Məhkəmə qərarları › İş №e-2-2(119)-15/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-15/2020

02.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-15/2020 02.12.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, X14 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi X6, Cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin müdiri X7, Cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin vəkili X9, Cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin nümayəndəsi Nümayəndə Ramazan oğlunun iştirakı ilə İddiaçı cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinə qarşı mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 584,1 kv. metr qeyri-yaşayış sahəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X18 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı X3 mülkiyyətindədir. Həmin əmlakın yerləşdiyi 1,81222 ha torpaq sahəsi iddiaçının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı xx.xx.2017-ci il tarixli, 336 saylı icarə müqaviləsinə əsasən Komitə tərəfindən onun icarəsinə verilmişdir. Onun icarə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X18 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Beləliklə, həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ qanuni əsaslarla rəsmiləşdirilmişdir. Cavabdeh “Azəri qardaşları” özəl ticarət mərkəzinin əməkdaşları onun iradəsinə zidd olaraq, dəfələrlə əraziyə daxil olmuşlar. Buna görə də o, cavabdehin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün, cavabdehlə öz obyektinin arasında yerləşən darvazaların qarşısına maneələr yığdırmışdır. Lakin, cavabdeh təşkilatın əməkdaşları tərəfindən həmin maneələr dağıdılmış və cavabdehin əməkdaşları iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə daxil olaraq, əraziyə qanunsuz müdaxilə etmişlər. Bu hərəkətlərin qanunsuz olduğu barədə şifahi xəbərdarlıq edilmiş, bunun bir faydası olmadığı üçün iddiaçı xx.xx.2019-cu il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək onun mülkiyyət və qanuni istifadə hüquqlarına qəsdə son qoymağı tələb etmişdir. Mülki qanunvericiliyin mülkiyyətə qəsdlə bağlı müvafiq normalarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 1,81222 ha torpaq sahəsinə cavabdeh “Azəri qardaşları” özəl ticarət mərkəzi tərəfindən müdaxilə edilməsi qanunsuzdur. Buna görə də mülkiyyətə olunan həmin qəsdə son qoyulması məhkəmə qətnaməsi ilə cavabdehə həvalə edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı, “Azəri qardaşları” özəl ticarət mərkəzi tərəfindən, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququna və obyektin yerləşdiyi 1,81222 ha torpaq sahəsi üzərində istifadə hüququna qəsdə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı X5 iddianı müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən 584,1 kv. metr qeyri-yaşayış sahəsi, DƏDRX-nin 5 saylı X18 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Həmin əmlakın yerləşdiyi 1,81222 ha torpaq sahəsi, AR ƏMDK ilə bağladığı xx.xx.2017-ci il tarixli 336 saylı icarə müqaviləsinə əsasən Komitə tərəfindən onun icarəsinə verilmişdir. İcarə hüququ DƏDRX-nin X18 tərəfindən qeydiyyata alınmışdır. Həmin ərazi keçmiş bazar olub və 1998-ci ildə onun anası tərəfindən özəlləşdirilib və bazarın müdiri də özü olub. Bazar 1958-ci ildə tikilib. Cavabdehin tikili altında olan cəmi 24 sot torpaq sahəsi var. Həmin tikilini cavabdehin atası “Azərittifaq”dan alıb, sonra isə oğluna bağışlayıb. 1998-ci ildən bu vaxta qədər həmin ərazinin adı “Azəri qardaşları” ÖTM kimi göstərilib. Həmin ərazi onlara məxsus bazarın orta hissəsində yerləşdiyindən iddiaçının anası qonşuluq xətrinə giriş-çıxış üçün qapı hissəni onlara vermişdir. Sonra cavabdeh tərəf həmin əraziyə sənəd hazırlamaq istəyib ki, guya onların 84 sot əraziləri var. Cavabdehin təqdim etdiyi texniki pasport Mübarizin adınadır. Bu qətiyyən belə ola bilməz. Ona görə ki, 1998-ci ildə ərazi Mübarizə deyil, onun atasına məxsus olub. Atası isə oğluna həmin ərazini 2000-ci ildə bazar özəlləşəndən sonra verib. Cavabdeh oradan 13 kv.m torpaq sahəsini qanunsuz olaraq Nəsib Mahmudov adlı bir nəfərə satıb. Hazırkı mübahisə də o səbəbdən yaranıb ki, cavabdeh tərəf iddiaçı tərəfin ərazisini zəbt edib ona çıxarış almaq istəyir. Cavabdeh onlara işləməyə imkan vermir, öz sahələrinzdə usta işlədirlər, cavabdeh gəlib ustanı qovur. Onların ərazisini zəbt edərək, işlərinə mane olduğuna görə polisə müraciət edib və onun müraciəti əsasında cavabdeh Mübariz Həsənov barəsində Xaçmaz RPŞ-də Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət işi açılıb. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının verdiyi izahatı təsdiq edərək bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi Xaçmaz şəhərində yerləşir və 181 sotdan bir qədər artıq sahə iddiaçı Gülnarə xanımın qanuni istifadəsindədir. Yəni, iddiaçının mülkiyyət hüququnu təsdiq edən qanuni hüquqi sənədi var, cavbdeh tərəf isə qanuni əsası olmadan faktiki olaraq iddiaçıya məxsus torpaq sahəsini zəbt edərək istifadə edir. İddiaçı tərəf reyestr xidmətinin əməkdaşlarının iştirakı ilə onların verdiyi kordinatlar əsasında hasar çəkmişdi. Qarşı tərəf hasarı özbaşına sökdü və hazırda iddiaçıya aid sahədən istifadə edir, orada pul yığır. Cavabdeh tərəfin təqdim etdiyi qeydiyyat vəsiqəsinin heç bir hüquqi əsasları yoxdur. Onların həmin torpağa subyektiv hüququ yoxdur. Texniki pasport hüquq verici sənəd deyildir, hüquq müəyyən edici sənəddir. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər və iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə cavabdeh “Azəri Qardaşları” ÖTM-nin direktoru X10 iddia ərizəsində qeyd olunanları qəbul etməyərək bildirmişdir ki, sözügedən ərazi 1958-ci ildə tikilmiş köhnə bazarın icərisində yerləşir. Bazar 4 bir tərəfdən tikilidən ibarətdir. Həmin torpaq sahəsini onlar almışlar və 1998-ci ildən fasiləsiz olaraq istifadələrindədir. Eyni zamanda, torpaq sahəsini aldıqdan bir az sonra da qeydiyyata aldırmışlar. Həmin torpaq sahəsinin 13 kv.m hissəsini isə satmışlar. Torpaq sahəsi dedikdə, tikilinin altını nəzərdə tutur. Onlara ayrılan torpaq sahəsi 84 sot olmasına baxmayaraq, faktiki hazırda 40 sot ərazidən istifadə edirlər. Keçmiş bazar ərazisində1998-ci ildən sütunlar qoyulub. İddiaçıya məxsus olan ərazi boydan boya tikilidir. Onlar bağlı olan yeri necə zəbt edə bilərlər? Sütunların arasında bir balaca boş yer qalır. İddiaçı da həmin o sütunların arasında qalan yeri istəyir və qeyd edir ki, ora onlarındır. Belə olan halda cavabdeh tərəfin gediş-gəlişi üçün yol qalmır. Məhkəmədə cavabdeh “Azəri Qardaşları” ÖTM-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, qarşı tərəf deyir ki, torpağa dair subyektiv hüququmuz yoxdur, heç bir sənədimiz yoxdur. Bu torpaq rəsmi olaraq “Azəri Qardaşları” ÖTM-nin mülkiyyətindədi və istifadəsindədir. 1987-ci ildə bazar sahəsi rayon icraiyyə komitəsinin olub. İctimai təşkilat kimi “Azərittifaq”dan alınıb. Sonradan mülkiyyət formasında 1998-ci ildə bunun təsisçisi və mülkiyyətçisi Həsənov Həsən olub ki, o, da Mübariz Həsənovun atasıdır. 2020-ci ildə həmin tikili, təxmini 855 kv.metr tikili bağışlama müqaviləsi ilə Həsənov Mübarizin adına keçib. Həmin vaxtdan da hüquqi şəxs kimi “Azəri Qardaşları” ÖTM yaranıb. Bu mülkiyyət hamısı onun xüsusi mülkiyyəti olub. Burada icarə yoxdur. İddiaçı tərəf isə Əmlak Məsələləri Dövlət Komitəsilə bağlanmış 2017-ci il tarixli icarə müqaviləsinə əsasən həmin ildə həmin yerdəki mülkiyyəti icarəyə götürüb, icarə hüququnu təsdiq edən çıxarış alıb, lakin onların sərəncamı, texniki şərtləri və sair sənədi var, yoxdur bilmirəm. Hər halda yoxdur ki, indiyə qədər texniki pasport ala bilməyiblər. Bu ticarət mərkəzi ictimai yerdədir. Rayonda insanlara xidmət göstərən yerdir. İddiaçının hələ özünün də bilmədiyi, yəni iddia etdiyi həmin yer keçiddir. Yanğın və bəzi hadisələr zamanı insanların istifadə etdiyi keçiddir. Qanunda belə bir söz var servitut. Bu, o deməkdir ki, mülkiyyətçinin mülkiyyətində olsa belə, o məcburi keçiddən mülkiyyətçi istifadəyə verməlidir. Bu bir məsələ. İkinci məsələ, iddia formal iddiadır, iddiaçı sadəcə olaraq çıxarışı əsas tutaraq, heç bir texniki göstəricilər göstərmədən, iddia qaldırıb, daxili hüdudlar nəzərə alınmadan onların hüququnun necə və kim tərəfindən pozulması barədə iddia ərizəsində faktlar göstərməyib. Tərəfin təqdim etdiyi sübutlar iddianı təmin etməyə əsas deyil. Əksinə, iddiaçı tərəf bizim hüquqlarımızı pozub, bizim mülkiyyətimizdə olan 400 kv.metr torpaq sahəsini zəbt edib. Yəni istifadə edib çıxarışdan, heç bir texniki əsaslar göstərmədən sadəcə zəbt edib. Torpağı zəbt etdiyi yerdə, eyni zamanda həmin iddia etdiyi yeri də zəbt edib. Azərbaycanda hər bir mülkiyyətin texniki vəziyyətini müəyyən edən hüdudları var ki, bu da texniki pasportdur. Burada bütün koordinatlar var. Qonşular kimdir, tikililər kimindir və sair. Tərəf deyə bilmir ki, biz hansı tərəfdən onların torpaq sahəsini zəbt etmişik. Nümayəndə bütün bunları nəzərə alaraq, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən RX-seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 584,1 kv.m əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə, 1,81222 ha torpaq sahəsi isə icarə hüququ ilə İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarından görünür ki, ünvan 3 ünvanında yerləşən əmlak kompleksinə (ticarət yarmarkası) və torpaq sahəsinə İddiaçı adına Texniki pasport verilmişdir. İş materiallarından görünür ki, Xaçmaz şəhəri, 18-ci məhəllə ünvanında yerləşən “Azəri qardaşları” Özəl Ticarət X1 adına Texniki pasport verilmişdir. Məhkəməyə təqdim edilmiş Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi N.Xasayevin Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, ünvan 5 ünvanında yaşayan X2 RPŞ-yə ərizə ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən, qanuni istifadəsində olan 1,81222 ha torpaq sahəsinin 1100 kv.m hissəsinin Xaçmaz şəhər sakinləri Mübariz Həsənov və Qurban Sadıxov tərəfindən zəbt edildiyini bildirmişdir. Ərizə üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yaşayan X4 məxsus ünvan 3 ünvanında yerləşən, qanuni istifadəsində olan 18122.2 kv.m torpaq sahəsinin 0.104 ha hissəsi zəbt edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə cinayət işinin başlanılması və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında iddiaçı X3 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı X13rşı iddiaçının qonşuluğunda, onun qanuni istifadəsində olan torpaq sahəsinə bitişik fəaliyyət göstərən “Azəri qardaşları” Özəl Ticarət Mərkəzi üçün texniki pasport tərtib edilməsi prosesində, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə giriş-çıxış qapılarını nəzərdə tutan texniki pasportun tərtib edilməsindən çəkinməsi öhdıliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmzadır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə va ya müqavilədə nəzərdə tutulan əsasla əmklaka sahiblik edən şəxsə mənsubdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 584,1 kv. metr qeyri-yaşayış sahəsi, DƏDRX-nin X18 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı X3 mülkiyyətindədir. Həmin əmlakın yerləşdiyi 1,81222 ha torpaq sahəsi iddiaçının ƏMDK ilə bağladığı xx.xx.2017-ci il tarixli, 336 saylı icarə müqaviləsinə əsasən onun icarəsinə verilmiş, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışla qeydiyyata alınmışdır. Qonşuluqda yerləşən cavabdeh “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin əməkdaşları iddiaçının iradəsinə zidd olaraq, dəfələrlə onun ərazisinə daxil olmuşlar. İddiaçı tərəfin bildirdiyinə görə cavabdeh onlara işləməyə imkan vermir, qanuni əsası olmadan faktiki olaraq iddiaçıya məxsus torpaq sahəsini zəbt edib, iddiaçı tərəfin çəkdiyi hasarı özbaşına söküb və hazırda iddiaçıya aid sahədən istifadə edir, orada pul yığır və s. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə və icarəsində olan torpaq sahəsinə heç bir müdaxilə etmədiyini bildirir. Məhkəmə iş materiallarında olan və təqdim edilmiş sübutlara əsaslanaraq belə hesab edir ki, iddiaçının istinad etdiyi hallar sübuta yetirilir. Belə ki, məhkəməyə təqdim edilmiş Sumqayıt İnzibati Məhkəməsinin icraatında iddiaçı X3 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı X13rşı iddiaçının qonşuluğunda, onun qanuni istifadəsində olan torpaq sahəsinə bitişik fəaliyyət göstərən “Azəri qardaşları” Özəl Ticarət Mərkəzi üçün texniki pasport tərtib edilməsi prosesində, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə giriş-çıxış qapılarını nəzərdə tutan texniki pasportun tərtib edilməsindən çəkinməsi öhdıliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işin olması, iddiaçının ərizəsi əsasında Xaçmaz RPŞ-də X4 məxsus ünvan 3 ünvanında yerləşən, qanuni istifadəsində olan 18122.2 kv.m torpaq sahəsinin 0.104 ha hissəsi zəbt edilməsi ilə bağlı fakta görə Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) cinayət işinin başlanılması və işdə olan digər sübutlar İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinin üzərində mülkiyyət hüququna və obyektin yerləşdiyi 1,81222 ha torpaq sahəsi üzərində istifadə hüququna “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin əməkdaşları tərəfindən qəsd edilməsi hallarının mövcudluğunu təsdiq edir. Göstərlənləri nəzərə alaraq və təqdim olunmuş, məhkəmədə araşdırılmlş sübutlara hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinə qarşı mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması tələbinə dair iddiası təmin edilsin. İddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququna və obyektin yerləşdiyi 1,81222 ha torpaq sahəsi üzərində istifadə hüququna qəsdə son qoyulması vəzifəsi cavabdeh “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinə həvalə edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar