Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1434/2022 22.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 İB-nin nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh1nə qarşı “xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 52268 m3 və onun dəyəri olan 10453,60 manat debitor borcun **********0180 nömrəli abonent hesabından silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İsmayıllı rayon 16-cı kvartalda yerləşən "xxxx" MMC-yə məxsus kərpic zavoduna xidmət edən müəssisədən kənarda Qaz İxrac İdarəsinin ərazisində yerləşən qaz sayğacının yoxlanılması məqsədilə Cavabdeh1 İB tərəfindən xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında sayğac çıxarılaraq laboratoriyaya göndərilmiş, çıxarılan sayğacın əvəzinə müvəqqəti sayğac quraşdırılmışdır. Çıxarılmış sayğacın yoxlanılması zamanı sayğacın xx.xx.2020-xx.xx.2021-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təyziq P=2,06 bar qaz həcmi qeydə alınmış, sayğacın impuls ötürücüsünün nasazlığı səbəbindən elektron göstəricinin mexaniki göstəricidən 23866 m3 az olması müəyyən edilərək qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 29/1640-00483 nömrəli akt tərtib edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi və Azəriqaz İB-nin Metrologiya Departamentinin baş mühəndisi tərəfindən təsdiq edilmişdir. Bundan sonra Cavabdeh1 nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixdə istehlakçı zavodun nümayəndəsinin iştirakı ilə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması ilə bağlı ******* nömrəli akt tərtib edilmişdir. Uçotu aparılmayan qaz həcmi hesablanaraq ПР 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsilə ölçmələrin aparılması metodikasına uyğun olaraq mexaniki hissədən qaz həcmi 23866 m3, əmsal 2,19 qəbul edilməklə 23866 x 2.19 = 52267 + 1 (göstərici fərq) = 52268 m3 (10453,60 manat) müəyyən edilmişdir. İddiaçı "xxxx" MMC akt əsasında hesablanmış borcun əsassız olması ilə bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, İsmayıllı şəhəri 16-ci kvartalda yerləşən "xxxx" MMC artıq bir neçə ildir ki, kərpic istehsalı ilə məşğuldur. İstifadə olunan sayğac göstəricilərinə uyğun olaraq hər ay təqdim olunan bildiriş əsasında qaz sərfiyyatına görə yaranmış borc vaxtı-vaxtında ödənilmişdir. Cavabdehlə aralarında qaz təchizatı ilə bağlı və qaz pulunun ödənilməsi ilə bağlı heç bir problem olmamışdır. "xxxx" MMC-nin istifadəsində olmuş və qaz xətti üzərinə quraşdırılmış G250 markalı 80109643 nömrəli turbin tipli “ELSTER” qaz sayğacı xx.xx.2021-ci il tarixdə xətdən çıxarılmış və xx.xx.2021-ci tarixdə Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlamasına göndərilmişdir. Qaz sayğacı çıxarılarkən sayğacın bütövlülüyü pozulmamış, bütün möhürlər üzərində olmuşdur. Eyni zamanda qaz sayğacı cavabdeh təşkilatın mühafizə olunduğu xüsusi ərazidə yerləşir. Cavabdeh təşkilat tərəfindən dövlət yoxlamasının rəyinə əsasən Metrologiya Departamenti sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanması barədə xx.xx.2021-ci il tarixli 29/1640-00483 nömrəli aktına əsasən G-250 markalı 80109643 nömrəli sayğacda guya korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 23866 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı göstərilmişdır. Beləliklə, uçotu aparılmayan təbii qazın həcmi hesablanaraq istehlakçılara təhvil verilən qazın həcmi standart şəraitdə təzyiq 1,01325 bar və temperatur 293.15 (20*C) olmaqla hesablanmışdır. ПР 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına uyğun olaraq mexaniki hissədən keçən qaz həcminin 23866 m3 x 2.19=52267+1 (göstərici fərqi) = 52268 m3 itirilmiş qaz və həmin miqdarda təbii qazın dəyəri olan 10453,60 manat müəssisənin **********0180 saylı abonent hesabına əsassız olaraq işlənmişdir. Hesab edir ki, qaz sayğacının elektron hissəsinin keçən qazın həcminin düzgün qeyd etməməsi müəssisənin günahı deyildir. Sayğacın o vəziyyətdə işləməsi barədə hər hansı məlumatı olmamışdır. Qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə məsuliyyət bütövlükdə cavabdehin üzərindədir. Bundan başqa nəzərə alınmalıdır ki, qaz sayğacı xüsusi mühafizə olunan ərazidə yerləşir və həmin əraziyə yalnız cavabdehin əməkdaşları daxil ola bilirlər. Bundan başqa, cavabdehin nümayəndələri hər sayğac göstəricilərini götürüb müəsissəyə hesab təqdim edirmişlər və o hesaba uyğun ödənişlər aparılmışdır. Əgər sayğacda nasazlıq olsaydı dərhal məlumatları olmalı idi. Sonuncu hesab təqdim edildikdən bir neçə ay sonra müəsissəyə bildirmişlər ki, sayğac düz hesablamamış və əlavə olaraq 10453,60 manat pul ödəməlidir. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi cavabdeh təşkilat 2019-cu ildən istifadədə olan G250 markalı 80109643 nömrəli turbin tipli ELSTER qaz sayğacının xx.xx.2019-xx.xx.2021 ci il ərzində hesabladığı qaz həcmini təkrarən özlərinin müəyyən etdiyi əmsala vuraraq müəsissəyə əlavə 10453,60 manat manat məbləğində borc hesablamışlar. Belə bir hesablama düsturu və hüququ hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir. Bununla da kiçik sahibkarların müflisləşməsinə səbəb olurlar. Aktlar müəsissənin iştirakı olmadan tərtib olunmuşdur. Halbuki, aktlar tərtib olunarkən müəssənin iştirakı təmin edilməmişdir. Digər bir məsələ isə, hər ay qaz paylayıcının nümayəndəsi kərpic zavodun qaz sayğacına və daşıyıcı qaz xəttinə baxış keçirərək 1 aylıq qaz sərfiyyatının məbləği barədə bildirişi müəsissəyə verir. Qaz paylayıcının nümayəndəsi hər ay ardıcıl olaraq bu işi gördüyü halda necə olur ki, müəsissənin istifadəsində olan sayğacda qüsuru görmür. Hesablanma qaydasının bu cür aparılmasının hansı normativ hüquqi aktda öz əksini tapdığı dəymiş ziyanın bərpasına dair tələbnamədə öz əksini tapmamışdır. Təbii ki, heç bir hüquqi sənədə əsaslanmayan subyektiv mülahizələrə əsaslanan hesablanma qaydası şişirdilmiş qanunsuz borcun hesablanmasına şərait yaratmışdır. Abonent saldosuna nəzər salanda 2021-ci ildən ilk akt yazılan dövrə qədər, yəni xx.xx.2021-ci ilə kimi istifadələrində iki qaz sayğacı olmuş və qazdan istifadəyə görə yaranmış borc demək olar ki, əvvəlki illərin müvafiq ayları ilə münasibətdə eyniyyət təşkil edir. Bu da dolayısı ilə onu göstərir ki, istifadəsində olan sayğac tam saz vəziyyətdə olmuşdur. Bundan başqa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra-qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azəriqaz İB elektron kabinet vasitəsilə iddia tələbinə etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin Cavabdeh1 İB-nə xx.xx.2022-ci il tarixə 36904,56 manat borcu vardır. İddiaçı cəmiyyət tərəfindən mübahisə edilən məbləğ isə 10453,60 manat təşkil edir. Həmin məbləğin silinməsi ilə bağlı "xxxx" MMC-nin iddia tələbində göstərilən hallar tamamilə əsassızdır. Həmin məbləğ real təbii qazdan istifadə borcudur və tam şəkildə ödənilməlidir. xx.xx.2021-ci il tarixində ”Azəriqaz” X1 RQİİ-nin İsmayıllı Xidmət Sahəsinin əməkdaşları "xxxx" MMC-nin qaz sayğacını onların özlərinin nümayəndəsinin iştirakı ilə dövlət yoxlamasına göndərmək üçün açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2021-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Müəssisədən açılmış Turbo-G 250 markalı, 80109643 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2022-ci il tarixli SS 29/1640-00483 nömrəli akta əsasən sayğacın daxilinin çirkli olduğu, göstəricilər arasında fərq olduğu,xx.xx.2020 xx.xx.2021-cu il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=2.06 bar qaz həcminin qeydə alınmadığı göstərilmişdir.Təzyiq borusunda sızma olmadığı, temperatur və təzyiq çeviricilərinin normal olduğu, impuls ötürücünün nasazlığı səbəbindən elektron göstəricinin mexaniki göstəricidən 23866 m3 az olduğu qeyd edilmişdir. Azəriqaz İB tərəfindən tərtib edilmiş qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında akta əsasən xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh1 İB-nə göndərilmişdir. Həmin akta əsasən Cavabdeh1 İB –nin istehlakçılara satılan qaza nəzarət şöbəsində 30 iyun 2021-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək iddiaçı cəmiyyətin İsmayıllı XS-nin abonent bazasındakı **********00180 nömrəli abonent koduna 52268 m3 – 10453,60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. "xxxx" MMC-nin abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi səbəbindən itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin əsassız olması səbəbindən rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(117)-159/2021 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, "xxxx" MMC-yə məxsus kərpic zavodunda Cavabdeh1 İB-nin nümayəndələri tərəfindən aparılmış yoxlama nəticəsində zavoda məxsus sayğacın daxilinin çirkli olması, göstəricilər arasında fərq olması müəyyən edilərək xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və akt əsasında 10168 manat borc hesablanmışdır. "xxxx" MMC iddia tələbi ilə məhkəməyə müraciət edərək akt əsasında hesablanmış 17183 manat borcun hesabından silinməsi xahiş etmiş, məhkəmə icraatı zaman Cavabdeh1 İB qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi və 41324,20 manat borcun və 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli e-2-2(117)- 159/2021 nömrəli qətnaməsi "xxxx" MMC-nin Cavabdeh1 İB-nə qarşı 17183 manat borcun silinməsi tələbinə dair ilkin iddiası rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən 27642,20 manat borc və 20,03 manat dövlət rüsumunun tutularaq Cavabdeh1 İB-nə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən verilən apelyasiya və kassasiya şikayətləri Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(107)-75/2021 nömrəli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2022ci il tarixli 2-2(102)-53/2022 nömrəli qərarı ilə təmin edilməmişdir. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçının silinməsini arzu etdiyi borcun 10168 manat hissəsi qaz sayğacının mexaniki hissəsinin qeydə aldığı, elektron hissəsinin isə qeydə almadığı istehlak olunmuş təbii qazın dəyəri, digər hissə isə istehlak olunmuş təbii qazın sayğac göstəricisinə uyğun dəyəridir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, hüquqi şəxs olaraq cavabdehə qarşı hazırki iddianı qaldırmışlar. İddiada onlara qarşı əsassız olaraq hesablanan 10453,60 manat borcun silinməsini xahiş edirlər. Bundan əvvəldə hesablanmış 17000 manat borca görə başqa oxşar iddia qaldırmışlar. Lakin iddiaları uğursuz olmuşdur. Eyni məsələ ilə bağlı yenə sayğacda yoxlama aparılmış və yenidən borc hesablanmışdır. Onlar bu borcu da qəbul etmirlər. Ona görə ki, onlar qaz üzrə mütəxəssis deyillər. Bu səbəbdən sayğacda olan nasazlığı aşkar edə bilmirlər. Sayğacın yoxlanıldığı labarotoriya isə “Socara” məxsusdur. Hesab edir ki, cavabdeh də “Socar”ın tərkibndə olduğuna görə cavabdehin xeyrinə rəy verilmişdir. Bu səbəbdən borc əsassız hesablanmışdır. İddianın təmin oolunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi verdiyi izahatında bildirdi ki, iddianı qəbul etmirlər sayğac iddiaçıya məxsusdur və iddiaçı istənilən vaxt onu yenisi ilə əvəz edə bilər. Onlar o zaman sayğacın dəyişilməsi haqqında göstəriş verirlər ki, sayğac işlək vəziyyətdə olmasın. Hazırda sayğac işləkdir, lakin qazın sərfiyyatını düzgün hesablamır. Qaz sayğacı müəssisədən kənarda Qaz İxrac İdarəsinin həyətində yerləşir. Oraya isə ayda 1 dəfə iddiaçının nümayəndəsi ilə birlikdə göstəricilərə baxış keçirilmək üçün gedilir. Lobaratoriya və Azəriqaz Socarın tərkibindədir. Əlavə olaraq bildirmək istəyir ki, onlar sayğaca texniki qulluq da göstərmişlər. Onu təmizləyib işlək vəziyyətə gətirmişlər. Labaratoriya zamanı aşkarlanan 23866 kub qaz sərfiyyatı respublikada qüvvədə olan qaz standartlarına uyğun 2.19 əmsalına vurulmaqla 52267 kub qaz sərfiyyatına çatmış bu da mövcud qiymətlə hesablandıqda 10453,60 manat hesablanmışdır. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Proses iştirakçıları tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: aktlar, tələbnamə, Abonentin saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İlk öncə məhkəmə iddiaçının cavabdeh tərəfindən aparılmış yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə daxil olması və vahid məlumat reyestrində qeydiyyata alınmalı olması barədə iddia dəlilinə münasibətdə onu qeyd edir ki, iddiaçının da bildirməsinə görə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə (kərpic zavoduna) xidmət edən qaz sayğacı qeyri-yaşayış sahəsindən kənarda (iddia ərizəsində 5 km aralıda yerləşməsi qeyd olunmuşdur) Qaz İxrac İdarəsinə aid ərazidə yerləşdiyindən ona keçirilmiş baxış və ya yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə daxil deyildir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. İddiaçıya xidmət edən qaz sayğaçının iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən təqribən 5 km aralıda Qaz İxrac İdarəsinə aid ərazidə yerləşməsi iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilmir və hər iki tərəfin izahatı ilə təsdiq olunaraq işin mübahisəsiz halıdır. Bundan başqa iddianın hüquqi əsasında qiymət verən məhkəmə qeyd edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Əvvəla məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydalara 3 nömrəli əlavə ilə müəyyən olunmuş müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2021-ci il tarixidə ”Azəriqaz” İB-nin Ağsu RQİİ-nin İsmayıllı XS-nin əməkdaşları "xxxx" MMC-nin qaz sayğacını cəmiyyətin nümayəndəsinin iştirakı ilə dövlət yoxlamasına göndərmək məqsədilə açaraq götürmüş, bununla bağlı xx.xx.2021-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Müəssisədən açılmış Turbo-G 250 markalı 80109643 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2022-ci il tarixli SS 29/1640-00483 nömrəli akta əsasən sayğacın daxilinin çirkli olduğu, göstəricilər arasında fərq olduğu, xx.xx.2020 - xx.xx.2021-cu il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütlləq təzyiq P=2.06 bar qaz həcminin qeydə alınmadığı göstərilmişdir. Təzyiq borusunda sızma olmadığı, temperatur və təzyiq çeviricilərinin normal olduğu, impuls ötürücünün nasazlığı səbəbindən elektron göstəricinin mexaniki göstəricidən 23866 m3 az olduğu qeyd edilmişdir. Azəriqaz İB tərəfindən tərtib edilmiş qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında akta əsasən xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh1 İB-nə göndərilmiş, həmin akta əsasən Cavabdeh1 İB –nin istehlakçılara satılan qaza nəzarət şöbəsində 30 iyun 2021-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək iddiaçı cəmiyyətin İsmayıllı XS-nin abonent bazasındakı **********00180 nömrəli abonent koduna 52268 m3 – 10453,60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Göründüyü kimi, iddiaçıya xidmət edən sayğacın işlək vəziyyətdə saxlanılmasına özü cavabdehlik daşımasına baxmayaraq iddiaçı cəmiyyətə xidmət edən sayğacda qüsur aşkar edilərək mübahisə predmeti olan borc hesablanmışdır. Hesablanmış borc akt əsasında hesablanmış cərimə deyil, iddiaçının istehlak etdiyi qazın dəyəridir. Məhkəmə baş vermiş qüsurda iddiaçı cəmiyyətin təqsirli olub-olmamasına münasibətdə qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliklə müəyyən edilmiş qaydada sayğacın işlək vəziyyətdə saxlanılmasına görə sayağacın kənarda yerləşməsinə baxmayaraq hüquqi şəxs birbaşa cavabdehlik daşıdığı üçün sayğacda baş verən xətalara, nöqsanlara görə də məsuliyyəti iddiaçı daşıyır və sayğacın müəssisədən aralıda yerləşməsi onu bu məsuliyyətdən azad etmir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, "xxxx" MMC-yə məxsus kərpic zavodunda Cavabdeh1 İB-nin nümayəndələri tərəfindən daha əvvəl də aparılmış yoxlama nəticəsində zavoda məxsus sayğacın daxilinin çirkli olması, göstəricilər arasında fərq olması, yəni hazırki iş üzrə göstərilən nöqsanlar müəyyən edilərək xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və akt əsasında 10168 manat borc hesablanmışdır. "xxxx" MMC iddia tələbi ilə məhkəməyə müraciət edərək akt əsasında hesablanmış 17183 manat borcun hesabından silinməsi xahiş etmiş, məhkəmə icraatı zaman Cavabdeh1 İB qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi və 41324,20 manat borcun və 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli e-2-2(117)-159/2021 nömrəli qətnaməsi "xxxx" MMC-nin Cavabdeh1 İB-nə qarşı 17183 manat borcun silinməsi tələbinə dair ilkin iddiası rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən 27642,20 manat borc və 20,03 manat dövlət rüsumunun tutularaq Cavabdeh1 İB-nə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən verilən apelyasiya və kassasiya şikayətləri Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(107)- 75/2021 nömrəli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-2(102)-53/2022 nömrəli qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi, iddiaçıya məxsus, onun mülkiyyəti hesab olunan qaz sayğacının qüsurlu olması əvvəlki məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış, iddiaçı zavoda əvvəl hesablanan borc məhkəmə tərəfindən mübahisələndirilərkən borcun əsaslı hesablanması istər birinci, istər apelyasiya, istərsə də kassasiya instansiyası məhkəməsinin araşdırmasında öz təsdiqini tapmış, buna baxmayaraq iddiaçı yenə həmin sayğacın qüsurlu olmadığını və ya özünün təqsirini olmadığını əsas gətirərək sonrakı dövr üçün hesablanan borcu mübahisələndirmişdir. Bundan başqa itirilmiş qazın dəyərinin hesablanması qaydası barədə iddiaçının iddia dəlilinə qiymət verən məhkəmə qeyd edir ki, uçotu aparılmayan qazın həcmi barədə cavabdeh tərəfindən hesablama ПР 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsilə ölçmələrin aparılması metodikasına uyğun olaraq aparılmış və mexaniki hissədən qaz həcminin 23866 m3, əmsal 2,19 qəbul edilməklə 23866 x 2.19 = 52267 + 1 (göstərici fərq) = 52268 m3 (10453,60 manat) olması müəyyən edilmişdir. Bundan əlavə hesablanma Azəriqaz İB tərəfindən deyil, qaz sayğacına baxış keçirməklə yoxlamanı aparılmış müvafiq laboratoriya tərəfindən həyata keçirilmişdir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən qanunvericiliyə tələbinə uyğun olaraq aparılmış yoxlama zamanı iddiaçı hüquqi şəxsin cavabdehlik daşıdığı qaz sayğacında qüsur aşkar edilməklə həmin qüsur əsasında tərtib edilmiş akt əsasında hesablanmış borc iddiaçı tərəfindən ödənilməlidir. Belə olan halda iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan Dövlət rüsumu haqqında Qanuna əsasən iddianın qiymətinə uyğun dövlət rüsumu 121,36 manat təşkil edir ki, iddia tələbi rədd edildiyindən həmin məbləğ iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh1nə qarşı “xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 52268 m3 və onun dəyəri olan 10453,60 manat debitor borcun **********0180 nömrəli abonent hesabından silinməsi” tələbinə dair iddia rədd edilsin. Ödənilməmiş 121,36 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-dən dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1434/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1434/2022
22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver