Məhkəmə qərarları › İş №e-2-2(113)-715/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-715/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-715/2023 03.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri X4 və X3, Cavabdeh “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” X15 nümayəndələri X6 və X2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” X9rşı 24 iyun 2022-ci il tarixli Xidmətlər üzrə Satınalma müqaviləsindən irəli gələn 17198.50 manatın, bank təminatı üzrə tutulmuş 413.49 manatın və mediasiya sessiya üçün ödənilmiş 200 manat pul məbləğinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 24 iyun 2022-ci il tarixli Xidmətlər üzrə Satınalma müqaviləsindən irəli gələn 17198.50 manatın, bank təminatı üzrə tutulmuş 413.49 manatın və mediasiya sessiya üçün ödənilmiş 200 manat pul məbləğinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 24 iyun 2022-ci il tarixində “Xidmətlər üzrə Satınalma müqaviləsi” Sifarişçinin 2021-ci il maliyyə hesabatlarının beynəlxalq audit standartlarına əsasən kənar auditinin aparılması və minaaxtaran itlərin qiymətləndirilməsi xidmətlərinin satın alınması üçün İcraçının 17198.50 manat məbləğində kotirovka təklifini qəbul etməsi barədə bağlanılmışdır. Müqavilə üzrə xidmətlərin icrası üçün cavabdeh tərəfindən təqdim edilməsi tələb edilən sənədlərin iddiaçıya təqdim edilməsi mütəmadi gecikdirilmiş, tələb edilən məlumatlar və sənədlər barəsində cavabdehə həm şifahi, həm keçirilən görüşlər zamanı, həm də şirkətə aid rəsmi e-mail adresləri üzərindən yazılı olaraq dəfələrlə müraciət edilmişdir. Bunlara cavab kimi gecikmə səbəbi olaraq bildirmişdir ki, “hal-hazırda X1 yoxlaması aparıldığından maliyyə hesabatlarının beynəlxalq audit standartlarına əsasən kənar auditinin aparılması üçün gərəkli olan sənədləri təqdim edə bilmirlər”. Eyni zamanda, Hesablama Palatasının 2022ci ilin iş planına uyğun olaraq həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə cavabdehin xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan hesabat dövrlərindəki fəaliyyəti əhatə olunaraq bir sıra pozuntular aşkarlanmışdır. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-cı il və xx.xx.2022-ci il tarixlərdə verilmiş yazılı sorğularına xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il, xx.xx.2022, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində geri dönüş edilmiş və tələb edilən məlumatlar natamam təqdim edilmiş və ya ümumiyyətlə təqdim edilməmişdir. Habelə, müqavilə üzrə ikinci xidmət olan minaaxtaran itlərin qiymətləndirilməsinin keçirilməsi üçün tələb edilən şəraitin yaradılması üçün şifahi və xx.xx.2022-ci il tarixli sonuncu yazılı sorğu təmin edilməmişdir. Hər hansı bir formada geri dönüş edilməmişdir. Bütün bu gecikmələr audit şirkəti olaraq bu layihə üzrə ayrılmış əməkdaşların layihə üzrə nəzərdə tutulandan artıq zaman sərf etməsinə, zaman itkisi yaşamalarına, layihənin vaxtında təhvil verilməsinin gecikməsinə səbəb olmuşdur. Tərəflər arasında imzalanmış Müqavilənin 5.6-cı maddəsinə əsasən Sifarişçi müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və İcraçıya vaxtında çatdırılmasına təminat verir. Nəticə olaraq tələb edilən məlumatlar nəinki gecikdirilərək, həmçinin natamam şəkildə təqdim edilmişdir. Bütün bu gecikmələr və natamamlıqlar audit şirkəti olaraq daha artıq zaman itkisi və bunun nəticəsi olaraq maddi itkiyə məruz qalmasına baxmayaraq audit yoxlaması keçirməkdən imtina etməmişlər və profesionallığını qoruyaraq məlumatların təqdim edilmə ardıcıllığına uyğun olaraq xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixində ilkin və xx.xx.2022-ci il tarixində yekun “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun hazırlanmış maliyyə hesabatları və müstəqil auditorların rəyi” adlı sənəd Sifarişçiyə təqdim edilmişdir. Həmin sənəddə xx.xx.1997-ci il tarixli 92 saylı Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən təsdiq edilmiş “Auditorun yekun sənədləri”nin İİ.7. maddəsinə əsasən audit rəyinin bir forması kimi rəy verilməsindən imtina edilmişdir. Buna cavab olaraq Sifarişçi heç bir əsas olmadan şifahi şəkildə öz etirazını bildirmiş və iddiaçıya təzyiq göstərərək müsbət rəy tələb etmişlər. İddiaçı tərəfindən Sifarişçinin 2021-ci il maliyyə hesabatlarının vəziyyətinin “Audit xidməti haqqında” qanun, beynəlxalq audit standartlarının tələbləri çərçivəsində müsbət rəyə uyğun olmadığını bildirmişlər. Qeyd olunan əsassız və saxta rəyin verilməsindən imtina edildiyi üçün Sifarişçi müqavilə üzrə ödənişləri etməmişdir. xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixində yenidən ödənişlərlə əlaqədər sənədlərin Sifarişçiyə göndərilməsinə baxmayaraq, ödəniş edilməsindən rəsmi imtina edilmişdir. Müqavilənin 13-cü, 14-cü maddələrinin və Müqavilənin Xüsusi Şərtlərinin 2-ci maddəsinin tələblərinə əsasən Sifarişçi digər hüquqlara ziyan vurmadan xidmətdə hər hansı qüsurlar gördükdə İcraçıya dərhal yazılı bildiriş verməli və qüsurların aradan qaldırılması üçün 10 günlük müddət gözləməli idi. Lakin xidmətin bütün icra müddəti ərzində Sifarişçi tərəfindən hər hansı irad bildirilməmişdir. Bu bir daha Sifarişçinin əsassız olaraq ödəniş etmək öhdəliyindən boyun qaçırdığını sübut etməkdədir. YUB-XO- 28.062022-001 nömrəli, xx.xx.2022-ci il tarixli Bank qarantiyasına əsasən İcraçıdan əsassız olaraq 413.49 manat (əsas məbləğ 343.79 manat və verilmiş qarantiya məbləği üzrə 70 manat məbləğində komissiya haqqı) pul məbləği tutulmuşdur. Bundan sonra, Sifarişçiyə xx.xx.2022-ci il tarixli “borc məbləğinin tələb edilməsi barədə” Pretenziya məktubunun göndərilməsinə və məktubun onlar tərəfindən rəsmi qaydada əldə edilməsinə baxmayaraq, bugünədək borc məbləği iddiaçıya ödənilməmişdir. Həmçinin, Xidmətlər üzrə Satınalma müqaviləsinin 20.2-ci bəndinə əsasən, Sifarişçiyə xx.xx.2022-ci il tarixində “Mediasiya prosesinin tətbiqi barədə” təklif göndərilmişdir. Həmin təklifə əsasən xx.xx.2022-ci il tarixində Bakı 9 saylı Mediasiya təşkilatına müraciət ərizəsi təqdim olunmuşdur. İlkin mediasiya sessiyasının xx.xx.2022-ci il, saat 15:30-da təyin edilməsinə baxmayaraq, Sifarişçi üzrsüz səbəbdən prosesdə iştirak etməmişdir. 160 nömrəli, xx.xx.2022-ci il tarixli Ödəniş tapşırığına əsasən 9 saylı Mediasiya təşkilatına 200 manat məbləğində ödəniş edilmişdir. Yuxarıda qeyd olunduğu kimi Sifarişçi ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanılmış Agentliyin 2021-ci il maliyyə hesabatlarının beynəlxalq audit standartlarına əsasən kənar auditinin aparılması və minəaxtaran itlərin qiymətləndirilməsi xidmətlərinin satın alınması məqsədilə 2022-ci il 24 iyun tarixli 2022/EKS-08 nömrəli satınalma müqaviləsinin 11.2-ci maddəsinə əsasən icraçı müqavilə üzrə xidmətləri 2022-ci ilin avqust ayının 01-dək yerinə yetirib sifarişçiyə təhvil verməli idi. Müqavilə üzrə işlərin icrası üçün Cavadeh tərəfindən İddiaçıya, müqavilə imzalandığı gün, Agentliyin inzibati binasında lazımi şəfait yaradılmış və maliyyə hesabatlarının kənar auditinin keçirilməsi üçün bütün lazımi sənədlər təqdim edilmişdir. İddiaçı tərəfindən «Azərbaycan - Respublikasının Minatəmizləmə Agentliyinin maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatları və müstəqil auditorların rəyi» adlı xx.xx.2022-ci il tarixli sənəd təqdim edilmiş və sənəddə əsassız olaraq rəy verilməsindən imtina edilmişdir. Rəydən imtinanın səbəbləri kimi iddiaçı tərəfindən göstərilmişdir ki, əmlak, tikili və avadanlıqların 31 dekabr 2021 və 1 yanvar 2021 -ci il tarixlərinə qalıq dəyərləri müvafiq olaraq 21,476,817 AZN və 6,236,893 AZN olmuşdur. Agentlik “Aktivlərin Qiymətdən düşməsi” adlı 36 saylı MUBS-un tələbinə görə 31 dekabr 2021-ci il tarixinə əmlak, tikili və avadanlıqların qiymətdən düşmə yoxlamasını həyata keçirməmişdir. Nəticədə, Agentliyin əmlak, tikili və avadanlıqları ilə əlaqədar hər hansı tənzimlənmənin lazım olub olmadığını müəyyən edə bilmədi. Cavabdeh isə bildirmişdir ki, “Azərbaycan Respublikasının Minatəməziləmə Agentliyi” Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2021 -ci il tarixli 1251 nömrəli Fərmanı ilə yaradılmış və 2021-ci ilin may ayına kimi olan dövr üçün qiymətləndirici şirkət cəlb edilməklə Agentliyin Əmlak, tikili və avadanlıqlarının qiymətləndirilməsi həyata keçirilmişdir. Məhz, ötən ilin may ayınadək olan dövr üçün əmlak, tikili və avadanlıqların qiymətləndirilməsinin həyata keçirilməsi, 2021-ci ilin may-dekabr ayları ərzində alınmış əmlak, tikili və avadanlıqların isə yeni olması səbəbindən izafi xərclərin yaranmaması üçün 2021-ci ilin sonuna qiymətdən düşmə yoxlamasının keçirilməsinə ehtiyac duyulmamışdır. Agentliyin əsas fondlarının qiymətləndirilməsinə dair hesabat, həmçinin may-dekabr ayları ərzində yeni alınmış əmlak, tikili və avadanlıqlar barədə mühasibat uçotuna dair bütün təsdiqedici sənədlər audit qrupuna təqdim edilmişdir. Bu da onu deməyə əsas verir ki, kənar audit qrupu tərəfindən təqdim edilmiş müvafiq sənədlərə baxılmamış və ya düzgün nəzərdən keçirilməmişdir. İddiaçı göstərmişdir ki, Agentliyin auditoru kimi hesabat tarixindən sonra təyin edilmişdir və buna görə də 31 dekabr 2021-ci il tarixinə mal-material ehtiyatlarının fiziki inventarizasiyasını müşahidə edə bilməmişdir. Digər audit prosedurlarını tətbiq etməklə 31 dekabr 2021-ci il və 1 yanvar 2021-ci il tarixlərinə ilkin maliyyə vəziyyəti haqqında hesabatda müvafiq olaraq, 3,422,255 AZN və 7,420,839 AZN məbləğlərində göstərilmiş mal-material ehtiyatlarının kəmiyyətlərinə dair əminlik əldə edə bilməmişdir. Cavabdeh isə bildirmişdir ki, iddiaçının hesabat tarixindən sonra Agentliyin kənar auditoru təyin edilməsi hüquqi baxımdan heç bir ziddiyyət yaratmır. Məhz hesabat dövrü bitdiyi üçün maliyyə hesabatlarının kənar auditinin həyata keçirilməsi üçün iddiaçını dəvət etmişlər. İddiaçıya da məlumdur ki, audit və qiymətləndirmə xidmətlərinin satın alınması üçün Agentlik tərəfindən satınalma proseduru həyata keçirilmiş və iddiaçıya da məlum olan səbəblərə görə satınalma prosedurunun yekunlaşdırılması müəyyən vaxt almışdır. İddiaçı tərəfindən satınalma müqaviləsi üzrə kənar audit xidmətlərinin göstərilməsinə hesabat dövrünün bitməsinin aidiyyəti yoxdur. Nəticə olaraq sifarişçi və icraçı arasında ikitərəfli müqavilə imzalanmışdır və icraçı sifarişçi qarşısında öhdəliklər götürmüşdür. Maliyyə hesabatlarının təqdim edilmə müddətinin bitməsinə görə məsuliyyəti sifarişçi daşıyır. İddiaçı tərəfindən işlərin vaxtında və lazımi qaydada görülməməsi bu müddətin daha da uzanmasına səbəb olmuşdur. Agentlik tərəfindən mal-material ehtiyatlarının inventarizasiyası 2021-ci ildə həyata keçirilmiş və müvafiq sənədlər audit qrupuna təqdim edilmişdir. İnventarizasiya 2021-ci ildə həyata keçirilmiş, satınalma müqaviləsi isə xx.xx.2022-ci ildə bağlanılmışdır. Nə iddiaçı, nə də hər hansı başqa auditor təşkilatının fiziki cəhətdən inventarizasiya prosedurunda iştirakı əlbəttə ki, mümkün deyildir. İddiaçı tərəfindən Agentliyin maliyyə-təsərrüfat fəaliyyətinin auditi yox, maliyyə hesabatlarının kənar auditinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Cavabdehlə iddiaçı arasında imzalanmış 2021-ci il 24 iyun tarixli 2022/EKS-08 nömrəli satınalma müqaviləsinin 2.1 və 2.2-ci bəndlərinə əsasən audit keçirilən zaman fiziki inventarizasivanın keçirilməsinin müşahidə edilməsi barədə cavabdehin heç bir tələbi olmamışdır. İddiaçı göstərmişdir ki, debitor borcları və digər alınacaq vəsaitlərin 31 dekabr 2021 və 1 yanvar 2021-ci il tarixlərinə qalıq dəyərləri müvafiq olaraq 23,712,783 AZN və 866,846 AZN olmuşdur. Debitor borcları və digər alınacaq vəsaitlərə dair kifayət qədər audit sübutu əldə edə bilməmişdir. Nəticədə, Agentliyin debitor borcları və digər alınacaq vəsaitləri ilə əlaqədar hər hansı tənzimlənmənin lazım olub olmadığını müəyyən edə bilməmişdir. Cavabdeh isə bildirmişdir ki, Agentliyin debitor və kreditor borcları barədə təsdiqedici sənədlər audit qrupuna təqdim edilmişdir. Audit qrupu tərəfindən yoxlama keçirilən dövr ərzində hesabat dövrü üçün Agentliyin aidiyyəti struktur bölməsi tərəfindən təqdim edilmiş sənədlərin yetərli olub-olmadığı barədə hər hansı irad bildirilməmişdir. Bundan başqa, debitor borclar və digər alınacaq vəsaitlər ilə bağlı audit sübutunun əldə edilməməsi halı olduğu təqdirdə, audit qrupunun tam səlahiyyəti var ki, debitor və kreditorlara müvafiq sorğular ünvanlasın və lazımi məlumatları əldə etsin. İddiaçı tərəfindən bu barədə də heç bir tədbir görülməmişdir. İddiaçı göstərmişdir ki, ilkin mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında hesabatda göstərilən 7,458,385 AZN məbləğində digər zərərə dair kifayət qədər audit sübutu əldə edə bilməmişlər. Nəticədə, ilkin maliyyə hesabatlarına hər hansı düzəlişlərin olub olmadığını müəyyənləşdirə bilməmişdir. Cavabdeh isə bildirmişdir ki, Agentliyin aidiyyəti struktur bölməsi tərəfindən 2021-ci il üzrə bütün mühasibatlıq sənədləri auditor qrupuna təqdim edilmişdir. Yoxlama zamanı audit qrupu tərəfindən təqdim edilən sənədlərə dair hər hansı irad bildirilməmişdir. 2021-ci il üçün mənfəət və zərər hesabatı Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə təqdim edilmiş və Xidmət tərəfindən hər hansı irad bildirilməmişdir. Cavabdehlər iddiaçı arasında imzalanmış 2022-ci il 24 iyun tarixli 2022/EKS-08 nömrəli satınalma müqaviləsinin 11.2-ci bəndinə əsasən iddiaçı tərəfindən maliyyə hesabatlarının auditinin aparılması xx.xx.2022-ci il tarixində yekunlaşdırılmalı idi. Dəfələrlə iddiaçıya müqavilə üzrə öhdəliklərinin tam icra edilməsi barədə şifahi xəbərdarlıq (telefon vasitəsilə) edilmişdir. Şirkətin rəhbərliyi tərəfindən işlərin xx.xx.2022-ci il tarixində yekunlaşdırılacağı bildirilsə də, auditi aparan əməkdaş Fərid Rzayev xx.xx.2022-ci il tarixindən Agentliyə gəlməmişdir. Elə həmin gün Agentliyin Mühasibatlıq və əsas vəsaitlərlə iş şöbəsinin baş mütəxəssisi Sevinc Əliverdiyeva tərəfindən Fərid Rzayevə zəng edilmiş və işlərin icra vəziyyəti barədə məlumat istənilmişdir. Fərid Rzayev əməkdaşa işdən çıxdığını və xaricə getdiyini bildirərək, auditin yekunları ilə bağlı heç bir məlumat verməmişdir. X12 mühasibatlıq sənədlərini və onun üçün ayrılmış otağın açarını təhvil verməmiş, sonradan isə iddiaçı tərəfindən otağın açarı xx.xx.2022-ci il tarixində kuryer vasitəsi ilə möhürlənməmiş konvertdə Agentliyə göndərilmiş və bu günə kimi təqdim olunmuş mühasibatlıq sənədləri Agentliyin Mühasibatlıq və əsas vəsaitlərlə iş şöbəsinə təhvil verilməmişdir. İddiaçı tərəfindən cavabdehə təqdim olunan audit aparacaq qrupun tərkibi barədə sənədlərin içərisində audit menecerlər Cəmil Qarayev, Rəşad Sultanov, audit üzrə mütəxəssis İsa Alıyev, auditorlar Sona Zərbəliyeva, Gövhər Haqverdiyevə qeyd edilməsinə baxmayaraq, adı çəkilən əməkdaşların heç biri auditin aparılması prosesində iştirak etməmiş, Agentliyə bu siyahıda adı qeyd olunmayan Fərid Rzayev göndərilmişdir. Qeyd olunan əsassız səbəblərə görə maliyyə hesabatlarına rəy verilməsindən imtina edilmişdir ki, bu da iddiaçı tərəfindən işlərin tamamlanmamasından irəli gəlir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə əsasən Auditorlar və auditor təşkilatları öz vəzifələrini lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikası qanunvericiliyinə və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq əmlak məsuliyyətinə cəlb edilə bilərlər. İddiaçı tərəfindən minaaxtaran itlərin qiymətləndirilməsi xidməti ümumiyyətlə icra olunmamışdır. xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən “işlərin görülməsi” barədə elektron qaimə təqdim edilmiş, lakin işlər icra olunmadığı üçün cavabdeh tərəfindən qaimə-faktura geri qaytarılmışdır. Elə həmin tarixdə iddiaçı tərəfindən əməkdaşın rəsmi mail adresi ilə minaaxtaran itlərin qiymətləndirilməsi üçün itlərin siyahısı və yerləşmə məkanlarının bildirilməsi barədə sorğu göndərilmişdir. Beləliklə, İddiaçı tərəfindən yerinə yetirilməyən işə görə elektron qaimə təqdim edilmişdir. Halbuki müvafiq xidmətlər avqust ayının birinədək icra edilməli idi. Bu isə müqavilə üzrə öhdəliklərin nədən ibarət olmasından xəbərdar olmadıqlarını və ya müqavilənin icrası üçün lazımi tədbirlər görülmədiyini deməyə əsas verir. Satınalma müqaviləsinin 11.2-ci maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin 2022-ci ilin avqust ayının sonunda başa çatması, həmçinin müqavilənin 18-ci bəndinə əsasən icraçı tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməməsi səbəbindən Agentlik tərəfindən müqavilə ləğv edilmişdir. Göstərilməmiş xidmətlərə görə rəsmiləşdirmənin həyata keçirilməsi əmtəəsiz əməliyyatın aparılmasını şərtləndirir ki, bu hal ciddi qanun pozuntusudur və yolverilməzdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbindən cavabdehin 2021-ci il üzrə maliyyə hesabatları üzrə kənar auditor rəyi alınmamış, aidiyyəti qurumlara (Maliyyə Nazirliyi və Hesablama Palatası) hesabatların təqdim edilməsi gecikdirilmişdir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddiaya etiraz edərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz edərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 24 iyun 2022-ci il tarixli 2022/EKS-08 nömrəli Xidmətlər üzrə satınalma müqaviləsindən görünür ki, Sifarişçi “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” PHŞ-in 2021-ci il maliyyə hesabatlarının beynəlxalq audit standartlarına əsasən kənar auditinin aparılması və minaaxtaran itlərin qiymətləndirilməsi xidmətlərinin satın alınması üçün icraçının 17198.50 manat məbləğində kotirovka təklifini qəbul etmişdir. İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” PHŞ-in 2021-ci il maliyyə hesabatlarının beynəlxalq audit standartlarına əsasən kənar auditinin aparılması və minaaxtaran itlərin qiymətləndirilməsi xidmətlərini yerinə yetirərək Sifarişçiyə təhvil verilməsini, Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında xidmətlərin icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdələrinə götürmüşlər. Qiymətlərin razılaşdırılması protokolundan görünür ki, 24 iyun 2022-ci il tarixli 2022/EKS-08 nömrəli müqavilə üzrə xidmətlərin qiyməti 17198.50 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli EBCC seriyalı 153668 saylı elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 17198.50 manat dəyərində xidmətlərin göstərilməsinə dair elektron qaimə təqdim edilmişdir. E-mail yazışmalarından müəyyən olunur ki, iddiaçı tərəfindən audit hesabatı cavabdehə təqdim edilmişdir. Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı tərəfindən cavabdehə ünvanlanmış 1520LG220628 saylı Bank qarantiyası məktubundan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə hüquqi şəxs olan İddiaçı QSC (bundan sonra «Prinsipal» adlandırılacaq) ilə Azərbaycan Respublikasının qanunvericiliyinə görə hüquqi şəxsi olan AR Minatəmizləmə Agentliyi PHŞ (bundan sonra «Benefisiar») arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/EKS 08 saylı xidmətlər üzrə satınalma Müqaviləsinə əsasən Prinsipal qeyd edilmiş Müqavilə üzrə 2021-ci il maliyyə hesabatlarının beynəlxalq audit standartlarına əsasən auditinin aparılması və minaaxtaran itlərin qiymətləndirilməsi xidmətlərinin satınalınması üçün Benefisiar qarşısında təmin etmək məqsədilə Benefisiara bank qarantiyasını təqdim etməyi öz öhdəsinə götürmüşdür. ASC «Xalq» Bankı (bundan sonra «Qarant» adlandırılacaq) təsdiq edir ki, Prinsipalın Müqavilə üzrə Benefisiar qarşısında olan öhdəliklərinin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə üınumi məbləği 343.79 manat olan Qarantiya məktubunu təqdim etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Həmin Məcəllənin 479-cu maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. Qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Auditor rəyinin vahid formasını və onun tərtib edilməsində irəli sürülən tələbləri Auditorlar Palatası Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq tələblərini nəzərə almaqla müəyyən edir. Azərbaycan Respublikası Auditorlar Palatasının 22 dekabr 1997-ci il tarixli 63A nömrəli əmr ilə təsdiq edilmiş “Auditorun yekun sənədləri”nin 1-ci bəndinə əsasən bu standartın məqsədi - auditin rəsmiləşdirilməsi üçün lazım olan yekun sənədlərin mahiyyətini, məzmununu və formasını, onların tərtib və tətbiq olunması, saxlanılması qaydalarını müəyyən etməkdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 24 iyun 2022-ci il tarixli 2022/EKS-08 nömrəli Xidmətlər üzrə satınalma müqaviləsi bağlanmış və müqaviləyə əsasən Sifarişçi “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” PHŞ-in 2021-ci il maliyyə hesabatlarının beynəlxalq audit standartlarına əsasən kənar auditinin aparılması və minaaxtaran itlərin qiymətləndirilməsi xidmətlərinin satın alınması üçün icraçının 17198.50 manat məbləğində kotirovka təklifini qəbul etmişdir. İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” PHŞ-in 2021-ci il maliyyə hesabatlarının beynəlxalq audit standartlarına əsasən kənar auditinin aparılması və minaaxtaran itlərin qiymətləndirilməsi xidmətlərini yerinə yetirərək Sifarişçiyə təhvil verilməsini, Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında xidmətlərin icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdələrinə götürmüşlər. Müqavilə üzrə xidmətlərin qiyməti 17198.50 manat müəyyən edilmişdir. İddiaçı xidmətlərin qiyməti 17198.50 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən audit rəyi cavabdehə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında 24 iyun 2022-ci il tarixli 2022/EKS-08 nömrəli Xidmətlər üzrə satınalma müqaviləsi bağlanılmış və qeyd olunan müqaviləyə əsasən iddiaçı tərəfindən audit rəyi cavabdehə təqdim edilmişdir. Audit rəyinin cavabdehə təqdim edildiyi sübut qismində təqdim edilmiş e-mail yazışmaları ilə təsdiq edilir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazında da iddiaçı tərəfindən “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatları və müstəqil auditorların rəyi” adlı sənəd təqdim edildiyi göstərilmişdir. Həmçinin cavabdeh tərəfindən iddia ərizəsinə etirazda iddiaçı tərəfindən “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatları və müstəqil auditorların rəyi” adlı sənəd təqdim edilməklə rəy verilməsindən imtina olunmuşdur qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, rəy verilməkdən imtina olunması audit rəyinin bir növüdür. Belə ki, Azərbaycan Respublikası Auditorlar Palatasının 22 dekabr 1997-ci il tarixli 63A nömrəli əmr ilə təsdiq edilmiş “Auditorun yekun sənədləri”nin “Auditor rəyləri” bölməsinin İİ. “Auditor rəyinin növləri” hissəsinin 7-ci bəndinə əsasən rəy şərtsiz müsbət, şərti müsbət, mənfi ola bilər və ya auditor maliyyə hesabatı haqqında rəy verməkdən imtina edir və özünün nəticələrini başqa hesabat formasında rəsmiləşdirir. Şərtsiz müsbət rəy təkmilləşdirilmiş və ya tamamlanmış da ola bilər. Auditor maliyyə hesabatı haqqında rəy verməkdən o halda imtina edir ki, auditin sübutlarının çatışmazlığı ilə əlaqədar olaraq bu aspektlərdə başqa audit prosedurları ilə aradan qaldıra bilmədiyi qeyri-müəyyənliklər mövcud olur və göstərilən hallar ümumilikdə işin vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir və maliyyə vəziyyətini təhrif edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya təqdim olunmuş sənədlər əsasında iddiaçı tərəfindən auditor yoxlaması aparılmış və nəticədə maliyyə hesabatı haqqında rəy verməkdən imtina barədə rəy verilmişdir ki, bu da Azərbaycan Respublikası Auditorlar Palatasının 22 dekabr 1997-ci il tarixli 63A nömrəli əmr ilə təsdiq edilmiş “Auditorun yekun sənədləri”nin tələblərinə uyğun olmuşdur. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci və “Müqavilənin xüsusi şərtləri”nin 2-ci bəndlərinin tələblərinə əsasən iddiaçı tərəfindən yerinə yetirilmiş xidmətlər müqavilədə göstərilmiş şərtlərə uyğun olmadığı halda, cavabdehin aşkar olunan qüsurların iddiaçı tərəfindən aradan qaldırılmasını tələb etmək hüququ olduğu halda bu hüququndan da istifadə etməsi iş materialları ilə müəyyən olunmur. Cavabdehin audit rəyinin verilməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və müqavilənin ona verdiyi hüquqlardan istifadə etməməsi belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə əsasən sifariş verilmiş audit rəyi iddiaçı tərəfindən cavabdehə təqdim edilməklə audit rəyinin verilməsi xidmətləri göstərilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı audit rəyinin verilməsi xidmətinin dəyərindən başqa, minaaxtaran itlərin qiymətləndirilməsi xidmətinin dəyərinin də ödənilməsini tələb edir. Lakin iddiaçı tərəfindən göstərilən xidmətin yerinə yetirilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən xidmət üzrə təmin oluna bilməz. İş materiallarında olan Qiymətlərin razılaşdırılması protokolundan göründüyü kimi minaaxtaran itlərin qiymətləndirilməsi xidmətinin haqqı ƏDV-siz 1575 manat müəyyən edilmişdir. Göstərilən xidmət haqqının ƏDV-si 283,5 manat (1575x18%), ümumilikdə sözügedən xidmətə görə xidmət haqqı 1858,5 manat təşkil etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, minaaxtaran itlərin qiymətləndirilməsi xidmətinə aid hissədə yuxarıda göstərilənlərə əsasən iddia təmin olunmadığından, həmin xidmətə görə xidmət haqqı məbləği tələb olunan 17198.50 manat məbləğdən çıxılmaqla qalan 15340 manat hissəsində iddia qismən təmin olunmalıdır. İddiaçı iddia tələbində bank təminatı üzrə tutulmuş 413.49 manatın ödənilməsini tələb etsə də, iş materiallarında olan 1520LG220628 saylı Bank qarantiyası məktubundan göründüyü kimi cavabdehin xeyrinə bank təminatı üzrə 343.79 manat tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İş üzrə dövlət rüsumu məbləğinin 142,84 manat olmasını, iddiaçı tərəfindən mediasiya xərcinə görə 200 manat ödənilməsinin tələb edilməsini, iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 89,05 faizini təşkil etdiyini nəzərə aldıqda, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 60,27 manat (200 manat (mediasiya xərci) – 15,64 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 184,36 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 24 iyun 2022-ci il tarixli Xidmətlər üzrə Satınalma müqaviləsinə əsasən 15340 manat, bank təminatı üzrə tutulmuş 343,79 manat və mediasiya xərcinə görə 184,36 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 24 iyun 2022-ci il tarixli Xidmətlər üzrə Satınalma müqaviləsinə əsasən 15340 manat, bank təminatı üzrə tutulmuş 343,79 manat və mediasiya xərcinə görə 184,36 manat “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” X13 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar