Məhkəmə qərarları › İş №e-2-2(117)-414/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-414/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-414/2020 28.10.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, X2, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, X2 Cavabdehnə qarşı “cavabdeh tərəfindən **********0040 nömrəli qaz hesabında adına əsassız qeydə alınmış 865 manat borcun silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Cavabdeh nümayəndələri tərəfindən xx.xx.2020-ci il tarixdə fiziki şəxs (fərdi sahibkar) İlqar Qaffarovun istifadəsində olan, Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış uçot dəstinə yoxlama aparılmış, yoxlama zamanı sayğacın zavod nömrəsi olan lövhənin yararsız olması, plasmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik cızıq izlərinin olması, xətaların normaya uyğun olmadığı müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. Bundan sonra itirilmiş qaz 4320 m3 olmaqla dəyəri 864 manat məbləğində müəyyən edilərək abonent İlqar Qaffarova dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, fiziki şəxs kimi 11 saylı X7 xx.xx.2006-cu il tarixdə vergi ödəyicisi (VÖEN: **********) kimi qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ona məxsus qeyri yaşayış sahəsinin təbii qazla təmin edilməsi üçün təlimata uyğun şəkildə Cavabdehnə müraciət edərək lazımı sənədləri hazırlamışdır. Bundan sonra aralarında alqı-satqı müqaviləsi bağlanılmaqla təbii qaz təchizatı həyata keçirilmişdir. Aylıq istifadə olunan qazın dəyəri təqdim edilən hesab faktura əsasında tam şəkildə ödənilməkdədir və heç bir borcu olmamışdır. Lakin xx.xx.2020-ci ildə verilən 1889 saylı hesab faktura da qeyri yaşayış sahəsinin 864 manat borc olduğu göstərilmiş, həmin borc da ödənilmədiyi halda sahənin qaz təminatı dayandırılacaqdır. Yerli qaz idarəsi ilə əlaqə saxlayarkən onlara, qeyri yaşayış sahəsinin bir neçə ay öncə sökülən sayğacın yoxlama zamanı qaz itkisi olduğu müəyyən edildiyi və bu səbəbdən cəriməyə əsasən borc yarandığı bildirilmişdir. ********** saylı vergi qeydiyyatında olan sahibkar kimi bugünə kimi təşkilatla borcla bağlı heç bir anlaşılmamazlıq olmamışdır, hər ay da ödənişlər edilmişdir. Ona görə 865 manat qeyri müəyyən olan borcla bağlı araşdırma aparılaraq hesabında dürüstləşmə aparılması üçün məhkəməyə qədər xx.xx.2020-ci il tarixli ərizə ilə Cavabdehnə müraciət etmiş, lakin həmin borc silinməmişdir. 864 manat borcun olması tamamilə qeyri müəyyəndir və araşdırma zərurəti vardır. Cavabdeh xx.xx.2020-ci il tarixdə elektron kabinet vasitəsilə etirazla məhkəmə müraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, fiziki şəxs X3 Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Qeyd edim ki, iddiaçı fiziki şəxs X6 məxsus qeyri-yaşayış sahəsinin (xidmət) **********00040 saylı qaz hesabında xx.xx.2020ci il tarixə 864 manat borc vardır, həmin borcun 1 manat hissəsi hazırda istismarda olan qaz sayğacının göstəricisinə əsasən və 864manat hissəsi isə itirilmiş təbii qazın həcminə görə müəyyən edilən borc məbləğidir və iddiaçı məhz həmin hissə də olan borc məbləğini mübahisələndirməkdədir. Belə ki, Cavabdeh” İB-nin mütəxəssisləri tərəfindən fiziki şəxs X6 məxsus qeyri-yaşayış sahəsində istismara verilmiş G-4T markalı ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlamasından keçirilməsi üçün ünvanından xx.xx.2020-ci il tarixdə açılmış və yerində əvəzedici sayğac quraşdırımışdır. Sözügedən sayğac xx.xx.2020-ci il tarixdə X1 müayinəsi laboratoriyasında baxış keçirilmiş və sayğaca baxış zamanı onun zavod nömrə olan lövhəsinin yararsız olması, plasmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik cızıq işlərinin olduğu, xətaların normaya uyğun olmadığı müəyyən edilmişdir. Bu barədə qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında 29/1640-01111-1 saylı akt tərtib edilmişdir. Bundan sonra mövcud istismarda olan qaz cihazları nəzərə alınmaqla təbii X5 pozulması haqqında xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş, lakin istehlakçı aktı imzalamaqdan imtina etmişdir. Zaqatala RQİİ-nin dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnaməsi ilə qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın həcmi 4320 m3 və ya onun pul dəyəri olan 864 manat həcmində müəyyən edilmiş və hazırkı iddiaçıdan tələb olunmuşdur. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Bundan başqa hazırkı mübahisədə diqqət yetirilməli olan digər bir məqam mübahisənin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun təsir dairəsinə düşməsinin müəyyənləşdirilməsidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə və “Qazdan istisfadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən, Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda və “Qazdan istisfadə Qaydaları”nda qaz qurğusu - istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları) kimi izah olunur. Qaz quğusu iki kateqoriyadan məişət və sənaye qaz qurğularından ibarətdi. Məişət qaz qurğusu dedikdə ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, Sənaye qaz qurğusu dedikdə isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu başa düşülür. Göründüyü kim istismarda olan qaz sayğacı qaz qurğuları kateqoriyasına aid deyil və ayrıca anlayış kimi qəbul edilir. Bundan əlavə dəymiş zərərin hesablanmasına gəldikdə isə tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cu bəndinə əsasən, istehlakçılar tərəfindən təbii X5 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. ARDNŞin Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda qazın verilməsi qeyd şərtsiz dayandırılır, qaz kəmərinin əlavə qoşulma aşkarlanan qoşulma nöqtəsindəki en kəsiyindən təziqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı gün üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Proses iştirakçıları tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: aktlar, tələbnamə, Qazın alqı-satqı müqaviləsi, Abonentin saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “X5” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X5” 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs kimi sahibkar İlqar Qaffarovun istifadəsində olan, Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış sahəsində yoxlama aparılmış, yoxlama zamanı sayğacın zavod nömrəsi olan lövhənin yararsız olması, plasmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik cızıq izlərinin olması, xətaların normaya uyğun olmadığı müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. İtirilmiş qazın miqdarı 4320 m3 olmaqla dəyəri 864 manat məbləğində müəyyən edilmiş və İlqar Qaffarova dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. “X5” 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasında quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Eyni zamanda hazırki iş üzrə cavabdeh sayğacdakı pozuntuların istehlakçının, yəni iddiaçının təqsiri ucbatından yaranması barədə məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, qaz sayğacının plasmas qapağının daxili qulaqcıqlarında cızıq izlərinin olması və bunun iddiaçının (istehslakçının) təqsiri ucbatından baş verməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt əsasında hesablanmış 864 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar övlət rüsumu ödəməkdən azaddır. Mübahisə istehlakçı olan iddiaçının hüquqlarının pozulması ilə əlaqədar verildiyindən, ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh tərəfindən X2 **********0040 nömrəli qaz hesabına qeydə alınmış 865 manat borc silinsin. Ödənilməmiş 30 manat Dövlət rüsumu Cavabdehndən Dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar