Məhkəmə qərarları › İş №e-2-2(113)-6644/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6644/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6644/2025 22.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh İB-yə qarşı “borcun silinməsi və öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonet saldosu; akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı2 Cavabdeh İB-yə qarşı “borcun silinməsi və öhdəliyin qoyulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı2 (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi və öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti 11 ünvanındakı yerləşən qeyri-yaşayış sahəsinə qaz sayğacın quraşdırılması və 1977,10 manat əsassız borc məbləğin hesab kodundan (kod: **********010) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti 11 n ünvanındakı (abonent kodu **********010) yerləşən qeyri-yaşayış sahəsindəki sayğacı aparılmışdır və indiyənədək yerinə qaytarılmamışdır. Bundan başqa xx.xx.2023-cü il tarixli ******* nömrəli aktla 1977,10 (min doqquz yüz yetmiş yeddi manat 10 qəpik) manat əsassız olaraq təbii qaz borcu yazılmışdır. (Aktın surəti iddia ərizəsinə əlavə olunur). Məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindənBakı şəhəri, Nərimanov rayonu, X1 prospekti 11 n ünvanındakı yerləşən qeyriyaşayış sahəsinə qaz sayğacın quraşdırılması və 1977,10 (min doqquz yüz yetmiş yeddi manat 10 qəpik) manat əsassız borc məbləğin hesab kodundan (kod: **********010) silinməsi barədə qətnamə qəbul edilməsinin xahiş edirəm. Belə ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti 11 n ünvanındakı (abonent kodu **********010) yerləşən qeyri-yaşayış sahəsinə qaz sayğacı quraşdırılmış və iddiaçıya abonent kodu verilmişdir. Lakin sonradan həmin ünvanda quraşdırılmış qaz sayğacı cavabdeh Birliyin əməkdaşları tərəfindən çıxarılmış və yenisi quraşdırılmamışdır. Göründüyü kimi, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə təbii inhisar subyekti olan qaz paylayıcısı hesabına həyata keçirilməli olduğundan, həmçinin qanunvericiliyinin tələbinə əsasən təbii inhisar subyektlərinin təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqlarından cavabdeh istehlakçıya münasibətdə qanunsuz tələblər irəli sürməklə öz öz öhdəliyini pozmuşdur. Qeyd etmək istəyirəm ki, Cavabdeh işciləri tərəfindən qanusuzluqlara yol verilmişdir. Belə ki, sayğaca dair heç bir müdaxilə olmayıb, plomb sayğacın üzərində olub, sayğacda hec bir qüsür olmayıb. Belə ki, Cavabdeh İB-yi tərəfindən mənə əsassız borc yazılarkən heç bir rəsmi məlumat verilməmişdir. Akt tərtib olunarkən Cavabdeh İB-yi tərəfindən mənə heç bir rəsmi məlumat verilməmiş və mənim imzam olmadan yazılmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus sayğac iddiaçının məlumatı və icazəsi olmadan 2023-cü ildə çıxarılmış, iddiaçının tələblərinə baxmayaraq qeyri-yaşayış sahəsinə sayğac həmin tarixdən sonra quraşdırılmamışdır.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, 110 n ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.

8. Dəymiş ziyanın bərpasına dair 13 sentyabr 2023-cü il tarixli tələbnaməyə əsasən G- 6 markalı qaz sayğacının normal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 6480 m3 əlavə sərfiyyat hesablanmışdır.

9. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 31 iyul 2023cü il tarixli akta əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus sahəyə baxış keçirilmiş, 6480 m3 dəymiş ziyan hesablanmışdır.

10. İddiaçıya məxsus abonent haqqında məlumata əsasən cavabdeh tərəfindən iddiaçıya 2018-ci ilin mart ayında 172 manat, 2023-cü ilin iyul ayında 1620 manat, ümumilikdə 1792 manat aktlar əsasında borc hesablanmışdır.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.3-cü bəndinə əsasən Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə MSK 14-2-2/3-5-5875-02 akta əsasən G6 markalı Smart kart tipli Qeyri-əhali qaz sayğacına 10 iyul 2023-cü il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın istifadəyə yararsız olduğu müəyyən olunmuşdur.

12. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus sahədə xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixə qədər keçiriləcək yoxlama qeydiyyata alınmışdır.

13. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

14. Belə ki, iddia iki hissədən ibarətdir: 1. 1977,10 manat borcun silinməsi; 2. iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə qaz sayğacın quraşdırılması.

15. Məhkəmə iddia ərizəsini birinci hissədə qismən əsaslı hesab edir.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

17. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.

18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

20. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

21. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

22. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

23. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

24. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

25. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

26. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

27. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.

28. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır.

29. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

30. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamalarınn nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.

31. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən 2018-ci ilin mart və 2023-cü ilin 26 iyul tarixlərində aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq iddiaçıya 1792 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.

32. Belə olan halda, həmin yoxlamaların (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 1792 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından həmin yoxlamaların hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamaların nəticəsi olaraq hesablanmış həmin borc da əsaslı hesab edilə bilməz.

33. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus sahədə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər keçiriləcək yoxlama qeydiyyata alınmış, hazırkı mübahisələndirilən borcların yaranmasına əsas olmuş yoxlamalar isə həmin tarixlərdə həyata keçirilməmişdir.

34. İddiaçı iddia tələbində 1977,10 manat məbləğində əsassız hesablanmış borc məbləğinin silinməsini xahiş etsə də, materiallara əlavə olunmuş abonent saldosundan görünür ki, cavabdeh tərəfindən aktlar əsasında iddiaçıya ümumilikdə 1792 manat məbləğində borc hesablanmış, qalan mübahisələndirilən borc isə iddiaçıya sayğac göstəricilərinə əsasən hesablanmış sərfiyyat borcudur.

35. Məhkəmə araşdırması zamanı qalan borcun silinməsi üçün əsaslar müəyyən edilməmişdir.

36. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış 1792 manat borc məbləği cavabdeh tərəfindən həyata keçirilmiş yoxlamalar əsasında hesablandığından və həmin yoxlamalar qanunvericiliyə uyğun olaraq həyata keçirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesablanmış borcun silinməsi hissəsində qismən əsaslıdır.

37. Məhkəmə iddia tələbini ikinci – iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə qaz sayğacın quraşdırılması hissəsində də əsaslı hesab edir.

38. Materiallardan görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus sahəyə baxış keçirilmiş, sayğacın zədəli olması müəyyən edilmiş, çıxarılaraq laborator müayinəyə göndərilmiş, qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə xx.xx.2023-cü il tarixli akta əsasən sayğacın yararsız olması müəyyən edilmişdir. İddiaçıya məxsus sahəyə yeni qaz sayğacının quraşdırılması isə materiallarla müəyyən edilmir.

39. “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Agentlik tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır.

40. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

41. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

42. Məhkəmə qeyd edir ki, cavabdehlə müqavilə bağlayıb təbii qaz alıb dəyərini ödəməyi üzərinə götürmüş iddiaçı hazırda ona məxsus sahəyə çıxarılmış sayğacın əvəzinə yenisinin quraşdırılmasını cavabdehdən tələb etməklə haqlıdır.

43. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qaz sayğacının quraşdırılması və iddiaçıya əsassız olaraq hesablanmış 1792 (bir min yeddi yüz doxsan iki) manat borcun silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti 11 ünvanında yerləşən qeyri-yaşayış binasına qaz sayğacının quraşdırılması və İddiaçı2 (abonent kodu: **********010) əsassız olaraq hesablanmış 1792 (bir min yeddi yüz doxsan iki) manat borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdeh İB-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar