bəndinə əsasən təsdiq aktına deyil, qaimə və naryadlara istinad edir. İddiaçı 02 aprel 2024-cü il tarixində No-01/79 saylı məktub göndərilərək bildirilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, XM-15/11/23 saylı xidmətlərin göstərilməsi haqqında müqavilədə (6.1) nəzərdə tutulan xidməti vaxtında və lazımınca icra etmədiyi üçün müqaviləyə xitam verilmişdir. Həmçinin İddiaçı qanuna zidd hərəkətləri ilə bağlı 08 aprel 2024-cü il tarixində No 01-Y-85 saylı məktubla Şirvan şəhər polis şöbəsinə müraciət olunmuş, tikintidə işləmiş işçilərin dövlət əhəmiyyətli obyektdə yığışaraq kütləvi iğtişaşlarının qarşısının alınması üçün İddiaçı ödəməli olduğu vəsait tam olaraq ödənilmişdir. Həmin ödənişlərə və digər əsaslara dair sübutlar təqdim edilmişdir. Göründüyü kimi, İddiaçı iddia tələbi tam əsassız olduğu üçün rədd edilməlidir.

6. Cavabdehin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh MMC ilə aralarında müqavilənin olması inkar olunası deyildir. Qəbul edilmiyən məqam isə iddaçı tərəfindən tələb edilən əsassız məbləğdir. "xxxx" MMC-nin Şirvan şəhərində tikiləcək yüksək mərtəbəli yaşayış binasında dəmir qəlib və betonlama işləri üzrə 15 noyabr 2023-cü il tarixli iddaçı İddiaçı ilə yanaşı, X3 ilə 16 dekabr 2023-cü il tarixli xidmət müqavilələri olmuşdur. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, XM-15/11/23 saylı xidmətlərin göstərilməsi haqqında müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət akt ilə müəyyənləşir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 01-də qiymət razılaşma protokolunda qeyd edilir. 01 saylı müqaviləyə əlavədən görünür ki, dəmir qəlib işlərinin 1kv 12 manat müəyyən edilmişdir. 03 aprel 2024-cü il tarixli aktdan görünür ki, İddiaçı Cavabdeh MMC-yə işləri yerinə yetirmədiyi (yarımçıq) üçün 15611 manat dəyərində zərər vurmuş, həmin aktı imzalamaqdan boyun qaçırmaqla yanaşı, ümumilikdə 10000 manata yaxın vəsaiti isə artıqlaması ilə almışdır. İdda ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünən odur ki, iddaçı iddiasına əsas ola biləcək heç bir sənəd məhkəməyə təqdim etməmiş, yalnız Cavabdeh MMC-yə göndərilmiş qaimələrlə iddiasını əsaslandırmışdır. Lakin belə olan halda tərəflərin xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtləri pozulmuşdur. Əgər həqiqətən iddiaçı iddia tələbində haqlıdırsa, nə üçün əsas gətirməklə hazırda istəmiş olduğu vəsaitin təsdiqinə dair xx.xx.2023-cü il tarixli, XM-15/11/23 saylı xidmətlərin göstərilməsi haqqında müqavilənin 1.2-ci bəndinə əsasən təsdiq aktına deyil, qaimə və naryadlara istinad edir. İddiaçı 02 aprel 2024-cü il tarixində №-01/79 saylı məktub göndərilərək bildirilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, XM-15/11/23 saylı xidmətlərin göstərilməsi haqqında müqavilədə (6.1) nəzərdə tutulan xidməti vaxtında və lazımınca icra etmədiyi üçün müqaviləyə tərəfimizdən xitam verilmişdir. Həmçinin İddiaçı qanuna zidd hərəkətləri ilə bağlı 08 aprel 2024-cü il tarixində № 01-Y-85 saylı məktubla Şirvan şəhər polis şöbəsinə müraciət olunmuş, tikintidə işləmiş işçilərin dövlət əhəmiyyətli obyektdə yığışaraq kütləvi iğtişaşlarının qarşısı alınması üçün İddiaçı ödəməli olduğu vəsait tam olaraq ödənilmişdir. Həmin ödənişlərə və digər əsaslara dair sübutlar təqdim edilmişdir . Göründüyü kimi İddiaçı iddia tələbi tam əsassız olduğu üçün rədd edilməlidir. Tədqiq olunan sübutlar:

7. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

9. Cavabdehin nümayəndələri Qanuni nümayəndə və X2 məhkəmə iclasında iddiaya dair mülahizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

10. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 15 noyabr 2023-cü il tarixli XM-15/11/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi dəmir qəlib və betonlama işləri üzrə xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada təmir-tikinti işləri üzrə xidmətləri göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı (və ya aktları) ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 01-də qiymət razılaşdırma protokolunda qeyd edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi sifarişçi tərəfindən verilir; 3.1.3-cü bəndinə əsasən göstərilmiş xidmətin dəyərini ödəmək sifarişçinin vəzifələrinə aid edilmişdir; 4.2-ci bəndinə əsasən hazırki Müqavilə üzrə hesablaşmalar elektron qaimə və hesab fakturaya əsasən bank hesabına köçürmə yolu ilə həftəlik olaraq həyata keçirilir. 6.4-cü bəndinə əsasən sifarişçi göstərilən xidmətin dəyərini icraçıya ödəməyə borcludur.

11. 15 noyabr 2023-cü il tarixli XM-15/11/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləyə 1 saylı əlavəyə əsasən dəmir qəlib işlərinin 1 m2 dəyəri 12 manat olaraq müəyyən edilmişdir.

12. İddiaçı tərəfindən məhkəməyə görülən işlərlə bağlı naryad adlı sənədlər təqdim edilmişdir.

13. İddiaçı tərəfindən məhkəməyə müqavilə üzrə görülən işlərlə bağlı Cavabdeh MMC-yə göndərilən elektron qaimələr təqdim edilmişdir.

14. xx.xx.2024-cü il tarixdə bir qrup şəxs tərəfindən Cavabdeh MMC-yə ərizə ilə müraciət olunaraq bildirilmişdir ki, İddiaçı tərəfindən onların əmək haqqı ödənilmir. Ona görə də əmək haqlarının birbaşa Cavabdeh MMC tərəfindən ödənilməsini xahiş etmişlər.

15. Cavabdeh MMC tərəfindən tərtib edilmiş görülən işlərin və ödənişlərin üzləşmə cədvəlində qeyd edilmişdir ki, görülmüş işlərin dəyəri 145608,32 manat, VÖEN ilə ödənilən məbləğ 84891,8 manat, kartla ödənilən məbləğ 70657,95 manat olmuş və 9941 manat məbləğində artıq ödəniş edilmişdir. Akt cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

16. İddiaçı bank hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçıya ümumilikdə 56019 manat məbləğində ödəniş edilmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

19. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 15 noyabr 2023-cü il tarixli XM-15/11/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə (podrat müqaviləsi) bağlanmış, tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İcraçı müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirsə də, sifarişçi müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, iddiaçıya borcu yaranmışdır.

20. İddia tələbini 15 noyabr 2023-cü il tarixli XM-15/11/23 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən cavabdehdən 89589,32 manat borcun tutulması təşkil edir.

21. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında 15 noyabr 2023-cü il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilənin bağlanması, həmin müqavilə üzrə görülən işlərin ümumi dəyərinin 145608,32 manat olması (cavabdeh tərəfindən təqdim edilmiş görülən işlərin və ödənişlərin üzləşmə cədvəlində cavabdehin özü tərəfindən təsdiq olunmuşdur) işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı görülən işlərin dəyərinin bir hissəsinin ödənilmədiyini iddia etsə də, cavabdeh görülən işlərin dəyərinin tam şəkildə ödənildiyini bildirmişdir.

22. Cavabdehin nümayəndəsi izahatında müqavilə üzrə görülən işlərinin dəyərini təşkil edən 145608,32 manat məbləğin bir hissəsinin iddiaçının bank hesabına, digər hissəsinin isə iddiaçının işçilərinə əmək haqqı kimi ödənildiyini qeyd etmişdir. Cavabdehin nümayəndəsi eyni zamanda bildirmişdir ki, həmin işçilər iddiaçının işçiləri olsa da, iddiaçı ilə əmək müqavilələri bağlanmadığından əmək müqavilələri həmin işçilərlə Cavabdeh arasında bağlanmışdır.

23. İddiaçı tərəfindən onun bank hesabına ödənilən məbləğ (56019 manat) qəbul edilsə də, qalan məbləğ ödənilməmiş, cavabdeh qalan məbləğin işçilərə əmək haqqı kimi ödənildiyini bildirmiş, iddiaçı isə bununla razılaşmayaraq, cavabdehin müqavilə öhdəliyini pozduğunu, müqavilə üzrə ona ödənilməyən qalıq borcun cavabdehdən tutulmasını xahiş etmişdir.

24. Əvvəla, qeyd olunmalıdır ki, tərəflər hazırkı halda azad surətdə müqavilə bağlayaraq, həmin müqaviləin məzmununu, qarşılıqlı şəkildə hüquq və vəzifələri müəyyənləşdirmiş, qarşılıqlı surətdə öz üzərlərinə öhdəliklər götürmüşlər.

25. Qanunvericilik normalarından da göründüyü kimi, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır.

26. Hazırkı halda cavabdeh tərəfindən öhdəlik icranı qəbul etməyə ixtiyarı çatan şəxsin xeyrinə icra olunmayıb və bu icra ilə bağlı iddiaçının razılığı olmayıb. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən göstərilmiş xidmətin dəyərini ödəmək sifarişçinin, yəni cavabdehin vəzifələrinə aid edilmişdir və 6.4-cü bənddə deyilir ki, sifarişçi göstərilən xidmətin dəyərini icraçıya, yəni iddiaçıya ödəməyə borcludur. Ona görə də haırkı halda öhdəlik lazımi qaydada icra edilmiş hesab edilə bilməz.

27. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdehndən xx.xx.2023-cü il tarixli, XM-15/11/23 saylı “Xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən 89589,32 manat (145608,32-56019=89589,32) məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır.

28. Eləcə də, iddiaçı 300 (üç yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 358 (üç yüz əlli səkkiz) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

29. Məhkəmə hesab edir ki, 300 (üç yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 358 manat (üç yüz əlli səkkiz) pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən xx.xx.2023-cü il tarixli, XM-15/11/23 saylı “Xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən 89589,32 manat (səksən doqquz min beş yüz səksən doqquz manat otuz iki qəpik) borc, 300 (üç yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 358 (üç yüz əlli səkkiz) manat olmaqla, ümumilikdə 90247,32 manat (doxsan min iki yüz qırx yeddi manat otuz iki qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar